12px14px16px18px

İstanbul yazıları

QİSMƏT
02:47 / 08.10.2011
(Əvvəli ötən şənbə saylarımızda)

Dovşanla fala baxdıran qadının bəxtinə nə çıxdı bilmədim, amma üzü güldü, dodaqlarına təbəssüm qondu, yanaqları batdı. Sonradan ağlıma gəldi ki, bu dovşan falında yəqin heç vaxt neqativ heç nə çıxmır. Ona görə insanlar inanmasalar da, dovşanların seçiminə inanırmış kimi davranırlar. Bu bir növ antidepressantdı.
Sultan Ahmetin qarşısındakı parkda yüzlərlə adam vardı. Biz parkda bir az gəzişib, giriş qapısının önündə Osmanlı məcunu satılan cami həyətinə qədəmlərimizi qoyduq. Caminin həyəti geniş və səliqəlidir. Ortadakı şadırvanda dəstəmaz alanlar, ayaqqabılarını çıxarıb içəri girməyə çalışan insan axını – möminlər, turistlər, bir sözlə, hamı sözsüz, səssiz bir müqavilə bağlamış, ortaq bir sirri bölüşürmüş kimi gözlərində heyrət, üzlərində nur Sultan Ahmetin divarlarına, daşlarına baxırdılar. Sultan Ahmetin həyətində daşların üstündə əyləşib gəlib-gedənlərə baxan, nəsə düşünən, buranın mistikasını, sehrini anlamağa çalışan adamların sual dolu baxışları arasında keçdik caminin içinə.
İçəridə gəzib görülməli çox şey yoxdu. Sultan Ahmetin adama sonsuzluq hissi bəxş edən genişliyi, təsəvvüredilməz dərəcədə hündür tavanı, yəni əzəmətli memarlığı, məncə, görməkdən çox hiss etmək üçündür. Xalının üstündə bardaş qurub əyləşdik, namaz qılanlara, kürəyini bir sütuna söykəyib şirin-şirin, pıçıltıyla söhbət edənlərə, heyrətlərini fotolarla ölümsüzləşdirmək istəyən turistlərə baxdıq. İçəridə qəribə bir enerji vardı. Mənə nədənsə elə gəldi ki, birdən-birə, göz açıb-yumunca burda heç kimin mobil telefonu, fotoaparatı işləməyəcək...
Sultan Ahmetin həyətində də bir az əyləşdik. Biz də adamları müşahidə etməyə, susmağa, arabir xırda cümlələr qurmağa başladıq. Başa düşdüm ki, biz içəri girəndə oturub bizə baxan, fikirli görünən adamlar əslində heç fikirləşmirmiş. Çünki kənardan bizdə fikirli görünürdük,amma heç nə düşünmürdük. Beynimiz rabitəsizcə nəyisə xatırlayır, sonra yenidən fikirləşmək sandığımız boşluğa qərq olurduq. Bu hiss eynilə bəzən kitab oxuyanda baş verir. Kitabı oxuyursan və birdən baxırsan ki, bir neçə səhifəni oxuyub keçsən də, oxuduqlarından heç nə xatırlamırsan, fikrin hardasa başqa yerdədi. Bir də başa qayıdırsan. Biz də tez-tez başa dönə-dönə Sultan Ahmetin havasını ciyərlərimizə çəkməklə məşğul idik ki, yanımızda bir kişi əyləşdi. Kişinin qəribə sifət quruluşu vardı. Uzunsov, mənə həddən ziyadə bəyaz gələn üzü elə bil hansısa film üçün qrimlənmişdi. Ağ köynəyinin yaxasını qara pencəyinin üstünə çıxarmışdı. Tünd rəngli cins şalvar geyinmişdi və qəhvəyi ayaqqabısı kəməriylə həmqafiyə idi. Nazik bığları vardı. Geyimiylə, baxışları ilə, aşırı dərəcə ağ sifətilə kişi mənə nəsə neqativ təsir bağışladı. O mənə Hollivud filmlərində əvvəlcə epizodik gözə dəyən, sonra isə filmin gedişində bütün baş verənlərin günahkarı olduğu ortaya çıxan şizofrenik tipləri xatırlatdı. Kişiyə baxdıqca mənə elə gəlirdi ki, bu kişinin adı ancaq professor Kimbl ola bilər. Çox keçmədi ki, kişi bizimlə söhbətə başladı və məlum oldu ki, adı Kimbldən xeyli fərqlidir – Mustafa. Biz kişidən heç nə istəməmişdik, ona heç bir sual verməmişdik, amma nədənsə İslam dininin gözəlliyindən elə bir tonda danışmağa başladı ki, elə bil biz ona demişdik: “Hocam, bize İslamın güzelliyini, temel prenseplerini anlatırmısınız?“
Mustafa kişi bizə çox şeylərdən danışdı. Dayanmadan, həvəslə, gözləri gülə-gülə, sanki çoxdandı danışmağa adam gəzirmiş kimi bütün enerjisi ilə bir konudan o biri konuya keçirdi. Məsələn, çoxdan oxuduğum və sevdiyim bir pritçanı bizə sirr verirmiş kimi danışdı. Əhvalat belədir: Bir şəhərə uzun müddət yağış yağmır. Şəhər əhli yığışıb gəlirlər peyğəmbərin yanına ki, bəs, ya peyğəmbər, əkinimiz batacaq, qıtlıq olacaq. Sən bir yağmur duası oxu, bizi xilas et. Peyğəmbər fikrə gedib deyir ki, gedin sabah bu vaxt gəlin. Mən bütün gecə dua oxuyacam, siz də ürəkdən inanın ki, sabah bu vaxt yağış yağacaq. Şəhər sakinləri sevinə-sevinə dağılışır. Səhəri gün vədələşdikləri vaxt həmin yerdə olurlar. Amma yağış yağmır. Adamlar hiddətlə peyğəmbərdən soruşurlar ki, bəs hanı yağış? Peyğəmbər deyir ki, siz yağışın yağmasına inanmadınız, ona görə yağmadı. Adamlar etiraz edir ki, yox, inanmışıq, bu nə deməkdi?! Peyğəmbər sakitcə dillənir: “İnansaydınız, çətirlə gələrdiniz...”
Kişi bu əhvalatı danışdıqca mənim gözüm bizdən azca aralıda uzanıb əl-üzünü yuyan pişiyə sataşdı. Diliynən pəncələrini təmizləyən bu şirin pişik mənim üçün maraqlı söhbətlər edən kişinin solğun sifətinə baxmaqdan daha xoş idi. Söhbət uzun çəkdi və mən nümayişkaranə şəkildə “kifayətdir” mənasında saatıma baxdım. Kişi “geç oldu qaliba “- dedi. Tezcə “əvət” – deyib sağollaşmağa hazırlaşırdıq ki, kişi “ Beraber çıkalım o zaman” – dedi. Ürəyimdə dedim ki, hə, deyəsən, yaman işə düşmüşük. Çıxdıq. Bir az o həndəvərdə gəzişdik. Sonra mən məsələni uzatmamaq üçün (artıq bu tip adamlarla bağlı xeyli təcrübəm var) “ hocam, özür dileriz, bizim yolumuz uzun, arkadaşımız bekliyor, mazur tutun” – deyibən kişinin əllərini sıxıb sağollaşdım. Kişi də mızıldana-mızıldana sağollaşdı, “Allaha emanet olun”- dedi. Bizdən ayrılanda mən onun gözlərində qəribə bir ifadə gördüm. Elə bil onun üçün bir anda AK Partinin bayrağındakı lampa sönmüşdü.

18. Ortaköy

Həmin gün axşam yeməyimizi yenə Boğazda yedik. İstanbulda haranı gəzirsən gəz, əhvalın necə olur olsun, dincini ala biləcəyin, rahatlıq tapacağın yer, məncə, Boğazdı. Boğazda bir balıq restoranında əyləşdik və yeməyimizi gələnə qədər gözlərimizi bu gözəl mənzərəylə doydurmağa başladıq. Günbatımında boğazda olmaq, balıq sifariş etmək, yanında içəcək olaraq efes pivəsi istəmək, bir siqara yakmak və tüstüsünü küləklərə vermək, çox adi görünən, amma əvəzolunmaz bir ləzzətdir. Balıqlarımızı yeyib, tələbəlik illərindən, o illərin yaddaqalan xatirələrindən danışmağa başladıq. Bir-birimizə bəlkə də yüz dəfə danışdığımız, hər danışanda da içimizdən kiminsə unudacağı ümidilə “Yadına düşür, dekanın “lambışka nədi” deməsi?“ kimi hansısa əhvalatı işarələyən sualları təkrarlayırıq ki, o söhbətləri yenidən danışmağa bəhanə olsun. Amma heç birimiz heç vaxt onları unutmuruq və bəhanəsiz-filansız, təkrarən eyni əhvalatları danışıb gülürük. Əhvalatı kim danışırsa, danışığını bitirməmiş, qarşısındakını gözləmədən özü ürəkdən gülməyə başlayır ki, çox uzaqda, illərin o tayında qalmış, gülüş istifadə tarixi çoxdan bitmiş bu əhvalat yenə əvvəlki kimi gülüş doğursun.
Hava qaralana qədər orda tələbəlik illərindəki azad, asudə və avara günlərimizin səhifələrini vərəqləyirik və bir də ayılıb görürürük artıq gecdir. Neçə saatdı başımız keçmişə qarışıb, indiki zamanı unutmuşuq. Mən evə qayıtmaq istəmirəm. Ruhlandan soruşuram ki, neçə aydır burdasan, sən bilərsən, bu vaxt hara getmək olar? Ruhlan dərin düşüncələrə dalır. Birazdan gözləri parıldayır və deyir: “Gedək Ortaköyə”.
Ortaköydə dənizkənarı bir parka gəlirik. Burdan gecənin qaranlığında eşsiz bir mənzərə görünür. Asma körpünün üstündə yanıb-sönən rəngbərəng işıqlar boğazın sularında əks olunur və sağ-solda, körpüdən arxada görünən İstanbulun təpələrindəki evlərin, kafelərin işıqları adamda elə təəssürat yaradır ki, elə bil şəhər alışıb-yanan çılçıraqdı.
Burda ətrafdakı səyyar kafelərdən birindən adama bir kumpir alıb, gəlib əyləşirik düz dənizin kənarında. Ortaköydən görünən bu gözəl mənzərə adama həm də hardasa uzaqda işıqla, ya rəsmlə bağlı iş getdiyi hissini aşılayır. Çünki ordan asma körpüyə baxanda adam istəyir ki, bu mənzərə yoxa çıxmasın deyə günəş heç doğmasın və adama elə gəlir ki, bütün bu gözəllik, bax elə indicə bir rəssam tərəfindən çəkilir, hələ bitməyib, hələ daha gözəl olacaq. Burda parkın bəkçiləri var və onlar qismətlərinə düşən bu gözəlliyin, elə bil, o qədər də fərqində deyillər. Balaca bir ədyal atıb bu geniş səmanın, bu olağanüstü mənzərənin, bu hilalgözlü dənizin həndəvərində uzansalar da, arada bir-birləriylə narazı-narazı nədənsə danışır, söyüşür, sonra yenidən sakitcə uzanıb bir az mürgüləməyə çalışırlar. Bir nazik ədyalı qoltuqlarına vurub, imsaka qədər burda uzanıb yatmağa gələn yerli sakinlər də çoxdur.
Burda dənizin parkla qovuşan yerində bir kişi tir qoyub. Dənizin içində rəngbərəng şarlar düzüb və 5 lirəyə on iki atış haqqı almaq olar. Uduş, priz-filan heç nə yoxdur. Elə belə, kef üçün, boşluqdan, bəlkə də dənizin, gecənin, bu görüntünün hədsiz səliqəli olmasına yaranan insani öfkədən 5 lirə verib şarları vurmağa çalışırsan. Biz də paramızdan keçib güllə atdıq. Dedim, gəlin ürəyimizdə bir arzu tutaq, kim beşdən yuxarı şar vursa hesab edək ki, onun arzusu çin olacaq. Heç bir etirazsız razılaşdıq. On beş lirə verdik, hərəmizə on iki güllə aldıq. Atdıq, hərəmizə 6-7 şar vurduq. Orda dənizə lap yaxın yerdə bir daşın üstündə oturduq və ürəyimizdə tutduğumuz arzunun xəyalına qura-qura susduq.
(Ardı var)
QİSMƏT
[email protected]



Bu yazı ( 336 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar