12px14px16px18px

Erkəklər (Davam)

Aysel ƏLİZADƏ
04:15 / 12.11.2011



(Əvvəli ötən şənbə saylarımızda)

Bunu niyə dedim heç bilmirəm. Yenə aləmi qatdım bir-birinə. Ancaq kişilərin bir yaxşı xüsusiyyəti də var. Deyingən deyillər. Bir kişi ki, deyingəndi, deməli onda nəsə qüsur var. Yaxşı kişi deyingən olmur. Doğru sözümdü. Mənim deyingən sevgilim də olub. Çox görüşmədik. Hövsələm çatmadı sözün düzü. Belə pis adam deyildi. Ölürdü məndən ötrü. Dünyada məndən gözəl, məndən ağıllı, məndən maraqlı qadın yox idi onunçün. Di gəl, heç nədən o qədər deyinirdi beynim çat verirdi. Musiqiçiydi, yaxşı saz çalırdı. Özü də pis oxumurdu, səsi də vardı. Tanınmış bir maşın zavodunda çalışırdı. Deyinməyi olmasa, çox rahat keçinərdik. Bəlkə bir az çox görüşərdik. O, evlənmək istəyirdi. Bütün günü mənə evlilik təklif edirdi. Əl çəkmirdi. Ancaq fikirləşəndə ki, ömrümün sonuna kimi bunun deyinməyinə qulaq asmalı olacam, havalanırdım. Özüm heç deyingən deyiləm axı. Beynim səs götürmür. Bu da zavodda işlədiyi üçün ucadan danışmağa öyrəşmişdi. Elə bərkdən danışırdı, vay-vay. Bağırırdı lap. Onun bir telefonla danışmağı vardı, adam qaçıb gizlənmək istəyirdi utandığından. Kişinin səsi qadını yatırtmalıdı. O, elə bil dalaşırdı danışanda. Kişinin səsi çox vacib şərtdi mənimçün. Onunla danışanda şahzadəylə danışdığını sanmalısan. Elə səsindən ona təslim olmaq istəyin oyanmalıdı. Kişi ki, telefonda küçə alverçisi kimi bağırdı, boşla getsin. Bir də kişinin səsində bir qətilik olur, onu yaman sevirəm. Qadını canından artıq sevə bilər, ancaq səsində qətilik yoxdusa, ona güvənmək olmaz. Ərdarda dəyişik olurdu. Birdən elə danışırdı, deyirdin dünyanın ən qərarlı erkəyidi. Birdən də söz ağzından tökülürdü, bilmirdin nə deyir. Sözü yağ kimi əridirdi ağzında. Xoşum gəlmirdi ondan belə danışanda. Söz daş kimi olsun gərək. Həlim danışmaq başqa şeydir. Xoş sözlər desin, könlünü alsın, əzizləsin, o ayrı. Bir də var adi sual verir, məsələn, evə nə alım gələndə? Baş açammırsan. Üç dəfə soruşursan “nə ?” Heç təsəvvür eləyə bilməzsən, səs nə qədər tutumlu səbəbdi bir adamı sevməyə, ya da onu rədd eləməyə. Mən bunu kəşf eləmişəm. Doğru sözümdü. Bir sevgilim vardı. Hər dəfə onunla danışandan sonra o qədər əsəbləşirdim başım ağrıyırdı. Elə hala qalırdım təsəvvür eləyə bilməzsən. Halım çönürdü. Onunla iki kəlmə adam balası kimi ağız tərpəşdirə bilmirdim. Yazıq elə aramağını görürdü, it kimi hürürdüm. Bütün zəhərimi tökürdüm üstünə. Heç söz deməyə fürsəti olmurdu. Eləcə telefonu qaldırıb onun salamını eşidirdim, dünya başıma yıxılırdı. Elə bil məni buzlu suya soxurdular. Bədənimə vicvicə düşürdü. Çıxırdım özümnən. Dalaşırdım, ağzıma gələni deyib, qapıyırdım telefonu. Uzun müddət özümə gələmmirdim. Sakitləşəndən sonra da ha çalışırdım nəyə əsəbləşdiyimi yadıma salım, salammırdım. Günlərlə görməsəm, səsini eşitməsəm, darıxmazdım. Heç qram da darıxmırdım onunçün. Ancaq məni həqiqətən sevirdi. Nəfəs alırdı mənnən. Bilmirdi mənimçün neyniyə. Bir gün güzgü alıb gətirdi ki, bütün günü bax gör necə gözəlsən. Qəşəng güzgüydü. Həmişə çantamda gəzdirirdim. Bilirdi ki, kinoya getməyi xoşlayıram. Təzə nə film gəldi bilet alıb dəvət eləyirdi məni. Ancaq nə illah elədim onu teatra apara bilmədim. Ürəyi darıxırdı teatrda. Deyirdi, mən hətta dünyalar qədər sevdiyim qadın üçün də özümü yalannan böyük sənət vurğunu kimi apara bilmərəm. Teatrda bağrım yarılır. Bir gün ona niyə bu qədər dözə bilmədiyimi tapdım. Çox düşünürdüm bu haqda. Möcüzəydi, axı. Səsini eşidən kimi qıcıqlanırdım. Axırda tapdım. Onun boğuq səsi vardı. Elə bil dərənin dibindən gəlirdi. Küt, boğuq səs idi. Bir qram da cingiltisi yox idi. Əsəblərimə toxunurdu. Gicgicə bir səsdi. O danışanda adam udqunurdu, boğazını qururdu onun yerinə. Fikrin qalırdı səsdə, istəyirdin birtəhər açasan, nəsə edəsən ki, düzəlsin. Sinirlərim gərilirdi. Səs axı adamın birbaşa beyninə işləyir. Bir var səs beyninə bulaq kimi axır, bir də var küt bıçaq kimi sürtür. Bax elə ürpəşirdim. Ondan ayrılandan sonra özümə gəldim. Səsiylə yadımda qalan sevgililərim də olub. Bəh-bəh, birinin necə şaqraq səsi vardı. Necə bahalı səs idi. Bir səsiylə adamı ala bilərdi. Heyf. O, ümumiyyətlə aləm idi. Həm özü dəhşətli dərəcədə yaraşıqlı idi, həm səsi, həm də xasiyyəti. Ölürdüm ondan ötrü. Onun bir “alo”suna dünyaları vermək olardı. İlahi, kişinin necə ölümünə cazibəli səsi ola bilərmiş. Elə qısqanırdım onun səsini. Bir yerə zəng vuranda deyirdim dəstəyin o başındakı qadındısa, yüz faiz mənim keçirdiyim hissləri yaşayacaq. Hirsimnən partlayırdım. Onu yaman qısqanmışam. Elə bil nağıldan çıxmışdı. Şah balasıydı zalım oğlu. Bir baxışı vardı, yerimdən tərpənəmmirdim. Qurudurdu adamı ayaq üstə. Dilim topuq vururdu onu görəndə. Belə də erkək olar? Şəkil idi, şəkil. Elə qorxurdum onu itirməkdən. Ona görə yox ki, onsuz yaşaya bilməzdim, yox, ona görə yox ki, o yaraşıqlı idi, o da yox. Ona görə ki, o öz sevimli varlığıyla həyatıma bəzək qatırdı. Hə, o bəzək idi. Addımlarında da ucalıq vardı. Elə bil Sultan Süleymandı gəlir. İlahi, o necə gözəl sevirdi. Necə gözəl. Sevgi bitmirdi onunla. Saçlarından barmaqlarına kimi sevirdi. Belə kişinin ayağı sürüşkən olmur. Kişi dad alırsa eşqdən, təmkinlidirsə, ondan yoxdu. Onun sədaqətinə də zaval yoxdu. Qadın da ona bağlanır hər cür. Əsiri olursan, sevgilisi olursan, xanımı olursan. Belə kişi dayanıqlı olur, möhkəm olur, etibarlı olur. Belə kişiyə qadın sonsuza qədər arxalana bilər. Kişiyə arxalanmaq lazımdı. Onun yer üzündə qadın qarşısındakı tək önəmli missiyası budu. Qadını ona arxalansın gərək. Öz qadını. Ola bilər bir gün başqa qadını sevər. Bu da doğaldı. İnsandı, duyğularını zorlaya bilməz. Ancaq etibarlı kişi heç vaxt qadını aldatmaz. O, hər şeyi açıq deyər, gedəndə də kişi kimi gedər. Səni burda, onu orda yalanlamaz. Və ömrünün sonuna qədər, əgər sənə gərək olsa, dostundu, yardımçındı. Qadınlarda belə adət yoxdu. Qadınlar ayrıldıqları kişiyə az qala nifrət eləyirlər. Dostluq saxlamırlar. Həmişə özlərini onun qurbanı kimi aparırlar. Zəhləm gedir qadınların bu cizgisindən. Qurban cizgisi. O ya kişiylə bir yerdə olanda özünü qurban edəcək, ya da ayrılanda özünü onun qurbanı sayacaq. Qadınlar heç unutmurlar. Qələt eləyib kişi bir dəfə yalnışlığa yol verə, vay halına. Qadın bunu yaddaşına möhürləyəcək. Yeri gələndə elə pis macalda ona sözünü yeridəcək, 7 qatından keçəcək kişinin. Demirəm ki, mənim belə naxışım yoxdu. Var, yeri gələndə. Mən də erkəkdən qisas almaq üçün fürsət gözləmişəm, olub. Ancaq heç vaxt ona düşmənim kimi baxmamışam, heç vaxt. Bağışlamağı da bilmişəm. Ən pis xəyanəti də bağışlamaq olur. Kişiləri bağışlamaq lazımdı. Axı, onlar xoşdular. Onlar necə uşaqdılar. Necə maraqlıdı onları izləmək. Mən həmişə sevgililərimi izləmişəm altdan-altdan. Onlar inanılmaz dərəcədə təbiidilər. Bütün qüsurlarıyla birgə. Gülməlidilər. Onlardan fövqəlbəşəri hərəkətlər gözləmək lazım deyil. Onlar elə özləri fövqəlbəşəridilər. Doğru sözümdü. Erkəklər qadının yanına yaraşıqdı. Təbiətin ən doğal, ən sayğıya layiq varlıqlarıdı erkəklər. Adamı necə qoruyurlar. Necə ağıllıdılar. Doğru sözümdü. Özəl fikrimi deyirəm ,erkəklərimin heç biri qavrayışsız olmayıblar. İstənilən normal qadına anlamlı, xoş anlar yaşada bilərdilər. Doğru sözümdü, mən onları çox ürəksiz vermişəm başqa qadına, nigaran qalmışam. Gül kimi oğlan düşəcək indi bir dılğır-dəyər qadının əlinə, heyif olacaq düşünmüşəm həmişə. Ürəyimdə hər birinin yeri var. Doğru sözümdü. Düşmən deyilik ki. Bir vaxt doğma olmuşuq, sevgilidən daha doğma nə var ki. Qan bağlılığın-zadın yox, adamı bütün ruhunla istəyirsən. Bundan daha böyük nə hiss ola bilər? Övladı, bacını, valideyni sevmək təbiidi. Səndən asılı deyil. Bir də var yad balası sənin əzizinə çevrilir. Bundan irrasional nə ola bilər axı. Məncə, olmaz. Hətta vətən sevgisi də doğaldı. Doğulursan, böyüyürsən, məcbur qalıb sevirsən. Bir yad adamı sevməyə səni nə məcbur edə bilər? Heç nə. Gör indi bu necə güclü hissdi. Möcüzədi, möcüzə. Ona görə mən heç bir sevgilimi unutmuram, silib atmıram. O qədər duyğulu anlar yaşamışıq, zaman paylaşmışıq, zaman. Necə unudasan. Bir də həyatının tən ortasından keçən adamı unutmaq nə qədər insafdandı? Yox, mən belə eləməmişəm. Onunla bir yolçuluğa başlamışıq nə vaxtsa. Ayrıldıq, bitdi deyə bir şey yoxdu. Həyat davam edirsə, o da davam edir mənimçün. Nə vaxt gəlsə, yenə əzizimdi. Onun həmişə yeri var, onu həmişə sevirəm. Bir sevgilim də vardı. Üstündən xeyli zaman keçəndən sonra yavaş-yavaş anlamağa başladım – onun yanında özümü qalada hiss edirmişəm. O, bəsit idi. İntellektual demək olmazdı. Dünyayla bir əlaqəsi yoxdu. İşə gedib evə gələrdi. Qəzet oxumazdı . Şopeni ilk dəfə mən dinlətdim ona. Çoxlu qəhvə içərdi, çoxlu siqaret çəkərdi. Başı ağrıyardı tez-tez. Gözləri zəifdi, qulaqları pis eşidirdi. Çiyinləri ensiz idi. Hələ üstəlik heç sevmədiyim bığı da vardı. Dişləri qoymaydı. Özü dəyişdirmişdi. Hollivud gülümsəməsi eləmişdi özüyçün. Dayanmadan danışa bilərdi. Əsəbləri pozuqdu. Ancaq onun yanında özümü yaxşı hiss edirmişəm. Güvəndə, sevgidə, gerçəkdə hiss edirmişəm. Çox sərt ayrıldım ondan. Heç bir izahat vermədən “bizimki alınmaz” dedim. Planlar qurmuşdu. Sonrakı həyatında mən olacaqdım, birgə olacaqdıq. O hər şeyi planlayırdı. Gələcək həyatıyla bağlı 5 illik plan tuturdu. Bir ayrıntısı alınmasa, bütün tədarükü alt-üst olurdu. Evini bəzəmişdi. Hazırlaşırdı. Evlənəcəyimiz günü uşaq kimi sevinclə, təqvimi cıza-cıza gözləyirdi. Anladım ki, olmayacaq. Bir gün yuxudan oyandım bildim ki, onunla həmən sağollaşmalıyam. Bu dəqiqə. Çox sərt davrandım. Duyğusal idi. Gərək belə eləməzdim. Ortaq heç nəyimiz olmadığını anladım. Saatlarla danışmasam, mövzu olmazdı. Danışanda da ancaq birgə həyatımızdan, işindən sorunlarından danışardı. Qəribə şeydi. Onunçün darıxdığım vaxtlar olur. Ən çox da səmimiliyi üçün darıxıram. Gerçək adam, gerçək duyğular axtaranda onu xatırlayıram. Elə bil yanında heç kim yox idi. Bu onda necə alınırdı bilmirəm. Olduğun kimi olmaq çox çətindir axı. Çox çabaladı ayrılaq deyəndə. Nə edəcəyini, necə yalvaracağını bilmirdi. Gözlərimlə görürdüm. Suda boğulan adamın sağ qalmaq, qurtulmaq çabası kimiydi. Ayrılmayaq deyə hər şeyə razıydı. Bacarmadım. Yalanla yaşamaq olmur. Yalan hər dəfə ağrıdır, həqiqət bir dəfə. Ona həqiqəti dedim. Dedim ki, mən səni mutlu edəcək qadın deyiləm. O qədər acı vardı üzündə, boğulurdum ona baxanda. O da acıda boğulurdu. Həmin an mənim bircə arzum vardı. Qurtulmaq. Onu incitdiyimi düşünmürdüm. İndi düşünürəm. Belə şeylər də olur. Tez-tez düşünürəm, görəsən necə oldu, həyatını necə qurdu, necə davam elədi. Kimi sevdi. Adama elə gəlir bu adamnan ayrılsan, yaşaya bilməz. Əzab çəkər. Daha sevməz. Belə olmur. Bu acı bir uzaq sevgini də yadıma saldı. Lap gəncliyimdə bir sevgilim vardı. Ona da ayrılaq deyəndə yaman günə düşmüşdü. Ağlamışdı. İlk dəfəydi bir erkəyin hönkür-hönkür ağlamağını eşidirdim, görürdüm. Dedi sən məni atsan, belə də dedi “atsan”, mən ölərəm. Uzun müddət görüşmədik. Bir gün zəng vurdu. Görüşmək istədi. Ürəyim ağrıdı. İnsandı, hissləri var. Görüşsəm, dünya dağılmaz. Razılaşdım. O qədər həyəcanlıydı əsim-əsim əsirdi. O yanıma keçirdi, bu yanıma keçirdi. Hər hərəkətiylə yarımağa çalışırdı. Gözlərində qorxu vardı. Hər anın qorxusu. Əlindən balıq kimi sürüşüb itərəm, gedərəm qorxusu. Onda da buna önəm vermədim. Tez-tez yadıma düşür. İndi anlayıram necə həyəcanlı, necə çarəsiz olduğunu. Diz çökdü. Başını dizimə qoyub uşaq kimi ağladı. Sənsiz olmur, olmaz, əlil kimiyəm dedi. Necə yaşamaq lazım olduğunu bilmirəm. Məni atma dedi. Sevmə, ancaq getmə də. Getdim. Üstündən illər keçməmiş evləndi. Bir gün təsadüfən onu ailəsi, yeni doğulmuş körpəsiylə gördüm. Mutlu rahat görünürdü. Elə bil üzünü dizimə sıxıb “getmə” deyən həmin oğlan deyildi. Bütün temperamenti dəyişmişdi. Gözlərinin ifadəsinə kimi bambaşqaydı. Onda bildim ki, düz eləmişəm. O bütün qadınları eyni cür sevirdi. Mən hər kişini fərqli. Bizimki alınmazdı. Əslində, heç kim ölmədiyini onda anladım.
(Ardı var)
Aysel ƏLİZADƏ
[email protected]




Bu yazı ( 447 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar