12px14px16px18px

Azadlığın dəyəri

Elmira AXUNDOVA
00:44 / 18.10.2011
Emosiyalardan uzaqlaşıb faktlara nəzər salsaq, görərik ki, keçmiş SSRİ-də suverenlik və dövlət müstəqilliyi məsələləri əhəmiyyətli dərəcədə “aşağıların” deyil, “yuxarıların” təşəbbüsü olub. Paradkoksal səslənsə də, Sovetlər Birliyinin süqutunun hərəkətverici qüvvəsi sovet dövlətlərindəki mərkəzdənqaçma tendensiyası deyil (əlbəttə onlar da var idi), bir tərəfdən Kremlin fərasətsiz siyasəti, digər tərəfdən M.Qorbaçovla B.Yeltsinin qarşıdurması idi. Dəyişiklik havasını ilk hiss edən və keçmiş SSRİ-də ilk olaraq öz suverenliyinin bərpası haqqında tarixi qərar qəbul edən istisna kimi Pribaltika dövlətləri oldu. 11 mart 1990-cı ildə öz müstəqilliyini Litva elan etdi. Bunun ardınca 4 may 1990-cı ildə Latviya SSR-nin Ali Şurası Latviya Respublikasının müstəqilliyinin bərpa edilməsi ilə əlaqədar Deklarasiyanı bəyan etdi. 12 iyun 1990-cı ildə Rusiyada dövlət suverenliyi haqqında Deklarasiya bəyan edildi və tezliklə Rusiyanın ilk prezidenti seçildi. Bütün bunlar SSRİ-nin süqutu prosesini sürətləndirdi. Həmin vaxt Azərbaycanda mürəkkəb və birmənalı olmayan hadisələr baş verirdi. Bəli, burada Xalq Cəbhəsinin mövqeyi güclü idi, bəli, onun liderləri xalqı minlik və hətta milyonluq mitinqlərə cəlb edə bilirdi. Lakin milli-demokratik hərəkatın rəhbərlərinin həmin dövr üçün əsas vəzifəsi millətin etiraz potensialını formalaşdırıb onu Dağlıq Qarabağ məsələsində Moskvanın yürütdüyü ədalətsiz siyasətə qarşı mübarizəyə yönəltmək idi. Dövlət müstəqilliyi məsələsi birbaşa onlar tərəfindən qaldırılmamışdı. Bundan əlavə, faciəvi yanvar hadisələrindən sonra hakimiyyət bütün günahı AXC-nin üzərinə yıxdı və təşkilat repressiyalara məruz qaldı. Kimlərsə gizli fəaliyyətə başladı, kimlərsə həbs edildi və ya siyasətdən uzaqlaşdı. Hətta xalq arasında da “cəbhəçilərə” münasibət birmənalı deyildi. Respublikanın başında Kremlin təsir dairəsində olan Ayaz Mütəllibov hakimiyyəti dayanırdı, hansı ki 1990-1991-ci illərdə güclü idarəçilik vasitələrinə və partiya-sənaye, partiya-təsərrüfat təbəqəsi arasında güclü dayaqlara malik idi. Təsadüfü deyil ki, 1990-cı ilin sentyabrında parlament seçkiləri zamanı “Demokratik Azərbaycan” bloku qələbə qazana bilmədi. Azərbaycan Ali Sovetindəki 360 yerə bu blokun 231 namizədindən cəmi 25 nəfəri seçildi. Buna müqabil 122 nəfər partiya-hökumət nomenklaturasını, 40-dan çox nəfər sənaye və ya təsərrüfat müəssisələrinin rəhbərləri, bundan əlavə 20 nəfərdən artıq insan hüquq mühafizə orqanlarından gələnlər idilər və s. Heyranedici fakt o idi, Azərbaycan ziyalılarını təmsil edən namizədlərdən demək olar ki, heç kəs bu parlamentə seçilməmişdi. Elmlər Akademiyasından namizəd kimi qeydə alınan 20 nəfərdən cəmi biri, təqribən 20 yazıçıdan 4 nəfəri seçilmişdi. Halbuki bu 4 yazıçıdan da 2 nəfəri özlərinin AXC cərgəsindəki ictimai-siyasi fəaliyyəti hesabına seçilmişdilər (S.Rüstəmxanlı və Y.Səmədoğlu). Çox güman ki, həmin vaxtlar Azərbaycan Sovetlər Birliyi respublikaları arasında nadir dövlətlərdən biri idi ki, burada sırf sovet-kommunist yönümlü parlament formalaşmışdı. Təsadüfü deyil ki, məhz bu parlament üçgünlük müzakirələrdən sonra SSRİ-nin saxlanması haqqında bütün respublika ərazisində 17 martda referendumun keçirilməsi barədə 1991-ci ilin mart ayının əvvəllərində qərar qəbul etməklə bağlı şübhəli şərəfə malikdir. Bu sessiyada mənim yaddaşımda gərginləşmiş ziddiyyətlərlə dolu zalın bütün qəzəbini öz üzərinə götürən deputat Heydər Əliyevin çıxışı qaldı. Bu mərd siyasətçi qabaran insan dalğası qarşısında yalqız qaya kimi dayanaraq açıq-aşkar bəyan etdi: bəli, mən bütün şüurlu həyatımı inamla və etibarla Sovetlər Birliyinin möhkəmləndirilməsinə həsr etmişəm, amma bu gün aydın görürəm ki, respublika başqa yolla getməlidir. Onun son sözləri – “Mən Azərbaycanın müstəqilliyinin lehinə, birliyə qoşulmaması və referendumun keçirilməsinin əleyhinəyəm” fikri – “sağçıların” və “solçuların” qışqırtıları arasında batdı. Nəticədə onun ardınca çıxış edən prezident Ayaz Mütəllibov səsvermənin nəticələrini müəyyən etdi. 43 səsin aleyhinə 254 səs “hə” dedi. Referendum “müvəffəqiyyətlə” keçirildi, 71 faiz səs toplandı, Moskva qarşısında sevinclə hesabat verildi. Azadlıq uğrunda müstəqillik və həqiqi mübarizə adacığı Naxçıvan Muxtar Respublikası oldu. Ali Məclisin deputatı Heydər Əliyevin və AXC deputatlarının təsiri altında burada referendum keçirməmək barədə qərar qəbul edildi. Zaman göstərdi ki, möhtəşəm siyasətçi və strateq Heydər Əliyev həmişəki kimi haqlı idi. Bir neçə ay sonra 20-21 avqust hadisələri baş verdi, nəticədə suverenlik paradları başladı. Bununla belə Ayaz Mütəllibov yenə hadisələrin ardınca hərəkət edir, bəzən təcrübəli siyasətçi üçün bağışlanmaz səhvlərə yol verirdi. Əvvəl tələsərək QKÇP-ni qəbul etdi, daha sonra tələsərək onu dandı, üz çevirdi, bundan sonra daha tələskənlik edərək Kommunist Partiyasını ləğv etdi və beləcə, kütlənin bütün dəstəyindən məhrum oldu. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsinə gəldikdə isə, ölkə üçün tarixi əhəmiyyət daşıyan bu hadisə də keçmiş SSRİ dövlətlərinin çoxundan sonra baş verdi. Bu istiqamətdə ilk addım respublikanın dövlət müstəqilliyinin bərpa edilməsi barədə “Bəyannamə” oldu. Bu hadisə 1991-ci il avqust ayının 30-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında baş verdi. Məhz həmin günü həqiqi mənada milli müstəqilliyin əldə edilməsi günü kimi qəbul etmək olar. 18 oktyabr 1991-ci il Konstitusiya Aktı sadəcə olaraq müstəqilliyin siyasi, iqtisadi və hüquqi əsaslarını təyin etdi. Yeri gəlmişkən, keçmiş SSRİ-nin bir çox respublikalarında məhz Bəyannamənin qəbul olunduğu gün dövlət bayramı kimi qeyd olunur. Özü də Bəyannaməni bütün parlament qəbul etdiyi halda, Konstitusiya Aktını bir neçə onluq imzaladı. Beləliklə də biz müstəqillik bayramımızı başqa respublikalara müqayisədə az qala 2 ay gec qeyd etməyə məhkumuq. Kimlərsə həm həmin dövrdə, həm də indi özlərini müstəqilliyin həqiqi mübarizləri elan etmək istəyirlər. Bununla bərabər KİV-lərdə də məhz Konstitusiya Aktına imza atan 43 nəfərin adı çəkilir və təkidlə şişirdilir. Hətta bəziləri həmin şəxslərə milli qəhrəman adı verilməsini təklif edir. Onda nəyə görə bu adı Ali Sovetin bütün 360 deputatına təqdim etməyək, axı onlar demək olar ki, tam tərkibdə 30 avqust 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannaməyə səs veriblər. Yeri gəlmişkən, Deklarasiyada Azərbaycan Ali Soveti sədri Elmira Qafarovanın imzası var. Hesab edirəm ki, bu mərd qadının milli parlamentarizm tarixindəki və ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin əldə olunmasındakı rolu lazımınca qiymətləndirilməyib. Həmin vaxtlar Elmira xanım ədalətsiz hücumlara və ittihamlara məruz qalırdı, bunların da nəticəsi idi ki, o ağır xəstəliyə düçar oldu və ölümü tezləşdi. Elmira Qafarova Azərbaycanın həqiqi vətənpərvəri idi və bunu yanvar faciəsinin ilk günündə nümayiş etdirdi. Onun ittihamedici bəyanatının yerli və xarici radiostansiyalarda səslənməsilə milyonlarla azərbaycanlının acılarına elə bil nisbətən rahatlıq gəlmişdi. Bununla belə davam edək. Bütün bu suverenlik paradı hər bir halda Azərbaycan üçün kifayət qədər nominal xarakter daşıyırdı, çünki respublika hələ də Moskva tərəfindən idarə olunurdu və Kreml rejiminə tabe idi. Buna görə də dövlət müstəqilliyi haqqında referendum bizdə 1991-ci il dekabrın 29-da – üç slavyan dövləti başçısının Belovejsk sazişi ilə SSRİ-nin süqutunu elan etməsindən üç gün sonra keçirildi. Buna görə acı olsa da, etiraf etmək lazımdır ki, kommunist və Moskva yönümlü, hər zaman Kremlə nəzər salmaqla fəaliyyət göstərən respublika liderlərinin hesabına biz bütün vaxtı hadisələrin ardında qaldıq və öz müstəqilliyimizi demək olar ki, hamıdan gec elan etdik. Nümunə istəyirsiz: buyurun! 1991-ci il 31 martda Gürcüstanda dövlət müstəqilliyinin bərpa edilməsi barədə referendum keçirildi ki, səs verənlərin 98.93 faizi dövlət müstəqilliyi lehinə səs verdi. Artıq 9 aprel 1991-ci ildə ümumxalq referendumunun nəticəsinə əsasən respublikanın Ali Soveti 1918-ci il müstəqillik aktını və 1921-ci il Konstitusiyasını qanuni elan etməklə Gürcüstanın dövlət müstəqilliyi haqqında Akt qəbul etdi. 27 iyul 1991-ci ildə Belarusiyanın suverenliyi haqqında Bəyannamə imzalandı, Sovetlər Birliyindən ayrıldığını isə o, 25 avqust 1991-ci ildə elan etdi. Estoniya 20 avqustda, Ukrayna 24 avqust 1991-ci ildə dövlət müstəqilliklərini elan etdilər. 21 sentyabr 1991-ci ildə erməni xalqı ümumxalq səsverməsində Sovetlər Birliyindən ayrılmaq üçün səs verdi. Məhz həmin gün Ermənistan Ali Sovetin qərarı ilə SSRİ-dən çıxmaq və müstəqil Ermənistan dövləti yaratmaq barədə referendum keçirildi. Səsvermə hüququna malik vətəndaşların 99 faizi məsələyə müsbət cavab verdilər. İki gün sonra – 23 sentyabrda Ali Sovet Ermənistanı müstəqil dövlət elan etdi. Hətta Mərkəzi Asiya respublikaları belə bizdən öndə oldular. 31 avqust 1991-ci ildə Qırğızıstan Respublikasının Ali Soveti növbədənkənar sessiyada dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etdi. Bu tarixi akta əsasən Qırğızıstan Respublikası müstəqil, suveren və demokratik dövlət elan olundu. 9 sentyabr 1991-ci ildə Tacikistanın Ali sovetinin növbədənkənar sessiyasında Tacikistan Respublikasının dövlət müstəqilliyi haqqında qərar qəbul edildi. Hamıdan gec – 16 dekabrda dövlət müstəqilliyini Qazaxıstan elan etdi. lll Yuxarıda sadalanan faktlar sübut edir ki: Azərbaycan tərəfindən XX əsrin sonlarında əldə edilmiş dövlət müstəqilliyi baş verən qlobal tarixi proseslərin bir hissəsi idi, bizim dövlət bu prosesin sıravi iştirakçılarından olub. Bəli, soydaşlarımızdan bir çoxu 1988-ci ildən öz canını azadlıq yolunda qurban verib, çünki Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, daha sonra 1990-cı ilin yanvarında baş verən qanlı aksiyalar totalitar rejimin həqiqi üzünü ortaya qoymaqla SSRİ-də mərkəzdənqaçma tendensiyalarını təhrik etmişdi. Bənzər hadisələr Vilnüsdə, Riqada, Oşda, Tiflisdə baş vermişdi. Hər yerdə qurbanlar vardı, hər yerdə qan axırdı. Buna görə də SSRİ-nin qan tökülmədən süquta uğramasının M.Qorbaçovun tarixi xidməti olması barədə iddialar iyrənc görünürdü. Onun günahı ucbatından çoxlu qan axıdılmışdı, hələ də axıdılmaqda davam edir... Müstəqilliyin əldə edilməsi ilə postsovet məkanındakı yeni müstəqil dövlətlər qarşısında daha çətin vəzifələr qoyulmuş oldu. V.İ.Leninin dediyi kimi, əsas olan hakimiyyətin ələ keçirilməsi yox, onun qorunub saxlanmasıdır. Müstəqilliyi nominal əldə etməklə yanaşı, keçmiş sovet respublikaları de-fakto müstəqil olmaq hüququnu da beynəlxalq arenada təsdiq etməli, daxili və xarici siyasətin bütün sferalarında suverenlik prosesini möhkəmləndirməli və dərinləşdirməli idilər. Müxtəlif dövlətlər bu 20 ili müxtəlif cür yaşamışlar. Kimlərsə Avropa Birliyinə və NATO-ya üzv ola bilmiş, kimləri isə hətta Avropa Şurasının həndəvərinə də buraxmırlar, kimlərdəsə fasiləsiz hakimiyyət dəyişikliyi baş verir, rəngarəng inqilablar və çevrilişlər hələ də davam edir, kimlərsə tam və ya qismən Rusiya qazı və neftinin tədarükündən asılıdır, kimlərsə rus hərbi və iqtisadi mövcudluğu olmadan yaşaya bilməzdi (bizim qonşu ermənilər kimi). Qısası, heç də bütün keçmiş SSRİ respublikaları de-yure müstəqilliklərini de-fakto formatında təmin edə bilmədilər. Bununla belə müsbət nümunələr də mövcuddur, xüsusilə Qazaxıstanda. İnamla güclənməkdə olan stabil sosial-siyasi və iqtisadi vəziyyətin nəticəsi olaraq bu dövlət Asiya – Sakit Okean regionunda lider dövlətə çevrilməkdədir. Zaqafqaziya regionunda dövlət müstəqilliyinin nümunəvi modelini Azərbaycan nümayiş etdirir. Dünya ekspertlərinin qiymətləndirməsinə görə, son illər respublika möhtəşəm texnoloji və müasirləşmə sıçrayışı əldə edib. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində sahib olduğu inkişaf imkanları digər postsovet dövlətləri ilə müqayisədə daha əlverişsiz idi: qanlı Qarabağ müharibəsi, torpaqların işğalı, milyonlarla qaçqın axını, hansıların ki hamısı respublika daxilində yerləşdi. Müstəqil yaşamaq hüququmuzu təsdiq etmək bizim üçün daha çətin idi. Xoşbəxtlikdən biz bunun öhdəsindən gəldik, çünki tanınmış qazax şairi Oljas Süleymenovun iddiasına görə “çətin keçid dövrlərində hakimiyyətin sükanında təcrübəli professional siyasətçilər dayanmalıdırlar”. Millətin və dövlətin bu cür xilaskarı Heydər Əliyev oldu. Onun ağlasığmaz cəhdləri sayəsində Azərbaycanın “əfqanlaşdırılması” təhlükəsinin qarşısı alındı, möhkəm hakimiyyət qurmağa və müstəqilliyin ilk illərində dövlətin mövcudluğu üçün hüquqi, siyasi və iqtisadi əsasları bərqərar etməyə müyəssər oldu. Ardınca gələn 7 ildə onun istedadlı davamçısı İlham Əliyev elektoratın dəstəyinə və etimadına arxalanmaqla, özünün ölçülüb-biçilmiş, praqmatik siyasəti ilə dünya birliyinə sübut etdi ki, suveren Azərbaycanın 20 il sonra müstəqil dövlət adlandırılmağa tam haqqı var. Və bu, ikinci Azərbaycan Respublikasının ilk iyirmi illiyin əsas nikbin nəticəsidir. Bu gün Azərbaycan – maliyyə böhranının, fasiləsiz inqilabların və mülki əhaliyə terror hücumlarının baş verdiyi çalxalanan dənizdə siyasi-iqtisadi stabillik olan kiçik bir adacıqdır. Biz çətin dünyada və bəsit olmayan çevrədə yaşayırıq. Bizim dostlarımız çoxdur, amma bizi arzulamayanlar da az deyil. Bunlar Azərbaycanda da bənzər qlobal və nəticəsi çətin ehtimal olunan “inqilabi qarışıqlıq” yaratmağa cəhd edirlər. Biz onlara imkan verməməliyik ki, buna nail olsunlar. Fitnəyə uymamalıyıq. Biz hamımız artıq bu yolu keçmişik. Müstəqilliyin dəyəri bizim azadlığın dəyəridir. Bu bizim ailələrin, uşaqlarımızın, gələcəyimizin firavanlığının və təhlükəsizliyinin qiymətidir. Biz hamımız onu göz bəbəyimiz kimi qorumalıyıq.
Elmira AXUNDOVA
yazıçı, publisist



Bu yazı ( 295 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar