12px14px16px18px

Mən də haqlı çıxdım, Sofokl da...

Nərmin HÜSEYNZADƏ
03:55 / 05.11.2011
Sofoklun “Kədərli olanda evə girib ağlama” cümləsinin altından xətt çəkmək üçün qırmızı qələmimi axtarırdım ki, telofonuma zəng gəldi. Zəng vuran iş yoldaşım idi. Sevincək, “Xəbərin var, həftəsonu ekskursiyaya gedirik. Gəlirsən də bizimlə, hə?” – dedi. Düşünmədən etiraz etdim: “Həvəsim yoxdu”. Bu sözləri özümün ənənəvi “Qayıtmaq hər cür getməkdən gözəldi” fikrimin təsirilə dedim. Amma qırmızı qələmimi tapıb Sofoklun həmin cümləsinin altından xətt çəkəndən sonra qərarımı dəyişdim...
Həftəsonu günəş yuxudan durmamış, hələ alaqaranlıqda, elə evimizin yaxınlığındaca böyük avtobus bizi gözləyirdi. Ortalarda, pəncərəyə yaxın bir yerdə oturdum. Elə yuxulu, həm də hələ də elə qərarsız idim ki, başımın üstündəki səsgücləndiricini görmədim. Qəbələ-Şəki marşrutu üzrə yola düşdük. Elə 3-5 dəqiqə getmişdik ki, başımın üstündə səs gurladı: “Əziz turistlər, sabahınız xeyir. Biz 3 saatdan sonra Qəbələdə olacağıq. Bələdçiniz mən olacam – Feyzulla bəy. Yol boyu sizə maraqlı informasiyalar verməyə çalışacağam”. İki əlimlə başımı tutub yuxarı baxdım. Sən demə, avtobusdakı yeganə səsgücləndirici mənim bəxtimə, daha dəqiq desəm, mənim başıma düşübmüş. Feyzulla dayı yol boyu danışdı. Nə kitab oxumağa imkan verdi, nə də mürgüləməyə. 3-4 dəqiqə olardı ki sakitlik çökmüşdü, yenə həmin gurultu: “Hə, əziz turistlər, demək olar ki, çatmışıq. 10-15 dəqiqəyə hotel də olacağıq”. Otel yox haa, elə “hotel” dedi. Sonra əlavə etdi: “Hotelimiz çox yaxşı yerdə yerləşir. Pəncərəsindən yaxşı mənzərə görünür. Hotelimizin birinci mərtəbəsində hətta resaption da var (olmama ehtimalı da yoxdu zatən), otaqlar geniş və səliqəlidi. Bircə problem var. Bir az kanalizasiya sistemi yaxşı işləmir. Ona görə də, zəhmət olmasa, əlinizə gələni unitaza atmayın. Bu həm də hotel rəhbərliyinin xahişidi”. Xeyli güldük...
Nəhayət, çatdıq. Otaqlarımıza yerləşib nahar etdik. Sonra yenə avtobusa doluşub getdik gəzməyə. O muzey sənin, bu biri mənim. Bütün muzeyləri gəzdik. İlk getdiyimiz Tarix-diyarşünaslıq muzeyi oldu. Mən bir neçə dəfə orda olduğum üçün muzeyin həyətindəki bağçada gəzməklə kifayətləndim. Bizim Feyzulla dayı muzeyin qabağındaca növbəti möhtəşəm elanını verdi: “Dostlar, muzeyi istədiyiniz kimi gəzə bilərsiniz. İstədiyiniz yerdə şəkil də çəkdirə bilərsiniz. Ancaq bir tələb var: eksponatlara toxunmayın, burda olan at, ayı, maral və sair heyvan maketlərinin üstünə çıxmayın!” Razılaşdıq. Axşam hava qaralana qədər gəzib qayıtdıq otelə. Şam yeməyindən sonra bir az kitab oxuyub yatmağı düşünürdümsə də, Feyzulla dayı planlarımı pozdu. Məlum səsilə car çəkdi ki, yeməkdən sonra “musiqili gecə”miz başlayacaq. İlahi, həmin bu “musiqili gecə”yə Feyzulla dayının bizzat özünün başçılıq etməsi necə kədərliydi, bir bilsəniz!.. Gecəmiz muğamla başlayıb, “Can-cana”yla bitdi. Arada bir-iki normal mahnı oldusa da, Feyzulla dayının yadına nəsə düşdü, başladı mahnını fon musiqisi edib, özü də qışqıra-qışqıra danışmağa.
Gecə düşdü. Hava əməllicə soyumuşdu. Mən darıxmağa, üşüməyə və üzü pəncərəyə sarı oturub kitab oxumağa başladım. Bir də baxdım ki, iş yoldaşım namaz qılır. Səhər açılıbmış. Səhər yeməyindən sonra yollandıq Şəkiyə. Yol boyu Feyzulla dayı bizə lətifələr danışdı. Amma heç cür bizi güldürə bilmədi ki, bilmədi. Şəkidəki bir neçə muzeydə gəzəndən sonra getdik “Xan Sarayına”. Bələdçimiz Şəki ləhcəsinin bütün incəliklərini nitqində yansıdan bir xanım idi. Xanın bəzəkli-düzəkli evindən bizə ürəklə danışırdı. Fikirləşdim ki, mən belə evdə yaşaya bilmərəm. Rənglər adamı elə yorurdu ki... Hələ qapının aşağısındakı hündür köbələri, pilləkənləri demirəm. Xanımdan xanın hərəmxanasını soruşduq, amma soruşmaz olaydıq. Xanımı heyrət və hiddət bürüdü: “Siz nə danışırsız?! Nə hərəmxana?! Xan namazqılan adam olub! Onun hərəmxanası olmayıb!”
Bir az da karvansarada gəzib, getdik Marxala. Hava soyuq, adamlar qayğıkeş və isti, Feyzulla dayı isə həmişəki ampluasında – şən idi. Marxalda yediyimiz piti isə başqa bir yazının mövzusudu. Axşama qədər vaxtımızı Şəkidə keçirdik, sonra qayıtdıq Qəbələyə – Feyzulla dayının təbirincə desək, “hotel”ə.
Səfərimizin üçüncü günü yadımda daha çox buz meydançasının üstündə etdiyim fədakarlıqla qaldı. Deməli, mən qoçaq, dəstədən ayrılıb, əlimi kənardakı tutacaqdan buraxıb ortaya sarı hərəkət eləməyə başladım. Ortaya sarı bir-iki addım atmışdım ki, birdən panikaya düşdüm. Nə geri gedə bildim, nə də irəli, qaldım ortalıqda. Dostlarım da mənə kömək edə bilməzdilər, çünki onlar tutacaqdan yapışaraq güclə gəzirdilər. Təbii, yıxılıb belimi-buxunumu sındırmaq fikrində də deyildim. Bircə çıxış yolum vardı – dizlərimi yerə qoyub buzun üstündə iməkləmək...
Həmin gün axşam geriyə – Bakıya döndük.
Mən hələ də öz fikrimdə qalıram: “Qayıtmaq hər cür getməkdən gözəldi”. Amma buna da inandım ki, Sofokl da düz deyirmiş: “Kədərli olanda evə girib ağlama”...
Nərmin HÜSEYNZADƏ



Bu yazı ( 305 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar