12px14px16px18px

Kim bilir...

Hikmət SABİROĞLU
03:36 / 12.11.2011
Son dəfə noyabrın 4-də görüşmüşdük. Toyda. Qonşu stolda oturmuşdu. Gedib görüşdüm, bağrıma basdım:
– Qaqa, dəvətnamə çatıb, Allah xeyir versin, gələcəm.
– Saa ürəyim qurban, Hiki, ayın 6-da görüşərik.
Noyabrın 6-da Xaliq qızını gəlin köçürürdü.
lll
...Göydən yağış tökür, gözdən yaş sellənir. Yağış – iliyinə qədər islatdığı adamların yanğısına su çiləmir. Göz yaşı – adamları kiritmir. Kürəkdən də, ürəkdən də axan selə qarışıb iki il əvvəlin yazısını xatırlayıram.
O yazı “Dərd ağırlıq eləyəndə adam bölüşmək istəyir. Əl uzadır. Adamın əlini havada qoymazlar” deyə başlamışdı.
İndi dərd taqətimi kəsəndə bir daha o yazıya qayıtmaqdan başqa çarə qalmır: “Şuşada ölmək var. Bir dəfə ölmək. Şuşadan ötrü ölmək. Bir də var Şuşasız ölmək. Hər gün ölmək. Qoy lap olsun Şuşadan ötrü ölmək”.
“Şuşada ölməklə Şuşasız ölməyin fərqi” adlı yazının tarixinə baxıram. 28 oktyabr 2009-cu ildə yazılıb. Baxıram və düşünürəm: əgər düşmən Şuşanın üstünə gələn gün – 8 may 1992-ci ildə ölmüş olsaydım, 28 oktyabr 2009-cu ildə mənim ölümümdən 17 il 5 ay 20 gün keçərdi. Amma mən 8 may 1992-ci ildə ölməmişdim, 28 oktyabr 2009-cu ildə yaşayırdım. İndi də sağam. Kim bilir, Allahdan, bir də özümdən savayı kim bilir mən necə sağam, 28 oktyabr 2009-cu ilə qədər və ondan sonra neçə dəfə ölmüşəm, kim bilir, Allahdan, bir də özümdən savayı kim bilir...
lll
...Yağışı yalan eləyən göz yaşına qarışıram, bir vaxt başıma soyuq su kimi ələnmiş qəfil etirazı xatırlayıram:
– Nə vaxtacan Şuşanın bu uçuq-sökük şəkillərini saytda verəcəyik? Eyni şəkillər, eyni şəkillər...
Bu yersiz iraddan otağa çökən ağır sükutu lap sonda mən pozmuşdum. Sakitcə qalxıb dostumuza yaxınlaşmış, əlimi çiyninə qoyub demişdim:
– Gedərik Pirşağıdakı Şuşa qəbiristanlığına, onda görərsən biz niyə Şuşanın şəkillərini tez-tez verməliyik, həmişə verməliyik.
lll
Kürəyimi döyən yağışın soyuğu neçə gündür canımdan çıxmır, dostum mənim, amma mən sənə kürəyimin yox, ürəyimin halını nişan vermək istəyirəm:
– Şuşanın uçuq-sökük şəkillərini ayda-ildə bir kərə gözdən keçirməyi çox bilirsən. Kim sənə dedi Şuşanın işğalı başa çatıb, Şuşa müsibəti bitib, kim dedi, dostum? Adamlar o işğalı hər gün yaşayır. Dünən sağ gördüyü şuşalını bu gün qəbirə qoyub yaşayır. Bu, bitməyən Şuşa müsibətidir. Yaralı adamların müsibəti.
Həmin adamlardan biri məni görən kimi bağrına basar, “Saa ürəyim qurban, Hiki” deyərdi. 8 may 1992-ci ildən bəri yüz yol görüşmüşdük, hamısında belə demişdi.
Onu hər zaman diri görmüşdüm, dostum, amma kim bilirdi, Allahdan, bir də özündən savayı kim bilirdi o, necə sağ idi, 8 may 1992-ci ildən bəri neçə dəfə ölmüşdü, kim bilirdi, Allahdan, bir də özündən savayı kim bilirdi...
Noyabrın 6-da balasının xeyir işi olacaqdı. 8 may 1992-ci ildən bəri mən hansı şuşalının toyuna getmişdim, Xaliqi məclisdə görmüşdüm. Hansı yas mağarına girmişdim, Xaliqi məclisdə görmüşdüm. Xeyrimizin yaraşığı, şər məclislərində toxtaqlıq yerimiz olan bir oğlan.
Qızını gəlin köçürürdü. Bu, onun qapısında ilk xeyir iş olacaqdı – 8 may 1992-ci ildən bəri cavan qardaşını itirmişdi, anasını itirmişdi, atasını itirmişdi. Qapısında ancaq yas olmuşdu. İndi toy olacaqdı...
lll
...Noyabrın 6-sı. Göydən yağış tökür, gözdən yaş sellənir. Yağış – iliyinə qədər islatdığı adamların yanğısına su çiləmir. Göz yaşı – adamları kiritmir.
Pirşağı qəbiristanlığındayıq. Şuşa qalasından bir daş da qopub – Xaliqi dəfn edirik. 53 il möhlət verən Allah cəmi 1 gün möhlət vermədi – qızının toyuna saatlar qalanda, noyabrın 6-na keçən gecə qəfildən Xaliqin ürəyi dayandı.
Toy təxirə düşmüşdü. Adamlar ciblərində toy dəvətnaməsi yasa gəlmişdilər.
Kim bilir, Allahdan, bir də o adamlardan savayı kim bilir bu nə dərddir, dostum, Allahdan, bir də o adamlardan savayı kim bilir...

Hikmət SABİROĞLU




Bu yazı ( 224 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar