12px14px16px18px

Erkəklər

Aysel ƏLİZADƏ
02:09 / 15.10.2011
(Əvvəli ötən şənbə sayımızda)
Axşama qədər dəvə kimi yüklənib qayıdırdıq otelə. Çarpayılarımız yan-yanaydı. Nədənsə otaqlarımızı ayırmadıq. Heç bu barədə söhbət də olmadı. Heç otaqlarımızı ayırmaq ağlımıza da gəlmədi. Heç otaqla uğraşmağa vaxtımız da olmurdu. Gələn kimi süst düşürdük. Bu barədə nə o söz açırdı, nə mən. Səhər tezdən çıxıb gecə ağzımız açıq qayıdırdıq. Ordan-burdan danışıb, sönürdük. Elə bil belə də olmalıydı. Çox az söhbət edirdik. Hərdən heç nə danışmadan ağzına su alıb dururdu. Nə fikirləşdiyini bilmək istəyirdim, ancaq sual vermirdim. Ona mane olmaq istəmirdim. Düşünəndə gözlərini oynadırdı, yerə baxıb astadan “hmm...” edirdi. Axı, qayğısı çox olan adam tez-tez fikrə gedir, gözləri yol çəkir, üzünə baxsa da, səni görmür. O da beləydi. Böyük bir ailəyə baxırdı. Bir bacısı iki uşaqla boşanıb onunla ata evində qalırdı. Bir bacısı da qəzada ölmüşdü. Onun da üç övladını yanında saxlayırdı. Uşaqların atası aradabir gəlib getsə də, yük yenə xalanın çiynindəydi.
Dükan işlədirdi. Ayda bir-iki yol bu şəhərə gəlib qadın geyimləri alıb aparırdı. Mənim evim onun dükanına yaxın idi. Uzaqdan tez-tez görürdüm onu. Elə məhəllədə tanış olmuşduq. Bir-iki dəfə marketdə qarşılaşdıq, bir-iki dəfə yoluma çıxdı. Yaxın olduq. Məndən 15 yaş böyük idi. Amma elə qoçaq, elə qıvraqdı ki, bəzən onun yanında özümü heydən düşmüş, kaftar kimi hiss edirdim. Mən fikirləşənə qədər o, işin yarısını görürdü. Belə də olmalıydı. Özüylə birlikdə beş adamın yükü onun çiynindəydi. Əlbəttə, belə adamın beyni maşın kimi işləyəcək. Məsuliyyəti çox olan adamlar tez böyüyürlər. Məsuliyyəti çox olan adamlar qoçaq olurlar. Hələ qadınlar ikiqat artıq. Yalnız özünə cavabdeh adamlar bir az ləng olur. Onlar addımlarını daha arxayın atırlar, evdən çıxanda çox az hallarda tələsirlər, adətən hər yerə gecikirlər, verdikləri sözü unuda bilirlər. Sözünü unudan adamlardan acığım gəlir. Sözünü unudan kişini isə heç cür qəbul eləyə bilmirəm. Kişinin sözü sultan sözüdür. Mən verdiyim sözü heç unutmaram. Yox, özümü tərifləmək istəmirəm. Ancaq bu belədir. Və bu elə təriflənəsidir. Sözünü yetim qoyan adam çox görmüşəm. Öz adıma deyirəm, mən qadın olsaydım, heç vaxt belə kişini sevməzdim. Sevmək bir yana, heç tanış da olmazdım beləsiylə. Mənim belə obrazlarım çox olub: miyanə adamlar, nə ət, nə balıq. Bilmirsən sözü niyə dedi, kimə dedi. Bilmirsən nə istəyir, niyə istəyir. Bu mənada mənimki qadınlarla daha yaxşı tutur. Puççini kimi mənim də aşiq, vurğun, sevən qadın obrazım çoxdur. Onun qadınları ehtiraslarını, tutqularını musiqiylə, çılğın, yanğılı ifayla büruzə verirlər. Mənim qadınlarımsa daha çox susurlar. Amma bu ayrıntı sevginin qadınlara təsirini dəyişmir. Qadın sevəndə başqalaşır. Yüz il tanıdığın bir qadın kiməsə vurulanda 360 dərəcə çönür, ayrı adam olur. Qadın sevəndə hər şeyə hazırdır. Bütün günü sevdiyi haqda düşünür. Əlbəttə, qadın gerçəkdən sevirsə, belə olur. Sevgini oynayanda yox, içdən yaşayanda onun qabağında heç nə dura bilməz. O, iztirab çəkir, çoxlu fədakarlıqlar edir. Şəxsən mənimçün qadın məsum bir cocuqdur. Məsum olmasa belə, qadın kişi üçün bir cocuqdur. Cocuqsa məsumluq rəmzidir. Onları elə bu cür də qəbul edəndə kişinin özünə rahat olur. Ana balasına necə arxadırsa, kişi də qadına o cür lazımdır. Qadınlar həm də kişilərdən üzüyoladılar. Güzəştə getməyi bacarırlar. Onlarla elə mövzularda danışmaq olur ki, bunu hansısa kişiylə paylaşmaq mümkün deyil. Həm də qadınlar çox kişilərdən mərd olurlar. Hər halda mən belə düşünürəm. Mənə görə, onlar it kimi sadiq dostdurlar. Amma bir məqam var. Qadınlar yalnız kişilərlə münasibətdə belədirlər. Bir-birilərinə qarşı belə deyillər. Bu da onların ən böyük çatışmazlığıdır. Sevdiyim bütün qadınları demək olar ki, yazmışam. Mənə görə qadın ədəbiyyat üçün ən önəmli və doğru materialdır, keyfiyyətli xammaldır. Ondan nə istəsən yapmaq olur . Bu çox maraqlı, oxunaqlı alınır. Məncə, Tolstoy “Anna Karenina”nı elə buna görə yazıb. Tolstoy çox yaxşı bilirdi ki, bu ona dünya boyda uğur gətirəcək. Bu qadınısa mən heç cür ədəbiyyat materialı hesab eləməmişəm. Heç onunla görüşəndə ədəbiyyat yadıma da düşməyib. Səbəbi mənə bəllidir. Qadınlar bir neçə tipə bölünürlər. O, qadın-anadır. Əsl ana kimi bir əli həmişə adamın başındadır. Vay odu çaşıb yeməyinin üstünə gedib çıxasan. Səni yedirtməyənə qədər əl çəkməz. Birdən bərabər şama-filana gedərdik. Pahoo, masanın üstündə nə var düzürdü boşqabıma. Bundan da ye, bunun da dadın bax, bir qaşıq bundan da qoy ağzına. Mən boyda kişiylə bəbə kimi davranırdı. Qar yağanda bərk-bərk tapşırardı: başına papaq qoy ha. Yağışda başıma çətir tutardı. Tərləsəm, çantasından ehtiyat mayka çıxarıb əynimi dəyişərdi. Allah göstərməsin, birdən burnum axaydı. Südün içinə gah doşab qatıb verəcəkdi, gah sarıkök, gah bal. Burnuma çaytikanı yağı damızdıracaqdı. Nə bilim, həngamə. İkinci anam idi elə bil. Varlığı mənimçün o qədər təbii hal almışdı ki, onu gündəlik həyatımdan qoparıb ayrıca bir obyekt kimi çözələyə bilmirdim. O mənimçün ancaq qayğımı çəkən, son tikəsini ağzıma dürtən bir dost idi. Yəqin ki, dost idi. Buna başqa nə ad vermək olar ki?! Yox, yenə elə çıxmasın ki, ədəbazlıq edirəm, onu bəyənmədiyimi demək istəyirəm. Guya o mənim zövqümdə deyil, filan-peşməkan. Guya aramızdakı yaş fərqi gözə girir. Guya seçimim boldur, gözəl-gözəl qadınlar bürüyüb yan-yörəmi. Yox, amma lap elə olsaydı da, mən bunları onunla münasibətimizin janrına aid eləmək istəməzdim. Bunu səbəb saymaq da yaxşı olmaz. Əslində, mənim ona qadın kimi baxmağa heç fürsətim də olmayıb. Elə gözümü açıb-yumub onun ağzıma dürtdüyü loxmaları yemişəm. Axı, o, demək olar, hər axşam bir qazan asıb məni evinə çağırırdı. Bir də elə çıxmasın, guya mən yalağam, elə bir qab yeməyə qaçıram. O elə hünərlə zəng vurub elə hökmlə danışırdı, “filan şey bişirmişəm gəl”i elə deyirdi ki, ürəyim istəməsə də, getməli olurdum. Hə, adama deyərlər, istəmirsən nə var xalxın evində hər axşam. Bir də lazım olsaydı, gələ bilmirəm deyərdin. İndi yenə elə görünəcək ki, guya mən özümü artistliyə vururam, əslində, onun yanına getməkdən ötrü ölürmüşəm. Amma doğrudan da mən ona etiraz edə bilmirdim. Hər dəfə məni çağıranda bir əminlik duyurdum səsində. Yəni gəlməlisən, onsuz da bunun başqa yanı yoxdu ki. Onun öz övladı yox idi. Bəlkə ona görə də analıq meylini mənə salırdı, bu ilahi hissini mənimlə ovundururdu. Bəlkə də elə buna görə ona yox deyə bilmirdim. Yenə elə çıxacaq ki, lovğalanıram, özümü mərhəmətli biri kimi göstərmək istəyirəm. Əslində, mən yaxşı bilirəm ki, burda lovğalanacaq bir şey yoxdur. Bir də, burda faciəvi nə var, axı. Biz dost idik. Yəqin ki dost idik. Və onun evinə yeməyə getməyim çox normal haldı. Özü də evi çox qələbəlik olurdu. Bacılarının uşaqları mən gedən kimi başıma yığışırdı. Onlarla çox gözəl münasibətlərimiz vardı. O da uşaqlara çox həssasıq yanaşırdı, onları balaca küçüklər kimi tumarlayıb, sevələyirdi. Niyə özünün övladı olmadığını soruşmağa utanırdım. Sözün düzü, onunla səfərə çıxanadək bu haqda heç dərin düşünməmişdim. İndi nədənsə beynimi çox qurcalayırdı bu məsələ. Yazıçı olduğum üçün ehtiyatlı davranırdı mənimlə. Yanımda artıq şey danışmırdı. Elə bilirdi nə desə götürüb yazacam, biabır olacaq. Ona elə gəlirdi ki, kiminsə haqqında nəsə yazırlarsa, o adam biabır olur. Daha bilmirdi ki, onu yazmaq ağlımın ucundan belə keçməyib. Elə texniki mövzularda çax-çux edirdi, vəssalam. Havadan-sudan, evdən-eşikdən danışırdı. Ən çox danışdığı mövzu dükana gələn qadınlar olurdu. Onlara gülürdü . Deyirdi ki, paltardan başqa heç nə qanmırlar. Ən böyük dərdləri hansı ayaqqabını hansı donla geyməkdi. Özündən heç danışmazdı. Elə qorxurdu ki, hansısa sözünü yazaram. Sanki bütün oxucular bu sözü onun dediyini biləcəkdilər. Hərdən ona görüşdüyüm qadınlardan danışırdım. Keçmişdə olanlardan. Yavalıq kimi çıxmasın. Mən tərbiyəli adamam. Mövzu xətrinə danışırdım. Dinləyirdi. Mən ömrümdə onun qədər gözəl dinləyici görməmişəm. O, bütün söhbətlərə qulaq kəsilirdi. Nə danışsam, nə desəm, diqqətlə ağzımın içinə baxırdı. Bir cümləni belə ötürmürdü. Hətta bəzən üstündən xeyli vaxt keçəndən sonra hadisəylə bağlı elə bir detalı soruşurdu ki, yaddaşına, həssaslığına mat qalırdım. Qadınlar adətən adama qulaq asmırlar, axı. Ya da özlərini elə aparırlar ki, guya qulaq asırlar. Əslində, bilirsən ki, sadəcə üzünə baxır, amma fikri ayrı yerdədir. Onların pis həmsöhbət olduğunu demək istəmirəm. Mənim qadın dostum çoxdur, dediyim kimi. Hamısı da mənə əzizdir. Bizim mövzularımız qadınlara maraqsız gəlir yəqin. Ona görə də çox elə də əhəmiyyət vermirlər. Onlar özlərinə lazım olan informasiyanı alırlar. Qalanları yan keçir. Ancaq ona nədən danışsam, fikri-zikri məndə olurdu. Bir kəlməni də buraxmırdı. Buna görə də onunla söhbət eləməkdən ləzzət alırdım. Heç bir qadın məndə bu qədər danışmaq həvəsi oyatmayıb. O, elə yaxşı-yaxşı qulaq asırdı ki, istəyirdim bunun qarşılığında ona təşəkkür olaraq nəsə edim, ya da xoşuna gələcək, könlünü açacaq nəsə mənalı bir söz deyim. Ya da hansısa işinə yarıyım. İstəyirdim ona göstərim ki, məni diqqətlə dinləməyinə dəyər . Biz əziz adamlarıq və məni belə diqqətlə dinləməkdə düz eləyir. Son zamanlar özümü ona borclu saymağa başlamışdım. Axı, adam nə qədər müftə yeyər, müftə danışar? Nədəsə karına gəlmək istəyirdim. Amma nədə? Bax onu heç cür tapa bilmirdim. Çünki imkan vermirdi ki, bir işinin qulpundan yapışasan. Bir-iki dəfə istəmişdim evlərinə bazarlıq edim. Hətta bir-iki dəfə eləmişdim də. Ancaq o qədər “nəyə lazım idi?”, “neynirdin?” demişdi ki, bazarlığım yersiz görünmüşdü. Nə vaxt zəng vurub soruşsam ki, “nə lazımdır?” mütləq “heç nə, hər şey var” deyəcəkdi. Sözün düzü, adamı həvəsdən salırdı bu cür təpkiləri. “Heç nə lazım deyil” cümləsini elə deyirdi, elə bil çox gic bir sual verirəm. Artıq bazarlıq eləmək ideyasından da daşındım. Yeni bir şey fikirləşmək lazım idi. Ağlıma gəldi ki, onunla səfərə gedim. Buna yüz faiz etiraz etməyəcəkdi. Bilirdim ki, bu işdə yardıma çox ehtiyacı var. Yoldan gələndə onu qarşılayırdım həmişə. Çox yorğun, solğun olurdu. Tək idi, çabalayırdı. Sevgilisi-zadı da yox idi. Bunun səbəbini anlamasam da, heç nə soruşmurdum. Özünü elə aparırdı ki, ona sual verənə qədər mənimki mənə gəlirdi. Təkcə ona görə yox ki, dediklərini yazacağımdan qorxurdu. Xasiyyəti də beləydi. Sualı sevmirdi. Fərhad kimi külüng vururdu bütün günü. Amma çaşıb desən ki, bir az dincəl, Məşdibad kimi özündən çıxırdı. Nə qədər ev işi görürdü, nə qədər adama baxırdı, amma evdən bir addım çölə atanda elə bil bəy qızıydı. Əlləri qaydasında, saçları düzümlü, geyimi səliqəli. Tanıdığım qadınların hamısından nəsə varıydı onda. Mən qadında bötövlüyü xoşlayıram. Onda hər şeydən bir az-bir az idi. Yox, mən ona yarımçıq da demək istəmirəm, hər şeydən kəm qaldığını da demirəm. O qadınlar ki, həm kişidilər, həm qadın, ele bil onlarda bir az, lap az nəsə çatışmır, nəsə olmur. Bunun dəqiq nə olduğunu bilmirəm. Heç bilsəm də, demək istəməzdim. Hər halda qadında qüsur axtarmaq kişiyə yaraşmaz. Özü də o, yaxşı qadın idi. Niyə axı, mən onun kiçik bir qüsurunu üzə vurmalıyam? Biz görüşürdük. Gəzişirdik. Bu qədər. Aramızda başqa heç bir ilişgi ola bilməzdi. Son vaxtlar dediyim kimi ona əl uzatmaq arzusunda idim. Axır bir gün fikrimdə olanı dedim. Dedim ki, icazə versə, bu dəfə onunla getmək istəyirəm. Hər halda biz də bir kişiyik, nəyəsə gücümüz çatar. Həm də yaxın münasibətimiz var, axı. Nəsə bir yararımız dəyməlidir, ya yox?! Gözləmirdim, artıq söz demədən razılaşdı. Bir şərtlə ki, mən onun biletinin pulunu ödəməyəcəm. Məni xərcə salmaq istəmirdi. Day bu nə oldu? Razılaşmadım. Elə şey olar? Biz dədə-babadan belə şey görməmişik. Bizim yanımızda qadın əlini cibinə atmaz. Birtəhərlə bunu ona izah etməyə çalışdım. Dedim müqəvva kimi yanında getmək fikrim yoxdur. Gedirəmsə hiss olunmalıdır ki, bu qadının yanındakı kişidir. Bizim də öz prinsiplərimiz var axı. Uzun-uzadı dartışmadan sonra mənim xeyrimə anlaşdıq. Robot kimiydi. Elə bil beyninə proqram yazılmışdı – dünyada heç bir kişi sənin əziyyətini çəkməməlidir. Onu başa sala bilmirdim ki, bu mənimçün əziyyət deyil. Əksinə, uzun müddətdir mənim əziyyətimi çəkdiyi üçün özümü borclu sayıram. Ondan bu yükü üstümdən götürməyimə yardımçı olmasını xahiş elədim. Xeyli çənə döydüm. Xeyli dəlil gətirdim. Axır ki, gün təyin elədik. Gedib biletləri aldım.
Heç vaxt ağlıma gəlməyib ki, ondan nəsə yazım. Yenə deyirəm, bununla onun tamam maraqsız biri olduğuna işarə eləmirəm. Yox, əslində, o qədər də maraqsız deyil. Ona bir az ürəyim yanırdı. Yazığım gəlirdi də demək istəməzdim. Kiməsə acımaq ayıbdır mənə görə. Yəni kimisə özündən aşağı saymaqdır bu. Özünü kiməsə acıyacaq qədər böyük saymaqdır. Amma kiməsə nədəsə kömək eləmək mənə zövq verir. Özü də bu kimsə qadın olanda zövqüm birə beş artır.
(Davamı var... )
Aysel ƏLİZADƏ
[email protected]




Bu yazı ( 546 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar