12px14px16px18px

Sözlə ucalan qəsrlər

Flora XƏLİLZADƏ

XALQ YAZIÇISI ELÇİNİN ONCİLDLİYİ HAQQINDA DÜŞÜNCƏLƏR

00:40 / 25.10.2011
 
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin istər ədəbi tənqiddə, istərsə də nəsrdə öz yeri olan istedadlı qələm sahiblərindən biridir. Bəzən onu necə təqdim etməkdə çətinlik də çəkirsən. Çünki müəllifin müxtəlif teatrlarda tamaşaya qoyulan əsərlərinin uğurlu taleyi onun həm də qabil dramaturq olduğundan xəbər verir. Tərcüməçiliklə məşğul olan yazıçının bu sahədəki fəaliyyəti də təqdirəlayiqdir. Publisistikasında da örnək ola bilən cəhətlər çoxdur. Xalq yazıçısı Mirzə İbrahimov vaxtilə onun barəsində yazırdı: “Böyük ümidlər oyadan budur ki, Elçin narahat və hərarətli bir ürəklə daim axtarır. Həyati müşahidələrini dərinləşdirir və genişləndirir”. Elə bu səbəbdəndir ki, Elçinin təqdim etdiyi hər bir əsər həcmindən, janrından asılı olmayaraq əlvanlığı, koloriti, həyat həqiqətinə sadiqliyi ilə seçilir.
Bu günlərdə sevimli yazıçımız mənə bir bağlama göndərdi. Kitablardan ibarət olan bu sovqat məni xeyli sevindirdi, düşündürdü və onları oxumağa sövq etdi.
 
KÖRPÜ
 
Riyaziyyat dəftərinin vərəqlərini xatırladan üzlüyə bürünmüş on kitab. Üst-üstə yığaraq onlara diqqətlə nəzər saldım. Mənə elə gəldi ki, on möhtəşəm və sirli qəsrlə üzbəüz dayanmışam. İçindəkilərdən hələ ki xəbərim yoxdur. Amma düşünürəm ki, tanış yollarla, cığırlarla – bir sözlə, nə vaxtsa təmasda olduğum, ən azından səhnədə pərvazlanan – mənim gördüyüm obrazlarla mütləq üzləşəcəyəm. Elə bu niyyətlə də birinci qapıdan başladım.
Müəllifin “Hakim oxucudur” ön sözü bu on qapını ürəklə döymək üçün mənə bələdçilik etdi. Bələdçidən daha çox düşüncələrimi, keçirdiyim hissləri, duyğuları bir araya gətirərək onların vəhdətini yaratmaq üçün körpü oldu, uzun yola bir kəsəlik gətirdi. Bu cildliyə Elçinin müxtəlif illərdə qələmə aldığı əsərləri daxil edilib. Sözün gücünə elə mən də ötənlərə qayıtdım. Sanki bu mənzərəni gözlərimlə seyr etdim. Balaca bir uşaq jurnalın arasına gizlincə qoyduğu vərəqlərdə öz yazdıqlarını özgənin adına (guya ki aldadır) nənəsinə həvəslə oxuyur. Aldanan da sevinir, aldadan da. Azərbaycan ədəbiyyatına İlyas Əfəndiyev kimi böyük bir nasir bəxş etmiş, geniş dünyagörüşlü, savadlı, bəy qızı, bir neçə dili mükəmməl bilən, klassik poeziyadan xəbərdar Bilqeyis xanım nəvəsinin – Elçinin gələcəkdə yazıçı olacağından xatircəm və şad-xürrəmdir. Uşaqsa özünə belə mehriban, sözə baxan, ona diqqətlə qulaq asan, oxuduqlarını bəyənən oxucu tapdığından xoşbəxtdir. Əslində Elçinin elə ilk oxucusu da Bilqeyis nənə olub.
Müəllifin oxucudan cavabını gözlədiyi suallar da düşündürücüdür: Nə yazmısan? Yaxud da necə və niyə yazmısan? Təbii ki, bu sualların cavabını onuncu qapıdan sonra verməli olacağam. Əgər yazıçı böyük ürəklə bildirirsə ki hakim oxucudur, mən də öz “hökm”ümdə ədalətli olmağa çalışacağam.
 
BİRİNCİ QAPI
 
“Qonağa” “xoş gəldin” deyən qəsrin öz sahibidir. “Mənlə mən arasında”kı xəbərdarlıqdan sonra duydum ki, bu qəsrin sakinləri işindən, peşəsindən, mənəviyyatından, dünyagörüşündən asılı olmayaraq həyatdan gəlmədirlər. Onları bu qəsrdə birləşdirən, fərqləndirən müəllifin qələmindən, mövqeyindən çox elə öz xarakterləri, əməlləri və daxili aləmləridir. Qəsrin sakinləri – sarı pencəyi ilə “vuruşan” bəstəkar S.Qayıblı, sərnişin Məleykə xanım, suallarına doğru cavab tapmayan balaca Tolik də, Çadra xanım da, Çal Papaqlar da... bizim ətrafımızda olan doğma və yad adamlardır. Bəziləri ilə hətta dostluğumuz, qonşuluğumuz, tanışlığımız, get-gəlimiz var.
“Baladadaşın ilk məhəbbəti”. Bu hekayə barədə ayrıca danışmağa dəyər. Çünki onun əsasında çəkilmiş film də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Hekayənin adı çəkilən kimi gözlərimiz qarşısında həmin filmdən fraqmentlər canlanır. Film sadə insanların romantik duyğularından, məhz özlərinə məxsus sevgi dünyasından təsirli, yaddaqalan şəkildə danışmağı və göstərməyi bacardı. Bu əsərdə xoşa gələn əsas cəhət “aerodrom” papaqlı Baladadaşın sadəliyi ilə həmahəng gələn saflığı, təmizliyi və hissləridir. Əsərin sonluğu da çox düşündürücü və mənalıdır. “Baladadaş qaça-qaça aerodrom kepkasını, miləmil trikotaj köynəyini, parusin şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl-qol atıb arxası üstə suyun üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi...” Sanki bütün pisliklərdən, xoşagəlməz hadisələrdən uzaqlaşaraq dənizin ləpələnən sularına bələnən Baladadaş bu mavi dalğaların qoynunda bir duruluq timsalı idi. Həqiqətən də biz çox zaman avam və sadəlövh təsiri bağışlayan insanların geniş mənəviyyatından, əsl insani duyğularından xəbərsiz oluruq.
Elçin şüura fəal təsir edə biləcək, adamı gözlənilməz hadisələrlə üzləşdirəcək, oxucu ilə mənalı söhbət qurmağı bacaran müəllifdir. Bu mənada “Qış nağılı” hekayəsi də çox təsirlidir. Kərim kişinin insani xüsusiyyəti, etibarlığı mənə itini zəncirdən aça bilməyən qaçqın qonşumuzun ağlar səsini xatırlatdı. Hekayədən bəlli olur ki, Bakıya yağan qəfil qar, başlayan şiddətli çovğun bütün şəhəri və onun ətrafını iflic vəziyyətə salıb. Kərim kişi isə bütün çətinliklərə baxmayaraq Bilgəhdə zəncirdə bağlı qalan itinin acından ölməməsi üçün ora üz tutub. Yadımdadır, qonşumuz Göyüş kişi də son nəfəsində deyirmiş: “Məni Müdrünün (itin adıdı – F.X.) qarğışı tutdu. Kafirlər macal vermədi ki, onu zəncirdən açım”. Kərim kişi isə qara, çovğuna qalib gələrək Nabrana (itin adıdı) baş çəkə bildi. Onun yolunu erməni kəsməmişdi, qar, yağış döyürdü.
Bədii əsər o zaman təsirli, yaddaqalan olur ki, məzmununa həyatdan gələn ətirlər qatılır. Elə bu qəsrin də bütün ab-havası həyatdan gəlib. Hansı pərdəni qaldırsan (yəni hansı səhifəni oxusaq), o hücrədə həyatın bir parçası var.
“Bu dünyada qatarlar gedər”, “Talvar”, “Baladadaşın toy hamamı”, “Ayaqqabı” kimi hekayələrdə məhz həyatdan gələn səslər eşidilir. Bu qəsrin hər guşəsində həm də Abşeronun havası var. Bu doğmalığın içində “Şuşaya duman gəlib”dən ayrıca danışmağı lüzum bildim. Çünki uzun ayrılıqdan sonra məhz bu hekayə mənə o yerlərin sözlə çəkilmiş şəkli təsirini bağışladı. Ruhumuzun vətəni olan Şuşa ilə bağlı hər sözü, bayatını havasızlaşmış adam kimi varlığıma çəkmək istədim:
 
Şuşaya duman gəlib,
Ürəyimə güman gəlib.
Hər dərdimi, sərimi
Sinəmdən qovan gəlib.
 
Bu hekayənin gücünə dünyanın çox bəxtəvər çağlarına qayıtdım. Hekayənin saldığı cığırlarda doğma yerləri dolaşdım. “Qarşıdakı yarğanın dibi ilə axan Daşaltı çayının qıjıltısı aydın eşidilirdi. Yarğanın o tayındakı Xəznə qayasının isə kölgəsi qaralırdı, sıldırımları hiss olunurdu və Cavanşir uşaqlıqda bu yerlərə çox gəlmişdi. Bilirdi ki, Xəznə qayasına Qızıl qaya da deyirlər: Qacar Şuşaya basqın edəndə İbrahim xan var-dövlətini Xəznə qayasının üstündə basdırır, bu işi iki nəfər görür, sonra biri o birini qayadan tullayır ki, xəzinənin sirrini heç kimə verməsin, sonra özü də Xəznə qayasında yoxa çıxır”. Ürəyimin başı göynədi. Əllərimi Allaha tutub söylədim: “İgidlərimiz bizi səsləyən o torpaqlarda Şuşaya qənim kəsilmiş yağıları eləcə tullaya bilələr”.
Bilirsiniz ürəyimdən nə keçdi? O dağlarda üçrəngli bayrağımızı asan oğul haqqında Elçin müəllimin bir hekayəsini oxumaq mənə qismət olaydı. “Sarı gəlin”, “Qarabağ şikəstəsi” də qəsrin ən maraqlı, yaddaqalan hücrələrindəndir desəm, yanılmaram. Həqiqətən də unudulmaz şairimiz Xəlil Rza Ulutürkün söylədiyi kimi Elçinin oxucusu olmaq çox çətindir. Çünki onun incilərini yığıb-yığışdırmaq olmur. Bilmirsən ki, əsərin ideyasından danışasan, məzmunundan söz açasan, yoxsa sənin ruhunu varlığından alan o qiymətli sözlərin əlindən yapışıb qulağına gələn bir sədaya qoşulub haraya gedəsən?..
 
Saçın uzun hörməzlər,
Səni mənə verməzlər.
Nə ola, bir gün görəm
Nazlı yarın, ah üzünü...
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...
 
Elçinin əsərlərini oxuyanda həqiqətən də milli iftixar duyğusu keçirərək mənsub olduğun xalqın böyüklüyü qarşısında baş əyməli olursan. Əlinə qələm aldığı gündən bizi mənəvi saflığa çağıran, mənəvi gözəllikləri vəsf edən, əxlaqi kamilliyin keşiyində fədakarlıqla dayanan Elçin bir ustad yazıçı kimi oxucusu ilə qəhrəmanı arasında vəhdət yaratmağı bacardı. Bəlkə buna görə də biz onun qəhrəmanlarının dərdinə şərik olur, sevincinə şadlanırıq.
Bu qəsrdə uşaqların da üz tutacağı hücrələr var. Çox suallara “Mənə niyə gülürlər?”, “Gör necə top vururam?”, “Belə də iş olar?”, “Kukla, yoxsa Aysu?”, “Qar yağıb-yağmayıb?” və s. uşaq hekayələrində cavab tapmaq olar.
“Adda-budda” çərçivəsində naxışlanan yazılarda da həyatdan gələn səslərə qulaq asmaq mümkündür. Müəllifin qəlbini titrədən, onu heyrətləndirən, bəzən də kədərləndirən anlara, ovqatlara münasibəti var. Məsələn, “Habilin kamançası” adlanan ovqat yazısında oxuyuruq: “Habilin kamançası səslənir mən Qarabağı görürəm, Şirvanı, Naxçıvanı, Milli, Muğanı, Lənkəranı, Abşeronu, ömrümdə heç vaxt getmədiyim, görmədiyim Təbrizi görürəm, Ərdəbili görürəm, Sərabı görürəm. Ərk qayasının önündə dayanıb babaların ucalığında dayanıram...” Budur Habil kamanının qüdrəti. O səsə qoşulub vətəni seyrə çıxmaq həqiqətən mümkündür. Bu, kamançının qüdrəti, Habilin böyüklüyü, Elçinin isə bir yazıçı kimi həssaslığıdır.
 
İKİNCİ QAPI
 
Burada bizi “Bir görüşün tarixçəsi” qarşıladı. Məmmədağa ilə Məsmə xanımın təmiz duyğuları qəlbimizə hakim kəsildi. Bu əsərdə saflıqla yalançılıq üz-üzə dayanıb. Düz yolları kəsməyə çalışan əyriliklərin çoxluğu dəyanətli insanları heç zaman öz cərgəsinə çəkə bilmir. Elçin yeganə yazıçıdır ki, sadə, adi iş-güc sahiblərinin geniş qəlbə sahib olduğunu, saflıqlarını məhəbbətlə, özünəməxsus rəğbətlə ədəbiyyata gətirib. Məhz onların simasında İnsan adlanan varlığın ləyaqətindən danışmaqla bir maqnit cazibəsi yaradıb. Deyirlər ki, söz insanın içinin ətridir. Elə buna görə də müəllifin öz duyğuları qəhrəmanlarının sinəsində bulaq kimi qaynayır. Bu personajların pislikdən uzaqlığı, paklığı oxucuya sirayət edir.
“Toyuğun diri qalması”, “Dolça” adlı povestləri də oxuduqca – uzaq dağ kəndindən Bakıya gəldiyimiz günləri, beş qış universitetdə təhsil aldığımız illəri xatırladım. Kirayədə qaldığımız, minbir arzu və istəklə yaşadığımız o zamanın çox gözəl, qeyri-adi xatirələri yada düşdü. Bu əsərlərdə sanki o əlçatmaz günlərin görüntüsünü izlədim. Elçin qəhrəmanlarının hər birini öz dili ilə danışdırır. Ona görə də povestdəki koloritlik bu qəsrə bir istilik gətirib. Ədəbi tənqid də təsdiqləyir, elə oxucuların da rəyi budur ki, Elçin nə yazırsa mükəmməldir. Bu mükəmməlliyi yaradansa mövzunun həyatdan alınması və müəllifin onu ustalıqla işləməsidir.
“Bayraqdar” isə bu qəsrin zirvəsidir. Ötən əsrin sonlarından yaşadığımız ağır günlərin rəngi çökdü ovqatıma. 1988-ci ildə ermənilər “Qarabağ kartı”nı ortalığa ataraq xalqımızın və torpağımızın başına zülmlər gətirdilər. Surxay kimi vətən sevdalı, torpaq qeyrətlilər ömrünü azadlıq uğrunda odlara tapşırdı. Surxay üçrəngli bayrağımızı ilk dəfə elə Şuşada – Bazar başında qaldırmışdı. Sonra... Sonrası çox bəd gəldi. Şuşa da getdi, torpağımızın sinəsinə çalın-çarpaz dağlar çəkildi, soydaşlarımız qaçqına, köçkünə, didərginə çevrildi. Surxay Buzovnada məskunlaşdı. Əslində bu əsərdə yeganə kamil obraz var – Azərbaycan! Havadarlarından güc alan, təlim görən ermənilərin iç üzünü açan “Bayraqdar” Qarabağ mövzusunda yazılan ən mükəmməl bədii əsərlərdən birincisidir.
Bu qəsrdəki pyeslərin əksəriyyətinin əsasında film çəkilib. Məramına və əqidəsinə sadiq qalan müəllifin bu yöndəki yaradıcılığının da baş qəhrəmanı Azərbaycandır!
“Ox kimi bıçaq” – bu kinopovest əsasında çəkilmiş “Arxadan vurulan zərbə” filmi illərdir ki, maraqla izlənilir. Buradakı Fəttah kişini həmişə özünə oxşar obrazlarla yanaşı görürəm: “Yaşar”dakı (C.Cabbarlı) İmamyar, “Mehman”dakı (S.Rəhimov) Qaloş, “Komsomol” – “Yeddi oğul istərəm”dəki (S.Vurğun) Kələntər. Bu obrazlar zahirən fağır, hörmətcil, avam təsiri bağışlayır. Əslində isə hiyləgər, qəddar, başkəsən və evyıxandılar. Bu eyni xarakterli obrazların ayrı-ayrı müəlliflər tərəfindən yaradılması onları bir məqsəd və əqidədə birləşdirir: zalımın iç üzünü açmaq – sonda məğlubiyyətinə nail olmaq!
 
ÜÇÜNCÜ QAPI
 
Köhnə tanışlarla görüşdük. Buradakı pyeslərin əksəriyyəti müxtəlif teatrlarda tamaşaya qoyulub. Əlbəttə, onların hər biri barəsində saatlarla danışmaq mümkündür. Bu əsərlərə xas olan əsas xüsusiyyət mənəvi saflığın, daxili böyüklüyün qorunmasına xidmətdir. Müəllif qəhrəmanlarını mürəkkəb və çətin durumlardan məhz ləyaqətin, mənəviyyatın köməyi sayəsində xilas edir. Vaxtilə tənqidçi Yaşar Qarayevin uzaqgörənliklə söylədiyi bir fikir mənim düşüncələrimlə üst-üstə düşür: “Bu əsərlərdə Elçin məhz mənəvi zənginlik və ucalıq mövqeyindən psixoloji yekrənglik və bitərəfliliyi tənqid edir, adi adamların həyatında müşahidə etdiyi qeyri-adiliyin, gözəlliyin şeiriyyəti haqqında hekayələr söyləyir”. “Poçt şöbəsində xəyal”, “Ah, Paris, Paris!”, “Mənim ərim dəlidir” və s. pyeslərin səhnə təcəssümü tamaşaçılar tərəfindən də rəğbətlə qarşılanıb.
 
DÖRDÜNCÜ QAPI
 
Yenə də qiymətli incilərlə rastlaşırıq. Tanış obrazların qəribə taleləri bizi çox düşündürür. “Qatil” pyesi Mehriban Ələkbərzadənin quruluşunda həm Azərbaycanda, həm də vətənimizdən kənarda tamaşaya qoyulub. Bu dramdakı Qadının mənəvi əzabları, təkliyi, həyat eşqi, insanlara inamı sonda onu elə çıxılmaz vəziyyətə salır ki, qatilə çevirir. Əsər olduqca düşündürücü və təsirlidir. Çoxumuzun ətrafında belə təzadlı həyat tərzinə, tənhalığa məhkum edilmiş qadınlar var. Onların əzablarını, mənəvi sarsıntılarını müəllif çox təsirli, yaddaqalan hadisələrlə yaradıb. Havanın solğunluğu da, qonşunun marağı da, Kişinin yalanı da Qadının iç dünyasının açılmasına xidmət edir.
“Mahmud və Məryəm”, “Ağ dəvə” romanları da ədəbi ictimaiyyətdə böyük əks-səda doğurdu. Tənqidçi Nizaməddin Şəmsizadənin bu romanlar haqqında söylədiyi lakonik bir fikir müəllif düşüncəsinin əsas mahiyyətini çox dürüst ifadə edir: “Əslə-kökə qayıdışın zərurətini təsdiq edən əsərlər”. Bu romanların oxucu coğrafiyası da çox genişdir. Onun sorağı Azərbaycandan başlayaraq Avropaya qədər gedib çıxdı. Elçinin dərin müşahidə qabiliyyəti onun əsərlərinə bir əlvanlıq gətirib. Bu əsərləri birnəfəsə oxumaq həvəsi oxucunu tərk etmir.
 
BEŞİNCİ QAPI
 
Burada isə ilk növbədə “Ölüm hökmü”ndən xəbər tuturuq. Ötən əsrin 30-cu illərində repressiyaya məruz qalan xalqımızın müsibətlərindən bəhs edən romanda dövrün sərt həqiqətləri, acınacaqlı insan talelələri ilə üzləşirik. Əslində bu roman çox mürəkkəb surətlərlə zəngindir. Qarışıq bir zamanın övladlarının surətlərini – Tumsatandan Bağırova qədər uzanan sırasında onların dolğun xarakterlərini yaratmaq həm yazıçı ustalığıdır, həm də vətəndaş mövqeyi. Ağır hadisələrdən yazmaq da çətindir, onu oxutmaq da. Amma Elçinin təhkiyəsi yoruculuqdan uzaqdır...
Bu qəsrdə diqqətçəkən “İlyas Əfəndiyev şəxsiyyəti və sənəti” adlı sənədli romanda Azərbaycan ədəbiyyatının çox görkəmli bir nümayəndəsinin bəlkə də indiyədək oxucuya o qədər də geniş məlum olmayan məziyyətlərindən, həyat yolundan, nəslindən söz açılır. Romanın girişində oxuyuruq: “İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində isə Qarabağa, Qarabağın içində isə Füzuliyə, öz nəsil-nəcabətinə bağlı bir adam idi... Hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafitk detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı adama elə təsir edirdi ki, elə bil özün bütün vaxt, zamanın qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən”. Təkcə elə bu abzasda görkəmli yazıçımızın işıqlı portretini görürük. İndi onun ruhu da narahatdır. Çünki doğma yurd-yuvası yağı tapdağında saralmaqdadır. Mənim düşüncəmə görə Qarabağ canlı bir orqanizmdir. Onun qəlbi Şuşa, vuran əli Ağdam, düşünən beyni Füzulidir. Gün o gün olacaq ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, elminə dahilər yetirmiş bu ulu torpağın yarası sağalacaq. Biz də Füzuliyə, böyük İlyas Əfəndiyevin dədə-baba yurduna – yaradılacaq ev-muzeyinə gedəcəyik.
 
ALTINCI QAPI
 
Müxtəlif janrlarda paralel şəkildə, eləcə də uğurla işləyən və bu ədəbi fəaliyyətində öz yolu, düşüncələri, hadisələrə münasibət ilə seçilən Elçinin altıncı qəsrdə topladığı yazılarda sərhədlər keçilir. Dünyada mövcud olan ölkələrin mənzərələri görünür, müxtəlif iqlim qurşaqlarının rəngləri sezilir. Bu, “Səyahət notları”na qulaq kəsildikcə vaxtilə heyrətləndiyimiz günlər yadıma düşdü. 1979-1980-ci illərdə “Azərbaycan” jurnalında yazıçının dərc edilmiş “Yaxın, uzaq Türkiyə” adlı silsilə səyahət yazısı bizi həm sevindirmişdi, həm də təəccüb içində qoymuşdu. “Türk” sözünün qadağan olunduğu illərdə məhz Elçinin bizim üçün əlçatmaz, ünyetməz görünən, yalnız Nazim Hikmətin şeirlərində, R.N.Güntəkinin əsərlərində görə bildiyimiz Türkiyəyə səfəri və bununla əlaqədar silsilə yazılarla görüşümüzə gəlməsi həqiqətən də qeyri-adi təsir bağışlayırdı. O zaman biz Elçinin bu cəsarəti qarşısında ürəyimizdən keçirdiyimiz hissləri ifadə etməyə çətinlik çəkirdik. Elçin özü də həmin təəssüratın əvvəlində sanki fikirlərimizə şərik çıxırdı: “Təskinliyi onda tapıram ki, belə bir şərti ilkin pozan, yəqin mən deyiləm və güman ki, sonuncu da mən olmayacağam”. Bu eyhamlı fikrin arxasında cəsarət və vətəndaşlıq, kökə, ənənəyə bağlılıq dayanırdı. O yazıda oxuduğumuz bir fikir arzu şəklində deyilsə də, böyük mətləblər pıçıldayırdı: “Uşaqlarımız Azərbaycan yazıçılarının əsərlərini, Sabiri, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Səməd Vurğunu oxumaq istəyir. Onların kitablarını latın əlifbasında çap edib bizə göndərmək olmaz?” Bir Allah bilir ki, bu sual hansı təzadların kəskinliyindən, dolaşığa düşmüş arzularımızın nə vaxtsa gerçəkləşəcəyindən xəbər verirdi. Dövlət müstəqilliyimizi qazandıqdan sonra latın qrafikasına da keçdik, sərhədlər də açıldı. Bu gün qarşılıqlı əlaqələrimiz də genişlənib. Artıq “Bir millət, iki dövlət” olduğumuzu çəkinmədən, qürurla bütün dünyada səsləndiririk. Açığı, o illər biz Elçinin bu yazısını dönə-dönə oxuyur, nə vaxtsa xəyallarımızın həqiqət olacağına ümid bəsləsək də, elə də arxayın deyildik.
Bu qəsrdə Elçinin bələdçiliyi ilə Macarıstan, Bolqarıstan, Tunis, Qana kimi ölkələrə səfər edir, bir çox həqiqətləri öyrənir və nəticə çıxarırıq. Esse və ədəbi düşüncələri də oxucu qəlbini fəth edən, yazı tərzi, orijinal üslubu, forma yeniliyi və məzmun dolğunluğu ilə seçilən Elçinin dili də şirəlidir. Onun nəsrində, ədəbi tənqidində də qətiyyətlə bərabər bir şeiriyyət də var.
 
YEDDİNCİ QAPI
 
Bu sirli aləmdə də Elçin istedadlı tənqidçi və ədəbiyyatşünas alim kimi də diqqət çəkir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində onun ədəbiyyatımızın aktual problemlərinə həsr olunmuş elmi-nəzəri məqalələrində Mirzə Fətəli Axundovdan tutmuş müasir tənqidçi ədəbiyyatşünaslara qədər Azərbaycan ədəbi tənqidinin ən görkəmli nümayəndələri haqqında fikirlər vardır. O, bütün yaradıcılığı boyu ədəbi mühitə fəal tənqidçi münasibəti bəsləyib. Əxlaqımıza, mənəviyyatımıza zidd əsərlərə qarşı Elçinin münasibəti kəskindir: “Bunlar əsl ədəbiyyat, poeziya nümunələri yox, antiədəbiyyatdır, antipoeziyadır. Azərbaycan mətbuatında ədəbiyyatla bağlı yazıları nəzərdən keçirdikdə mənə elə gəlir ki, estetik dəyərlərimiz, bədii meyarlarımız öz yerini yenidən uşaqlıq mərhələsinə təhvil verib. Mənim təsəvvürümdə “ədəbi kəmfürsətsizlik” deyilən bir qara əxlaq göstəricisi var və çox təəssüf ki, Azərbaycan mətbuatına ayaq açıb. Vulqarlıq sənətə zidd bir şeydir. Mən sidq ürəkdən arzu edərdim ki, yaradıcılıqla ancaq istedadlı insanlar məşğul olsunlar və hər bir tənqidçi ədəbiyyatın təəssübünü çəksin, hər əsərə, ədəbi hadisəyə münasibətini bildirsin. Biz ədəbiyyata xidmət etməklə yanaşı onun keşiyində də durmalıyıq”. Dediklərinə əməl edən tənqidçimiz illər boyu ədəbiyyatın mühafizəçisi kimi çıxış edir.
 
SƏKKİZİNCİ QAPI
 
Burada toplanmış məqalə və monoqrafiyalarda milli ruh və vətəndaşlıq mövqeyi hakimdir. Qəlbimizdən keçənləri sözün min bir rəngində bizə çatdıran Elçin qibtə və rəğbətimizin ünvanıdır.
Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus xidməti olan bu məşhur yazıçı səkkizinci qəsrdə öz oxucuları ilə səmimi söhbət quraraq qənaət və düşüncələrini bölüşdürür: “Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində mənim fikrimcə, iki prinsip əsas \götürülməli, dəqiq işlənməli və həyata tətbiq edilməlidir: 1). kökə, bünövrəyə qaydış, milli mədəni mənbələrdən faydalanmaq; 2). məhdudluğa, özünə qapanmaya yol verməmək, dünya sivilizasiyasının mədəni nailiyyətlərindən istifadə etmək”. Maraqlıdır ki, bu iki prinsip müəllifin yaradıcılığında da özünü aydın göstərir. Klassik və modern yazıçıdır Elçin!
 
DOQQUZUNCU QAPI
 
“Yazıçının dəftərindən” süzülən 125 məqalədə Elçinin müxtəlif illərdə qələmə aldığı düşüncə və fikirləri yenidən könlümüzdə bir təlatüm yaradır. Əksəriyyəti də tanışdı. Nə vaxtsa mətbuat səhifələrində oxumuşuq. Sədaqətinə inandığımız, mənəvi zənginliyinə heyran qaldığımız, bir sözlə, köhnə dostla yeni görüş həm əziz olur, həm də bir xiffət keçirirsən. Çünki müəllif də, oxucu da yaşlanır. Bu yazılar isə eləcə təzətər qalıb. Ötən əsrin 60-cı illərindən bugünümüzədək yol gələn bu ədəbi yürüşdə öz arzularımız da yaşayır, gəncliyimiz boylanır.
Elçin yazır ki, “ustad” sözünün izahı elm və sənət sahəsində dərin məlumatı və qabiliyyəti olan şəxs deməkdir. Bu sözün işığında qəsrləri dolaşdıqca bütün yollar boyu fikirlərindən güc və sevinc aldığımız “İstiqlal” ordenli yazıçımızın öz portretini də görürdük. Ustadın müasiriyik – deməmək olmur.
 
ONUNCU QAPI
 
Nə xoş ki, müxtəlif illərdə mətbuat səhifələrində dərc edilən müsahibələrin içində mənim də suallarım səslənib. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə əlaqədar 2000-ci ildə xalq yazıçısı ilə apardığımız söhbətə söykənərək fərəhlə deyim ki, Elçinin cavabları bu gün də aktualdır: “Dədə Qorquda qayıtmaq qəhrəmanlıq dolu keçmişimizə mənəvi körpü salmaq deməkdir və yəqin ki, bu hadisə təkcə bizim ədəbiyyatımızda, folklorşünaslığımızda, tariximizdə deyil, həm də ruhumuzda, mənəviyyatımızda əks-səda salacaqdır”.
Bu da faktdır ki, Elçin xarici dillərə ən çox tərcümə olunmuş yazıçılarımızdandır. Unudulmaz tənqidçi Məmməd Cəfər Elçinin yaradıcılığını həmişə yüksək dəyərləndirirdi: “Elçində bədii dərk duyğusu güclü və cəlbedicidir”. Bu səbəbdən də nə yazıbsa, hansı əsərə öz imzasını ürəklə atıbsa, oxucu tərəfindən qəbul edilib, sevilib. Ssenarisi əsasında çəkilən filmlər də kinosənətimizə uğurlar gətirib. Səhnəyə qoyulan əsərləri də teatrımızda yeni nəfəsə, duyğuya çevrilib.
 
HAKİMİN HÖKMÜ
 
Yazının əvvəlində söylədik ki, Elçin hakimlik missiyasını oxucunun ixtiyarına verərək üç suala cavab almaq istədi. Nə yazmısan? Yaxud da necə və niyə yazmısan? On möhtəşəm qəsrin qapılarını açdıqca üzləşdiyimiz incilər, sərvətlər, bizə xoş təsir bağışladı. Duyduğumuz budur ki, 1959-cu ildən üzübəri Elçin çox dəyərli əsərlər yazıb. İlk hekayəsi “O inanırdı”, ilk romanı “Mahmud və Məryəm” Elçinin yaradıcılığına əbədi uğur gətirdi. Bu əsərlərin qədəmləri yüngül oldu, kitabları əl-əl gəzdi. Niyə yazdı Elçin? Yazmaya bilərdimi? İlyas Əfəndiyev kimi azman bir ədibin mühitində böyüyən, lap uşaqlıqdan qələmə, kağıza, yazıya aşiq olan bir kəs qandan və gendən gələn bir əbədi tapşırığa əməl etməyə bilərdimi? Yarım əsrdən artıq bir zaman kəsiyində başını yalnız kağız üzərinə əyən, qəlbindən keçənləri, duyğu və düşüncələrini, müşahidələrini istedadının sayəsində ona söyləyən Elçin nə yazmayıb ki? Hekayə, povest, roman, dram, nağıl, esse, məqalə, ədəbi tənqidi düşüncələr, qeydlər, səfər təəssüratları, nitqlər, çıxışlar, rəylər... Hələlik biz bunların seçilmişləri ilə on qəsrdə görüşdük. Gün olacaq ki, qırxıncı qapını da döyəcəyik. Cavabın biri də necə yazmasına tuşlanır. Ölən əsərləriniz yoxdur, Elçin müəllim! Sovet dövründə də, dövlət müstəqilliyimizi qazandıqdan sonra da yazdıqlarınız əsl ədəbiyyat üçündür. Qərəzdən və mədhiyyədən uzaq olmusunuz. İçinizin gözəlliyini, duyğu və düşüncələrinizin əlvanlığını, müşahidələrinizin zənginliyini istedad sayəsində bədii sözün gücünə təmkinlə və həm də əfsunlu deməyi bacarmısınız. Sizi həmkarlarınızdan fərqləndirən bir yaradıcılıq məziyyətimizi də mütləq deməliyəm. Əsərlərinizdə oliqarxların, məmurların, vəzifəlilərin deyil, məhz sadə insanların böyük dünyasından, daxili zənginliklərindən söz açdınız. Yazmaq da şərt deyil. Siz sadəliyə enməklə ucalmağı bacardınız. Məmməd Araz demişkən, dünənizi döşdən asıb sabahınıza qəbir qazmadınız. Siz həm də yaradıcı insanların qədir-qiymətini bilərək onlara həmişə həssas münasibət göstərdiniz.
Bütün bunlar isə zahiri xoş sözlər deyil. Özünüzün verdiyiniz imtiyazın nəticəsində hakim – oxucunun qəti hökmüdür! Şahidsiz-filansız, əfvsiz ədəbiyyat aləminə əbədi olaraq – yəni ömürlük məhkum edilirsiniz. Yazmaya bilməzsiniz! Hökm qətidir!
Flora XƏLİLZADƏ,yazıçı-publisist
 



Bu yazı ( 258 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar