12px14px16px18px

Dənizi sevməmək...

Nərmin HÜSEYNZADƏ
03:56 / 12.11.2011
Həmin gecə – ilk dəfə Bakıya gedəcəyim gündən əvvəlki gecə səhərəcən yatmadım. Bakı haqqında təsəvvürlərim elə qəribəydi ki. Məsələn, Bakıda insanların hansısa başqa dildə danışdıqlarını düşünürdüm. Elə bilirdim ki, orada adamlar, ən çox da uşaqlar tamam başqa cür yaşayırlar, bizdən – əyalət uşaqlarından çox fərqli.
Yol boyu yatdım. Atam məni yavaşca silkələyib “balaca, çatdıq, dur” – deyəndə keçirdiyim o qəribə hisslər hələ də canımdadı.
Həmin günün axşamı atamla birlikdə dəniz kənarına getdik. İlk dəfə idi ki, bu qədər çox su görürdüm. Dənizin necə gözəl rəngi vardı, necə böyükdü, necə vahiməliydi... Onda mənə elə gəlmişdi ki, dənizin başladığı yerdən bir neçə addım bu yanda – bizim dayandığımız yerdə dünya bitir...
Atası dənizdə boğulan bağça yoldaşıma dənizin gözəlliklərindən danışanda nə qədər amansız olmuşam, bunu çox sonra anladım. Anladığım gündən də dənizi sevmədim...

***

Bir dəfə ailə dostlarımızla bərabər dəniz kənarına istirahətə gedibmişik. Mən bütün bunları xatırlamayacaq qədər balacaymışam onda. Həddindən artıq dəcəl uşaq olmuşam, deyilənə görə. Hamının başı yerləşməyə qarışanda birdən anam məni ortalıqda görməyib, təşvişə düşüb. Ha axtarıblar, ha çağırıblar, tapa bilməyiblər. Anam qorxudan huşunu itiribmiş. Kənardan bir oğlan onlardan kimi axtardıqlarını soruşub. Atam “qızımı tapa bilmirik, indicə buralardaydı, bu qədər qısa müddətdə uzağa gedə bilməz. Amma heç harda yoxdu” – deyib. Oğlan yaxınlıqdakı maşının yük yerini göstərib, gülümsəyərək: “Bir ora da baxın”, – deyib. Ordayammış. Hamı məni axtaranda, anam dənizdə boğulduğumu güman edib hönkür-hönkür ağlayanda mən orda oturub üzüm yeyirəmmiş. Həmin gəzintini elə o streslə yarımçıq qoyub evə qayıtmışıq. Sonra heç vaxt birlikdə dəniz kənarına getmədik. Anam daha dənizi sevmirdi...

lll
Mən dənizi sevmədiyim kimi, o da məni sevmədi. Həmişə pis hisslər yaratdı məndə. Dənizə baxanda ilk dəfə gördüyüm kimi, rənginə heyrətlənmək əvəzinə, neft qoxusundan burnumu tuturam, üz-gözümü turşuduram. Dənizdə ölən adamları düşünüb, dibinin yarğanlarını gözümün qabağına gətirirəm. Sizi uyarıram:
Dəniz – kəndir qədər təhlükəlidir!
Dəniz – sonsuzluq qədər vahiməlidir!
Dəniz – bir az da kədərlidir...
Sonuncu dəfə ona bağışladığım insanı da xatırlayıram: “Martin İden”i...

Nərmin HÜSEYNZADƏ




Bu yazı ( 344 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar