12px14px16px18px

Erkəklər (Davam)

Aysel ƏLİZADƏ
04:01 / 05.11.2011
(Əvvəli ötən şənbə saylarımızda)

Ərdarın ən yaxşı xüsusiyyəti çox da evdar olmamasıydı. Çünki o evdar olsa, məcbur olub mən də bütün günü ev işi görməliydim. Məişəti, ümumiyyətlə, əlaydı. Heç vaxt adamın beynini xarab eləməzdi ki, şalvarımı ütülə, nə bilim tumanımı yu. Niyə yemək bişirməmisən? Dinməzcə gələcəkdi, tapdığından yeyib uzanacaqdı yerinə. O, evə ancaq yatmaq üçün gəlirdi. Heç maraqlanmırdı ki, evdə nə baş verir. İndiyə kimi başa düşə bilmirəm, niyə evdə belə az olurdu, yatandan-yatana gəlirdi. Başa düşə bilmirəm. Gərək ki, işi də qrafikə uyğun idi. Ertədən gecəyə kimi deyildi. Nə olursa-olsun, bütün günü evdə oturub arvadın zəhləsini aparan kişi də yaxşı deyil. Onsuz da vasvasıyam. Evdə çox olsa, yəqin nəyisə düz eləməyəcəkdi, mən də özümnən çıxacaqdım. Yox, belə işdəkləri yox idi. Gərək vicdanla danışasan, bir dəfə də mənə deməyib ki, filan köynəyim hardadı? Paltarlarını aparıb verirdi camaşırxanaya. Hələ mənimkiləri də verirdi. Evə arada köməkçi gəlirdi. İkimiz idik. Elə ciddi iş-zad olmurdu. Qalanlarını özüm eləyirdim. İşləməyə qoymurdu məni. Xəstəxanaya ondan ayrılandan sonra düzəldim. İmkanımız da vardı. Ehtiyacım yoxuydu heç nəyə. Bütün günü filmə baxırdım, kitab oxuyurdum. Bir də rəfiqəm vardı. Onu çağırırdım bizə. Bayquş kimi tək otururmayım deyə rəfiqəmi çağırırdım. Yoxsa heç rəfiqəbaz deyiləm. Mənim ümumiyyətlə, qadınlara fobiyam var. Onlardan nə desən gözləmək olar. Ən yaxşı dostlarım da elə kişilər olub. Doğru deyirəm. Kişilər dost olmağı bacarırlar. Hamısı yox, ancaq mənim yaxşı kişi dostlarım olub. Özü də bəziləri əvvəlcə sevgilim olub. Hə, mənim dostlarım heç vaxt sevgiliyə çevrilməyiblər. Dostdusa dostdu. Ancaq sevgililərim sonradan dostuma çevriliblər. Bir axmaq qız vardı. Taleyin acı oyunu bizi tanış eləmişdi. Acığım tutur da taleyin belə işdəklərinə. Nə var axı bizi toqquşdurursan. Çox mənə lazımdı. Elə axmaq qız idi, inanmazsan. Hərifləri tanımırdı. Ona kimsə mesaj göndərəndə adama oxutdururdu. Bir həyətdə böyümüşdük. Bu elə qırsaqqızıydı mənə. Sonra mən köçdüm. Yeni evimdə də gəlib hardansa, necəsə tapdı məni. Deyirdi sənin bəxtin yaman gətirir. Qarşına çox yaxşı oğlanlar çıxır. Özü səfehin biriydi. Heç yaxşını-pisi qanan deyildi. Elə-belə sözdü də, deyirdi. Guya çox başı çıxırdı. Nəsə cəhənnəm olsun. Əslində, o düz deyirdi. Mənim sevgililərim hamısı yaxşı olub. Elə bil allah ən yaxşı kişiləri yığıb mənə verib. Ayrılsaq da, indi onların hamısını xoş hisslərlə xatırlayıram. Doğru sözümdü. Məsələn, biri vardı, elə canlara dəyən oğuldu ki. Görüşürdük, harasa bir yerdə gedirdik. Ona bərk öyrəşdim. Onsuz qala bilmirdim. Bir dəfə yaman kefsiz dəydi gözümə. Yapışdım yaxasından ki, nə olub? Dedi mən başqasını oynamaqdan yorulmuşam. Sən bütün hərəkətlərimdə Ərdarı axtarırsan. Möhkəm silkələndim. Necə ola bilər, bunu heç özüm hiss eləməmişəm. Onda Ərdardan yenə də ayrılmışdıq. İsti-isti ola bilər darıxmışam. Darıxmışam deyəndə, düzünə qalsa, Ərdar üçün burnumun ucu göynəyirdi. Zarafat deyil. O qədər maraqlı anlarımız olub. İlləri qarşılamışıq birlikdə. Əslində, heç illəri qarşılamamışıq. Hər yeni il gecəsi itirdi. Mən tək otururdum. Hədiyyədən, güldən alıb başımı aldadırdı, sonra da deyirdi, “vacib getməliyəm”. Hər dəfə bir gop eləyib aradan çıxırdı. Arada zəng vurub halımı soruşurdu. Sonra mən darıxıb yatırdım. Bir də iki gündən sonra peyda olurdu. Ancaq yenə də birlikdə çox şey yaşamışdıq. Unutmaq yemək deyil ki, aşırdasan getsin. Unutmaq, qapqara yanmış qazanı yuyub təmizləməkdən də betərdi. Yalandan deyirlər zaman unutdurur. Heç elə şey yoxdu. Əradar mənim zamanıma pərçimlənib. O da elə zaman kimidi. Keçmişə dönmür. Elə həmişə yaşanacaq gələcəkdi. Əslində, mən həmişə istəmişəm ki, nə vaxtsa biz yenə birlikdə olaq. Doğru sözümdü. Ona həmişə yarı hissəm kimi baxmışam. Özümnən asılı deyil. O, narkotik kimiydi. Ağlımdan çıxırdı, qayıdırdı, çıxırdı, qayıdırdı. Bir müddət tərgidirdim, sonra yenə özünə çəkirdi. Elə danışıram, guya lap nakomanın təkiyəm. Yox, heç vaxt narkotikdən istifadə eləməmişəm. Belə şeylər mənə özünü, ruhunu zibilləmək kimi gəlir. Adam niyə ağlını yerindən tərpətməlidir? Ağıl toxunulmazdı, məncə. İntəhası, bilirəm də, eşitmişəm, oxumuşam, görmüşəm narkotik nə deməkdi. Bir sevgilim vardı. Çox yaxşı insan idi. Elə hamıya əl tuturdu. Məni də yaman çox istəyirdi. Xəstələndim dərman alıb gətirərdi. Bütün bayramlarda evimi doldurardı gül-çiçəklə. Gecə-gündüz fərqi yox idi, nə vaxt zəng vursam, mütləq gələrdi lazımdısa. Ayağımı yerə dəyməyə qoymurdu. Sürücü kimi qapımdaydı bütün günü. Doğru sözümdü. Heç adamın əri belə eləməz. Az qalırdı məni tac kimi başına keçirə. Ancaq qəribə hərəkətləri vardı. Bir də görürdün gözünün biri qıyılır. Ya da pişik kimi birdən-birə kürəyini qabardırdı. Bükülüb açılırdı. Qupquru qurumuşdu ayaq üstə. Heç başa düşə bilmirdim o çirkindi, yoxsa elə görünür. Doğrudan hərdən çox çirkin görünürdü. Təsəvvür elə, bel bükülüb, taxta kimi arıq, gözünün biri yığılır, o biri zorla açılır, adam nəyə oxşayar? Hərdən ona baxanda ürəyimdə fikirləşirdim bu necə kifir adamdı. Bir də görürdün gecənin bir aləmi zəng vurub mənə Konfutsidən dəm vururdu. Saatlarla Konfutsidən danışırdı, axırda da telefonda yoxa çıxırdı. Baş açmırdım ondan. Xeyli görüşdük. Getdikcə yaraşığa minirdi. Kökəlirdi, beli dikəlirdi. Geyiminə-zadına fikir verirdi. Bir də ayıldım ki, yaxın bir tanışım var onunla görüşür. Sözün düzü, babal yuya bilmərəm. Məni də başqaları deyib. Yavaş-yavaş görüşlərimiz azaldı, sonra zənglər. Bir az şübhələnmişdim açığı. Sonra da eşitdim ki, onunla tanış elədiyim bir qadınla görüşür. Həmin qadını onunla tanış eləmişdim ki, işə düzəltsin. Beynini deşirdim hər gün. Tək qadın idi, xəstə anası vardı. Durumları yaxşı deyildi. Axırda onu öz yanında işə düzəltdi. Bir gün gecə qızlar mənə zəng vurdular ki, bəs kluba gedirik, istəyirsənsə səni də götürək. Onsuz da yatmırdım, getdim. Orda gördüm bunlar mıs-mıs edirlər. Dedim sözünüzü deyin, nə baş verir? Məlum oldu ki, mən çox ürəyi geniş adam imişəm. Qadını işə düzəltmişəm, o da sevgilimlə görüşməyə başlayıb. Yer ayağımın altından qaçdı. Doğru sözümdü. Kimsə desəydi ki, onun xəyanətinə bu cür ağrılı yanaşacan, inanmazdım. O mənimçün adiləşmişdi. Elə nə vaxt əlimi atsam tapırdım. Ona görə heç inanmazdım ki, belə iş tutar, özü də mənim tanışımla. Çox kədərlidi, baxma, neçə vaxt idi birlikdəydik. Ona pişiyim kimi öyrəşmişdim. Düzdü, heç biri boynuna almadı, ancaq mən ilişgimizi davam etdirə bilmədim. Çat yarandı artıq. Ayrıldıq. Ayrıldıq və o dönəm mənimçün ağır keçdi. Demə, ona yaman bağlanmışam. Bunu niyə danışdım? Ona görə ki, bir gün o mənə dəhşətli bir etirafda bulundu. Dedi ki, mən sənə ömrü boyu borcluyam. Sən məni məhv olmağa qoymadın. Mən narkoman idim. Qızıl qanuni narkoman. Bilmirəm, sən bunu bilirdin, ya yox, amma səbrin, üzümə heç vaxt bunu vurmamağın, qayğın məni xilas elədi. Hətta düşünəndə ki, heç sən bunu anlamırsan, lap utanırdım. Belə təmiz ürəyi olan bir qadına layiq olmadığıma görə. Sənə olan sevgim məni xilas elədi. O, anasını itirmişdi biz görüşməyə başlayanda. Boynuna aldı ki, anası onun dərdindən ölüb. Ağzım açıq qaldı. Mən lap keyin biriymişəm ki. Sonra bir-bir onun qəribəliklərini yadıma salıb hər şeyi təzədən ağlımnan keçirdim və nəyin nə olduğunu başa düşdüm. Ona görə bilirəm narkotik nə olan şeydi. Mənim hələ bir dənə də belə sevgilim vardı. O lap ayrı aləm idi. Görən kimi elə ilk baxışdan vurulmuşdum ona. Yekə gözləri vardı. Dana kimi. Ancaq mənasız yox, zəngin. Qıvrım-qıvrım qara saçları vardı, gözlərinə yaman yaraşırdı. Bircə pis olan oydu ki, çox arıq idi. Heç xoşum gəlmir kişi arıqlığından. Kişiyə arıqlıq qəti yaraşmır. Boyu da ucaydı ,elə bil asmışdılar onu. Ancaq gözləri və saçları nəyə desən dəyərdi. Elə baxırdı, elə baxırdı, elə bil gözləri bu dəqiqə çıxıb yapışacaq üzünə. Elə də ağıllı idi aman-aman. Onu sevirdim, doğru sözümdü. Yaman sevilməli oğlan idi. Elə qəşəng yumoru vardı. Çox ünsiyyətcil idi, ancaq hamı onunla pərdə saxlayırdı. Necə eləyirdisə, həm sevilirdi, həm sayğı göstərirdilər, həm də ehtiyat edirdilər ondan. Sərhəddini heç kim keçmirdi. Nə qədər zarafatcıl olsa da, heç kim cürət edib onunla şit zarafat edə bilmirdi. Şir bürcündən idi. Şirlər, ümumiyyətlə, çox ünsiyyətcil olurlar, zarafatları yerinə düşür, məclisin gözüdülər. Ancaq gərək sən də biləsən ki, qarşındakı şirdir. Dəyib dolaşmayasan. Onunla yaxşı günlərimiz olub. Mən qoyun bilməmişəm ki, bu da narkomandı. Bir neçə vaxtdan sonra özünü ilginc aparmağa başladı. Görüşürdük, birdən özünü pis hiss edirdi. Tez dururdu ki, gedək. Halı çönürdü. Onsuz da arıq idi, axır vaxtlar lap çüləyə dönmüşdü. Özündə, sözündə olmurdu. Bir gün belə, beş gün belə. Səbrim çatmadı. Dedim “sən məndən nəsə gizlədirsən”. Xasiyyətim belədi. Heç burnumu başqasının işinə soxmağı xoşlamıram. Ancaq gərək kişilərlə belə olmayasan. Başına çıxırlar adamın. Onların gərək ipin boş buraxmayasan. Onsuz da dəli kimi azaddılar, bir də qadın heç qarışmayanda lap əl-qol açırlar. Nəsə bu dedi nevrozum var. Əsəblərim pozulub, müalicə alıram. Bir axşam da zəng vurdu. Səsi boğuq gəlirdi. Dedi, səni çox istəyirəm. Darıxıram-filan. Xeyli söz dedi. Səsi batdı, açıldı. Gördüm vəziyyəti yaxşı deyil. Soruşdum, hardasan? “Xəstəxanadayam” dedi. Öyrəndim hansında. Heç nə... getdim hövlnak ora. Başılovlu içəri girib onu soruşdum. Növbətçilər də gicdilər axı. Cavan bir kişinin yanına, bir cavan xanım gəlibsə nəyi olacaq? Heç belə sual verərlər: siz nəyisiz? Lap sarsaq sualdı. Mən heç vaxt belə sual vermərəm. Necə yəni nəyisiz? Sonrası da nə fərqi var? Öldürməyə gəlməmişəm hər halda. Duruxdum. Bilmədim nə deyim. “Sevgilisi” deyəcəkdim uzaqbaşı, özləri qandılar deyəsən. Palatanın yerini göstərdilər. Lap yaxındaydı. O pəncərədən artıq məni görmüşdü. İçəri girən kimi ağlamsındı, kövrək səslə “niyə gəldin, bu gecə vaxtı küçəyə çıxmaq qorxuludu”, nə bilim nə. Sistem- zad qoymuşdular . Rəngi xoşuma gəlmədi, ancaq dinmədim. Geçib yastığının yanında oturdum. Süzdüm onu. Nəyisə gizlədir, yüz faiz. Nə olduğu heç yuxuma da girməzdi. Bilirsən haçan öyrəndim? Ee ayrılandan xeyli sonra. Təsadüfən rastlaşdıq bir kafedə. Gəlib masama oturdu, ordan-burdan dəm vurandan sonra dedi ki, mən narkomaniyadan sağalmaq üçün yatırdım orda. Əlim üzümdə qaldı. Bu kişilər adamı girinc edərlər. Yüz il keçib üstündən indi deyir ki, bəs belə-belə. O da elə bilirmiş xəbərim var, üzünə vurmuram. Başı xarabdı e. Guya mən narkomaniya üzrə uzmanam. Əslində, mənim o dana gözlü sevgilim çox yaxşı adam idi. Doğru sözümdü. Bir dəfə 8 mart günü bu yoxa çıxdı. Bütün günü səs-soraq olmadı. Bir də axşam tələsə-tələsə gəlib mənə kiçik bir bağlama verdi. Açıb gördüm qəşəng bir saatdı. Bütün günü mənə hədiyyə axtarırmış. Elə diqqətliydi, adamı kövrəldirdi. Ancaq xəstəxanadan çıxandan sonra ayrıldıq. Heç bilmirəm niyə. Onda da yaman depressiyaya düşmüşdüm. Onu itirmək istəmirdim həmin vaxt. Kafedə narkomaniyadan müalicə aldığını etiraf eləyəndə zəhləm getdi ondan. Elə onda deyərdin də. Mən guya neyniyəcəkdim. Onsuz da ayrıldıq. Üstündən nə qədər keçib indi kişilənib düzün deyir. O vaxt nə qədər əzab çəkmişdim xəstələndiyinə görə. Yazıq canım, nə qədər psixoloq, nevropotoqla söhbət eləmişdim buna görə. Gecə-gündüz fikir edirdim ki, dəli olacaq. Demə, bu hallanırmış. İndi burda səfeh deməyəsən, nə deyəsən? Axmaq? Yox, belə ürəyimdən tikan çıxmır axı. Səfeh yaxşıdı. İki sözün ikisini də işlətsəm lap rahatlıyaram. Səfeh, axmaq. Ya da axmağın biri axmaq. Gicin biri gic. Təkrar-təkrar deyəndə adama ləzzət eləyir. Onun bağışladığı saatı da itirdim. Mənə kim saat veribsə, həm saatı həm də özü ilim-ilim itib həyatımnan. Bilmirəm nə sirdirsə, heç saat mənə düşmür. İtirə –itirə gəzirəm. Bağışlayan da elə yoxa çıxır, elə bil heç olmayıb, izi-tozu da qalmır. Belə inanc da varmış, sən demə. Saat ayrılıq rəmziymiş. Zamanı göstərir, yəqin düşər düşməzi var. Zamanı hədiyyə etməzlər yəqin. Nə bilim, o qədər hadisə gəlib ki, başıma, bilmirəm hansından danışım. Kişilər, ümumiyyətlə, iki hissədən ibarətdirlər. Birində aləmin sultanıdılar, o birində köləsi. Ona görə də bir qadınla özlərini sultan kimi aparırlar, o biriylə kölə. Əksər hallarda da evli kişilər evdə sultandılar. Nə zəhrimarları var, tökürlər arvadın üstünə. Köləlik ehtiyacları qalır. Onu da tapdıqları sevgililəri üçün xərcləyirlər. Olurlar o qadının yumağı. Doğru sözümdü. Kişilər bir qadınla ağa kimi rəftar edirlərsə, o biriylə mütləq yumşaq olurlar. Sözünün qabağında söz demirlər. Güzəştə gedirlər. Çünki adam ancaq hökm verə bilməz axı. Yenilmək ehtiyacı da var. Onu da ağası olduğun adamla eləmək olmur. Gərək bir başqasını tapasan. Deyirəm də, kişilər iki hissədən ibarətdirlər.
(Ardı var)

Aysel ƏLİZADƏ
[email protected]





Bu yazı ( 551 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar