12px14px16px18px

İzel

Aysel ƏLİZADƏ
01:25 / 26.11.2011
Əlində qələm gözün qarala-qarala dəftərə baxırsan. Ən pis cəhətin hələ də əlyazmada kiril əlifbasını kullanmağındı. Gün boyu telefonuna yalnız bir zəng gəlib. O da yalnış. Məhəmmədi soruşublar... Bir də mat qaldığın iş var. Məsələn, əl telefonuna zəng vurub bura “filankəsgilin evidir?” soruşanlara şaşırırsan. Bu gecə səhərə qədər yatmamısan. İl ağır oldu. Nələr yaşandı. Dünya dəydi bir-birinə. Bir-birinin ardınca düzülən dərdlər o qədər ağır ki, danışmırsan kimsəylə. Arada söz deyirsən, buna da danışmaq demək olarsa... “Süzanna Lenoks”da oxuduğun cümlə hər belə anlarda yadına düşür. “Acısı o qədər böyük idi ki, nəsə deməyə halı yoxdu”. Yazmaq da zor gəlir.
Gecələri yatmasan da, səhərləri erkən oyanırsan, lap sabah 7-də yuxuya getsən belə, 9:00-da ayaqdasan 2 ildi. Əvvəlcə yumşaq, zərif bir sığal hiss edirsən üzündə yuxudaykən. Sonra yavaş-yavaş beynin oyandıqca çörək qoxusundan daha iştahalı, daha ləzzətli bir qoxu dolur burnuna isti nəfəsə qarışıb. Sonra yavaş-yavaş gözlərini açırsan. Üzü-üzünə, gözü-gözünə dirənib durub. Burnunu burnuna dayayıb, yumru yanaqları bir az da yumrulanıb gülüşündən: “Əysel, ...dudun?”
Başını sağa-sola əyib əzizlənir səninçün. Sonra hələ ki, tam ayılmadığını, hələm-hələm yerindən qalxmayacağını görüb yenə dıqqılı əllərini yanaqlarına tutur.
– Əysel, du, du, du. Dedəy kaşa yeyəy. Özünün böyük lüğəti var. Ona öyrətdiyin, ya özünün öyrəndiyi hər sözü dilinə çevirir. Birini qısa kəsir, birindən hansısa hərfi çıxarır, birinin adını kökündən dəyişib özü təzə ad verir. Məsələn, konfetə – qabo, kartofa – kakoş, yumurtaya –nyumba deyir. Ya da cümləni qədim türk dilində qurur: “Çiş yox”.
Oyanıb kaşasını bişirirsən. Birlikdə masaya oturursuz. Əlini uzadıb şəkər tozu qoyduğun rəfi göstərir “şiin, şiin...” Şirin çay istədiyini bilirsən. İkiniz üçün də sevimli olan şirin çayı düzəldirsən. Çayını içə-içə “baxax, baxax” deyir bu səfər də. Yan-yana oturub çayınızı içirsiz. TV-ni yandırıb “Tyotushka Sava”nı izləyirsiz “Detskiy Mir”(tv)-də. Sonra “oyaxx, oyaxx” deyir qəfildən. Musiqi qoyub idman edirsiz birlikdə, rəqs edirsiz. Onun diliylə desək, oynayırsız. Sonra oyuncaqları olan torbanı qoyduğun otaqdan sürüyə-sürüyə gətirir. Yerə dağıdır. Əlindən tutub səni aşağı dartır. Yerdə oturub piramida düzəldirsiz, ev qurursuz, kubiklərdən bina inşa edirsiz. Sonra gözünə qələm sataşır. Tez cumub götürür. Hardansa dəftər də tapır. Açır: “zazax, zazax...”
Yazırsız. Yumru çəkirsiz, düz çəkirsiz, ev, dovşan, ayı çəkirsiz.
Sonra mətbəxə gedir. Meyvə qabından alma götürüb üstünə qaçır: “ama, yeyək, ama, yeyək, ama yeyək”. Ara vermədən deyir, deyir.
Almanı soyub doğrayıb onun balaca qabına qoyursan. Hamısını tələsik ağzına dürtür. Acıqlanırsan: “Udma, çeynə”. Üzünü-gözünü bürüşdürüb gülümsəyir, meymunluq eləyir. “Əəyseeel, qarışma” anlamında. Yanaqları şar kimi şişib boşalır dilimlər bitincə. Necəsə əzib udur. 12-dən keçincə yenidən acır. Yemək istəyir. Adətən xamanı kəsmiyə qatıb çörəklə verirsən. Ya da dadlı peçenyeləriylə çay içir. Bütün ağartılar “katıx”dı onunçün, pendirdən başqa. Pendirin pendir olduğunu bilir. Çünki bərk kütlədi.
Günorta yuxusunun zamanı yetişir. Saat birə yaxın uzadırsan yerinə. Öz-özünə mızıldana-mırıldana yuxuya gedir. Hərdən özün də yanında uzanırsan. Bunu istəyəndə deyir: “Əysel, sən də”.
Doğulana yaxın onunçün aldığın sarı yorğansız yatmır. Yatmaq deyəndə tez “yoqanını” istəyir: “yoqanı, yoqanı...” “Sosu” ancaq yatanda yada düşür: “Sosu, yoqanı...”
Arada nağıl danışmağa cəhd edirsən. Bir az dinləyir, sonra sözünü kəsib ağlına gələn bildiyi sözləri ard-arda düzür. Nağıl sevmir. Buna ürəyində sevinirsən.
Yuxudan ayılır. Saat 3. Oyanar-oyanmaz qucağına qaçır. Başını çiyninə qoyub 5 dəqiqə susur. Elə qucaqlayır, elə qucaqlayır, elə bil yuxudaykən darıxıb səninçün iki saatlığına ayrılmısız deyə. Sonra sükut pozulur. Sürəkli su, yemək, çiş, oynax, çalax, oxuyax, zazax..
Axşam olmadan vaxtını bilir. Əlindən tutub dolaba sarı aparır. Qapısını açıb paltarlarını göstərir: “Patosu geyəy, geyəy,.. oppa dedəy”.
Geyinib, süslənib-püslənib çıxırsız gəzintiyə. Hava çox yaxşıdırsa sahilə, normaldısa yaxınlıqdakı parklardan birinə gedirsiz. Karusel, yelləncək, maşın qoymursuz. Ən çox da maşın sevir. Pultu olan maşınların birinə qoyub o yan bu yana sürürsən. Özündən razı halda oturur. Cocuq görəndə ona sarı qaçır. “Qaqaş” deyir öncə ,reaksiya görməyəndə “bacı” deyir. Nəsə soruşur, qırıldadır öz dilində. İnanılmaz, heç nəylə tutuşdurulmaz duyğular yaşayırsan. Onunla gəzməyə çıxanda xoşbəxt olursan.
Evə qayıdırsız, yemək yeyirsiz. Yenə qəfildən üstünə hoppanır. Qarnında tullanıb düşür. Yerə yıxılıb atı olursan. Gizlənqaç oynayırsız. Həmişə eyni yerdə gizlənir. Saat 9. Yatmaq vaxtıdı... lay-lay oxuyursan:

Balama lay-lay desin
adamlar, adamlar.
Balama lay-lay desin
ağaclar-ağaclar.
Balaca qızım mənim,
Bala ulduzum mənim...

Yuxuya gedən kimi nəfəsini dərib boş-boş oturursan bir nöqtədə. Ya sevimli qırmızı qələmini axtarıb tapırsan İzelin oyuncaqlarının arasından, ya da kompyuteri yandırıb key-key baxırsan ekrana. Yarımçıq kitabları oxuyub bitirməyə çalışırsan. Yarımçıq yazıları da eləcə. Nə vaxt yatsan, önəmli deyil. Sabah 9:00-da üzündə nəfəs, sığal oyanacaqsan. Və üstünə dırmaşan bir balan olduğuna görə mutlu olacaqsan yenə...

Aysel ƏLİZADƏ
[email protected]




Bu yazı ( 999 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar