12px14px16px18px

Vətəndaşlığın, yaradıcılığın, şəxsiyyətin ziyalı modeli

Cahangir MƏMMƏDLİ
01:32 / 25.12.2009


Azərbaycan dövlətçiliyinin indiki çağı hər kəsdən, hər bir vətəndaşdan öz cəbhəsində maksimum fəallıq tələb edir. Özünün keçid dövrünü başa vurmaqda olan, beynəlxalq demokratik dəyərlər sisteminin tətbiqinə xüsusi önəm verən müasir Azərbaycanın sayılan-seçilən ölkələr sistemində öz layiqli yerini tutması üçün hər kəsin vətəndaşlıq mövqeyi qəti şəkildə müəyyənləşməli və bu müəyyənlik yalnız inkişafa, tərəqqiyə xidmət etməlidir. Bu vəzifələr indi hər kəsdən çox dövlət adamının çiyinlərindədir. Azərbaycanda bu gün öz vəzifələrini, cəmiyyət qarşısında məsuliyyətini dərindən duyan xeyli dövlət adamı formalaşmışdır. Azərbaycan və azərbaycançılıq prinsipini əsas tutan, cəmiyyətin, ölkənin inkişafında şəxsi məsuliyyətini, yerini, rolunu, vəzifələrini dərindən duyan insanlardan biri akademik Abel Məhərrəmovdur. Onun dövlət adamı kimi məsuliyyətinin, öhdəliyinin və bu öhdəlik uğrunda mübarizəsinin əsas məkanı Bakı Dövlət Universitetidir. Ümummilli liderimiz Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” kimi postulatından çıxış edərək, bu böyük, möhtəşəm elm, təhsil müəssisəsinin cəmiyyətin həyatında, dövlətin dövlətçilik aktında statusunu xatırlasaq, universitetin xalq həyatına nüfuzunun koofisiyentlik miqyasına diqqət etsək Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin nə qədər çətin, məsuliyyətli və bütün bunlarla belə həm də nə qədər şərəfli olduğunu dərk etmək çətinlik törətməz.
Bakı Dövlət Universiteti 18 minlik tələbə ordusunu, 3000-dək əməkdaşı birləşdirən nəhəng bir müəssisədir. Universitet, sözün müstəqim, birbaşa mənasında, min-min tellərlə Azərbaycana, azərbaycançılığa, dünyaya bağlıdır. Onun rektorlarının hamısı tarixən ayrıca elmi statusa, aydın vətəndaşlıq mövqeyinə malik alimlər olmuşlar. Onların hər birinin universitetdəki ömrünə çətin mərhələ düşmüş, lakin onların hər biri bu çətinliyi özünəməxsus fəaliyyəti, rəhbərlik prinsipləri ilə dəf etmişdir. Abel Məhərrəmov universitetə rəhbərlik estafetini tariximizin önəmli bir qismini özündə daşıyan bu insanlardan qəbul etmişdir. Abel Məhərrəmov bir dövlət adamı kimi universitet ordusunun – müəllimli-tələbəli – hər kəsin işində, fəaliyyətində, həyat prinsiplərində dövlətçiliyə xidməti əsas götürməyi tələb edir.
Bütün dünyada və o cümlədən Azərbaycanda belədir: hər kəsdən öncə başçı nümunədir. Abel Məhərrəmovun iş prinsipində bu, əsasdır. Onun tələbəyə, işçiyə münasibətindəki dövlətçilik maneraları hər kəsə örnəkdir. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinin hər bir anında, xarici ölkələrə səfərlərində, universitetə gələn xarici qonaqların qarşılanmasında – hər bir halda Abel Məhərrəmov, bir qayda olaraq, dövlət adamı kimi Azərbaycanın mövqeyindən çıxış edir.
Abel Məhərrəmovun rektorluq fəaliyyətinin uğurunu bir neçə cəhət təmin edir: 1.Abel Məhərrəmov bu universitetdə böyüyüb, bu kollektivin hər bir üzvünü yaxşı tanıyır; 2. Abel Məhərrəmov Azərbaycanın indiki çağındakı dövlət quruculuğunda universitetin yerini dəqiq bilir; 3. Abel Məhərrəmovun dövlətçiliyin inkişafına istiqamətlənmiş dəqiq vətəndaşlıq mövqeyi var; 4. Abel Məhərrəmov xaraktercə xalqa, ənənələrə bağlı rəhbərdir.
Qəribədir, biz – universitet əməkdaşları onun tələsdiyini, bəziləri kimi nəyinsə tezləşməsi üçün hay-küylə hərəkət etdiyini heç vaxt görməmişik. Ancaq onun üzərinə götürdüyü öhdəliklər həmişə vaxtında, səliqə-səhmanla yerinə yetirilir. Allah adamının bəzən baxti də Allahdan olur: universitetin uzun illərdən bəri yarımçıq qalmış bir tədris binasının bu yarımçıqlığını, ləngiməsini eşidən Azərbaycan Prezidenti İlham Əliyev dərhal onun başa çatması üçün Prezidentin Ehtiyat Fondundan 2008-ci ildə xüsusi sərəncamla 4,6 milyon manat vəsait ayırır.
Əlbəttə, bu vəsaitdən səmərəli və qısa vaxt çərçivəsində necə istifadə etmək artıq rektorun – dövlət adamının işidir. Rektorun bu dövrdəki fəaliyyəti ancaq qibtə doğura bilər. Universitet üçün patriotluğuna görə, professor-müəllim heyətinə bir dövlət adamı kimi həmişə göstərdiyi qayğıya görə o zaman hər kəs Prezidentin vəsait ayırdığı o binanın ərsəyə gəlməsinə öz əməyini verdi. Kollektivin bütün üzvlərinin işə bu cür – bütün varlığı ilə girişməsi hər şeyə görə və üstəgəl universitet rəhbərinə, onun şəxsi təşəbbüslərinə hörmətin, məhəbbətin səviyyəsindən idi.
Universitetin 80 illik yubileyi kimi, 90 illik yubileyi də Abel Məhərrəmovun qismətinə düşdü. O, yubileyə qədər cavan çağlarından öz ömrünü bağladığı doğma universitetin problemlərini həll etməli idi. Sovet inşaat “məktəbinin” birtəhər quraşdırıb təhvil verdiyi, bir çox cəhətdən yararsız, yeni avadanlıqlara möhtac, ürəyində vətən həsrəti olan hər kəsə xəcalət gətirən sınıq-salxaq auditoriyaları, toz-torpağa bürünmüş universitet həyətini sahmana salmaq, onu əsl elm ocağına çevirmək kimi problemləri yoluna qoymağa xeyli vaxt lazım idi. Abel Məhərrəmov bunları yoluna qoydu: qısa bir vaxt ərzində ölkənin elm, təhsil məbədi sayılan bu universitetin auditoriyaları, binası, həyəti... öz şəklini dəyişdi, yeni, çağdaş tələblərə uyğun bir təhsil müəssisəsi quruldu. Universitetin ən müasir standartlara cavab verən yeni tədris binası, stadionu, üzgüçülük-idman kompleksi tikildi. Bakı Dövlət Universitetinin bütün fakültələri kompyuterləşdirildi, müasir informasiya texnologiyası tələbələr üçün adi predmetə çevrildi. Universitet postsovet məkanında bənzəri olmayan kitabxana ilə, oxu zalı ilə təmin olundu. Tələbə və alimlərin ən uzaq nöqtədə olan informasiyaya əlini çatdıran elektron kitabxana yaradıldı. Kitabxana hər birinin qiyməti çox yüksək olan neçə-neçə referativ jurnallara abunəçi oldu. Bu kitabxananın oxu zalında hər tələbəyə xüsusi kabinə ayrıldı. Müəllimlər üçün nəzərdə tutulan oxu zalında Gürcüstandan, Şimali Qafqazdan, hətta Orta Asiya ölkələrindən alimlərin işlədiyini görmək adi hala çevrildi. Tədris prosesi yenidən təşkil edildi. Proqramlar, tədris planları Qərb istiqamətində quruldu və s.
Əlbəttə, bütün bunları həll etmək üçün əməlli-başlı vaxt və xüsusilə universitetə – deməli, Vətənə məhəbbət lazım idi. Azərbaycanın, universitetin əsl patriotu Abel Məhərrəmov bu vaxtı axtarmadı, onu özünə tabe etdi. Gecəli –gündüzlü ayrı-ayrı tədris korpuslarının dəhlizlərində universitetin yenidən qurulması anlarını, saatlarını, günlərini, illərini yaşadı və biz də birdən başımızı yuxarı qaldıranda bu böyük elm ocağının Qərb universitetləri ilə bəhsə girəcək görkəmindən, şəraitindən qürur duyduq... Deməli, A.Məhərrəmov doğma universiteti arzuladığı şəklə saldı. 20 minlik universitetin tələbə və müəllimləri qarşısında qürurla dayanan bu insanın daha geniş miqyaslı işə girişmək məqamı çatdı. Və akademik A.Məhərrəmov millət vəkili kimi məsuliyyətli bir vəzifəni də öhdəsinə götürdü. Xalq adamı, elm, təhsil adamı xalq elçisi statusunu qazandı.
A.Məhərrəmov Bakının Yasamal rayonundakı seçki dairəsindən millət vəkili seçildi. Onun namizədlik dövründəki çıxışlarının seçicilər tərəfindən necə qarşılandığı hamımızın yadımızdadır. Seçicilər onu həvəslə, gülərüzlə qarşılayır, verdiyi vədlərə sidqürəkdən inanırdılar. Çünki onlar A.Məhərrəmovun sözünə, vədlərinə necə əməl etdiyini onun Yasamal rayonunda yerləşən Bakı Dövlət Universitetindəki vətəndaşlıq fəaliyyətində görmüşdülər. Abel müəllimə “görünən dağa nə bələdçi” prinsipi ilə yanaşdılar və millət vəkilliyinə namizəd o seçkilərdə şəksiz bir qələbə qazandı. İndi millət vəkili A.Məhərrəmovun Milli Məclisdəki fəaliyyəti də göz önündədir: millət vəkili seçildiyi rayonun problemlərindən tutmuş təhsilimizin ümummilli problemlərinə qədər hər bir məsələdə öz mövqeyini, konstruktiv fikirlərini ictimai rəyə çatdırmaqdadır.
Məlumdur ki, dünənki institutlar, bu günkü universitetlərin hamısı Bakı Dövlət Universitetinin “şinelindən” çıxmışlar. Ona görə də, Abel Məhərrəmovun əsas vəzifəsi Bakı Dövlət Universitetinin elmi-pedaqoji potensialını, 90 illik təcrübəsini, xalq içində qazandığı sonsuz məhəbbəti artırmaq olmuşdur. Bunlar elə-belə “gəlişi gözəl” sözlər deyil. Bakı Dövlət Universiteti bütün telləri və bütün mahiyyəti ilə Azərbaycan xalqına bağlıdır. Adətən, bu tipli universitetlər bütün sivil ölkələrdə xalqın milli-mənəvi varlığı, elm, mədəniyyət ocağı, maarifçilik ideyalarının gerçəkləşdiyi müqəddəs məbəd kimi qiymətləndirilir. Rektor Abel Məhərrəmov tələbələrlə, müəllimlərlə görüşlərində dönə – dönə təkrar edir: – Universitet tələbəsi olmaq şərəf işidir, insanın öz həyatını qurmaq prosesinin uğurlu başlanğıcıdır. Universitet müəllimi olmaq isə xalqın potensial maddi intellektini gerçəkləşdirmək iddiasıdır, habelə məsuliyyətidir. Universitet müəlliminin böyük bir xalq qarşısında böyük məsuliyyəti var. Sabah ölkənin çox müxtəlif sahələrində peşəkarların təmsil olunmasına, həm də keyfiyyətlə təmsil olunmasına cavabdehlik bu müəllimin üzərinə düşür. Amma universitet müəllimi bu öhdəliyi, bu cavabdehliyi tək yerinə yetirə bilməz. Onun arsenalında tədris prosesini qaydasında aparmaq üçün çox böyük bir kompleks – kombinat var. Bu böyük universitetin qiymətini, qədrini, missiyasını bilmək Vətən sevgisi qədər vacibdir. Müxtəlif ixtisaslar üzrə 125 kafedrası, 16 fakültəsi, onlarca laboratoriyası, çeşidli qurumları olan bu universitetin yüzlərlə professor, dosent və müəllim heyətinə Abel Məhərrəmov bacarıqla rəhbərlik edir. Ölkənin ümumi mənzərəsində həmişə görünən, hiss olunan, hər evin, hər ailənin taleyində payı olan bu universitetin fəaliyyəti onun rektoruna çox bağlıdır.
Akademik Abel Məhərrəmovun təşəbbüsü ilə universitet Elmi Şurası vaxtaşırı əməkdaşların, dekanlıq və kafedraların attestasiyalarını keçirir. Belə attestasiyalardan birində hər fakültə, hər struktur ayrıca təhlil edildi və müzakirələrdən məlum oldu ki, bu attestasiya, hər şeydən əvvəl, böyük bir orqanizm olan universitet kollektivinin özünü yoxlaması, özünü saflaşdırması, nöqsanlarına diqqət yetirməsi, bir az da obrazlı desək, nöqsanlara diaqnoz qoyulması təsiri bağışladı. Xususi qeyd edək ki, illərdən bəri özünü göstərən bir sıra nöqsanlar vardı ki, indi o nöqsanlar sındırıldı, onların aradan qaldırılması prosesi başladı. Attestasiya universitet təhsilinin səviyyəsini bir daha öyrəndi. Qeyd etdiyimiz attestasiya miqyasına və xarakterinə görə universitet tarixində ilk dəfə həyata keçirilirdi. Bizcə, ilk növbədə, bu müzakirələr zamanı universitet özunü daha dərindən tanıdı. Universitet məsuliyyəti kimi maraqlı, ağır bir anlayış müzakirə edildi. Adətən bir–birindən zahirən aralı olan fakültə kollektivləri bu məsuliyyətə birgə cavabdeh olduqlarını bir daha dərk etdilər. Məsələn, aydın oldu ki, bizim dəqiq elmləri əhatə edən fakültələr, buradakı kafedra və laboratoriyalar nəinki Azərbaycanda, hətta müasir beynəlxalq arenada çoxsaylı fundemental əsərlər qoyurlar ortaya. Gerçək faktlar adamda qürur hissi doğurur. Attestasiya universitetin son 5 ildəki fəaliyyətini təhlil edib. Bu son 5 ildə BDU-da çox böyük işlər görülüb. 50-dən çox doktorluq, 200 namizədlik dissertasiyası müdafiə edilib, onlarca dərslik, dərs vəsaiti, monoqrafiya çap olunub.
Abel Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Akademik statusu elmi fəaliyyətin ən yüksək göstəricisidir. Abel Məhərrəmov, Moskva Dövlət Universitetinin aspiranturasını bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. Doğma fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan vəzifələrində çalışıb. Onun respublika və xarici jurnallarda hər il onlarca elmi məqaləsi çap edilir. ABŞ-da xüsusi kurslar keçmişdir. Abel müəllim bir elm adamı kimi universitetin xarici universitetlərlə elmi əlaqələrinə xüsusi diqqət yetirir. Elmin ən yeni sahəsi olan nanotexnologiya və Azərbaycan gerçəkliyini daim diqqətdə saxlayır.
Akademik Abel Məhərrəmovun təşəbbüsü ilə ölkəmizdə yalnız Bakı Dövlət Universitetində nanotexnologiya üzrə kadr hazırlanmasına başlanmışdır. BDU-da nanotexnologiya sahəsində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədilə kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında “Nano Araşdırmalar Mərkəzi” açılmış və hazırda nanotexnologiyalar istiqamətində tədqiqat işləri aparılır.
Abel Məhərrəmov elm adamıdır. Onun xarici ölkələrin nüfuzlu elmi jurnallarında, Azərbaycan mətbuat məkanında yüzlərlə məqaləsi çap edilib. Bakı Dövlət Universiteti alimlərinin öz əsərləri ilə beynəlxalq aləmə çıxmaları üçün şəxsi nümunə göstərən rektor elmi fəaliyyətlə dövlət işini paralel aparmağı üstün tutur. Abel Məhərrəmov 9 fundamental monoqrafiyanın müəllifidir. Bu monoqrafiyalar Azərbaycan, rus, ingilis, fars dilərində çap edilmişdir. Alim-pedaqoq 47 dərslik və dərs vəsaiti hazırlamışdır. Onun Azərbaycan, rus, ingilis, Türkiyə türkcəsində 800-dən çox elmi məqaləsi işıq üzü görüb. Kimya elminin ən müasir nəzəri nəticələrinin praktikaya tətbiqi ilə 40-dan çox patent almışdır. Öz ixtisası sahəsində – kimya elmi üzrə gənc elmi, pedaqoji, istehsalat kadrlarının hazırlanmasında müstəsna əməyi olan bu alim indiyədək 26 nəfər elmlər doktoru və elmlər namizədinə rəhbərlik etmişdir.
Abel Məhərrəmov, hər şeydən əvvəl, tələbə adamıdır. Bütün məqamlarda tələbənin tərəfində dayanır. Bir məqama diqqət yetirək: hansısa dekanın təqdimatı ilə bir tələbənin universitetdən çıxarılması barədə əmrdən az sonra bu tələbənin iflic atası əlil arabasında oğlunun problemi ilə bağlı rektorun qəbuluna gəlmişdi. Abel müəllim əlil arabasındakı ataya baxdı, bir az fikrə getdi: hiss olunurdu ki, narahatlıq keçirir. Nəhayət, hamının qarşısında üzünü həmin tələbənin universitetdən xaric edilməsi barədə təqdimat yazmış dekana tutdu:
– Tələbələri auditoriyada tanımaq azdır, – dedi – onları evdə də, ailədə də tanımaq lazımdır. Dədə – babalarımızın yazılmamış qanunlarını da bəzən yada salmaq lazımdır.
Bu, elm adamının, yüksək mədəniyyətə malik bir insanın məzəmməti idi. Leksik seçim nəzakətli, incə olsa da, mahiyyəti ağır idi.
Rektor kömək gözləyən əlil arabasındakı ataya yenidən baxdı:
– Oğlunuza deyin, dərs oxusun. Nə qədər çətin olsa da, mən onun universitetə bərpasını Elmi Şuradan xahiş edəcəyəm.
A.Məhərrəmovun attestasiya müzakirələrində üzünü hüquq fakültəsinin müəllimlərinə tutaraq dediyi sözlər hamının yaddaşındadır:
– Bizim universitetin xalq arasında bu qədər məhəbbətlə qarşılanmasının bir səbəbi də imtahanda mübahisəli məqamların tələbənin xeyrinə həll olunması ilə bağlıdır. Sizin hazırladığınız mütəxəssislər hüquq-mühafizə orqanlarında işləyəcəklər. Siz tələbə vaxtı onlarla elə mehriban, elə ədalətli, elə vətəndaşcasına davranmalısınız ki, onlar gələcəkdə qarşılaşdıqları və taleyini həll edəcəkləri insanlara münasibət anında öz müəllimlərinin xeyirxahlığını, ədalətini xatırlayıb sonra qərar qəbul etsinlər...
Demək olar ki, hər gün müxtəlif məqsədlərlə ayrı-ayrı fakültələrdə tələbələrlə fərdi görüşlərdə olan rektor həm də ildə iki dəfə onların hamısını bir yerə yığır: Tədris ilinin ilk dərs günündə I kurs tələbələrini, tədris ilinin sonunda dövlət imtahanı verəcək sonuncu kurs tələbələrini bir salona yığaraq onların problemlərini öyrənir. Tələbələr salonda qoyulmuş açıq mikrofonda rektorla birbaşa səmimi həmsöhbət olurlar. Rektor I kurs tələbələrini təhsilə ruhlandırır, sonuncu kurs tələbələrinə dövlət imtahanlarında uğurlar arzulayır.
Abel Məhərrəmovun ürəyində itirilmiş torpaqlarımızın və ağır həyat yaşayan qaçqınlarımızın dərdi var. Ağdamda doğulub boya-başa çatan, gənclik illərini Amasiya elində keçirən Abel müəllimin ürəyində Ağdam və Amasiya dərdi var. Elə buna görədir ki, universitetin texniki işçilərinin əksəriyyətini qaçqınlar təşkil edir. Universitet yataqxanalarında yerləşən qaçqın ailələrinin problemləri də Abel müəllimin yaraları sırasındadır.
Elmi Şuranın iclaslarının birində rektor universitetin maliyyə vəsaitinin azalma səbəbini qaçqın statuslu tələbələrin ödəniş haqqından azad edilməsi ilə izah etdi. Şura üzvlərindən biri qaçqın tələbələrin ödənişdən azad edilməsinə öz etirazını bildirdi və həm də bunu bir az kəskin ifadə etdi. Rektor heyrətlə bu professorun üzünə baxdı və elə eyni kəskinliklə:
– Qaçqın adının qarşısında başqa cür heç nə etmək olmaz. Unutmayın ki, cənab prezidentin onlara qayğısını ifadə edən xüsusi sərəncamı var –dedi və hamı hiss etdi ki, qaçqın tələbələrlə bağlı bu xoşagəlməz “müzakirə” rektoru həyəcanlandırmışdır.
Abel müəllim xalq adamıdır. Universitetin geniş həyətində keçirilən bəzi ümumxalq tədbirlərində Yasamal camaatının mütəşəkkil iştirakının onu necə riqqətə gətirdiyinin çox şahidi olmuşuq. O, deyir: “Universitet Azərbaycanındır. Amma onun bir mikrovətəni də var: Yasamal rayonu. Bu rayonu təkcə yaşayış massivi kimi düşünmək doğru deyil. Yasamalda ən müasir sənaye, fabrik müəssisələri açmaq lazımdır. Yasamal camaatı işlə Yasamalda təmin olunmalıdır. Mənim Milli Məclisdə qaldırdığım problemlər sırasında bu, əsas yer tutur”.
A.Məhərrəmov bir rektor kimi dünya alimləri, dünya siyasətçiləri ilə təmasda olan adamdır. Daim qonaqlı-qaralı universitetdə onun ən ciddi siyasət xadimlərini necə qarşıladığının tez-tez şahidi oluruq. Dünya şöhrətli Zbiqnev Bzejinski universitetin qonağı olanda tələbələr zalda qoyulmuş mikrofonun ətrafında ona suallar vermək üçün növbəyə düzülmüşdülər. İngilis dilində uzun sual-cavabdan sonra Z.Bzejinski tələbələrlə tərcüməçisiz danışdığına heyrətini gizlədə bilmədi. Bu da Abel müəllimin kredosudur: universitet tələbəsinin hər biri əlavə olaraq mütləq bir xarici dil öyrənməlidir.
Abel Məhərrəmov rektor kimi dövlət adamıdır, akademik kimi elm adamıdır, müəllim kimi tələbə adamıdır. Bu sahələrin hər birində ürəyi universitetə, onun dövlətçiliyimizə dayaq olan kollektivinə məhəbbətlə dolu olan bu insan rəhbərlik, alimlik və müəllimlik ləyaqəti ilə xalqın hörmət etdiyi, sözünə, işinə, fəaliyyətinə inandığı bir şəxsiyyətdir.
Cahangir MƏMMƏDLİ, filologiya elmləri doktoru, professor




Bu yazı ( 806 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar