12px14px16px18px

O tərəfdəkinə oxşamaq

QİSMƏT

FACEBOOK-DA “DÜNYASINI DƏYİŞƏNLƏR”İN ƏZİZ XATİRƏSİNƏ

01:20 / 03.12.2011
1.

Hamımız divara dirənmişik, facebook-un divarına. “Yox” deyənlər gözlərinin içinə kimi yalan danışır. Hamı saqqızını tullasın və oxumağa başlasın...
İkinci Dünya Savaşından sonra ortaya yeni bir termin çıxdı: Qloballaşma. Ortaya atılan kimi vəba sürətiylə hamıya yoluxmağa başlayan bu terminin arxasında, dünyanı vahid mərkəzdən idarə etmək istəyən qüvvələrin silueti görünürdü. Məqsəd, əslində çox sadə idi: XX əsrin birinci yarısı sənaye inqilabını başa vurmuş, bazar maraqları ilə yanıb-odlanan imperialist dövlətlərin, iqtisadi hökmranlıq qazanmaq üçün bir-birini qırdığı bir dövr idi və bu dövlətlər müharibələrin insan tələfatına, üstəlik xeyli xərc bahasına başa gəldiyini gördülər, nəticədə İkinci Dünya Müharibəsindən sonra ortalığa qloballaşma terminini atdılar. Beləliklə, inkişaf etməkdə olan ölkələr böyük dövlətlərin açıq bazarı halına gəldi. Müharibələr, savaşlar, qırğınlar bahasına qazanılan nəticələr bu üsulla çox asan və ucuz əldə olunmağa başladı. Əvvəllər torpaqlar işğal edilir, insanlar ölür, şəhərlər xaraba qalırdı, silah istehsalı gündən-günə çiçəklənirdi. XX əsrin 50-ci illərindən başlayaraq isə silahları qloballaşma ideyası əvəzlədi. Silahlar susdu, yeni bir model işə düşdü: düşüncələrin, fikirlərin, individuallığın, mənəviyyatın işğalı. Artıq inkişaf etməkdə olan ölkələr müstəqil də ola bilərdi, torpaqları guya özlərində də qala bilərdi, amma qloballaşmalıydılar. Qloballaşmanı çağdaşlaşmaqla, modernliklə eyni şey kimi təqdim etdikcə, hamı könüllü qloballaşmaq istədi. Get-gedə qloballaşmamaq geridəqalmışlığa bərabər oldu. Sahibi hardasa uzaqlarda, pərdəarxasında olan “müstəqil” dövlətlər meydana gəldi. Bu iki pasportlu vətəndaşlar, öz dilində başqa dilin aksenti ilə danışıb-yazan adamlar, həmişə bir özgənin xarici görünüşünə özünü bənzətmək istəyənlər qloballaşmanı yeni, təzə, gözəl bir şey kimi qucaqladılar. Halbuki qloballaşma libasını dəyişmiş “Xalqlar dostluğu” ideyası, qədimlərə getsək, elə Makedoniyalı İskəndərin yürüşləridir. Qloballaşma – silahını yerə qoymuş, əsgər uniformasını çıxarmış, sərt sifətinə mülayimlik maskası taxmış, frank geyinmiş elə dünənki, srağagünki həqiqətdir.
1990-cı ildə Berlin divarının sökülməsi, əslində, simvolik anlamda həm də bu yandakının o yandakını görməsinə açılan qapı idi. O gündən bəri kapitalist dünyası qapılarını aşağılara açdı və yuxarılar guya aşağıların yanına endi (Zevsin arada Olimpdən enməsi kimi). Aşağılar isə həmişə günəşə baxdıqları kimi gözlərini qıyaraq boylandıqları yuxarıları “yaxından” görmüş oldu. Görünən kapitalistlərin həqiqi üzü deyildi. Bu, elə bir üz idi ki, onu bir görən bir də unutmur və ona oxşamaq istəyirdi.
Vitrinlər, televiziya reklamları, kütləvi informasiya vasitələri kapitalist həyat tərzini yaymağa başlayanda, əsasən qadınlardan istifadə etməyə başladı. Çünki “ailə ölkə”sini fəth etməyin yolu qadından keçirdi. Seçilən qadın tipləri oxumaqdan, məsuliyyətdən uzaq, ifrat fərdiyyətçi, öz bədənini birinci planda saxlayan və vaxtının çoxunu özünü başqalarına bəyəndirməyə çalışan tiplər olmalıydı. Bu qadın tipi mütləq tez-tez televiziya ekranlarında görünməli, qadın proqramlarında danışmalı, seriala çəkilməli, özü də serialları sevməli, maqazin xəbərlərinə mübtəla olmalı, modadan tutmuş yemək proqramlarına qədər hər tərəfi işğal etməliydi.Bu uydurma qadın ekrandan tamaşaçılara hər zaman azad, xoşbəxt və varlı yaşayan qadın obrazını təlqin etməli və bu verilişə baxıb ona oxşamağa çalışan qızlar üçün, həm belə ola biləcəkləri ümidini həmişə diri saxlamalı, həm də onları bunun çox asan olduğuna inandırmalıydı. Bir gecədə milyonlar qazanmaq imkanı təklif edən yarışma proqramları, guya bir günün içində, “təsadüfən” məşhurlaşan müğənniləri təbliğ edən “tale proqramları” tamaşaçıya sırındıqca ümid həmişə diri qalırdı.
Bu qadın tipi həyat yoldaşını əldən verməmək üçün estetik əməliyyatlara gedə biləcəyini, böyük məharətmiş kimi, aləmə car çəkən, yeni makiyaj vasitələrindən istifadə edən və yeni markaları dəqiqliklə izləyən bir obraz olmalıydı. Bu cür qadının tipinin ideallaşdırılması üçün gündəlik televiziya proqramları çəkilməliydi.
Əslində bütün bunlar təkcə qadına aid deyildi, yeni kişi tipləri də meydana gəlirdi. Guya arvadı tərəfindən döyüldüyü üçün səhər proqramlarına çıxıb ağlayan, makiyajlı, sırğalı, həm saqqallı, həm də uzun saçlı qarışıq kişi tipləri. Dünyada ən yaxşı aşbazların kişilər olduğunu əsas gətirərək, bütün səhər proqramlarındakı aşbazları kişilərdən seçib, sevgilisindən, həyat yoldaşından ayrılmasına televiziya ekranlarında təkrar-təkrar kədərlənən, ağlayan mağmın, yazıq, iqtidarsız kişi tipləri də bir yandan çoxaldılmalıydı. Cinslər arasındakı fərqi itirməyin bir yolu olmalıydı və balaca uşağın da bildiyi “qadın-kişi bərabərdi “ formulunu təhrif edərək yeni bir şey ortaya atıldı: metroseksuallıq. Halbuki metroseksuallığın mahiyyətində bərabərlik yox, bərabərliyi itirmək məqsədi vardı.
Qadın-kişi obrazları təkcə metroseksuallıqla təhrif oluna bilməzdi. Əvvəllər üzə çıxmamış bəzi adətlər, məhəlli ənənələr də təhrif olunmuş halda aktuallaşdırılmalıydı. Məsələn, meyxana. Qədimlərdə qladiator döyüşünə baxıb çılğınlıqla çığıran adamlar, indi də meyxanaçıların sözlərinə fitva verməkdən həzz almağa başladılar. Qansız döyüşün bu növündə, meyxanada, bir-birini əruz vəznində təhqir edib, sonra öpüşüb-görüşən və özlərinə sənətçi deyən adamlar təbliğ olunmağa başladı. Elementar səviyyədə biliyi olmayan bu adamların deyişə-deyişə, söyüşə-söyüşə səs yığdığının, maşın udduğunun şahidi olan adamların yeni qəhrəmanı artıq həm də meyxanaçılar oldu. Sözünü “pramoy” deyən, savadsızlığını kompensasiya etmək üçün dindarlığını gözə soxan və heç bir əziyyət çəkmədən şan-şöhrət, pul-para, maşın, fanat sahibi olan bu adamların kulta çevrilməsi də birdən baş verdi. Plan çox sadə idi və tezliklə özünü doğrultdu. Bundan sonra isə artıq texnogen inkişafı öz maraqlarının silahına çevirmək mərhələsi başladı.

2.

“Toydayam. Bəynən-gəlin tıxacda ilişiblər, oturub gözləyirik” – bu statusu nə vaxtsa facebook-da oxumuşdum, o gündən bəri özümə gələ bilmirəm. Məhlələrarası gözəllik salonlarında 24 saat bir saqqızı çeynəmək qabiliyyətinə malik olan, bəstəboy, enli xalalara saçını kəsdirəsən, düzəltdirəsən, laklatdırasan, əvvəl ətir, sonra isə zər vannası qəbul edəsən, gedib şadlıq sarayında aşağısı 200 adamın içində oturasan və nədənsə düşünəsən ki, toyda olanları facebook camaatıyla canlı-canlı, isti-isti bölüşməlisən. Hardandı bu “operativlik” ehtiyacı? Bəlkə 200 adamın içində də darıxıb, türklər demiş “kalabalık yalnızlıklar”a qarışmaq olar? Olar, əlbəttə, amma ki, bu bəraət ola bilməz. Çünki mən demək olar ki, hər gün facebook-da ( yəqin artıq anladınız ki, mən də facebookzədələrdənəm) dostluğunda 4-5 min adam olanların da “darıxdım eee”, “bugün pisəm”, “ağlamaq istəyirəm”, “hamınızdan zəhləm gedir”, “boşluq” kimi heç nə ifadə etməyən və xeyli “like” yığan statuslarını görürəm. Bəs nə baş verir ? Bir az xırdalamağa çalışaq.
Facebook mübadilə, ünsiyyət, paylaşım üçün yaradılmış, uzaq məsafələri virtual yolla, sürətlə qət etməyə yarayan, əslində məsafələri yox etməyə hesablanmış, bizim çağın unikal kəşfidir. Bunu onsuz da bilirsiniz, dedim birdən unutmuş olarsız. Amma çox keçmədi ki, facebook öz əsas mahiyyətindən uzaqlaşıb, toy çadırına, yas mağarına, seksual problemləri olan adamlar yığnağına, inqilablar yuvasına, özünü ya da şirkətinin malını təklif edən pulsuz-parasız reklam-piar meydanına çevrildi. Get-gedə adamlar həyatda ola bilmədikləri biznesmeni, savadlı oğlanı, başa düşən qızı, yaxşı dostu, hər şeydən xəbərdar yazıçını, intellektualı virtualda yaratmağa başladılar. İndi facebook-dakı adamlar, çoxluq etibarilə, özləri üçün düzəltdikləri uydurma profilə oxşamağa çalışırlar. Ulduzlarsayağı fotosessiyalar keçirən, məlumat bölümündə guya hər şeylə maraqlanan, hər şeyi bilən, bütün vacib kitabları oxumuş, uydurma, təhrif olunmuş insan obrazları doludur. Burda işıq sürətiylə dost, sevgili olmaq mümkündür. Artıq insanlar üçün əsas məsələ həyatda necə olduğu, yaxud necə ola bilmədiyi yox, virtualda necə olduğudur. O tərəfdəki adamı hər gün bir az daha zənginləşdirdikcə, maraqlar bölümünə yeni şeylər artırdıqca, fotolarının sayını çoxaltdıqca, ciddi musiqilər paylaşdıqca, arabir Google-dan axtarıb tapdığı bir-iki aforistik ifadəni bölüşdükcə və bütün bu zəhmətsevərlik, bu inqilabi fəaliyyət like-larla qiymətləndirildikcə, bu tərəfdəki,yəni monitorun arxasındakı adam özünü virtualdakı adama oxşatmağa çalışır. Zaman keçdikcə isə elə bilir ki, gerçək həyat elə virtualdakıdır, real həyat qondarma bir şeydir. Elə bilir ki, o virtualda yaşayır, real həyatda isə müvəqqəti onlayndır. O tərəfdəki adama oxşamaq istəyi nə qədər çox olursa, bu tərəfdəki adam o qədər əsəbi, asosial, nevrotik bir tipə çevrilir. Çünki get-gedə görür ki, real həyatda onun ən adi, hətta düşük sözləri belə virtual dünyadakı kimi like gətirmir, alqışlanmır. Çünki başa düşür ki, orda qəhrəman görünmək, sevilmək, dost olmaq çox asandır. Ona görə o tərəfdəki həyatı onun üçün əziz, doğma və VACİB olmağa başlayır. Real dünyadan soyuyub, virtual dünyaya köçən adamlar ətrafımızda azdırmı? Bütün günü, hər yerdə, yolda, işdə,dərsdə, toyda, avtobusda, kafedə dostlarıyla çay içəndə, başını aşağı salıb, gözlərini telefonun ekranına zilləyən adamları bəlkə ancaq mən görürəm?
Adamlar facebook divarlarına ürəklərini boşaltdıqca, məlum olur ki, əksəriyyətinin bircə problemi var: SEKS. Qadınlar ancaq kişilərdən yazır, kişilərsə ancaq qadınlardan. Kişilərdə təxminən belə olur: “ Qadını gərək çağırmayasan, o özü gəlsin”. Qadına bu marşrut münasibətini qoyaq bir yana, görək qadınlar nə yazır kişilər haqqında. “ Kişi gözəl olduğu üçün yox, qadın olduğu üçün sevməlidir. “ İşə düşmüşük də. Bunlar yəqin güzgünün qabağına keçib deyirlər : Ayna, ayna, dünyada ən gözəl mənəm, düzdürmü?” Ayna susur, elə bilirlər ki, susmaq razılıq əlamətidir.
Adam özünü o tərəfdəkinə nə qədər çox oxşatmağa çalışırsa, bu taydakından bir o qədər zəhləsi gedir. Mənə elə gəlir ki, facebook-da “özümdən zəhləm gedir” statusu yazan adamlar, “özüm” deyəndə həyatlarında heç vaxt olmadığı qədər real həyatdakı “özlərini” nəzərdə tuturlar. O tərəfdəkini sevməmək üçün bir səbəb yoxdur axı.
Mavi ekranda gördüyü ulduzları qarşılıqsız bir məhəbbətlə sevməyə bacaran adamların əlinə facebook kimi unikal bir vasitə düşən kimi, özlərini o ulduzların yerinə qoydular, onlara bənzər fotolar çəkdirdilər, özlərini çox səmimi şəkildə star hesab etdilər və başladılar virtual dünyadakı özlərinə hər gün əl gəzdirməyə. Biri kədərli bir status yazan kimi, ona rəqib bir başqası o saat ondan daha kədərli status yazmağa başlayır ki, like-ları yığsın. Facebook-dakı bu ulduz yarışmasının bir qaydası var : kim daha kədərlidirsə, daha çox darıxırsa və daha çox bədbəxt ola bilirsə, ən çox like ona düşür. Kədərli olmasan belə, mütləq kədərlənmək üçün bir şey tapmalısan. Nətər yəni, facebook-da olasan, özü də darıxmağını, bədbaxt olmağını, bu dəqiqə onlayn ola-ola ağlamağını camaata bildirməyəsən. Olmaz elə şey, adətimiz var, ənənəmiz var. Mən bu yazıdaca sizə söz verirəm, kim facebook-da mənə daha kədərli görünsə, öz vəsaitim hesabına ona “selpak”dan quru salfet hədiyyə edəcəm. Bu hədiyyəmi də qucaqlaşıb ağlaşma imkanları geniş olan verilişlərdən birində , ya Xoşqədəm Hidayətqızının, ya da İlham Mirzəyevin verilişində qalibə təqdim edəcəm.
Facebook-da mənim üçün ən unudulmaz statuslardan biri də budur: “Bayaqdan Milan Kunderanı oxuyurdum, birdən qapı döyüldü, dayımgil gəldi, kitabı yarımçıq qoymalı oldum.” Haydı, millət, dostumuzun Kundera oxuyan gözlərini like eləyək və dayısıgil gəldiyi üçün bu müqəddəs işdən məhrum olmağının ağrısını tək keçirməyə qoymayaq, statuslarımızla ona dəstək olaq. Birinci status məndən: “Vallah biz özümüzünkülərin qədrini bilmirik.Sonra da deyirlər, oxuyan yoxdur. Boş sözdür, oxuyan var, amma onlara şərait yaratmaq lazımdır.” Öz aramızdı, oxşatdım ha...
Bəzən içimdəki metafora mexanizmi işə düşəndə, fikirləşirəm ki, bu facebook-dakı divar, elə o sökülmüş Berlin divarıdır, hərlənib-fırlanıb, qayıdıb yenə adamların arasına girib. Nə isə, mən çıxım aradan... Di Var Olun!

QİSMƏT
[email protected]



Bu yazı ( 562 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar