12px14px16px18px

Hicran ömrünün bəyaz sahili

Elnarə AKİMOVA

TEYMUR KƏRİMLİNİN “HİCRAN ÖMRÜ” KİTABI HAQQINDA DÜŞÜNDÜKLƏRİM

12:16 / 29.10.2011
 
Türk dünyasının ölməzlərindən olan Nazim Hikmət dostu, sirdaşı olan Mikayıl Rəfiliyə həsr etdiyi şeirində yazırdı:
Şair ola bilərdin, professor oldun.
Amma məsələ bunda deyil.
Nədənsə eyni fikri əlimdə olan bu kitabı, ədəbiyyatşünas alim Teymur Kərimlinin “Hicran ömrü” adlı şeirlər kitabını oxuyarkən beynimdən keçirdim. Amma təəssüf eləmədim. Çünki T.Kərimlinin şair kimi görünməməyi poeziya üçün itkidirsə də, onun alim kimi fəaliyyəti bizim ədəbiyyatşünaslıq elmimizə, klassik dəyərlərimizin təbliği və tədqiqi istiqamətində nailiyyətlərimizə bir qazancdır, başucalığıdır. O qədər ki, hətta bu gün ədəbiyyatşünasların içərisində belə onun inkişaf dövrlərinə, mərhələlərinə müvafiq qütbləşmə, tədqiq elədikləri zamana və sənətkar irsinə qapılıb daralma gedirkən T.Kərimli xiridarı olduğu klassik ədəbiyyat qədər onun çağdaş dövrü, ədəbi prosesi haqqında dəqiq və səlis fikir yürüdə bilir. Alimin yeni dövrdə çapdan çıxan “Nizami və tarix”, “Görünməyən Füzuli” kitabları əslində yeni düşüncə, təfəkkür quruculuğu prosesindəki elmi çabasından , klassika ilə çağdaşlığın qovuşuğundan hasilə gələn mətnlərdir. Məlumdur ki, keçid dövrü kimi xarakterizə olunan 1990-cı illərdə klassik irs yeni ədəbi və mədəni quruculuq üçün, yeni ədəbi-estetik dəyərlərin təşəkkülü üçün mühüm əhəmiyyət daşıyırdı və yeni zamanın irəli sürdüyü problemlərin həlli və təhlili tələbatı klassik irsi milli dəyərlər işığında, azad təfəkkür məcrasında “oxumağı” mütləqləşdirirdi. T.Kərimlinin bu dövrdə çap olunan “Nizami və tarix”, “Görünməyən Füzuli” kitablarında əbədi “insan –zaman”, “Tanrı-mən”, “həyat-ölüm” kimi məsələlərinin rakursunun tapılmasına, onların dövrün mürəkkəb və təzadlı proseslərində, harmoniya və mənəvi kamillik axtarışlarında iştirak edən milli sərvət kimi qiymətləndirilməsinə uğurlu bir cəhd vardı. Birinci kitabda müasir tarix dəyişən xronotopun indisində obyektiv təcrübələr məxəzi kimi qiymətləndirilir və Nizami irsi bu zəmində enerji mənbəyi kimi xarakterizə olunurdusa, ikinci kitab başqa bir dahi- Füzuli tilsiminin “tozunu silməyə” yönəlmiş missiya idi. O qədər ki, şair haqqında mövcud olan ”bu dünyadakı şerlərin əksəriyyəti görünən torpaqların və ən yaxşı halda görünən göy üzünün şeridir. Füzuli şeri isə görünməyən göy üzünün şeridir” (Vaqif Bayatlı Odər) kimi fikirləri təqib qılaraq, eyni zamanda füzulişünas kimi “puzxənd” eyhamlara giriftar olmamaq nədənindən görünməyən göy üzünün şairini məchul, sirli-sehirli dünyanın adamı kimi təqdim etməyi özünün əməl borcu bilirdi. Kitabın hətta adında ehtiva olunan qayəsi isə milli-mədəni ruhun Füzuli müəmması önündə hələ də çaşqınlığına bir işarə olmaqla yanaşı bu dürlü varlığı naşı və diletant yanaşmaların cəngindən almağa yönəlmiş mübarək addım idi. 
“Hicran ömrü”sə alimin başqa, mənəvi-ruhsal dünyasını sərgiləyən bir ömür kitabıdır. Alimliklə ruhun qidasını doyurmaq olmur axı, neyləyəsən ki, ürək dediyimiz nəsnə yalnız şeir dilinə yuvasından çıxır və bu məqamda poeziya, şeiriyyat insanın ruhi-psixoloji ovqatını sərgiləyən ən mahir vasitəyə dönür. Əslində, mən şairliyə heç vaxt peşə kimi baxmamışam, şairlik poetik yaşam hadisəsidir, insanın iç dünyasının şəklidir. Ona görə də mübaliğəsiz bütün sənət sahiblərinin peşələrinin yanına şair sözü qədər əlavə olunan, yaxud bu iddiada bulunmağa təşnəli olunan ikinci bir təyin yoxdur. Həkim-şair, neftçi-şair, riyaziyyatçı şair, bəstəkar-şair və s.. və i., nə qədər peşə saymaq olar, şair sözünün təyini kimi. Təbii, bunlardakı şair sözünü daha əvvələ çıxartmaq da olar, bir şərtlə ki, yazılan şeirlərin mayasında, şah damarında istedad olsun, həm bu zaman şair adının özü təyin olmaq qüdrətini ehtiva edəsidir.
“Hicran ömrü”ndəki şeirlər qeyri-adi nəfəsdən, yeni, orijinal siqlətdən xəbər vermir. Lakin T.Kərimlinin şeirlərində poetik yaşam var, məna tutumu, duyğulandırmaq gücü inkarolunmazdır. Onlarda ilk növbədə, dünyaya, taleyə, insan dəyərlərinə kompleks yanaşma ifadə olunur.. Şeirlərdəki estetik tutum, misralardakı dinamika, oxucularla danışıq dili ilə ünsiyyət qurmaq səriştəsi pərakəndə, yalnız hansısa misranın künc-bucağına səpələnmiş halda deyil, bütöv, kompleks yanaşmanın təzahürüdür. Bir şey də var, bəlkə də struktur bizə tanışdır, bu şeirlər sanki mövcud qəliblər üzərində qurulub, lakin bizə həmin tanış olan bu klassik forma-biçimlərə müasirliyin, çağdaşlığın nəfəsi qaynayıb-qovuşmuş haldadır.
Deyirlər, məhəbbət cavanlaşdırır,
Bəs niyə qocaltdı bu sevda məni?
Saçımı çıxartdı əcəb “ağ günə”,
Günümü qaraltdı bu sevda mənim.
Giley-güzarımı deyimmi yara?
Yaramın üstündən vurur min yara...
Mən hara, əzaba bu dözüm hara?-
Gözümdə ucaltdı bu sevda məni!
Girmədi könlümə tərk etmək üçün,
Girdi –can evimi tərpətmək üçün.
İpək saçlarına bənzətmək üçün,
Günbəgün saraltdı bu sevda məni.
Şeir bütöv, kompleks münasibətin nəticəsi kimi hasilə gəlir, yəni yalnız bir misranın, ayrılıqda, hansısa bir ifadənın uğur yükü altında gizlənmir, onun kölgəsində gəzmir. Məsələn, kitabdakı bu şeirə bənzər poeziyamızda minlərlə, bəlkə daha çox nümunələr yazılıb, bu təbii bir prosesdir, ansaq bu şeirdə elə bir bakirəlik damarı, sevgi titrəkliyi var ki, bu elə bütün səmimi hissli şeirlərin boyuna biçilib. Yəni o damarı tutub ya yaxşı yazmaq olar, ya da sadəcə boş vermək, boş buraxmaq. Şəhriyarın çox sevdiyim “Behcətabad xatirələri “ adlı şeirində belə bir beyt var: “ Əzbəs məni yarpaq kimi hicranla saraldıb, baxsan üzünə sanki qızılgüldü qızarı”. Ovqatın rənglə bəyan olması, rəngə qarışması, aşiqin üzünə çökməklə onun içini sərgiləməsi bayatılarımızdan bu günümüzədək sözün şəkli olub, ruhun əhvalını bəyan edən işarə sayılıb
Bir zamanlar sən mənə canımdan
yaxın idin,
Sərin bir bulaq kimi qəlbimə axan idin.
İndi mən oyanmışam...
sən şirin yuxum idin,
İndi ürəyim yanar, indi gözlərim ağlar.
Harda qaldı o günlər. harda qaldı
o çağlar?
 
Məni kimsə əyməzdi,
məni əyən sən oldun,
Gül donunu çıxarıb alov
geyən sən oldun.
Bir vaxt “sevirəm” sözün mənə
deyən sən oldun;
O sözü eşidirmi indi başqa qulaqlar?..
Harda qaldı o günlər,
harda qaldı o çağlar?
 
Nağıllardan doymadıq,
bizə nə dedi gerçək?
Səni, ey gidi dünya, səni, ey gidi gerçək!
Vüsal nağıla döndü,
hicran –əbədi gerçək.
Həsrətin acısıdır, indi sinəmi dağlar,
Harda qaldı o günlər,
harda qaldı o çağlar?
T.Kərimlinin şeirlərində klassik şeirin havasından gələn düşüncə tərzi, yazı ədası var və bu hava, havacat o qədər güclü, dominant mövqeyə malikdir ki, hətta modern düşüncə kontekstindən yazdığı şeirləri belə içində əridir, yox edir. Kitabda əruz vəzninin tələbləri səviyyəsində uğurlu poetik nümunələr ortaya qoyulub ki, onlar aşiqlik bəlasının yaşantılarını, əzabı ilə ərşə ucalmaqdan zövq alan sufi-panteist dünyagörüşün ruhi-psixoloji məqamlarını sərgiləyən nümunələrdir.
Mənim bu zülmə dözən könlüm aslan
ər kimidir,
Nə gizlədim, qaniçən yar da şiri-nər kimidir.
Səninlə olduğum o günlər
indi keçmiş olub,
Gözümdə o günlər lap indilər kimidir.
Şəkər dadıdır, əzizim, sənin o son öpüşün
O busəni kəsən andan dilim zəhər kimidir.
T Kərimli qəzəl janrına, onun daxili struktur özəlliklərinə yaxşı bələddir. Bu mənada, müəllif qəzəlin kanonlaşmış obraz və məna poliqonuna özünəməxsus dil, sintaksis səviyyəsində yüngülvari bir əl gəzdirməklə ona çağdaşlıq donu geydirə bilir... Əlbəttə, XXI əsrin çərəyində oturub min il əvvəlin şeir dili ilə danışmaq o qədər də asan deyil, yeni zaman yeni düşüncə planı gətirməyi zəruri edir, fikirlər, onların ifadəsi və mənalanması da təbəddülatlara, yeni modifikasiyalara məruz qalır. Deyə bilərik ki, əgər bu gün flyaş, mesaj, test, amobioz kimi sözlər həyatımızın bir hissəsinə, gündəlik yaşantımızın əsas lüğət tərkibinə çevrilibsə, bu halda niyə də poetik lüğət tərkibi, bədii sintaksis yenilənməsin. Amma klassika elə klassikadır, özümlülüyü, çoxqatlı lüğət tərkibi də öz yerində, həmişə baqi. Bu mənada, demək olar ki, müəllifin ifadə tərzindəki modernlik islahatı yalnız zahiri effekt yaratmaqla məhdudlaşmır, daha çox onunla maraqlı və mənalı görünə bilir ki, şeirin büsbütün məzmun planı dəyişir, istifadə olunan komponentlər biri digərinə uyar və münasib götürülür. Şeirdə ehtiva olunan obrazlılıq ümumən məzmun planına tabe tutulur, sevən aşiqin hisslərinin tərcümanı olan nəsnələrin hərəkətverici qüvvəsi kimi çıxış edir. Nəticədə, T.Kərimli yeni dövr insanının fikir və düşüncələr dünyasını, ehtiva etdiyi dünyagörüşü çağdaş Azərbaycan poeziyasında köhnə şeir formasında, amma yeni və fərqli düşüncə kontekstində oturuşdura bilir.
Sən ilim, ayım, günümsən,
gözəlim, göyərçinimsən,
Elə bil vitaminimsən,
 yaşamaq ziyandı sənsiz.
Belədir bu eşqə qayda,
nə xeyir verir, nə fayda,
Bu həyat bir iynə boyda,
bu ömür bir andı sənsiz.
Ürəyim yanan mayakdı,
gecələr gözüm oyaqdı,
Yaşamaq çətin sınaqdı,
ağır imtahandı sənsiz.
Dururam obaş səhərdən,
tutulur sinəm qəhərdən.
Gicəlir başım da hərdən, 
elə bil piyandı sənsiz.
T.Kərimlinin şeirlərində sevgi real, sevən isə ayaqları üstdə möhkəm dayanan aşiqdir. Bu şerlərdə gerçəkliyin təbiiliyi, ruhsal abstraksiya ilə canlı yaşam stixiyası arasında qanunauyğun bir bağlılıq, rabitə və sintez var. Şair eşq, məhəbbət dünyasında can nisar etməyə hazır olduğunu göstərməklə, aşinalığını sərgiləməklə bərabər, bu dünyanın realiyasına da bir yaşam ehtirası təlqin edir. Bu baxımdan, T.Kərimlinin lirik “mən”i ayağını yerdən üzmədən sevən, özünü Tanrı, dünya və təbiətlə vəhdətdə dərk edən obrazdır: Ümumiyyətlə, T.Kərimli öz hisslərini-istər ağrı, istər sevinc ovqatında olsun, ifadə eləməyə gücü çatan müəlliflərdəndir. Bu güc yalnız elmin yox, həm də yaşanılan ömrün halallıq dərəcəsinin, dünyanı müəyyən dərk məqamına yetən, içindəki “mən”i mənəvi-ruhani müstəviyə adlayan bir insanın varlıq göstəricisidir.
Şeytan gəlir oğrun-oğrun,
İnsanı haqdan ayıra.
Kərəmli ev sahibini
Əziz qonaqdan ayıra.
Gör kiminən bəhsə-bəhsə,
Girib istəyir tələsə,
İsmayılı qurban kəsə,
Qoçu bıçaqdan ayıra.
Biri düzdü min kişidən,
Gəlir ala din kişidən.
İmanı mömin kişidən,
Dumanı dağdan ayıra.
Üzə desə hamı düzü,
Mərdlərin bir olsa sözü,
Bacararmı iblis özü,
Əti dırnaqdan ayıra.
Kitaba ön söz yazan Abuzər Bağırov haqlı olaraq bu şeirləri “təbəssümdən mayalanan poeziya” adlandırıb. Yumor əslində, T.Kərimlinin şair üslubunu səciyyələndirən ən başlıca keyfiyyətlərdən biridir. Hansı vəzndə yazılmağından asılı olmayaraq bu hiss kitabdakı bir çox yerləri istila eləyib, bu və ya digər şəkildə müəllifin ifadə və yanaşma tərzində dominant xəttə çevrilir. Hərçənd “bizim yaddaşımız unutmaq tərbiyəsi almayıb” (Lets), o da ola yaradıcı insanın, söz adamının yaddaşı. Bu mənada, keçmişin xatirələrindən qurulan yaddaş hasarı önündə gülümsəmək bir qədər zor iş, – bura hopan itkilərin, acıların çeşidinə baxın –torpaq, dost, yoldaş itkisinin ağrıları, nahaq yerə hicran ömrü deməmiş ki, həyatına...( Füzuli dad çəkdi hicran günündən / Mənim qismətimdə hicran ömrü var”, yaxud “Həsəd aparıram bəxtəvərlərə / Mənə qəm yükünü daşıma düşdü.”) Amma Əli Kərimin sözlərini bir balaca dəyişib desək, yenə də yaşamağa çoxdur təsəlli... Çətini hicran dənizinin hardasa bəyaz sahili olduğuna ümid edərək yaşamaqdır və yenə də çətini o sahili axtarıb tapmaqdır...
Bu dünya özü də əbədi deyil,
Kosmosda əbədi zaman ömrü var.
Bütün ömürlərdən uca tutulan
Nə yaxşı dünyada insan ömrü var.
 
lll
“Şair ola bilərdin, professor oldun.
Amma məsələ bunda deyil”.
“Məsələ bunda deyil” – yazırdı Nazim əfəndi. Məsələ nədəydi ki. İstedadda, zənnimcə. Çünki ya elə, ya da belə, fərqi yoxdur – yetər ki, istedad olsun, yetər ki, seçilmişlərdən olasan. Onda yaradıcı insanın səsinin bu göy qübbəsinin altında daim yaşayacağına təsəllisi də böyük olar.
  
Elnarə AKİMOVA,
filologiya üzrə fəlsəfə doktoru



Bu yazı ( 315 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar