12px14px16px18px

Platonik məhəbbətin yeni cizgiləri

01:38 / 26.11.2011
Hər dəfə bu ölkəyə yenidən vuruluram. Türkiyə bizim uşaqlıq, ilk gənclik sevgimizdir – platonik məhəbbətimizdir. 90-cı ildə onu ilk kərə görəndə, öz sözləri ilə desək, xəyal qırıqlığına uğramışdım. Bumu bizim platonik məhəbbətimiz? Bumu bizim gənclik sevgimiz? Bunun ki, burnu əyridir, qaşı-gözü yerində deyil. Küçədəki adamının biganəliyi, məlumatsızlığı pərtlik yaratmışdı. Bütləri dağılmaqda olan ölkədən gəlib burada, heç ondan da az olmayan, şəxsiyyətə pərəstişi görmək də ağır gəlmişdi.
Qaş-gözündəki kəm-kəsirə baxmayaraq, bu platonik məhəbbətimizi hər gəlişimdə daha bir çaları ilə tanıyırdım. Onun gözəl üzünü, təmkinli sifətlərini də görürdüm. İçərimdəki, dərinliklərimdəki sevginin yenidən oyandığının şahidi olurdum. Qaşı-gözü yerinə qayıdırdı bu gözəlimin. Elə o zamanlar həmyaşıdım İrfan Çiftçini tanıdım. İstanbul Universiteti nəzdində rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə apardı məni. O dərnəkdə görüşüb tanıdıqlarımın sırasında indi tanınmış yazarlar var. Türkiyənin dəyərli elm, ədəbiyyat adamları ilə tanışdırdı məni, müsahibələr götürdüm. 90-cı illərdəki ilk səfərlərimi, müsahibələrimi o zaman çalışdığım “Ədalət” qəzetində çap etdirdim. 2000-ci illərdən Türkiyədə dəyişiklikləri hər gəlişimdə hiss edirdim. Zaman keçdikdə müxtəlif tədbirlərə qatılır, maraqlı insanlarla tanış olurdum. Yaxından gördükcə, tanıdıqca, bu platonk sevgilinin üzü gözəlləşməyə, ağzı-burnu yerinə gəlməyə başlayır, məni yenidən özünə vurulmağa vadar edirdi. Bir səfərimdə mediası, qəzetçiləri ilə tanış olub heyran olurdum. Bir səfərimdə musiqiçiləri, sənət adamları ilə.
Almas Yıldırımın 100 illik tədbirlərinə qatılanda bir əyalət şəhərinə – Elazığa heyran olmuşdum. Vaxtilə Azərbaycandan bu yerə pənah gətirən şairin adını iki küçəyə vermişdilər. Təsirli, duyğulu tədbirlər keçirirdilər. Şairin şeirlərini litsey şagirdləri həyəcanla oxuyurdular. Həmin dönəmdə Elazığda kitaboxuma aylığı keçirilirdi. Və bütün küçələrdə “Elazığ oxuyur” şüarları asılmışdı. Sonra İqdırda, Qarsda əyalət, kənd adamlarının mərdliyini, saflığını gördüm. Antalyada, Bodrumda dünyanı valeh edən xidmət mədəniyyətinə şahid oldum. Kayseridə Azərbaycan-Türkiyə matçına qatıldım və azarkeşlərin öz komandasını necə şövqlə dəstəkləməsinin şahidi oldum. Ən müxtəlif tədbirlərdə ən müxtəlif ranqlı siyasətçilərinin həyəcanlı çıxışlarını dinlədim. Bu ölkənin adamlarında fərqli ruh var: onlar sevinəndə də ürəkdən sevinir, kədərlənəndə də, bəla gələndə də dərindən qəmlənirlər. Bu ölkənin küçəsüpürəni də, yükdaşıyanı da, fəhləsi də, siyasətçisi də, məmuru da şövqlə çalışır, işindən zövq alır, ölkəsinin bir zərrəsi sayır özünü. İslamçısı da, millətçisi də, sağçısı, solçusu, kommunisti də ağzını açanda öz ideyasını səviyyəli və səmimi müdafiə etməyi bacarır.
Bu dəfə heyranlığımın mənbəyi 30-cu İstanbul kitab sərgisi oldu. Yüzlərlə nəşriyyatın – yayın evinin qatıldığı bu kitab sərgisində hansı mövzuda, hansı tərtibatda istəsən, nəfis çap olunmuş kitablar tapmaq mümkün idi. Həm də bu sərgiyə insanlar axın-axın gəlirdilər. Şagirdi, tələbəsi, müəllimi, xocası, qocası, cavanı. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də bu sərgidə “Azərbaycan şeiri Dədə Qorquddan Nizamiyə, Nizamidən bugünədək” mövzusunda maraqlı bir tədbir təşkil etmişdi. Sərgidə yazarların imza günləri keçirilirdi, bu tədbirlər böyük, geniş zallarda təşkil olunurdu. Tanınmış türk yazarı, tarixi romanlar müəllifi, “Şah və Sultan” romanı ilə məndə dərin maraq doğuran İsgəndər Palanın yeni çap olunmuş “Od” romanının imza günü olacağını biləndə orada iştirak etmək keçdi ağlımdan. “Od” romanı Yunus Əmrəyə həsr olunub.
İmza günləri keçirilən salona yaxınlaşanda gənclərdən ibarət böyük bir qələbəlik gördüm. Amma yaxınlaşanda tanış sima diqqətimi cəlb elədi. Sən demə, bu, Türkiyənin tanınmış teleaparıcısı, məşhur evlilik proqramının müəllifi Esra Erolun yeni çapdan çıxmış kitabını imzalatdırmaq istəyənlərin qələbəliyi imiş. Düşündüm ki, İsgəndər Palanın oxucuları nisbətən az olar, yəqin. Qonşu zala keçdim. Yazıçı hələ gəlməmişdi. Amma burdakı növbə – quyruq heç Esra Eroldan da az deyildi. Bir neçə qat fırlanan növbədə – quyruqda ən müxtəlif yaşlı insanlar əllərində “Od” tutub gözləyirdilər. Bir neçə tələbəylə söhbət etdim, yaşlı insanlarla danışdım, yazıçının yaradıcılığından şövqlə söhbət açırdılar. Evdar qadınından tələbəsinə qədər, hamı Palanın yaradıcılığından, dil və üslubundan elə danışırdılar ki, deyərdin, bunlar ədəbiyyatçıdırlar. 15-20 dəqiqə dayanmışdım ki, məndən arxada daha böyük bir növbənin yarandığını gördüm. Təxminən 400-500 insan yazıçını gözləyirdi. Nəhayət ki, İsgəndər Pala gəldi və kitabları imzalamağa başladı. Vaxtım məhdud olduğundan növbəmi gözləyə bilmədim. Amma bu insanların kitaba, yazıçıya məhəbbəti məni titrətmişdi, ovsunlamışdı. Bu dəfə də beləcə kitaba sevgisi, kitab oxumağa məhəbbəti ilə gözəlləşdi gözümdə Türkiyəm – mənim ilk platonik məhəbbətim.
P.S. Bakıya qayıdanda İsgəndər Pala ilə bağlı aldığım nəşrlər arasında onun müsahibəsi dərc olunan qəzeti oxudum. Bu müsahibədə yazıçının dünyagörüşünü əks etdirən bir çox məqam diqqətimi çəkdi. Xüsusən klassik ədəbiyyatla bağlı düşüncələri məndə maraq oyatdı. Başqa bir məqam – yaradıcılıqda hissiyyatın rolu, könüldən yazmağın üstünlüyü barədə bu fikirlər ürəyimdən oldu: “Oxuduqca ciyərimizə od salan, içimizi sızıldadan sətirlər onları yazan adamın da içinin yanmasından xəbər verir. Könlünü açmayana könül açmazlar. Hər kəsdə heyrət doğuran möhtəşəm bir əsər yaratmaq olar. Amma həmin əsər onu oxuyanları ağladarmı? Yox. Fərq də elə bundadır”.
Bu marağın təsiri ilə də “525-ci qəzet”in redaktor müavini, klassik ədəbiyyatımızın bilicisi və türk ədəbiyyatına yaxından bələd olan Seyfəddin Hüseynlidən xahiş etdim ki, bu müsahibəni dilimizə uyğunlaşdırsın. Seyfəddin də, sağ olsun, etiraz etmədi və biz bu müsahibə ilə İsgəndər Palanı daha geniş tanımaq və Azərbaycan oxucularına tanıtmaq imkanı qazandıq. Buyurun, tanış olun.
Rəşad MƏCİD


Bu yazı ( 463 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar