12px14px16px18px

Sən Ağanın nəyisən?

Hikmət SABİROĞLU
02:39 / 05.11.2011
Dəvətlilərin az qala hamısı gəlmişdi. Gələ bilməyənlər də (gəlməyənlər demirəm) oldu. Onların da yeri boş qalmadı. Dəvətsiz gələnlər vardı. İncisələr də, gəlməyi borc bilib gəlmişdilər. Mən çox göz qoydum – cəmi bir adam çatışmırdı...
Lap çoxdan toyda o qədər oynadığımı xatırlamıram. Həm sən deyən oynamağım yoxdur, qol qaldırmaq əlimdən gəlir yalnız, həm də çox zaman dərd əlindən qol götürmək havasında oluram. Oynadım o toyda. Bu gün-sabah yeddi yaşı olacaq “Media forum” əhlinin ilk toyu idi. O toyacan bir toy da olmamışdı, hətta qardaş-bacı toyu da olmamışdı. O toy yeddi ilin siftəsi oldu. Həm “Media forum”çunun toyu oldu, həm də “Media forum”çu ailəsində toy. Oqtayın toyu, Azərin qardaşının toyu.
O gün çox inandım ki, bizi bədlikdən o toy çıxaracaq. Hər stola yanaşdım, amma ən çox başına dolandığım “İnternyus” camaatı, “Media forum”çular oturan stol oldu. Bir qırıqlıq, bir əskiklik görmədim o stolda – çoxdan belə olmamışdı, yarı-yarımçıq məclisləri görüb gəlmişəm, bilirəm nə deyirəm. Məclis nədir, çoxdan belə xoş keçən planlaşdırmamız olmamışdı. Daha qanımız axmaz – çox inandım.
O toyun yükünü toy söhbəti düşəndən çəkənlərin – göstərişlər kralı (amma ağsaqqalığına söz olmayan) Fəxrinin və Azərin toy axşamı evə yön alanda necə yüngülləşdiyini gördüm. Bu yüngülləşməyin nə yüngülləşmək olduğunu, inşallah, Oqtay da biləcək – qarşıda Azərin toyu var (çoxları onun balaca qardaş olduğunu bilmir), başqa toylarımız da olacaq, inşallah. Ailə yox, ailəmiz deyirəm – bizim ailəni bədlikdən o toy çıxaracaq. Daha həmişə toy olar – çox inandım.
Dostlardan biri məclisimizi bircə kəlmə ilə çox dolğun ifadə elədi həmin gün – “yaxşı adamların məclisi”. Düz dedi ki, indi ən çox yaxşı adam qıtlığı çəkirik. O toy yaxşı adamları bədlikdən çıxaracaq – “Ay Laçın” mahnısına gözü yol çəkən Oğuldərə, Qorçu camaatını, Qaraçanlı tayfasını. Hamını. Bu dərd bitər – çox inandım.
...Hamı yerbəyer olandan sonra foyedə oturub dincimi alırdım. Qonaqlardan biri – universitet müəllimi – yaxınlaşıb soruşdu:
– Sən Ağanın nəyisən?
Soruşmadı Oqtayın nəyisən. Fəxrinin nəyisən, Azərin nəyisən də soruşmadı. Ağanın nəyisən soruşdu.
Məni onun qonağı bildi. O toyda cəmi bir adam çatışmırdı – məni onun adamı bildi.
Ağa Laçınlı durur – biryolluq inandım.
O toyu toy eləyən həm də budur.

Hikmət SABİROĞLU


Bu yazı ( 238 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar