12px14px16px18px

Oxucuyla məktublaşma

Aysel ƏLİZADƏ
09:49 / 01.10.2011
From: Anıl Akdoğan
To: Aysel Alizade

Mərhaba Aysel xanım. Mən sizə Türkiyədən yazıram. Gözəl ölkəmizi azəri qardaşlarımıza tanıtdığınız üçün təşəkkür edirəm. Gənc və başarılı bir yazar olduğunuz üçün də təbrik edirəm. Umarım yolunuz Muğla yörəsinə (bölgəsinə) də düşər. Sizi ən gözəl şəkildə ağırlayacağımızdan (qarşılayacağımızdan) şübhəniz olmasın. Əgər cavab vermə nəzakətində bulunsaz sizə bir kaç sualım olacaq.

From : Aysel Alizade
To: Anıl Akdoğan

Salam. Təşəkkür edirəm gözəl sözlərə və diqqətinizə görə. Tebii, buyurun.

From : Anıl Akdoğan
To : Aysel Alizade

Türkiyənin çeşidli yerlərini gəzmiş biri olaraq Türkiyəni və buradakı yaşam koşullarını (şərtlərini) nasıl buldunuz? Azərbaycanla kıyasta (müqayisədə) Türkiyənin artıları və əksiləri nələrdir və son olaraq Türk insanları ilə Azəri insanları arasında konuşulan dil xaricində başqa fərqliliklər də varmı? Verəcəyiniz cavablar çalışmamızda kullanılacaqdır, bu nədənlə ayrıntılı cavab versəniz çox məmnun olaram, təşəkkür edirəm.
Türkün vicdanı və ürəyi sizlərlə.

From: Aysel Alizade To: Anıl Akdoğan
İyi axşamlar. Əslinə baxsaq, böyük fərq gözə dəymir. Özünüzə türk bizə azəri deməyinizi də təqdirolunmaz sayıram. Danışığımız və kültürümüz (mədəniyyətimiz) eynidir demək olar. Mətbəximizdə də üst-üstə düşən çox şey sadalamaq olar. Bizim paxlavamız var, sizin də var, bizim plovumuz var, sizin də var, biz kabab sevirik, siz də sevirsiz. Oxşarlıq və ortaqlıq çoxdur. Atalar sözləri, el deyimləri, adətlər və s. Biz bir etnosuq və bu qədər uyğunluq doğaldır. İnsanlarınızı səmimi buldum. Qadınlarınız bizimkilərdən daha özgürdür. Düzdür, bunu bütün Türkiyəyə şamil etmək olmaz. Köylərdə durum yaxşı deyil. Eyitim (təhsil) sorunu var. Oxumayan, təhsilsiz insanınız çoxdur. Bizim Türkiyədən fərqimiz budur ki, ən yoxsul insan belə çalışır övladı eyitim alsın. Amma universitetlərdə parayla keçərli işlərimiz var və sonucda hər diplom alan təhsilli sayılmaz. Vətəndaşlarınız Türkiyəni sevirlər. Atatürkün dediyi kimi hər kəs mutludur türk və türkiyəli olduğu üçün. Kütləvi işsizlik gördüm, yazımda da vurğulamışdım, xaos gördüm, idarəsizlik göz girir. Cahillik boğaza qədər. Amma toplum olaraq coşğulusuz. Həyəcanlısız. Mövqelisiz. Bizimkilər daha mühafizəkardı. Hər konuya açıq deyillər. Sizdə bir az başqa cürdür. Ən sadə insanınızla da dartışmadan danışmaq olur. Bizdə dini mövzular bir az ağrılıdır. Baxmayaraq ki, dövlət və xalq olaraq siz daha dindarsız. Bilmək istədiyiniz başqa bir detal varmı?

From: Anıl Akdoğan
To: Aysel Alizade


Aysel xanım, bugünkü yazınızı da oxudum. Türkiyəni və Türk siyasətini qayət iyi analiz etmisiniz, kutlarım sizi. Söz siyasətdən açılmışkən, sizə hər Türkün ağlında olan və nədəni maraq edilən bir soru soracam. Bu gün Azərbaycan öz silahlı qüvvələriylə gövdəgöstərisi yaptı və Əliyev Azərbaycanın əsgər xərcləmələrinin Ermənistanın ulusal gəlirinin yarısından çox olduğunu söylədi. Azərbaycanın Qarabağı geri almaq istəməsi göz önündə bulunduruldu. O zaman nədən hələ taarruza (hücuma) keçmirsiz. Azərilərin də savaşmaq istədiyini bilirik, amma hökumət nədənsə hələ tərpənmir. Madam savaşmaqdan ehtiyat edirsiz, o zaman bu əsgər xərcləmələri niyə bu qədər yüksəkdir? Qarabağ Türk dünyası üçün bir utanc tablosudur. Türkün qüruru və onuru bir ovuc çapulcu (soyğunçu) erməni əsgərinə məğlub olmanızla dərin yara alıb. İnanın bu bizi o qədər yaralıyır ki, gedib oraya savaşmağımız gəlir. Rusları bəhanə edəcəksizsə, sizə birinci dünya savaşı sırasında 7 ayrı millətlə qəhrəmanca savaşmış Türk əsgərlərini örnək göstərə bilərəm. Ayrıca inanın Türkiyə bu savaşda sizə tam dəstək verəcək.

From: Aysel Alizade
To: Anıl Akdoğan


Doğrudur. Osmanlının birinci dünya savaşındakı performansı bütün dünyanı heyrətə salmışdı. O dönəmlərdə Azərbaycanın başı az çəkmədi. Tariximizdə çox olaylar var bu dönəmə bağlı. Qondarma Erməni-assur dövlətinin Azərbaycanın güneyində yaradılması planı da 1918-də elə Osmanlının yardımıyla məhv edildi. Bu uzun-uzadı mövzudu. İndi dilimiz qısadı sözsüz ki. Torpağına sahib çıxa bilməyən bizik sonucda. Bəhanə deyəcəksiz, amma gerçəkdən də biz Rusiyayla savaşdayıq. Ən çətin, ən zor zamanlarda, ən çox satqın və ən çox xəyanət olan dövrlərdə belə Azərbaycan igidləri vuruşdular. Savaşa ilk dəfə könüllü gedən ərlərimiz oldu. Bu gün silahlı qüvvələri sərgiləyirik, çünki gerçəkdən də güclü ordumuz var, amma o zaman heç nəyimiz yox idi. Baltayla, tüfənglə savaşırdıq. Biz Ermənistanla əlbəyaxa deyilik, biz gerçəkdən də Rusiyayla üz-üzəyik. Qafqazda at oynatmaq, ömürlük hakim olmaq istəyən bir dövlətlə. Biz Qarabağ uğrunda döyüşə atılanda qarşımızda nəhəng imperiyadan qalan bir ordu vardı. Onunla belə döyüşdük. Nə boyda Şəhidlər Xiyabanımız var bilirsiz? Elə bu xiyaban sübutdur ki, biz döyüşdük, vuruşduq, torpağımız uğruna ölə bildik. Ermənilər haqda mif uydurulmağa başlandı. İnsanımızda, gənclərimizdə xof yaratmağa başladılar. Eynən faşistlər haqda qalan xof kimi. Görüntülər yayımlanırdı və bu görüntülərdə eybəcər hala salınan qocalar, hamilə qadınlar, uşaqlar vardı. Xalqda bir hürkü yaratmaq niyyəti güdürdü bu açıq-aydın. Amma erməni nə yapa bilər ki, mənim erkəyimə? Onun gücü elə hamilə qadına, cocuga, ahıla çatır. Nə var ki, oturduğu yerdə bir qadını cocuqla öldürməyə. 15-ci ildə də Anadoluda yapdığı eyni şey deyildimi? Qadınlara, cocuqlara saldırı. O ki qaldı dövlətin nə gözlədiyinə, bunu mən deyə bilmərəm. Görünür dövlət sadəcə, nə olursa-olsun bir daha qan tökülməsin, savaş olmasın deyə gözləyir. Biz son ana qədər ümid edirik ki, bu sorunu danışıqla yoluna qoymaq mümkün olar. Ara-sıra silah sursatımızı göstərməyimiz də, yəqin ki, “savaşa hazırıq ” deməkdir. Xalqım çox yorğundur, Akdogan bəy, Sovetlərdən ayrıldıq, şəxsən bizim nəsil 5 prezident görüb, hərəsinin də bir xarakteri. Ölkəmizi yenidən kərpic-kərpic qurmağa başladıq, xalq dişiylə-dırnağıyla yaşamağa davam elədi, öz içimizdən də olmazın xəyanətlərlə qarşılaşdıq, kimlərinsə cibləri doldu xalqın boş qarnının hesabına. Üstəlik itki, ölüm. Qarabağ boyda yara. Çox zordur. Yenidən dumanlı, usanmış, yüklü başla savaşa girmək heç nə qazandırmazdı. Xalq özünə gəlməlidir. Amma bütün bunlara rəğmən – ölkəmdəki bütün problemlərə, dözülməz qayğılarla yüklənmiş xalqımın gözündəki yorğunluğa, əzaba, bezginliyə baxmayaraq, döyüşəcəyinə və qazanacağımıza əminəm. Dəstəyinizi həmişə duymuşuq. İndi döyüş bizim üçün heç bir anlamda sorun ola bilməz. Sadəcə, Türkiyənin də başında bəla az deyil. Daxilindəki problemləri çözmədən onun da belə bir siyasal anlamda həssas problemə girişməsi indilik doğru olmaz düşünürəm. Öncə Türkiyə iqtidarının iç savaşı yoluna qoyması gərəkdi.

From: Anıl Akdoğan
To: Aysel Alizade


Aysel xanım, Azərilərin Qarabağ konusunda nə qədər həssas olduğunu bilirəm. Və fərqində olmadan sizi incitdimsə, əvf buyurun lütfən. Bildiyiniz kimi biz duyğusal bir xalqıq və zaman-zaman duyğularımızın əsiri oluruq. Qarabağ haqqında bir çox araşdırmalarda bulundum və Mübariz İbrahimov kimi igidlərinizdən də xəbərdaram. Yazınızda danışıqla sorunların həll edilməsinin mümkünlüyündən bəhs edirsiz. Bilmirəm eşitmisiz, ya yox, bizdə belə bir söz vardır: “insanlar danışa-danışa anlaşır, heyvanlar qoxlaşa-qoxlaşa”. İşdə sorun da bu sözdə gizli. Qarşınızda insanlıqdan nəsibini almamış, qudurmuş yaratıqlar var və bunlar iyi niyyətdən, barışcıl duyğulardan anlamazlar. Onlarla savaş dilində danışmaq gərəkir, sizin hökumət barışın olacağını və Qarabağın təkrar sizin əlinizə geçəcəyini umur. Sizcə bu mümkünmü? Məncə batı (qərb) Azərbaycanı oyalayır, eyni bizi Avropa Birliyi qapısında oyaladığı kimi. İşinizin qolay olduğunu söyləyə bilmərəm, təbii ki, savaş arzulanmaz bir olqudur, amma bəzən də barışın və rahatlığın təsisi üçün zəruridir. Qarabağı gerçəkdən də geri almaq istəyi varsa, savaş qaçılmazdı. Silahlarınızı bir-bir araşdırdım, sadəcə havadan saldırıyla ermənilərə böyük itki yaşada bilərsiz. Təbii ki, Rusiya faktorunu da unutmamaq lazımdı. Azərbaycanın Avropalıları mağdur olduğuna ( zərərçəkən tərəf) və savaşın qaçılmazlığına inandırması zorlu bir sürəc (müddət). Amma bir yerlərdən də başlamaq gərəkdir. Yoxsa üzülərək söyləyirəm, Qarabağ Azərilər üçün sonu acı, hüsran və gözyaşıyla dolu bir xatirə olaraq qalacaq. Konuyla birbaşa bağlantısı yoxdur, amma sizdən bir məsələni soruşum. Ölkənizdəki bəzi sorunlar sizi rahatsız edirmi?

From: Aysel Alizade
To: Anıl Akdoğan


Anıl bəy, ölkəmdəki hər sorun, hər şey məni ilgiləndirir və rahatsız edir. Fəhləsindən tutmuş yuxarı başda oturanına qədər hər adam məni düşündürür bu ölkənin vətəndaşı və yazarı olaraq. Bizimçün Qarabağ üstü yaş və açıq qalan dərin yaradır. Heç vaxt sağalmayacaq və qurumayacaq yara. Bu duyğusallıq da deyil. Bu həm də onur, qürur, vicdan məsələsidir dediyiniz kimi. Biz döyüşə-döyüşə itirdik, ona yanırıq. Biz Qarabağı bağışlamamışıq. Bu xalq döyüşüb torpağı uğrunda. Biz dürüstcə atılmışıq meydana. Ölkəmdəki durum indi çox da iyi sayılmaz. Tikirik, düzəldirik. Ama bu dekordan başqa bir şeyə çevrilmir sonucda. Çünki çox ciddi sahələrdə qüsurlar var. Təhsildən Səhiyyədən danışılası deyil. Bir doktora güvənimiz qalmayıb. Çoxlu pul-para tökməklə hələ doğru yanıt alacağımız da qarant altında deyil. Çox önəmli sahələrində ciddi qarışıqlıq, sorunlar yaşanır. Əmək haqlarımız çox aşağıdır. Üstəlik işsizlik də var. Üzdə hər şey yaxşı görünür. Evrovizionda qalib gəlirik. Mədəni ilişgilər qurulur dünyayla, çoxlu qonaqlar gəlib-gedir. Ölkədə teror yox, saldırı yox. Şəhərimizdə rahat-rahat gəzə bilirik. Yollarımız, əyalətlərimiz düzəldilir, abadlaşır. Amma məmurlarımız var ki, gözləri doymur. Rüşvətxorluq yayğındır. Hər iş üçün para verməli, tanış-tapşırığa əl atmalı oluruq. Yiyəsiz adam canlı ölü kimidir. Bir işini doğru-dürüst həll edə bilmir insan. Buna nə deyək bilmirəm. Hər halda bütün bunlar qabıq demokratiyasıdır. Ölkəyə o zaman inkişaf edən, irəliləyən, demokratik demək olar ki, orda insanın dəyəri olsun. Vətəndaş ölkəsinə güvənsin. O ki qaldı niyə hələ də Qarabağla bağlı bir tutarlı, real addım atılmadığına, tələb etmirik, demirik anlamına gəlməz bu. Yeri gələndə bu konu heç bitmək-tükənmək bilmir. Gündəm olaraq qalır. Amma bu birbaşa dövlətin görəvidir. Prezidentin hər rəsmi səfərindən nəsə gözləyirik, umuruq. İnandırıcı, gerçəkçi bir bilgi istəyirik. Və gözləməkdən başqa çarə qalmır. İstənilən halda döyüşmək gərəksə döyüşəcəyik.

Aysel ƏLİZADƏ
[email protected]




Bu yazı ( 710 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar