12px14px16px18px

Erkəklər

Aysel ƏLİZADƏ
05:24 / 22.10.2011
 
(Əvvəli ötən şənbə saylarımızda)
 
Bir gün yenə yorğun-arğın otelə qayıtdıq. Mənimçün otağa kofe sifariş verdi. Təəccübləndim. Bura gələndən bircə dəfə də olsun mənimçün nəsə istəməmişdi. Tanıdığım o qadın-ana deyildi. Onun bütün düşüncəsi sərfəli mal almaqda qalmışdı. Çapar kimi ordan-ora, burdan-bura qaçırdı gün uzunu. O dükan sənin, bu dükan mənim – dayanmadan gəzirdik. Yemək yeməyə də imkan olmurdu. Ayaqüstü nəsə atışdırıb işimizi görürdük. Nə yalan deyim, bu sifariş ürəyimcə oldu. Elə bil onun qayğısıyçün də darıxmışdım. Həm də özümü adam kimi hiss eləmirdim neçə gündü. Yoğun, basırıq bir gündən sonra ayaqlarını uzadıb rahatca, kofe içə-içə heç nə haqda düşünməməyin dadını çıxarmaq elə qiymətli gəlirdi, az qalırdım səhər onunla getməyəcəyimə qərar verim. Sözsüz ki, bu ötəri fikir idi. Mən bu rəzalətə razı olmazdım. Kofedən bir qurtum alıb ilk dəfə otağımızdakı televizoru açdım. “Televizorumuz da varmış” – guya zarafat elədim. Reaksiya vermədi, eşitmədi deyəsən. Gözləri divardakı rəsmə zillənmişdi. 
O:
– Gör nə gözəldi. Neçə ildi bura gəlirəm, bu rəsmi birinci dəfədi görürəm. Bu otaqda çox qalmışam. Fikir verməmişəm... ya da yeni asıblar.
Herakl kimi bir kişi rəsmi idi: əzələli, yekəpər. 
O:
– Rəssam olsaydım, Mikelanjelo kimi kişi bədənləri çəkərdim. Məncə, qadının evində gözəl, yaraşıqlı bir kişi rəsmi olsa yaxşıdı. İnanırsan, bu rəsmi oğurlamağım gəlir.
Mat qaldım... Əməlli-başlı mat qaldım. Elə bilirdim onun kişilər haqda heç təsəvvürü yoxdu. O qədər ki, özümü onun yanında anlaşılmaz varlıq kimi hiss eləmişdim, sözləri ağlımı qarışdırdı.
Düpədüz ilhamı gəlmişdi. Məni şaşırmaqda davam edirdi.
O:
– Heç olmasa bir günlük kişi olmaq istəyərdim.
Gözüm kəlləmə çıxdı. Bu nə danışır?
Mən:
– Kişi olmaq? Neynirsən ki, kişi olub? 
O:
– Mənə çox maraqlıdı, kişinin ağlı necə işləyir. O, necə düşünür, ürəyi nə istəyir, ruhu necə olur? 
Mən:
– Bununçün kişi olmaq lazım deyil. Birindən öyrənə bilərsən.
O:
– Yox, elə istəmirəm. Özüm hiss eləmək istəyirəm. Öyrənməklə olmaz.
Ürəyimdən elə keçirdi, suallarına cavab verim, ancaq niyə verməliydim ? Əgər cavablarım maraqlı olsaydı, elə məndən soruşardı da, özü kişi olmaq istəməzdi ki. Bambılı kimi ortaya atılmağın mənası yoxdu. Qoy elə ürəyi açılmışkən içini boşaltsın. Onsuz da düz-əməlli yuxum da gəlmirdi. 40 ildə bir dilə gəlib nəsə deyir. Birdən yersiz söz çıxar ağzımdan, yenə susar. Qoy danışsın. Söhbəti uzatmaq üçün cümlələr, suallar fikirləşirdim. Elə bir cümlə olmalıydı ki, onu ruhlandırsın.
Mən:
– Birinci dəfədi eşidirəm ki, hansısa qadın kişiyə araşdırma obyekti kimi baxsın. Mənə elə gəlirdi bütün qadınların bizdən zəhlələri gedir. 
O:
– Doğrudan?
Mən:
– Doğrudan.
O:
– Səhv edirsən. Əslində, qadınların sizə qarşı nə hiss etdiklərindən xəbəriniz yoxdu.
Mən:
– Nə hiss edirlər?
O:
– Qadınlar sizə həsəd aparırlar.
Gülməyim tutdu. Bunu çox ciddi dedi. Gülməyə cəsarətim çatmadı. Lap gülsəm də, məni öldürəsi deyildi. Amma özümü boğdum. Danışmasını çox istəyirdim.
O:
– Qadınlar sizi bəxtəvər sayırlar. Siz lidersiz, axı. Bütün dünya əlinizdədi. Düzdü, bu həm də çox ağır yükdü, böyük öhdəlikdi, amma bu, həqiqəti dəyişmir. Hər şeyi yönləndirən sizsiz. Hətta, qadına evlilik təklifini də siz edirsiz. Deməli, onun şəxsi həyatına da hünəriniz çatır. İstəsək də-istəməsək də, belədi. Şəxsən mən buna görə sizə həm də acıyıram.
Bu “acıyıram” sözü nəsə məni açmadı. Amma bir az ürəkləndirdi də. Neçə vaxtdı yanında özümü gah ahıl, gah cocuq kimi hiss elədiyim bir qadından “siz lidersiz” fikrini eşitmək xoşuma da gəldi, çaşdırdı da. Öz-özümə dedim: buna bax, o, kişiləri lider sayır, sən də onun böyründə buyruq tulası kimi gəzirsən. Axmaq! Allah bilir, sənin haqqında nələr fikirləşir.
Mən:
– Qadınlar kişinin liderliyini əlindən almaq üçün hər şeyə əl atırlar . Fəlsəfi cərəyan da yaratmısız.
O:
– Məncə, kişinin liderliyi əlindən alınsa, qadınlar özləri narahat olarlar. Qadınlar dünyanı idarə edə bilərlər bəlkə də. Amma onda intriqa, dedi-qodu, lazımsız konfliktlər çox olar. Mən qadınlarla işləyirəm də, görürəm. Bax iki işim var, ikisində də qadınlardı. Klinikada doktor kolleqalarım, dükana da gəlib-gedənlərin əksəriyyəti evdarlardı. Heç bir fərqləri yoxdu. Onlar da dedi-qoduyçün ölür, bunlar da. Heç vaxt oturub ciddi şeylərdən danışmazlar. Bir dəfə eşitmədim ki, dünyada, ölkədə baş verən hanısısa hadisədən danışsınlar. Onlara qulaq asanda hər dəfə şükür eləyirəm- nə yaxşı dünya bunların əlində deyil. Batardıq. Bütün dünya şou-biznesə dönərdi.
Mən:
– Guya indi elə deyil ? Siyasət özü şouya dönüb. Seriallar, duzsuz şoular azmış kimi bir də siyasətçilər hoqqa göstərirlər. Gündə bir qalmaqal düzəldib salırlar insanların dilinə. Bir ucdan seriallar çəkilir. Nə oldu bu sahə mataha mindi?! Bunları qadınlar çəkir ya da çəkdirir? Bu da şoudu.
O:
– Qadınlar çəkməsələr də, qadınlarçün çəkilir. Seriallara ən çox kim baxır? Qadınlar seriallara baxmasalar, bu qədər çəkilər səncə? Öz fikrimi deyirəm. Bu seriallar, maqazin proqramları, saçyoldular, intriqalar hamısı qadınlar üçündü. Vaxtlarını bunlarla öldürməkdənsə, bir işlə məşğul ola bilərlər, ancaq olmurlar. Buna görə də dünyanı qadınlara etibar eləmək olmaz.
Mən:
– Hardasa haqlısan, ancaq heç cür tam razılaşa bilmərəm. Seriala baxmaqda pis heç nə görmürəm. Məncə, sən öz cinsinə qarşı bir az haqsızlıq eləyirsən. Hamısı bekarçılıqdan baxmır. Ev işi, coluq-cocuq, ər.. qadın da istirahət eləməlidi. Hər qadının gedib hardasa əylənməyə, dincəlməyə imkanı yoxdu. Evində oturub filmini izləyir, bunda pis nə var anlamıram? Məsələn, mən o qədər dəyərli, intellektual qadınlar tanıyıram ki, ona dünyanı da etibar eləmək olar, bütün kainatı da. O da serial izləyir.
– Var. Mən də tanıyıram. Sadəcə azdı. Dünyanı azlığa tapşırmaq olmaz, axı. Mən dünya idarəçiliyindən danışıram. İstənilən halda yenə də kişilərə ehtiyac olacaq. Həm də demədim ki, bu pisdi. Deyirəm yəni yalnız bununla vaxt keçirmək olmaz. Qadını irəliləməyə qoymur bu. Əvvəllər qadınlar boş vaxtlarında gərəkli işlərlə məşğul olardılar. Toxuyardılar, tikiş tikərdilər. Nə bilim, bir sürü bu cür sənət yaranıb qadının boş vaxtında.
Mən:
– Bu, kişilərin siyasətidi. Kişilər görür ki, hakimiyyət getdikcə əldən çıxa bilər. Ona görə də altdan-altdan qadınları yayındırırlar .
Nəhayət ki, çox sevdiyim gülüşünü eşitdim. Üzünə yumşaqlıq gəldi. Gülümsəməsi yenə məni valeh elədi.
O :
 – Qadınların tərəfində olman çox maraqlıdı. Sən heç vaxt bizi öz həmcinslərinin ayağına vermirsən. Amma mən qadınlara çox əsəbləşirəm. Niyə özlərini bu yerə qoyurlar? İmkan verməsinlər də buna.
Mən:
– Heç sən də bizim tərəfimizi vermirsən. Ancaq mənimçün əsas odu ki, qadınlar safdılar. Onlar bu nəhəng siyasətinin qabağında dura bilməzlər. Cavaxarlalı tanıyırsan da yəqin?
O:
– Aydın məsələdi.
Mən:
– Ay sağ ol. Onun məhbəsdən qızına yazdığı məktublar var. Sonradan bacısı o məktubları kitab kimi buraxıb – “Dünya tarixinə baxış”. Cavaxarlal qızını tarixi gedişatla tanış edir. Əvvəlcə yazır ki, qədim insanlar ov ovlayırdılar. Sonra gördülər torpaqda mənfəət var, başladılar becərməyə, əkinçilklə məşğul olmağa. Beləliklə, inkişaf getdi, insanlar yaratmağa, qazanmağa başladılar belə-belə. Və bu günə kimi bütün insanlar işləyir, çalışır, iqtisadiyyat, istehsalat güclənir get-gedə. Gəlirlər artır. Sonra deyir, sən düşünə bilərsən ki, o zaman niyə kasıblar elə kasıb olaraq qalır? Yazır, ona görə ki, idarəçilər başqasının halal qazancını şir iştahasıyla özlərinə götürür. Cavaxarlal başqa ölkədə, başqa sivilizasiyada yaşamış tamam başqa bir dövrün adamı, siyasətçisi olub. Onun zamanından bu yana nə dəyişib?
O:
– Böyük dəyişiklik yoxdu.
Mən:
– Yenə də kasıb kasıb olaraq qalır da, düzdü?
O:
– Düzdü.
Mən:
– Bu idarəçilik Cavaxarlaldan bu yana kişilərin əlindədi. Demək ki, bütün bu haqsızlıqları, acgözlüyü, tamahkarlığı edən bizik də? Elə deyil? Biz sahib çıxırıq da başqasının haqqına. Məncə, qadınlar bu qədər qəddar ola bilməzlər. Bu qədər günahın altına girməzlər. Məsələn, sən. Düşünürəm ki, sən bunu eləməzsən.
O:
– Bilmək olmaz. Hakimiyyət elə şeydi, onu ancaq əlində olanda dadmaq mümkündü. Mən deyə bilmərəm, əlimdə güc olsa, bu cür qalaram, yoxsa dəyişərəm, soyuqqanlı olaram, ya yox. Deyə bilmərəm. Amma bir söz deyim. Adam hər şeydən sorumlu olanda elə məsələlər var ki, istəməsə də, ona göz yummağa məcburdu. Kişi hər şeydən sorumludu. Bu bəyəm asandı? O, özü də istəmədən radikal addımlar atmalı olur bəzən. Bu kiminsə hüququnu poza da bilər. Dünyanın ümumi axışı üçünsə vacib olar. Qadınlar heç vaxt bu yükün altına girə bilməzlər. Dünyanı yalnız bir cins idarə edir. Bu cinsin adı erkəkdi. Ona görə də qadınlar sizə həsəd aparırlar.
Mən:
– Sən də həsəd aparırsan?
O:
– Mən qadın deyiləm? 
Mən:
– Onu demək istəmədim. Sən bir az...
O:
–Nə bir az?
Mən:
– Bir az başqa cür qadınsan. Yəni sən də elə kişi kimisən...
Üzünü elə bil don vurdu bir anın içində. Yorğun üzünü una salıb çıxartsaydılar əminəm ki, eynən bu cür ağarardı. Pərt oldu, yoxsa əsəbləşdi, bilmədim. Üzüldümü, incidimi, anlamadım. Gözə girən bir durğunluq vardı çöhrəsində. Könlünü almağa söz də tapmadım. Düzünə qalsa, heç axtarmadım. Axtarsaydım belə, o dumanlı başla, o yorğun beyinlə çətin tapardım. Mən onu incitmək də istəmirdim, onun könlünü qırmaq bəlkə də, bu dünyada ağlımnan keçən ən sonuncu fikir olar. Neyniyək? Belə alındı. Həm də köntöy bir söz dediyimi düşünmürdüm. O, həqiqətən də kişi kimiydi.
Mən:
– Pis mənada demirəm. Yəni yükün bir kişinin üzərinə düşən ağırlıqdan az deyil.
O:
– Hmm.. anladım. Baxırsan, halıma yazığın gəlir. Elə bilirsən anlamıram? Bütün günü gözün üzümdədi. Ürəyində deyirsən, ay yazıq, sən də qadınsan? Bilirəm, bu cümlə üzünə yapışıb qalıb. Mən kütbeyin-zad deyiləm. Hər şeyi hiss eləyirəm.
Mən:
– Niyə belə kobud? Sən mənə yad adamsan? Mən necə sənin barəndə belə qaba şeylər fikirləşə bilərəm. Sadəcə, ürəyim yanır. Görürəm çox çətin bir işdi. Sən həkim adamsan. O qədər oxumusan. Doktor adı gələndə insanlar ayağa qalxıb yer verirlər. Sənsə doktor adam, ordan basa-basa gəlib burdan qadın başına mal alıb daşıyırsan ailəni dolandırmaq üçün. Onu fikirləşirəm. Burda nə var ki? Bu ayıb deyil... Amma sən doktorsan, axı.
O:
– Yox. Sən təkcə bunu düşünmürsən. Sən həm də düşünürsən ki, niyə mən təkəm, niyə uşağım yoxdu, niyə görüşdüyüm adam yoxdu. Niyə öz ailəm yoxdu. Niyə o yoxdu, bu yoxdu.. Mənim bilirsən nə qədər şansım olub? Mən çox varlı ailənin qızı olmuşam. Biz üç bacı qabağımızda qulluqçu görmüşük anadan olandan.
Mən:
– Mən nə dedim sən belə əsəbləşdin?
O:
– Heç nə. Sən elə heç nə demədiyin üçün mən əsəbləşirəm. Sən məni tanıyandan bircə dəfə də olsun heç nə soruşmamısan. Bu bilirsən nə deməkdi?
Məni elə bil yatağıma hördülər. Qupquru qurudum. Danışa bilmirdim. O coşmuşdu, cavab zad gözləmirdi.
O:
–O deməkdi ki, sən mənə elə acıyırsan ki, sual verməyə də cürətin çatmır. Gör mən sənin gözündə necə aciz, necə yazıq, biçarə məxluqam. Sual verib məni incitməkdən də qorxursan. Amma mənim çox gözəl həyatım olub. İndi də narazı deyiləm. Bacılarımın yükünü çəkməyi özüm istəmişəm. Mən beləyəm, öz ailəmə çox bağlıyam. Sən mənim barəmdə nə bilirsən ki? Heç nə. Heç nə bilmirsən.
Mən:
– Danışsan bilərəm.
O:
– Mən heç nə danışmaq istəmirəm. Sən kobud adamsan. Mən səninlə danışmaq istəmirəm. Yuxum gəlir. Yatıram. Gecən xeyrə...
Coşub-daşdı və başını yastığa atıb həmişəki kimi o dəqiqə yuxuya getdi... Elə bil indicə ciddi-ciddi söhbət eləmirdik. Həmən yuxulamağına da şaşırırdım. Həmişə belə olurdu. Bu onda genetik idi, yoxsa canındakı yoğrunluqdanmı, uzanan kimi yatırdı, bilmirəm. Amma göz qırpımında yoxa çıxırdı sanki. Əsəbləşməyi də çox çəkmirdi. Tüstü kimi görünüb itirdi. Fısıldamağa başladı. Yorğun yatanda astadan fısıltısı gəlirdi. Həzin bir fısıltı. Qadın fısıltısı...
İşığı söndürüb eyvana çıxdım. Siqaret yandırdım. O qədər şey fikirləşirdim siqaretdən qullab almağa vaxtım olmadı. Bir də baxdım uzun bir kül çubuğu yaranıb. Onu söndürüb təzəsini yandırdım. Bir-iki siqaret belə. Nəsə siqaretin ləzzətini ala bilmirdim. Deməli, onun haqqında nə düşündüyümü bilirmiş. Kişilərə qarşı biganə də deyilmiş. Üstəlik, ona acıdığımı düşünüb əzab çəkirmiş. Mən abdalsa elə bilirdim o heç nə hiss eləmir. Məni lap mağmın hesab eləyir yəqin.
Ürəyim sıxıldı. Cızma-qara eləmək istədim. İçəridən dəftər qələmimi gətirib eyvanda oturdum. “Dünyanı bir cins idarə edir”. Dünyanı kişilər idarə edir başqa söhbətdi, bir cins idarə edir başqa. Yəni ikicinsli bir dünyada ancaq bir cinsin idarəçiliyi dünyanın hər yerini qoşun kimi sarmaqdı. Dünyaya fərqli açıdan baxsaq, alışdığımız kimi yox, məsələn, tamamilə başqa bir varlığın, başqa bir planet sakininin gözüylə, görüntü o dediyi kimidi – dünyanı yalnız bir cins idarə edir. Şəxsən mən ağıllı qadınlara vurğunam, amma mənim vurğunluğum gerçəkliyi dəyişmir. Belə qadınlar tək-tük gözə dəyir, ümumi fonda görünmürlər. Məsələn, Prustun öz-özünə verdiyi “Tarixdə qadın idealınız kimdi” sualını mənə versələr, “Vulf” deyərəm. Belə də qadın olar? Vulfla üz-üzə gəlmək üçün nələr verməzdim. Virciniya... Ax, Virciniya. Ada bax. Adamı hayıl-mayıl eləyir. Təsəvvür edirəm ki, evimdə Virciniya Vulf yaşayır. Mənimdi. Qadınımdı. Ona toxunuram, onunla danışıram, onu əzizləyirəm. O məni əzizləyir. Mənə çay dəmləyir. Mənimçün yemək hazırlayır. Bir kişi üçün bundan böyük zövq ola bilərmi?
Virciniya... Niyə də dünya bu cür qadınların əlində olmasın?
Virciniyanın “Planetdə cins çatışmazlığı var” fikri məni alt-üst eləmişdi bir vaxtlar. Oxuyanda şaqqanaq çəkib gülmüşdüm. Cins çatışmazlığı aa. Sən qadının ədasına bax. Dediyi fikrə bax. Özünü təqdim elədiyi müstəviyə, zirvəyə bax. İndi otaq yoldaşım “planeti yalnız bir cins idarə edir” deyəndə Virciniyanın bu fikrini xatırladım. Yuxulamasaydı, onu elə beləcə də öyəcəkdim. Lap Virciniya Vulf kimi danışırsan, deyəcəkdim. Bəxtəvərin qızı elə tez yuxulayır ki. Əsəbləşəndə lap tez yatır. Bu cür gözəl tərifdən məhrum oldu. Səhər bunu deyəcək ruhda olmayacam yəqin. Görəsən, planetdə başqa cinslər olsaydı, necə olardı? 3-cü , 4-cü , 5-ci.. cins olsaydı, həyat başqa cürmü sürərdi? Tam başqa cürmü yaşayardıq? Bəlkə onda qadınlarla minillik davamız da heç olmazdı. Çoxcinsli bir dünyada hər kəsin payına layiq olduğu düşərdi. Bəlkə də, yox. Yenə də hər kəsin nəfsi onu başqasının düşməninə çevirəcəkdi. Yazdım, düşündüm, yazdım, düşündüm... Yuxum gəlmədi ki, gəlmədi. Belə çıxmasın ki, onu əsəbləşdirdiyimə görə yuxum ərşə çəkilmişdi. Guya mövzunu bəhanə edib başımı qatırdım. Yox. Elə deməzdim. Olur da, bəzən adamın gözünə yuxu getmir. Əslində, yerinə düşdü. Bütün günü bir yerdə olmağımız o yana, az qala yatanda da eyni vaxtda yatıb, oyananda eyni vaxtda oyanırdıq. Bir saat yalnız qalmağa fürsət tapmırdım. Yaxşı oldu, bir az yalqız qalaram. Onu otaqda qoyub şəhərə çıxdım. Nəhayət, təkbaşımaydım. Darıxmışdım təkliyimçün. Sözün düzü, bu günlər necə keçirdi hiss eləmirdim. Ancaq indi küçələri təkcə dolaşanda başa düşdüm ki, beləcə tək gəzişmək üçün darıxmışam. Özümçün darıxmışam, sən demə. Bu yaşa qədər hələ bütün günü böyrümdə kimsə olmayıb. Təkcə nəfəs dərməyə imkan tapmadığım da yadıma gəlmir. Adama sual verərlər: o zaman nə işin var burda? Bilmirəm. O, mənə çox yaxşılıqlar eləyib. Çox zəhməti var üstümdə. Mən də onun çiyninə çiyin verməliyəm, ya yox? Belə baxanda həmişə yanında oluram. Niyə bura gəlməməliydim? Yemək bişirib çağıranda qaça-qaça gedirəm. Bura niyə gəlməməliyəm? Bir də mən yazıçıyam. Hər yer mənimçün mövzudu. Nə olsun ona mövzu kimi baxmamışam. Hadisələr özü bəsdi də. Ağlım qarışdı. Başım şişdi. Bircə şey bilirəm ki, onun yanında olmaq istəyirəm, vəssalam.
Səhərə yaxın otağa qayıtdım. Onu oyatmamaq üçün sakitcə qapını açdım. Amma ayaqda idi. Mənim dəftərim də əlində.
O:
– Maraqlı şeylər yazmısan...
Mən:
– Səncə, icazəsiz kiminsə yazdığını oxumaq necə hərəkətdi?
O:
– Bildim belə deyəcəksən. Ayıldım gördüm yoxsan. Tualetin işığı sönülü idi. Eyvanda olduğunu fikirləşdim. Çıxdım gördüm kətilin üstündə dəftər var. Özümü saxlaya bilmədim. Açıb baxdım.
Əsəbləşdim. Ondan belə iş tutmasını gözləməzdim. Orda çoxlu şəxsi qeydlərim vardı. Lap olmasa da, oxuması doğru deyildi.
O:
– Diktafonun var? – birdən soruşdu.
Mən:
– Var.
O:
– İstəyirsən sənə macəralarımdan danışım, yaz. 
Mən:
– Nə macəraları?
O:
– Sevgi.
Mən:
– Nəə?
O:
– İstəyirsən?
Mən:
– Elə indi?
O:
– Hə. Bu gün alış-verişə çıxmayaq. Lazım olanları almışıq. Sağ olasan, sənə görə işimi tez bitirdim.
Niyə bu qərara gəldiyini bilmirəm. Onu danışdırmaq istəyirdim hər halda. Madam özü həvəsə gəlib, niyə qaşınmayan yerdən qan çıxarım. Artıq sual verərəm, yenə nəsə xoşuna gəlməz, fikrini dəyişər. Əlimə bu cür fürsət düşüb.
Yol çantamnan diktafonumu götürdüm. Üz-üzə oturduq. Gözlərimin içinə dik baxırdı. Dimdik.
O:
– Yandır.
Sakitcə yandırdım diktafonu. Axşama kimi onu dinlədim. Necə danışıbsa, nə danışıbsa, hansı formada deyibsə, bir az əl qatıb qələmə almışam.  
“Mənim həyatımın yaxşı günləri çox olub. Lap çox. Düzdü, onların hamısı yaşanıb bitib, ancaq nə olsun, onları ki mən yaşamışam. Bu, gözəl deyilmi?! Həyatımda necə dəyərli insanlar olub. Necə maraqlı... Məni sevən elə yaxşı kişilər olub ki, onların hamısına həmişə içimdə bir minnətdarlıq hissi var. Sağ olsunlar ki, məni belə gözəl seviblər. Sevgi gözəl duyğudu. Onsuz yaşamaq mümkün deyil. Həyatı qiymətə mindirən sevgidi. Bu bəlkə də, sadə cümlələrdi. Ancaq bax ki, necə doğruçudu. Zəhləm gedir yalandan. Düzüb-qoşmaq qədər iyrənc heç nə tanımıram. Bir də məncə, düzüb-qoşanda da gərək gerçəyi bəzəyib-düzəyəsən ki, inandırıcı olsun. Məsələn, mən indi desəm ki, ömrüm boyu ancaq bir kişini sevmişəm, bu olacaq ağ yalan. Deməli, mən özümdən sevgi qoşuram. Desəm ki, birini o birindən çox sevmişəm, bu da olacaq saxtakarlıq. Məncə, sevginin azı-çoxu olmur. Sevgi ya olur, ya da olmur. Ya sevirsən, ya da sevmirsən də, bunun başqa tərəfi yoxdu ki. Desəm yalnız biri ömrü boyu yanımda olub, bu, gerçəyi bir az düzüb-qoşub danışmaqdı. Gerçək odu ki, o həmişə həyatımın bir parçası olaraq qalıb. Sadəcə, hərdən onu qoyub başqasını sevmişəm. Belə olub. Ancaq bu o demək də deyil ki, mən başqasını sevəndə onu unutmuşam. Yox, elə deyil. Onu da sevmişəm, bir az başqa cür sevmişəm. Elə bil ki, özünə ürəyini titrədən gözəl, bahalı, antik aksesuar alırsan. Onu həmişə taxmaq olmur, axı. Bəlkə də heç taxmaq olmur. Hara taxacaqsan? Bu qiymətli antik maldı. O sadəcə evində dursun deyə sənə lazımdı. Ona sahib olduğun üçün mutlusan. Mutlusan ki, sənin belə qızıldan qiymətli əşyan var. Tək bu əşya evinə muzey havası gətirir. Mənə bax e, gör sevgilimi nə ilə tutuşdururam. Antik əşya. Lap ağlımı itirmişəm. Demək istəyirəm ki, bu bütün dövrlərdə dəyərini itirməyən , əksinə yeri gələndə getdikcə qiyməti qalxan bir nəsnə kimidi. Ərdardan danışıram. Biz tanış olanda ikimizin də 17 yaşı vardı. Heç təsəvvür edə bilməzsən ki, biz harda tanış olmuşuq. Ziyarətgahda. Hə, inan ki, biz orda tanış olmuşuq. Adam da ziyarətgahda tanış olar? Xalx ora dilək üçün, dua üçün gedir. Bu boyda ölkədə tanış olmağa yer yoxdu, düşünə bilərsən, heç incimərəm. Bunun parkı var, kafesi var, universiteti var, qonşuluğu var, küçəsi var lap uzaqbaşı. Ziyarətgah a. Nə bilim, belə oldu. Sözün düzü mənim belə işlərdən başım o qədər də çıxmır. Dini yerləri deyirəm. Heç bilmirəm ora gedəndə nə demək, neynəmək lazımdır. Eləcə ailəm gedirdi, məni də qoşurdu özünə. Bacılarım da yaman həvəsliydi bu cür yerlərə getməyə. Baxırdım onlar neynəyir, mən də onu eləyirdim. Məsələn, onlar da hamı kimi eyni qaydada bir qəbrin başına fırlanırdı, mən də qoşulurdum onlara, fırlan ki, fırlanasan. Ya da hamı kimi onlar da ovcunu açıb yuxarı baxırdı, mən də elə eləyirdim, ovcumu açıb yuxarı baxırdım. Ancaq sözün düzü bilmirəm ki, bunun mənası nə idi. Heç indi, bu yaşımda da bilmirəm. Qorxumdan da heç kimdən soruşmuram. Deyirəm birdən bunu bilməmək çox ayıb bir iş olar, mənə tərs-tərs baxıb haqqımda pis şeylər fikirləşərlər. Kafir kimi görünərəm. Əslində, mən kafir deyiləm. Heç kafirin nə demək olduğunu da bilmirəm. Deyəsən, Allaha inanmayanlara deyirlər. Nə bilim, başımı itirdim lap. Deyirəm axı, bu işlərdən heç nə anlamıram. Mexaniki eləyirəm hamısını. Görürəm hamı oruc tutur, mən də tuturam. Görürəm hamı danışanda “inşallah” deyir, mən də deyirəm. Sözün düzü, bu məsələlərlə uğraşmağa həvəsim yoxdu. Yoxsa, öyrənib bilərdim. Mənimçün o qədər də fərq eləmir. Dərinə gedəndə əslində, mən Allaha inanıb-inanmadığımı da bilmirəm. Doğru sözümdü. Bunu heç düzüb-qoşmuram. Bilmirəm gerçəkdən. Allah barədə düşünməmişəm. Ailəmlə ziyarətgahlara gedəndə də, dediyim kimi, mexaniki getmişəm. Heç Allah yadıma düşməyib. Yadıma düşsə, guya nə olacaq ki? Lap tutalım yadıma düşdü. Neyniyəcəm ki, guya? Çox elə Allaha bu lazımdı. Yaşayırıq da özümüzçün. O öz işində, mən öz işimdə. Bir-birimizə dəyib dolaşmırıq. Doğru sözümdü. Mən heç Allahın zəhləsini tökmək fikrində də olmamışam. Yadıma gəlmir ki, ondan nəsə istəyim. Nə istəyəcəm axı ondan? Mənim hər şeyim var. Guya elə istəyən kimi də verəcəkdi. Başqa şeydən danışırdım, aləmi yenə qatdım bir-birinə. Həmişə beləyəm. Yəqin bilirsən. Bir mövzunu kəsib qəfildən başqa mövzuya keçməyim var. Elə qəribədi ki. Özüm də hiss eləmirəm bu söhbətə necə gəlib çıxdım. Birdən ayılıram ki, tamam başqa şeydən danışıram. Əslində, demək istədiyim bu deyildi. Hə, xatırladım. Ərdarla tanışlığımızdan danışırdım. Həftə sonuydu. Bizimkilərin boynunda qurbanlıq vardı. Heç mənim qurbanlıq məsələsindən də başım çıxmır. Onu bilirəm ki, adamlar bir dilək tutub qurban deyirlər. Diləkləri gerçəkləşəndə qurban kəsirlər. Adətən bu qurban qoyun olur. Çünki nə balacadı, nə böyük. Sərfəlidi . Böyük olsa gərək inəkdən- zaddan kəssinlər. Bu baha başa gəlir. Balaca da olsa xoruzdan, toyuqdan kəsməlidilər, bu da onların fikrincə, ucuzvari qurbandı. Odu ki, qoyun ən uyumlu seçimdi. Heç bilmirəm bunları niyə dedim. Nəsə. Biz getdik ziyarətgaha qoyun kəsdirməyə. O ziyarətgahda hamı belə edir. Gəlib qurbanını kəsir. Bizimkilər öz işlərindəydi. Bacılarım belə məqamları əldən vermirdilər. Mütləq gedib tamaşa edirdilər. Mən təkcə ziyarətgahın həyətində dayanıb adamlara baxırdım. İçəri girəndə qadınlar başlarını bağlayırdı, kişilər ağır görünməyə çalışırdı, uşaqların heç nə veclərinə deyildi, ancaq hansına evdə bərk-bərk tapşırılmışdı ki, sakit dursun, allah baba göydən baxır, o uşaq bir az sakit aparırdı özünü. Bilinirdi də kənardan. Bir məcməyidə çoxlu konfet qoyulmuşdu. Gələn-gedən götürürdü. Bu da nəzirin bir üsuludu. Kimsə gətirib paylayır. Eləcə durub key-key ağzımı ayırıb baxırdım. Bilmirdim neyniyəm. Belə yerlərdə durmağa yer tapmıram. Çaş-baş oluram. Yan tərəfdə su lüləyi açıq idi. Su eləcə axıb gedirdi. Yanında bir- neçə bardaq qoyulmuşdu. Gələn-gedən həmin bardağlara su doldurub içirdi. Lap iyrəncilik idi. Hamısı eyni bardaqdan necə içir? – fikirləşirdim. Bəlkə birinin xəstəliyi var. Elə yalandan yaxalayıb başlarına çəkirdilər. Fikrim qalmışdı su içənlərdə. Bir də gördüm bir enlikürək oğlan mənə yaxınlaşır. Qəbir tərəfdən gəlirdi. Bu ziyarətgah seyid qəbri idi. Oğlan düz ordan üstümə gəlirdi. Fikirləşdim yəqin mənə elə gəlir ki, üstümə gəlir, ötüb keçəcək. Keçmədi. Gəlib qabağımda durdu. Gözünü zillədi üzümə. Matım –mutum qurumuşdu. Bu nə istəyir? Bir az qorxdum düzü. Bəlkə su içənlərə pis-pis baxmışam, bu da buranın nəyidirsə kənardan görüb, iyrəndiyimi hiss eləyib, indi deyəcək ki, bura ziyarətgahdı, burda adama xəstəlik keçməz, şəkk gətirmə, günahdır nə bilim nə. Adətən orda belə söhbətləri qulağım tez-tez çalırdı. Dedi dedi də. Nə bilmək olar? Özümü itirdim. Nə başını ağrıdım, qeyri-adi bir şey olmadı. O, yaxınlaşıb özünü tanıtdı. Bizim məktəbdə oxuyurmuş, 5-ci sinifdə başqa məktəbə keçib. Məni görən kimi tanıyıb, çünki o vaxt da hamıdan seçilirmişəm. Belə-belə sözlər danışdı. Onu yadıma sala bilmədim. Ancaq özümü o yerə qoymadım. Handan- hana özümü elə göstərdim ki, guya xatırladım. Heç xatırlamadığmı da üzünə ömrü boyu vurmadım. Hər dəfə “səninlə tanış olduğumuz gün” deyəndə, cümləmə düzəliş edirdi. “Tanış olduğumuz yox, rastlaşdığımız gün. Biz ona qədər bir-birimizi tanıyırdıq”. Yalansa. Mən heç ziyarətgaha qədər onu görməmişdim. Ancaq qəlbinə dəymək istəmirdim. İnciyərdi. Bizimkilər qurban kəsmə mərasimindən gəlib çıxdılar, nəhayət. Əldən düşmüşdülər. Yanırdılar sussuzluqdan. Düzəlləndilər suya tərəf. Ürəyimdə dua eləyirdim ki, o bardaqlarda içməsinlər . Ziyarətgahda bircə dəfə ona görə dua eləmişəm. Dəqiq yadımdadı, dua eləyirdim ki, bizimkilər hamının bardağında su içməsinlər. Deyirdim kaş suyu ovuclarıyla içəydilər. Sən saydığını say. Başlarına çəkib elə qurtuldatdılar ki, bunu təkcə görmədim, həm də eşitdim. Elə də ürəklə içirdilər elə bil bardaqları evdən gətirmişik. Ürəyim bulandı. Çox vasvası adamam . İndi də evdə ayrıca qab-qaşığım var. Düzdü, o vaxtkı kimi deyiləm, amma yenə elə çimçəşənəm. Kişilərin acığı gəlir vasvası qadından. Usandırıcıdı bu, bilirəm. Onlar evdə rahatlığı sevirlər, azadlığı. Vasvası qadın evdə kişinin davranışlarına sərhəd qoyur. Bunu bura qoyma, onun yeri ora deyil, ayaqqabıyla ora keçmə. Küçə paltarıyla yatağa oturma. Zəhlələri gedir belə şeylərdən. Qadın gərək bu hissi içində boğub öldürə.
(Davamı olacaq)
Aysel ƏLİZADƏ,
 



Bu yazı ( 563 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar