12px14px16px18px

Erkəklər (Davam)

Aysel ƏLİZADƏ
13:13 / 29.10.2011
 
(Əvvəli ötən şənbə saylarımızda)
 
Kişiylə belə davranmaq yaxşı deyil. O, evdə rahat, istədiyi kimi olmayanda ürəyi sıxılır. Kişi də gərək ağ eləməsin. Pintilik yaxşı deyil. Ancaq bəxtim onda gətirmişdi ki, Ərdar da təmizkar idi. Sadəcə o mənim kimi hər şeydən iyrənən deyildi.
Bizimkilər məni çağırdılar. Getdim suya tərəf. Orda qəribə, saqqallı bir adam da vardı. Suyun başını əjdaha kimi kəsdirib durmuşdu. Su içənlər ona pul verirdilər. Adamların ağzını güdürdü. Növbəydi. Bizimkilər suyu həmin o qaba doldurub mənə uzatdılar.
– İç, şəfalı sudu, içini təmizləyir adamın.
Başıma elə bil bir qazan qaynar su əndərdilər. Ödüm ağzımı gəldi, az qaldım qaytarım. Tez yadıma dadlı yeməklər saldım, şirin şeylər barədə düşündüm ki, fikrim dağılsın. Sən bilirsən də mən şirniyyat xoşlayanam. Nəsə, dedim, mən su istəmirəm. Bu qəribə, saqqalı adam sifətimə marıttayıb durmuşdu. Hələ o cəhənnəm, yan-yörədəkilərin hamısının gözü məndəydi. Vurnuxdum. “Yox, mənim heç susuzluğum yoxdu.” Bizimkiləri heç bağışlaya bilmirəm o gün başıma gətirdikləri oyuna görə. Qəmiş oldular. “Bu şəfalı sudu, şəfalı sudu” deyib əl çəkmədilər. Yan-yörədəkilər də onların sözünə qüvvət verirdi.
– Qızım, adam belə deməz, günahdı. Bura ocaqdı, suyunnan gərək içəsən, ürəyin sərinləyər, şəfa taparsan.
Onun üzünə baxdım, bunun üzünə baxdım. Hamı bir ağızdan “iç, iç, iç” deyirdi. “Ayıbdı, adam istəmirəm deməz, filan-feşməkan. İstəməsən də gərək sayğı xətrinə içəsən. Hörmətsizlik eləmə. Görən nə deyər. Zülüm deyil ki. Bir udumluq sudu”. O qədər danışdılar, beynimi apardılar Nəsə, yığışıb zorla o suyu boğazıma tökdülər. Yaxamı buraxmadılar o suyu mənə içirdənə qədər. Nə hala düşdüyümü təsəvvür eləyirsən? O suyu nə müsibətlə içdim, bir Allah bilir. Yüz faiz bilir. Deyilənə görə “ocaq”larda nə baş verirsə, Allahın ondan xəbəri olur. Yəqin həmin an nə yaşadığımı bildi. 3 gündən sonra qızdırmam qalxdı, halım çöndü, rəngim soldu. Sarılıq olmuşdum iyrəndiyimdən. Ondan sonra iki dünya bir olsaydı, məni heç kim ziyarətgaha apara bilməzdi. Ərdar o soxa-soxda telefon nömrəmi istəmişdi. Sarılıq olduğumu bilib yanıma xəstəxanaya gəldi. Elə qəşəng şokolad qutusu gətirmişdi, belə bir cür kitaba oxşayan qutuydu, üstü şəffaf, içində də gül. Maraqlı qutuydu. Həvəslənirdim ki, tez sağalıb o qutunu açım görüm içindəki şokoladlar necədi. Yaman şokolad sevənəm. Anam o qutunu baş tibb bacısına hədiyyə elədi. Çox pərt oldum, ancaq üzə vurmadım. Tibb bacısı mənə yaxşı qulluq eləyirdi. Hər dəqiqə gəlib yoxlayırdı. Ona görə heç nə demədim.
Ərdarla tez-tez görüşməyə başladıq. Bir gün arayıb məni konsertə dəvət elədi. Elə çox da bəzənən deyildim. Bir az bəzənib getdim. Tərslikdən konserti başqa vaxta keçirmişdilər. İkimiz də naqolay duruma düşdük. Getdik şəhərə gəzməyə. Kefimizi niyə pozaq gedib gəzərik də ondansa. Xeyli gəzib dolandıq. Kafedə oturduq. Ömrümdə birinci dəfəydi oğlanla kafeyə gedirdim. Kinolarda görmüşdüm belə şeyləri. Bilirdim ki, gedib oturursan, nəsə sifariş verirsiz. Sevgidən-zaddan danışırsız. Baxışırsız. Arada susursuz. O sənə vurğun-vurğun zillənir. Sən utanırsan. Gözlərini aşağı dikirsən. Ola bilər, hətta öpüşəsiz. Öpüşməyin təhərini bilmirdim. Onu da kinoda görmüşdüm. Görmüşdüm ki.... Gözləri yumurlar. O sənə yaxınlaşır. Xəfifcə çənənə toxunur. Yox, yaxınlaşır, sonra dodaqları dodaqlarına dəyir, sonra gözlərini yumursan. Nə bilim, belə şeylər. Özümü hazırlıqlı tuturdum. Ancaq biz öpüşmədik. Başqa bu dediklərimə bənzər məqamlar oldu. O baxdı, mən əzildim. Ancaq öpüşmədik. Yaman heyran-heyran baxırdı mənə. Dondurma da yeyə bilmədik. Mən axı xəstəxanadan çıxmışdım. Uzun müddət bu sarılıq zəhrimara görə dondurma yeyə bilməyəcəkdim. Ən pisi oydu ki, hələ neçə ay diet saxlamalıydım. Çox yeyən-zad da deyildim onda. Baxma da, adamın könlü dadlı şeylər çəkir, axı. İndikinə görə onda nərmənazik qızıydım. Özümə əl qatırdım. Az yeyirdim. Belimi hər gün ölçürdüm.
Həmin il ikimiz də universitetə qəbul olmuşduq. Düzdü, ayrı-ayrı universitetlər idi, ancaq Ərdar bütün günü bitirdi bizimkinin qarşısında. Dərsdən çıxanda məni evə ötürürdü. Səhər binamızın böyründən çıxırdı, məni aparırdı dərsə. Nəyə gərək idi belə işlər eləmək. Heç bilmirəm. Onda heç bu barədə düşünmürdüm. Bütün günü Ərdarı görürdüm. Dərsdən evə, evdən dərsə – yanımdan əl çəkmirdi. Bizimkilərlə harasa gedəndə də düşürdü dalımızca. Yaman qısqanc idi. Elə bu işləri də ona görə tuturdu. Məni bərk qısqanırdı. Heç başa düşmürdüm nəyə qısqanırdı...
Burda bir az kədərli elementlər qatacam. Biz onunla uzun illəri birlikdə yola saldıq – bir evdə yox, birlikdə. Ayrıldıq, birləşdik, ancaq heç vaxt nə o məndən getdi, nə də mən ondan. Bir-birimizin canını da yandırdıq yeri gələndə, bir-birimizə dağ çəkdirdik, ağrı-acılar yaşatdıq, bir-birimizin kürəyindən vurduq lap elə, ancaq uzun bir ömrü yan-yana yeridik. Gərəkdiyində bir-birimizin arxasında durduq, əlindən tutduq. O mənim yeganə sevgilim olmadı (Hərçənd biz görüşməyə başlayanda elə bilirdim belə olacaq). O mənim yeganə arxadaşım oldu. Tək arxadaşım. Bəlkə də bu indi o qədər də kədərli səslənmir. Hövsələni basıb dinləsən, qərar verərsən, bunda qəm-kədər var, yoxsa yox. Mənə qalsa, bu elə kədərin özüdü. Əslində, heç kədərdən danışmağın yeri deyil, bəlkə də. Mən elə sevinirəm ki, bütün bunları yaşadığıma. Həyat elə-belə olur da. Həyat məndən yan keçmədi. Bilmirəm, bəlkə mən ondan əl çəkmədim, ola bilər. Ancaq indi bu dəqiqə kimsə məndən soruşsa ki, həyat nədi, ona elə yağlı cavab verərəm, əli üzündə qalar. Heyf ki, bunu hələlik məndən soruşan olmayıb. Biz necə sevgili idik, aman-aman. Biz necə ayrılmaz idik. İndi fikirləşirəm bəlkə də o məndən əl çəksəydi, heç bütün bunları yaşamayacaqdıq. Axı, heç o da istəməzdi ki, belə yaşasın. O da istəyərdi ki, adam balası kimi həyatı olsun, normal ailəsi olsun, evə gələndə bir xoşüzlü xanım onu qarşılasın. Bütün işi ərini rahlamaq olsun. Bütün günü düşünsün, görəsən məni kiməsə dəyişir, ya yox? Telefonunu qurtdalasın, köynəklərini qoxlasın ki, yad qadının ətri var, yoxdu? Mən neynirdim, bəs? Heç nə. Nə telefonunu qurtdalayırdım, nə köynəklərini. Düzdü, gələndə xoş üzlə qarşılayırdım, ancaq nəsə bu ona az görünürdü. O gələnə qədər yatmırdım. Lap səhərə qədər işi olsaydı, yatmırdım, gözləyirdim. Bir gün lap gec oldu. Nə vaxt zəng vursam, deyirdi gəlirəm. Səhər saat 5 idi. Gördüm dözə bilmirəm, saatı qapıyla üzbəüz, düz girəcəkdən asıb girdim yerimə. Yəni bu nə vaxtın gəlməyidi? Yuxuyçün ölürdüm,   yarıoyaq yatdım. O gəlib yerimizə girəndə hiss elədim. Elə bilirsən saatın nə anlama gəldiyinə fikir vermişdi? Səhər soruşanda nə desə yaxşıdı? Elə bildim yır-yığış eləmisən, saatın yerini də dəyişmisən. Hə, siz kişilərlə belə fəndlər keçmir. Önəm-zad vermirsiz belə şeylərə. Sizi etkiləməkçün gərək tutarlı bir söz tapıb deyəsən. Bax onda yanıb-yaxılırsız. Yoxsa bura saat asım, nə bilim nə , yox, belə bilməcələr kişilik deyil. Əminəm ki, onu güdməyimi istəyirdi. Hərdən telefonunu lap gözümə soxurdu, ortada buraxırdı, ekranında da qəribə-qəribə qadınlarla qucaq-qucağa şəkilləri. Belə.. ötəri görürdüm. Məsələn, masanın üstünü toplayanda telefonu kənara qoyanda, ya da ortalığı yığışdıranda. Gözümə sataşırdı. Hər dəfə də bir şəkil qoyurdu. Anlaya bilmirdim niyə belə eləyir. O şəkillərə görə qanqaraçılıq salsaydım, gərək hər gün evimizdə mərəkə qopaydı. Nəyə lazımıydı axı bu söz-söhbətlər? Həm də düşünürdüm ki, onun qadın dostları ola bilər. Burda nə var? O məni sevir, niyə kiminləsə görüşməlidir?! Nə mənası? Biz xoşbəxtik, bir-birimizdən ötrü ölürük. Nəyə görə gedib boş-boşuna kiminləsə görüşməlidi. Başımı doldurmurdum belə gic-gic şeylərlə. O özü də bilirdi. Bir gün maşınından şəkil tapdım. Qucağında qısa saçlı, şaqqalı, ətli-canlı bir qadın oturmuşdu. İçimdə tanımadığım bir hiss doğuldu o andaca. Bilmədim ki, illər keçdikcə bu hisslə doğmalaşacayıq. Bu hiss mənə özüm qədər doğma, özüm qədər düşmən olacaq. Ona qədər qətiyyən arxa fikirlərim olmayıb. Şəkli yerinə qoymadım. Ərdar dükandaydı. Evə bazarlıq edirdik. Çörək almağa düşdü. Disk axtarırdım oxutmağa. Əslində, yalan deyirəm. Disk bəhanəydi. Özümdən asılı deyildi, maşını üsulca yoxlamağa başlamışdım. Heç çox axtarmalı da olmadım. Şəkli elə bil əlimlə qoymuşdum. Ərdar gələndə şəkil məndəydi. Özünü itirdiyindən şəkli dartıb əlimnən aldı. Mənə güləntəhər baxdı. Ərdar utananda gülümsəyirdi. Mən onun bəbəklərini sevirdim. Ondan yaraşıqlı, lap elə gözəl kişilər də görmüşəm. Ancaq elə bəbək görməmişəm. Onun yaman bəbəkləri vardı. Adamı ovsunlayırdı. Sən onu görəydin... Bilərdin nədən danışıram. Bəbəkləri çox diriydi. Güc yağırdı baxışından. Bir də kiprikləri yaman astaca enirdi utananda. Vicdanı ağrıyanda belə olurdu. Kinolarda kadrı yavaşıdırlar e bax o cür. Astaca açılıb-yumulurdu gözləri. Birdən içindən aydın, qara gilələr görünürdü. Əsəbləşəndə də bəbəkləri qabarırdı. Ağından ayrılıb üzə çıxırdı. Onda elə bilirdin bu dəqiqə aləmi dağıdacaq. Tez səsimi kəsib kirmişcə otururdum. O hirslənəndə elə bilirdim bu dəqiqə vurub-öldürəcək məni. Əl qaldırmırdı. Doğru sözümdü. Dəliliyi olsa da, özünü cilovlayırdı. Bircə dəfə mənə yaman ilişdirib. Onda da huşumu itirmişəm. Telefonuma tez-tez zəng gəlirdi. Bilmirdim kimdi. Adam arayıb susurdu, arada nəsə deyirdi. Gecə bilmirdi, gündüz bilmirdi. Kefinə haçan düşsə, yığırdı. Telefonu söndürürdüm. Yandıran kimi elə bil iy bilirdi. O dəqiqə zəng vururdu. Kim olduğu ağlıma gəlmirdi. Ərdar onun əlindən zəncir çeynəyirdi. Bir gün məni dəniz kənarına yeməyə apardı. Yaxşıca dedik, güldük, yedik-içdik. Birdən yenə zəng gəldi. O adam danışmağa başladı. Mən onu danışdırırdım ki, bəlkə səsindən tanıyam. Ərdar qəfildən dəli kimi necə üstümə atıldısa, diksinib yerimnən qalxdım, telefon əlimnən dənizə vıyıldadı. Onda bir şillə dəydi üzümə, beynim silkələndi. Bir də evdə ayıldım. Yaman ağır əli vardı. O, ümumiyyətlə, davakar idi. Düzdü, məni döyməyib elə, bircə dəfə onda ilişdirib, ancaq yaman meylliydi adam döyməyə. Özü də o, dalaşmırdı, həmişə döyürdü. Çox əsəbiydi. Bir dəfə elə gündə gəldi ki, evə, qorxumdan az qala dilim tutula. Barmaqlarımın ucunda gəzirdim, birdən acığını tökər üstümə. Həmin gün bir nəfərə əsəbləşib, ağlı başından çıxıb, özünü tamam unudub, maşından bıçağı götürüb cumub gədənin üstünə. Həmişə üstündə silah gəzdirirdi. Bıçaq da heç, o dişqurdalayan kimi bir şeydi onunçün. Gədə neyniyibsə, bu qızmış şirə dönüb. Gədə qaçıb bu da dalıyca. Tutub bıçağı soxub böyrünə. Sonra sakitləşəndə dedi: “İnanırsan özümü yığa bilmirdim. Ağlımı itirmişdim. Bir də onda ayıldım ki, əlimdə bıçaq var. Elə bilmişəm əlimlə vururam. Qan görəndə ayıldım. Yetim deşik-deşik olmuşdu”. Hə, mənim Ərdarım belə biriydi. Yəqin ürəyində deyirsən ki, bu qadın xəstədi. Belə adamı necə sevmək olar? Sevmək bir yana, onunla bir damın altda necə yaşamaq olar? Bilmirsən axı, qalanlarını. O, həm də çox nəcib ola bilirdi. Sürpriz eləməyi xoşlayardı. Hədiyyə alardı. Hara getsə, mənimçün mütləq gözlənilməz bir şey tapıb gətirərdi. Tez-tez səyahət edirdi. Məni özüylə aparmırdı. Dostlarıyla gedirdi. Deyirdi ki, kişilərlə gedirik. İndi dəqiq bilirəm, məni niyə aparmırmış. Yox, getməyinə kişilərlə gedirdi. Gedib orda min hoqqadan çıxırdılar deyə, məni apara bilmirdi. Əslində, elə o hoqqaların həvəsinə gedirdi. Ərdar yaman arvadbaz idi. Əvvəllər bunu başa düşmürdüm. Sonra-sonra dərk eləməyə başladım. Bircə şeyi başa düşə bilmirəm. Niyə onun həyatında bir dənə fərli-başlı qadın olmurdu. Hamısı fahişə-fuhüşə idi. Bir dənə düz-əməlli qadın olmadı da bu kişinin həyatında. Yüz faiz bilirəm. Çünki üstündən xeyli keçəndən sonra bütün olanları mənə danışırdı. Hə, danışırdı. Mənə danışmasa, ürəyi dözmürdü. Elə bilirdi aldadır. Nə qələt eləyibsə, hamısını bittə-bittə ovcuma qoyurdu.
Bir dəfə hələ lap zibilə düşəcəkdik. Bir qadınla tanış olmuşdu. Qadın onun hansısa dostunun görüşdüyünün rəfiqəsiydi. Gecə bir yerdə harasa gediblər, bu da gəlib. Oturub yeyib-içiblər, sonra da gediblər otaqlara. Mənimki deyib soyun gəl. Qız donub qalıb yerində. Ərdar görüb bu tərpənmir, pulqabıdan bir dənə 50-lik çıxarıb qoyub masanın üstünə. Bu da nə yemisən turşulu aş, başlayasan o ki var zırıldamağa, deyinməyə. Özünü qoyub tülkülüyə. Bəs, mən gəzəyən deyiləm. Pulun var, elə bilirsən hər şeyi ala bilərsən filan-feşməkan. Ərdarın da ürəyi yuxa idi. Ölürdü kiməsə acımaqdan ötrü. Yazığı gəlib . Deyib sən istəməsən, mən heç nə eləyən deyiləm. Sabaha qədər qadın nə üydurub tökübsə, səhər tezdən Ərdar artıq piləyə dönüb. Götürəsən bunu, aparasan dükanlara, pay-puş, nə bilim telefonuna kontur, cibinə pul. Başlayasan buna qulluq eləməyə. Bir gün də qız qayıda ki, hamiləyəm, mənə abort eləmək olmaz. Bu səfeh də hər şeyi qana. Eşşək kimi qulaqlarını sallayıb gəldi üstümə ki, neyniyim, bu doğacaq. Heç nə. Qızı birtəhər yalvar-yaxarla apardıq doktora. Başını bişirə-bişirə uşağı götüzdürdük, aparıb qoyduq xarabasına. Dedim get, səni bir də görməyim. Ayrıldıq. Uzun zaman birlikdə yaşamadıq. Ancaq ara-sıra bir-birimzə işimiz düşürdü. Zəngləşirdik. Yeri gələndə lap görüşürdük. Belə səfeh işlər görüb tullana-tullana gəlirdi üstümə. Bir müddət ayrı yaşadıq. Sonra yenə birləşdik. Yadımda deyil necə oldu. Ömür boyu beləcə ayrılmışıq, birləşmişik. Gedib gəzib dolanırdı, birdən gəlib kəsdirirdi böyrümü. “Söy, qışqır, amma qovma.” Bir gün gecə gəldi, qapını açmadım. Dedim itil get, hardan gəlmisən ora. Səhərə qədər qapıda yatdı. Səhər işə gedəndə qapını açdım ki, sərələnib yerə. Açarı verib getdim, day neyniyərdim. Ancaq məni yaman əzizləyirdi. Bir də gördün çimməyə həvəsim olmurdu. Qucağına alıb aparırdı hamama. Çimizdirirdi, saçlarımı şampunlayırdı. Bir də gördün ayaqlarımı suya qoyurdu. O vaxt mənim ayaqlarım mənasız-mənasız ağrıyırdı hər gün. Sonra keçib getdi. İndi ayaqlarım heç yadıma da düşmür. Onda niyə elə möhkəm ağrıyırdı bilmirəm.
(Ardı var)
Aysel ƏLİZADƏ



Bu yazı ( 496 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar