12px14px16px18px

İstanbul yazıları

QİSMƏT
05:05 / 22.10.2011
(Əvvəli ötən saylarımızda)

Üçümüz də ürəyimizdə tutduğumuz arzunu düşünə-düşünə fikrə getdik. On dəqiqəmi, bir saatmı keçdiyini bilmədən, bir də baxıb gördük ki, İstanbulda səhər açılır. Günəş asta-asta boğazın sularına, asma körpüyə, yavaş-yavaş görünməyə başlayan balıqçı sandallarına dişlərini göstərməyə başlayırdı. Səhər açılanda, biz yatmağa getdik.
Sürücü bizi Palaska sokakda düşürəndə yorğunluqdan, halsızlıqdan ayaq üstə güclə dururduq. Evə girən kimi elə paltarlı-paltarlı özümüzü çarpayımıza atdıq. Hərəmiz öz çarpayımızdan mızıldana-mızıldana “sabah hara gedək?” sualına öz versiyamızı deyirdik: Topqapı, Yerəbatan, Ayasofiya, Dolmabaxça, Qalata qülləsi, Sapfir... Ta demirdik ki, artıq sabah olub. Halsız da olsaq, dilaltı mızıldansaq da, üçümüzün də yuxuya getmədən öncəki sözü eyni oldu: “Gözəl gün idi...”

19. Evə dönüş.

İstanbula elə aludə olmuşduq ki, geriyə qayıtmaq haqda düşünmürdük, cibimizdə olanı sağa-sola xərclədiyimizdən artıq iflasın eşiyindəydik. Bu üzdən də ən ucuz variantı seçib, Bakıya avtobusla qayıtmağı qərara aldıq.
Ruhlan bizi avtovağzalda yola salanda siqareti-siqareti caladı və gün eynəyini qəti çıxarmadı. Bildim ki, kövrəlib. Yenə əjdaha boyda bir şəhərdə tək qalmaq vardı. Həmişə az danışan Şaiq indi deyingən olmuşdu. Dəqiqəbaşı eyni sözü təkrarlayırdı: “Alə, adam getmək istəmir...” Mən lap qarmaqarışıq hisslər içindəydim. Valideynlərim, nişanlım, dostlarım üçün darıxmışdım, amma İstanbulu da tərk etmək istəmirdim. Bir yanda uşaqlıqdan böyük sevgiylə vurulduğum İstanbul, orda yaşayan tələbəlik dostum Ruhlan, bir yanda da doğulduğum şəhər, sevdiklərimin yaşadığı Bakı. Ani olaraq beynimdən qeyri-mümkün bir düşüncə keçdi. Dedim, kaş İstanbulu özünlə Bakıya apara biləsən, ya da tərsinə.
“Mahmud Turizm”in sürücüsü, yəni bizim gedəcəyimiz avtobusun şoferi motoru işə saldı və biz dostumuzla sağollaşıb, yerimizə keçdik. Maşın yerindən tərpəndi. Ruhlanın başını aşağı salıb siqaret sümürən silueti get-gedə balacalaşıb, gözdən itdi. Şaiq “Ağlayır...” – dedi. Mən o andaca sol cibimdə hazır saxladığım poetik qumbaralardan birini çıxarıb partlatdım: “İstanbul Ruhlanın gözləriylə arxamızca su atır, Şaiq...”
Qarşıda 2 günlük yolumuz vardı. İstanbuldan uzaqlaşdıqca bu 48 saatı necə keçirmək barədə düşünürdük. Xoşbəxtlikdən, avtobusda hər oturacağın arxasında televizor vardı və filmə baxmaq, musiqi dinləməklə vaxtı bir az öldürə bildik. Yolboyu hər yarımsaatdan bir sərnişinlərə su, çay, şirələr təklif olunurdu və hər bir-iki saatdan sonra “ehtiyac fasiləsi” üçün düşürdük. Maşınımız sürətli rezin ayaqlarıyla Bakıya üz tutsa da, bizim üçün vaxt tısbağa yerişiylə gedirdi. Yola çıxmağımızdan bir neçə saat keçmişdi ki, Şaiq darıxmaq, geri qayıtmaq barədə “nisgilli” söhbətinə başladı. Aramızda belə bir dialoq oldu:
– Nəyi üçün darıxırsan İstanbulun?
– Cihangirdəki pişiklər üçün.
– Dolama məni, ciddi de.
– Hər şey üçün. Nə bilim, konkret nə deyim. Elə bil uzaqlaşmağa başladıqca orda adi görünən hər şey dəyərə minməyə başlayıb.
– Hə, mənə də elə gəlir.
– Qayıdanda yazacaqsan qəzetə?
– Mütləq. Qeydlərim var. Məndən olsa, təkcə Topqapı sarayından elə üç-dörd həftə yazaram.
– Hə, ora mənə də ləzzət elədi. Musa peyğəmbərin əsası, Məhəmməd peyğəmbərin saqqalından bir tük, Həzrəti Fatimənin xirqəsi... Dəhşət şeylərdi. Amma ən çox hökmdarların taxt-tacları, xəzinəsi, qənimət kimi gətirilmiş başqa əşyalar diqqətimi çəkdi.
– Mən Musanın əsasını görəndə çaşdım. Kəbənin açarlarının da qəribə aurası varıydı. Sonra, nəydi o yekə almazın adı?
– Qaşıqçıydı, nəydi...
– Hə, qaşıqçı almazı. O boyda almaz olar?! Dəhşətdi.
– Görmədin, bütün turistlər toplaşıb ona baxırdılar.
– O turistlərin ağzının suyundan Əhmədliyə su çəkmək olardı.
– Dolmabaxça da dəhşətdi. Kişilər yaşayıb da. Görmədin, təkcə “Haremlik” hissəsi nə boydaydı.
– Hə, İstanbulun bütün muzeylərində böyük bir ənənə, nə bilim, nəhəng miqyas hiss olunur. Hər şey çox təntənəlidi Dolmabaxçada.
– Elə olmalıdı da. O boyda imperiya olub.
– Yerəbatan da maraqlı yerdi, amma həm də adamda elə təəssürat yaradır ki, burda nə var axı belə, niyə buranı muzey kimi istifadəyə veriblər?...
– Mənim ən çox oranın atmosferi xoşuma gəldi, nəsə mistik bir aura vardı.
– Olsun e atmosferi mistik, amma o iki dənə meduza heykəlindən başqa nə vardı axı orda sərgilənəsi? Hə, bir də ağlayan sütundu, tərləyən sütundu, nədi o. Tavandan su damır, daşa ad qoyub camaata göstərirlər.
– Sən də birdən ifrat maksimalist, hədsiz realist olursan e...
– Nə bilim, hər halda Yerəbatanın aurasını mən də sevdim, amma xüsusi nəsə yoxdu orda. Atmosferinə görə içəridəki kafedə oturub, kappuçino içib, dərin düşüncələrə dalıb, muzeysevər kimi, tarixin təəssübkeşi kimi görünmək olar...
– ... Bura haradı alə, niyə saxladı burda?
– Düşək, düşək, biləcəyik.
Trabzonda, düz Qara dənizin sahilindəki xudmani bir çay evində fasilə verdik. Qaradənizlilərin ləhcəsi Şaiqə qəribə gəldi, “bunlar niyə belə danışırlar?” – dedi. Trabzonun, Rizenin, Giresunun, yəni Türkiyənin Qaradəniz tərəfindəki şəhərlərinin məişəti bizim Şəkiyə çox oxşayır. Yeməkləri, ləhcələri, lətifələri və sairə. Sadəcə, bizim Şəkinin məşhur futbol klubu yoxdu və dəniz sahilində deyil. Şaiq kiçik arayışımı diqqətlə dinləyib, ofisiantların öz aralarındakı söhbətlərinə qulaq asmağa başladı. Sonra çayını qurtum-qurtum içib, bic-bic qımışaraq soruşdu: “Səncə, bunlarda da Hacı dayı var?“
Çənəm qızışdı:
– Türkiyənin Qaradəniz bölgəsinin ən ünlü lətifə qəhrəmanları Təməl və Dursundu. Gəl, sənə bir Təməl fıkrası danışım, gör xoşuna gəlirmi?
– Danış
– Təməllə Dursunun kafedə sözü çəp gəlir. Biri deyir ki, süd içməliyik, o biri deyir qəhvə. Mübahisə uzanır. Axırda işə ofisiantlardan biri qarışıb təklif edir ki, siz qapıya baxın, içəri əvvəlcə qadın girsə, qəhvə için, kişi girsə süd. Təməl deyir, olmaz. Ofisiant səbəbini soruşur. Təməl qayıdır ki, ula, uşaam, birdən qapıdan Bülent Ersoy girsə... Şaiq gülmədi, könülsüz gülümsündü. Sadə bir səbəbə görə: Şaiq Bülent Ersoyu düz-əməlli tanımır...
Avtobusumuz özünü əjdaha yolların ağzına atdıqca, içəridəki adamlar get-gedə bir-biriylə mehribanlaşırdılar. Təbii ki, narazı ovqatlı bizimkilər də vardı. Məsələn, ən arxada oturan nevrotik, özündənrazı naxçıvanlı “dostumuz” yolboyu bizə su, çay, şirələr təklif edən oğlana çox maraqlı bir arqumentlə acıqlanırdı. “Bu kimdi e, bizə su verir?“ Mənə baxıb deyirdi: “Ə, qardaş, bu kimdi e su verir bizə, özün götür da bə... “Mən də başımı əvvəl “Düz deyirsən” mənasında yuxarı-aşağı, sonra isə “zəmanə korlanıb” anlamında sağa-sola yellədirdim. İstədim deyəm, ümumiyyətlə su nədir ki, biz onu içirik, məncə, suyu ləğv eləmək lazımdır.
Gürcüstanın gömrüyündə maraqlı bir iş oldu. Hamımız pasportumuza möhür vurulması üçün sırada gözləyirdik. Bizim növbəmiz yaxınlaşanda birdən şüşənin arxasında oturub möhür işinə baxan gürcüstanlı soydaşımız çölə çıxıb siqaret çəkməyə başladı. Sonra üzünü adamlara tutub amiranə səslə dilləndi: “Bu xətti görürsüz? Ondan arxada durmasanız, “peçat” vuran deyiləm. Özünüz bilin, vaxtınızdan gedir”.
Çaşıb qaldım. Necə yəni vaxtınızdan gedir? Yəni biz indi bu xətdən geri çəkilməsək, o kişi səhərəcən pasportumuza möhür vurmayacaq? Arxasını bizə çevirib eləcə siqaret çəkəcək? Biz də dinməz-söyləməz burda yaşamağa başlayacağıq? O xətt nəmənədir ki, ondan bir addım arxada qanun işləyir, bir addım irəlidə isə “qanun” siqaret çəkməyə başlayır? Məcburən hamımız xəttin “qanun işləyən yerinə” çəkildik, o saat kişi siqaretini tullayıb, qaliblərə məxsus əda ilə şüşənin arxasına keçdi.
Avtobusda birinci gecəni narahat yatdım. Bütün sümüklərim ağrıyırdı. Zatən, elə dərin yatan adam deyiləm, yolda isə heç yata bilmirdim. On beş-iyirmi dəqiqə çəkən yuxuyagetmələrdən sonra qəfil ayılırdım və beləcə, bütün yolboyu alayuxulu qaldım. Qalan vaxtda yola baxmaq, gecənin hüznündə bir-iki cümlə qaralamaq, musiqi dinləmək və bir başını kəsdikcə yeddi başı çıxan VAXTI başqa cür necə öldürmək haqda düşünmək....
Gecə Tiflisdən keçdik. Mərkəzdən Kür axır və suya əksi düşən şəhərin işıqları, yol, qulağımda musiqi, hər şey içimə nəsə doldurur, məni şeirsəl bir ovqata kökləyirdi. Düşünülmüş şəkildə bu əhvala köklənmək mümkün deyil, bunu yol özü istəməlidir.
Ən gözəl, unikal hadisə, təbii ki, bizim gömrükdə oldu. Əvvəla deyim ki, şey-şüyümüzü çölə töküb, bizi düz üç saat çöldə saxladılar. Axı biz çox dəqiq millətik, birdən Türkiyənin və Gürcüstanın gömrük işçilərinin gözündən nəsə qaçar, allah göstərməsin... Gömrükdəcə adam başa düşür ki, artıq Azərbaycandasan. Nəhayət, üç saatdan sonra bizi yoxlayıb vətən torpağına buraxmaq qərarına gəldilər. Bizdən 10 adam arxada olan bir qadın gənc gömrük işçilərindən hansınınsa cibinə çaypulu basıb, qabağa adladı və yoxlanışdan keçdi. Qadın anlamırdı ki, istəyir turbo sürətiylə adlayıb o yana keçsin, yenə də hamı yoxlanılıb qurtarmayınca avtobus yerindən tərpənə bilməz. Şaiq keçdi və sıra mənə çatdı. Gömrük işçisi səsinin qalın yerinə salıb məndən soruşdu: “Çantalarda nə var?“ “Paltar və kitablar” – dedim. Kişi hansısa ölüm işində yeni iz tapmış detektiv kimi dilləndi: “Nə? Kitab? Nə kitabı? Dini kitablar yoxdu ki içində?“ “Yoxdu”- dedim. Əmr eşitdim: “Aç çantanı, baxaq!“ Açdım çantanı. Bir-bir kitabları boşaltdı, sonra əlinə götürüb sürətlə vərəqlədi, mənim üzümə baxdı. “Nə kitablarıdı bunlar? – dedi. Nə baş verdiyini anlamadan, amma rahatlığımı da pozmadan “Roman, esse kitablarıdır” – dedim. Yenə bir-iki kitaba baxdı və qapıdakı həmkarına ironik bir səslə dedi: “Rafiq, burax keçsin, bu, roman oxuyandı...”
Vəssalam.
QİSMƏT
[email protected]



Bu yazı ( 343 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar