12px14px16px18px

Erkəklər (SON)

Aysel ƏLİZADƏ
04:53 / 19.11.2011
Bir qadının ki, yaxşı erkəyə baxanda ürəyi açılmır, onun özündə nəsə bir qüsur var. Mən kişilərdən ləzzət alıram. Onlarsız qadınların bir günü olmasın. Doğru sözümdü. Özü də bir məxluq ki, sənə görə savaşa, qaya yara, çöllərə düşə, onu niyə sevməyəsən? Sən elə bilirsən “Min bir gecə” eləcə əfsanədi, nağıldı? “Min bir gecə” qadının kişi üzərində gücüdü. Qadının nağıllarla kişini ömürlük andından vaz keçirə bilməsidi. Əşşi, nağıl istəmir? Danış getsin də. Nə əl qatmısan özünə? Yox gender, yox feminizm. Danış nağılını bitsin də bu iş. Bir məxluq ki, ölür səndən ötrü. Səndən bir yastığa baş qoymaq üçün nələrindən keçməz. Bir məxluq ki, qadının fahişəsinə də pul verir, onunla yatağa girmək üçün. Qadın kişiylə yatağa girmək üçün fəndlər fikirləşmir ki, pullar tökmür ki. Kişi onunçün havayıdı. Lap dərinə getsən, istənilən qadın istənilən kişini özünə çəkə bilər. Lap elə birdəfəlik. Ona görə kişinin qadına olan sonsuz ehtiyacını, yanğısını, ehtirasını kiçiltməyə qarşıyam. Səninçün alışıb-yanan, sənə toxunmaq üçün əldən-ayaqdan gedən varlığa niyə bu qədər kin olsun?! Düzdü, kişilərin qadın sevgisi ilişgilərə zərbə də vurur. Sədaqət məsələsi var. Onu orda, bunu burda sevə-sevə bir də baxırsan aləmi qatıblar bir-birinə. Qadın üçün bu, xəyanətdi.
Bağışlasa da, heç vaxt unutmaz. Yara kimi qalacaq ürəyində. Çünki özü kişini balası kimi sevir. Bu da özündən asılı deyil ha.Təbiətlə bağlıdı. Ona görə qadın kişiyə çox bağlanır. Özü də bu çox vaxt elə dərin sevgi-zad da olmur. Elə bala kimi sevib durur. Kişilərin də bir qəribə xasiyyəti var. Sevdikləri qadından uşaq istəyirlər. Bunu açıq-aydın deməsələr də, könüllərindən keçir. Həm də bu qadın bir az özgür olanda lap çox istəyirlər. Bəlkə onlara elə gəlir ki, uşaq ilişgilərini möhkəmlədər, bilmirəm. Əslində elə kişilər də ailəyə meyillidilər. Onların da gizlində bir atalıq həvəsi var. Mən həmişə Ərdardan uşağımın olmasını istəmişəm. Heyf ki, alınmadı. Bir dəfə hamilə qalmışdım. Gəlhagəliydi uşağın. Elə söhbət eləyirdim onunla, elə bil qarnımda yox, yanımdaydı. O dönəmdə əvvəl anam birdən-birə xəstələnib öldü, sonra bacım qəzaya düşdü. Ağlayırdım, hamı deyirdi ki, ağlama hamiləsən. Eyvana çıxırdım, dalımca gəlirdilər, hamama girirdim, qapını tappatap döyürdülər. İsterik həddə çatdırdılar məni. Özümdə olmamışam. Uşağı qarnımda yumruqlayıb qışqırmışam ki, sənə görə ölənimi də ağlaya bilmirəm. Bir neçə günə sancılarım tutdu. Uşaq ölü doğuldu. Ondan sonra qarnımın şişi də yatmadı. Başıma gələnlər qarına çevrilib gecə-gündüz yapışıb qalıb mənə. Sonra daha uşağa qalmadım. Ərdar çox istəyirdi olsun. Yazıq nə qədər zülm çəkdi mənimlə, doktorlara get, yoxlamalardan keç. Hamsı da boş yerə. Bəlkə də uşaq doğa bilsəydim hər şey başqa cür olardı...
– Ərdar necə oldu?
Dünyanın bütün müdrik cizgiləri üzünə çəkildi. Ağrını göstərən bütün ifadələr gözünə doldu. Büzüşdü qaldı. Tez də belini dikəltdi.
– Ərdar da öldü...
– ...
Sualıma görə xəcalət çəkdim. Nə düşüncəsiz adamam. Nə yersiz suallar verirəm. Özü danışırdı. Nə var dürtülürsən. Heç bilmədim ona başsağlığı verməliyəm, yoxsa “canın qurtardı” deməliyəm. Ya nəsə təskinlədici başqa bir kəlmə tapıb qabağa ötürməliyəm. Söz tapmırdım deyə, eləcə gözümü döyə-döyə qaldım. Hər halda yaxşı vəziyyət yaranmadı. Yalnız yeni bir sualla vəziyyətdən çıxmaq olardı.
– Ondan sonra necə oldun? Demək istəyirəm, yüngülləşdinmi, yoxsa ağır gəldi?
– Onun varlığı mənə həmişə bir arxayınlıq gətirirdi. Harda olsa, lap dünyanın o biri ucunda da, bilirdim var, rahat yaşayırdım. Bir zəngimə uça-uça gəlirdi. Harda olsa, özünü yetirəcəkdi lazım olsa. Tək deyildim. Uzun müddət ağrıdı. Çox ağırlaşmışdı son vaxtlar. Mən baxırdım ona. Yanımdaydı. Başının üstündən ayrılmırdım. Spidə yoluxmuşdu... Hə, elə baxma, ciddi-ciddi spidə yoluxmuşdu. Onun bir pis cəhəti vardı. Heç prezervativdən istifadə eləmirdi. Belə qızğın olasan, ehtiras başına vura, tanıdığın-tanımadığın qadınla yatasan, qorunmayasan, səfehlikdi. Şəhərdə bir qız peyda olmuşdu. Bir ucdan hamını spidə yoluxdururmuş. Dediyinə görə, düşmən ölkələrin işiymiş. Bu üsulla xəstəliklər yayıb topluma ziyan vururlar.
– Görürsən, bu da sənə kişi siyasəti.
– Ancaq xəstəliyi yayan qadındı. Qadının əliynən eləyir kişi bunu.
–Deməli, biri o birindən geri qalmır.
– Belə çıxır.
–Ola bilməz. Biz nədəsə razılaşdıq?
– Görürsən? Demək ola bilər. Hə
– Hə...
– Heç nə. Hardasa rastına çıxıb, görüb yabançı gözəldi. Ürəyində deyib bunu əldən verməyim. Axırı da elə oldu. Bir də analiz verəndə spid tapılıb. Ağzıma gələni dedim, söydüm o ki var, ağladım, ürəyim getdi. Sən mənə hardan rast gəldin? Məni o ziyarətgaha gedən yerdə güllələyərdilər kaş. Dağılsın oranı görüm. Bütün həyatımı zibillədin. Gül kimi oğlanlar sevirdi məni. İmkan vermədin biriylə düz-əməlli yaşayım. Biləndə ki, kimsə var, nəfəsimi kəsirdi. Bir oğlan da sevirdi məni. İkimizi də tanıyırdı. Biz ayrılandan sonra gəldi ki, evlənək. Elə gözəl insan idi. Elə savadlı, ağlı başında biriydi. Heç bir normal qadın onu əlindən verməzdi. Ərdar xəbər tutan kimi ölüm kimi gəlib çıxdı. Onun təklifi barədə ciddi düşünürdüm. İmkan vermədi. Dedi ancaq meyidimin üstündən keçib evlənə bilərsiz. Oğlan Londonda yaşayırdı. Ordan zəng vururdu. Gəlirdi ki, ətraflı danışıb evlilik işlərinə başlayaq. Bu qoçağım da hardansa xəbər tutub elə uçaqdan düşən kimi qamarlayıb harasa aparmışdı onu. Üç gün-üç gecə nə deyib, nə danışıb, harda olublar, bilmədim. Ordanca adamı geri yollamışdı. Oğlan o itən itdi. Həmin an bu olay düşdü yadıma. Cin atına mindim: İndi də ölürsən. Gəbər, səni görüm. Elə yaxşı oldu, gözümün qabağında ölərsən, “uf” da demərəm. Ürəyimnən tikanlar çıxar. Adam da belə arsız olar? Öləcəydin niyə qoymadın yaşayaq adam balası kimi? Ağzıma gələni danışdım. “Bu sənin cəzandı” dedim. Elə kövrək-kövrək, yazıq-yazıq baxırdı. Ürəyim kabab oldu. Bu yetim ölür, mənə bax, gör nələr danışıram –fikirləşdim. Nə olub olub, artıq nə mənası var? Bağrıma basıb başını sığalladım. Qucaqlaşıb elə ağladıq, elə ağladıq, səsimiz sarmaşıq kimi bir-birinə dolaşdı, ayırd edəmməzdin. Sakitcə dedim ki, mən də ölmək istəyirəm. Ölmək istəyirdim doğrudan. Dedi: “halal elə. Hər şeyi halal elə. Nə olar, mənə hər şeyi halal elə”. Ruhum közərirdi. Cızdağım çıxırdı. Əlimnən heç nə gəlmirdi. Eləcə son anına qədər yanında oldum. O öləndə aləm mənə başsağlığı verirdi. Əziz adamının son günlərini görmək yaman dəhşətlidi. Kim bilərdi ki, sonu belə olacaq. Özündən o qədər razı, o qədər mənəm-mənəm deyən adamıydı. Gör nədən öldü. Sən bunu özünə necə yaraşdırdın, ay Ərdar? Nər kimi oğuluydun. Enin-uzunun bilinmirdi. Qucağında itib qalırdım. Hər gün qollarıyçün darıxıram. Ondan başqa həyatımda kim olubsa, ayrılanda eyni cümləni eşitmişəm: “Mən Ərdarı oynamaqdan bezmişəm”.

lll

Geri qayıdandan sonra evimi satıb onun yaşadığı binada mənzil aldım. Onsuz bir dəqiqə keçirə bilmirdim. Bu qadına yaman öyrəşmişdim. Belə daha rahat idi. O, uşaqları, evi qoyub çox uzağa gedə bilmirdi. Mənim də hər dəqiqə gəlməyim yaxşı alınmırdı. Belədə bütün günü yanımda olurdu. Daha xörək bişirib zəng vurmurdu. Elə qazan qarışıq gəlirdi. İstəyirdi bütün günü dizinin dibində oturum. Əvvəlki kimi çox yazmırdım. Dostlarımnan da aralanmışdım. O mənə hamını əvəz edirdi. Elə çıxmasın ki, mən arvad ətəyindən yapışıb qalan kişilərdənəm. İstəyirdim özünü tənha hiss eləməsin. Bilsin ki, tək deyil və mən onu dünyada heç kəsə dəyişmərəm. Mənim onsuz da heç vaxt evlənmək fikrim olmayıb. Onunla tanışlığımızdan sonrasa həyatıma başqa qadın gəlmədi. Düşünəndə ki, hansısa qadın gəlib mənim vərdişlərimi, öyrəncələrimi dəyişə bilər, dolabı alt-üst edər, bağrım yarılırdı. O bu evə köçəndə hər şeyi yerbəyer eləmişdi, lazım olan nə varsa əl altındaydı. Səliqəsinə söz ola bilməzdi. Heç təsəvvür eləmirəm ki, özgə bir qadın belə ustalıqla mənim evimi sahmanlaya bilər. Bacısı uşaqları böyüyüb hərəsi bir yerə dağılışdı. Mən ona həmişə deyirdim. Uşaq azad quşdu. Böyüt-böyüt, uça bilən kimi qanad açacaq. Onlarsız burnunun ucu göynəyirdi. Ancaq həm də işi xeyli yüngülləşdi. Əvvəlki kimi alver eləməyinə ehtiyac olmadı. Bacısı əriylə barışıb onun yaşadığı şəhərə köçdü. Uşaqlarını da özüylə apardı. O biri bacının uşaqları da artıq yekə kişidilər. Biri evləndi, o biri də atasıyla yaşamağa getdi. Kişini bu yaşında tək qoymaq istəmədi. İkimiz qaldıq. O həkimliyini edirdi, mən yazıçılığımı. Ancaq asudəliyimiz uzun sürmədi. O, neçə vaxtdı yatağa düşüb. Çox pis qadın xəstəliyi tapılıb onda.Uşaqlığında bədxassəli şiş var. Bunu bilən gündən sevinc adlı hissimizə biryolluq yasaq qoyuldu. Başının üstündən bir dəqiqə çəkilmirəm. İki dəfə əməliyyat olundu. Yalnız durumunda yaxşılaşma hiss olunmur. Ona elə ürəyim yanır ki. Mənə əziyyət verməməyə çalışır. Yerindən qalxmağı qadağan edib doktorlar. Olmaz, gərək özünü zora salmasın. Onu quş balasını yedirən kimi yedirirəm. Qucağımda aparıram ayaqyoluna. Bez bağlamağa razı deyil. Özünə yaraşdırmır bunu. Onu çox gözəl anlayıram. Çox utanır. Onu belə yenik, çarəsiz görmək içimi göynədir. Elə arıqlayıb qarnı mədəsinə yapışıb. Elə bil yekə qarnı heç yerli-dibli olmayıb. Ağlı üstündən gedir hərdən. Ancaq yenə məni incitməməyə çalışır. Yarıhuşsuz halda da məni düşünür. Bir dəfə ona yemək gətirmək üçün mətbəxə keçdim. Heç iki dəqiqə çəkmədi. Qayıdanda gördüyüm səhnə gözümə ştamplanıb. Yerə yıxılmışdı, bədəni əsirdi. Gözləri bərələ qalmışdı. Özünü tamam unutmuşdu. Dəhşətə gəldim. Durub özü tualetə getmək istəyəndə ayaqlarını saxlaya bilməyib yıxılıb. Qucağıma alıb yerinə uzatdım. Donurdu. Üstünü bərk-bərk basdırdım. Sol gözündən brilliant qaş kimi işım-işım işıldayan bir damla yaş axdı. Əminəm ki, ürəyimə xəncər batırsaydılar, eynən bu cür ağrıdardı. Mənə macəralarını danışdığı gün hər belə ağır anında yadıma düşür. Demə, o gün ikimiz də bəxtəvər imişik. Nə gözəl günlər imiş. Bütün günü at kimi, sapsağlam ayaq üstəydik. Səhərdən axşamacan mənə macəralarını danışdı. Bezmədim. Keçmiş sevgilərindən danışanda başımnan ağrı qopurdu. Özümnən asılı olmadan əsəbləşdiyimi hiss edirdim. Hətta söhbəti yarımçıq kəsdim arada, sonra dözməyib ardını da dinlədim. Səhərdən axşamacan mənə həvəslə sevgililərindən danışmağı nədənsə xoşuma gəlmirdi. Əslində hirslənməyin yeri yoxdu. Biz dost idik. Yəqin ki, dost idik. Yəni mən bir dost kimi onun həyatına sayğıyla yanaşmalıydım. Niyə qıcıqlanırdım bilmirəm. Hekayətinin sonu ağır oldu. Ağlamaq üçün himə bəndiydi. Könlünü almaq istədiyim, yardımına yetişmək istədiyim bir qadını niyə bu qədər incitdim axı. Geri dönməyimizə iki gün qalanda onu ən yaxşı yerlərə apardım. Yaxşıca gəzib dolandıq. Balıq sevdiyini bilirdim. Sahildə balıq yedik. Heç unutmuram həmin günü. Neçə gün idi yaxşı yemirdi. Həmin gün çoxlu balıq yedi. Sevindiyimnən bilmirdim neyniyəm. Doyunca yediyi üçün sevinirdim. Otelə çatanda yaxınlıqdakı kafeyə girib pasta istədik. Hollda oturub kofe içdik. İkinci mərtəbədə gözümüzə bar sataşdı, girib viski vurduq. Heç cür gecəni bitməyə qoymurduq. Heç cür otağa gedib çıxa bilmirdik. Otağa gələndə səhər idi. Bir azdan hava limanına getmək lazım gələcəkdi. Dincəlmək üçün uzandıq. İkimiz də yuxulamışdıq. Bir də onda ayıldıq ki, vaxta az qalıb. Tələm-tələsik milləndik limana. Taksi nə vaxt gəldi, nə vaxt yükləri apardılar bilinmədi. Bu dəfə hər işi özüm gördüm. O ancaq çantasını götürüb düşdü. İmkan vermədim əlini ağdan qaraya vura. Taksini də öncədən danışmışdım. Özümnən razı halda mən də aşağı endim. Uçağa gecikirdik. Qaçaqaçla gedib çatdıq. Yükləri baqaja verdik. Birini də özümüzlə götürmədik. Hamısını mən elədim. O, kənarda durub gözləyirdi. Qayğıkeşliklə izləyirdi hər hərəkətimi. Artıq bizi çağırırdılar. Hamıdan axırda mindik. Yerimizə oturanda üzündə qəribə bir razılıq gördüm. Sakit idi. Qaçaqova baxmayaraq sakit idi. Gözlərindən yağırdı; yanında olduğumu unutmamışdı... İndi yenə ikimizik. Yenə yan-yanayıq. Nə mənə macəralarını danışır, nə uçağın qalxmasını, nə də yemək gözləyirik. O öləcək. İkimiz də bunu bilirik. Buna görə də bir-birimizdən utanırıq...

lll

...yerindən dik qalxıb mənə baxdı. Gözləriməmi baxdı, saçlarımamı, yoxsa dodaqlarıma, Geniş bir baxış idi. Sanki üzümdə nə varsa hamısını eyni anda görmək istəyir. Qəribə işıq gəldi üzünə. Olduqca aydın cümlələr qurdu:
– Ərdar, sənsən? Nə yaxşı burdasan? Elə darıxırdım səninçün.
Sevinə-sevinə başını göyə qaldırıb yalvardı.
– İlahi, məni indi öldürmə. İndi ölməyə haqqım yoxdu. İndi ölümdən uzaq, lap uzaq olmalıyam.

lll

Oxucum, səni aldatmaq özümü aldatmaq deməkdi. Səni daha artıq aldatmaq istəmirəm. Bilirsən, qəhrəmanım kimi mənim də yalanla aram yoxdu. Sonda bunu etiraf eləməliydim sənə. Mən həyatımda ən ağır doğruyla üz-üzə dayanmaqdan qorxmamışam. Və buna görə də yaşadığım dəhşətli olaylarla burun-buruna ömür sürürəm. Sən də bilirsən, yalan şirin olur... Biz o vaxt inciyirik ki, gerçək gözümüzün düz içinə baxır. İştə o vaxt yaşamaq çətinləşir, dünya şəllənir belimizə, hər şey olduğundan daha acı dadır. Hələ səninçün yazmamışdan, hələ heç yazarlıq dünyama qovuşmamışdan oxuduğum kitablarda sevdiyim qəhrəmanlarla başladım yaşama. İzlədiyim filmlərdəki sevgilini sevdim. Yaxşı adamları ancaq o filmlərdə gördüm mən də sənin kimi. Həyatım boyu axtardım o sevgilini, axtardım o adamları. Heç rastıma çıxmadı. Heç. Mutluluğun nə olduğunu ancaq istedadlı adamların əl işində gördüm. Dünya başqa şeylər göstərdi. Həyat tamam başqa gerçəklər sərgilədi. Və bir gün yazmağa başladım. Daha doğrusu, uydurmağa. Utanmaz-utanmaz səni aldatmağa başladım. Səni. Əlimə qələm verəni. Adi, sadə, dəli bir insanı söz adamı edəni aldatmağa başladım. Həyatını zəhərləməyə girişdim. Mən. Qarşında sonsuza qədər günahkar yazarın. Bilə-bilə aldatdım səni. Yalan satdım beyninə, ürəyinə. Sevgini kullandım öz xeyrimə. İnamını, sadəlövhlüyünü, ruhunu kullandım şöhrət xətrinə. Bilmirəm bu söz maklaturası bir gün kiməsə lazım olacaq, ya yox?! Ancaq indi yalnız sənə lazımdı, bunu bilirəm. Çünki inanırsan, güvənirsən. Çünki sən məndən böyüksən. İstəsən məni bir anın içində silərsən. Bəlkə də silə bilməzsən. Bəlkə də sən düşündüyümdən daha sədaqətli, daha ürəklisən. Bir gün yazmağa başladım və anladım ki, yazılanların heç biri, heç biri doğru deyilmiş. Hamısı səni uyutmaq üçündü. Hamısı sənin xəyalpərəstliyinə hesablanmış yaraşıqlı gopalogiyadı. Yazmağa başlayanda anladım ki, ədəbiyyat ən böyük yalandı. Və bunun üzərinə qurulan filmlər də eynən puçluqdu. Heç təsəvvür edə bilməzsən bunu etiraf eləmək mənə necə əzab verir. Elə istəyirəm ki, astarımı görəsən. Elə istəyirəm ki, səninlə bu mənasız yazılarla yox, təkbətək görüşüb dərdləşim. İndiki qədər səmimi olum. Hətta daha artıq. Sənə bütün gerçəkləri olduğu kimi danışım. Yazdığım kimi yox, ədəbiyyatda olan kimi deyil. Gerçəkdə necə varsa elə. Sənə elə şeylər deyim ki, tüklərin biz-biz dursun. Ancaq qınamayasan. Lütfən. Yazdıqlarıma da çox fikir vermə. Eləcə oxu, at bir kənara, uzaq başı “pis yazmır”, lap çoxu “istedadlıdı” düşün və başını at balışa. Get şirin yuxuya. Və yuxulamazdan qabaq məni bağışla...
SON

Aysel ƏLİZADƏ
[email protected]



Bu yazı ( 517 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar