12px14px16px18px

İstanbul yazıları

QİSMƏT
09:48 / 01.10.2011
(Əvvəli ötən şənbə saylarımızda)

14. Azadlığa qaçış

Biz Nazim vakfını anlaşılmaz duyğularla tərk edəndən çox keçməmişdi ki, Ruhlan zəng vurub soruşdu: “Rakı alıb naharımızı evdə eləyək, yoxsa restoranda?” Onun səsinin ahəngindən, sualının quruluşundan anladım ki, könlündən cümlənin birinci hissəsini reallaşdırmaq keçir. Ürəyimdə “Olsun bə Ruhlan” – dedim. İstəyirsən evə gələnə qədər nazik bığ buraxım, saçımı jeleləyim, qara kurtka tapıb çiynimə atım, siqaretimi çəkməyib eləcə damağımda saxlayım, adımı dəyişib Tanju eləyim, qonşu məhlədən tikiş fabrikində işləyən Banu adlı bir qız tapıb ona aşiq olum. O fabrikin müdirinin oğlu Nihat Banuya girişsin, ailəsi pul-paraya görə qızı Nihata versin, mən tezcə qarşıma məqsəd qoyum ki, böyük, zəngin adam olub onlardan intiqamımı alacam. Belə bir əhvalda gəlim evə. Bir rakı açaq, bəyaz pendir, qara zeytun olsun süfrəmizdə. Bol maydanozlu salatımıza limon sıxıb, aslan südündən içə-içə əfkarımızı dağıtmağa başlayaq. Sənin divarda bir bağlaman olsun və qəfildən onu götürüb kədərli bir türkü çalmağa başlayasan. Mən bayaqdan bəri süfrəyə dikdiyim gözlərimi qəfil kameraya tərəf çevirib oxumağa başlayım: “Bana sarhoş diyorlar...”
Uşaqlıq filmlərimizin vətənində – İstanbulda, Ruhlanın kirələdiyi yarızirzəmi evdə rakılarımızı qədəhə boşaldıb başladıq söhbətə. Şüşənin məhbəsindən qurtulan rakı, bilmirəm bizi gördüyündənmi, ya həsrətini çəkdiyi suyla qovuşduğundanmı ağappaq oldu. Kafamız dumanladıqca söhbətin ahəngi, məzmunu, rəngi tündləşməyə başladı. İstanbulda yaşamaqdan, həmişəlik bura köçməkdən söz düşdü. Ruhlan bir “ah” çəkdi və biz susduq, o danışdı...
Dedi: “Səncə, mən niyə təhsilimi bitirsəm də, iş tapıb burda qalmağa çalışıram? Pula görəmi, perspektivə görəmi? Şükür Allaha, bilirsən ki, atamın imkanları heç də pis deyil. Mən Bakıdan sərbəstliyim üçün qaçmışam. Özümü istədiyimi kimi ifadə etmək üçün, fikrim soruşulmadan hazırlanmış oğul, övlad, qohum qəliblərindən canımı qurtarmaq üçün qaçmışam. Mən bura fikirlərinə yalandan razılıqla başımı tərpətdiyim qohumların, zarafatlarına “xala xətrin qalmasın” gülümsədiyim qonşuların, mənə “sən hələ cavansan, bilməzsən” – deyib, sonradan öz sözümü özümə məsləhət kimi qaytaran ağsaqqal müdirlərin, ağbirçək direktorların əlindən qaçmışam. Xoşuma gələn qırmızı köynəkdən, yaşıl şalvardan “qonum-qonşu nə deyər” deyib vaz keçməmək, özümdən min dəfə istedadsız, zövqsüz adamların başa keçmədiyini görməmək üçün qaçmışam. Sevdiyim qızla öpüşmək üçün gizlin yer axtarmamalı olduğum, bir tulapayı maaşla gələcək qurmağa məcbur olmadığım bir yer arzusu ilə qaçmışam. Adam kimi, ürəyim istəyən kimi yaşamaq üçün qaçmışam...”
Şaiq söhbətin ahəngini dəyişmək üçün ərkyana bir sual verdi: “Birdən burda həyatını ürəyin istəyən kimi qura bilmədin, onda necə?” Ruhlan nəsə mızıldana-mızıldana cavab verməyə hazırlaşırdı ki, qapı döyüldü. Gələn Ruhlanın kirayə yoldaşı Fariz idi.

15. Faritso


Şaiqin sualına Ruhlanın konkret bir cavab verə bilməməsi təbii idi. Çünki məsələ sərbəstlik üçün qaçıb getdiyin yerdə, sıfırdan qurmağa çalışdığın bir həyatın alınıb-alınmayacağından çox, səni buna vadar edən səbəbləri anlamağa çalışmaq olmalıdır. Söhbətimizin üstünə gəlib çıxan Farizə baxa-baxa düşünməyə başlayıram.Demək başını götürüb qaçmağın nəticəsi belə də ola bilər.
Farizin adama əzab verən sakitliyi var. Sözə elə bil pul kimi qənaət edir. Elə bil təkcə bu evdə yox, həm də dildə kirayə qalır. Qorxur ki, çox xərcləsə, gələn aya sözü qalmaz. Ruhlan zarafatla ona Faritso deyir. Bilmirəm bu italyanlaşdırmanı nəyə görə edib, elə belə məzə üçün, yoxsa Farizdə nəsə italyan xarakteri hiss eləyib?
Fariz 1983-ci ildə Masallıda anadan olub. Orta məktəbi də orda bitirib. Ali məktəbə daxil ola bilməyib və qarşıdakı hərbi xidmət yolu işıqlanmağa başlayıb. Vətənə borcunu sonuncu saatına qədər ödəyəndən sonra Fariz, Masallıya yox, Bakıya gedir. Paytaxtda müxtəlif yerlərdə ofisiant işləyir, güzəran dərdi ilə əlləşir, bir parça çörək üçün yel dəyirmanları ilə savaşmağa başlayır. Bakının tozlu-torpaqlı, küləkli günlərindən birində xəbər gəlir ki, anası rayonda bu dünyanı o dünyaya dəyişib. Fariz cibində 15 manat pul, içində sağalmaz bir ağrı Masallıya qayıdır. Üç, yeddi, qırx bir göz qırpımında keçmiş zamana çevrilir və adamlar çox sürətlə əski həyatlarına – öz problemlərinin içinə qayıdırlar. Farizin atası yatağının boş qalmasına dözə bilmir və başqa bir qadını özünə arvad, övladlarına ana eləyir. Bizim Faritso atasının bu izdivacıyla heç cür barışa bilmir və borc-xərc eləyib başını götürüb qaçır İstanbula. Bu olur 2006-cı ildə, yəni Farizin 24 yaşı olanda. Yaşamaq, pul qazanmaq üçün, anasının itkisini, atasının yetkisini unutmaq üçün sevib-sevilməli yaşında dünyanın ən qaynar, ən rəngli, səsli-küylü, qorxulu və sevimli şəhərinə gəlir. Ofisiant təcrübəsi olduğu üçün restoranlarda tezliklə iş tapır və başlayır “qaçaq işçi” kimi çalışmağa. Düz mərkəzdə, Cihangirdə, kürdlərin “ Kardeşler” adlı restoranında. Çətin günləri çox olur. Pul-parasız, yarıac, yarıtox. Belə günlərdə evləri üçün, Bakı üçün, Masallı üçün darıxmağa başlayır. Qayıtmaq istəyir. Olmur. Cibdə para az, kirayə borcu xirtdəyəcən. Fikirləşir ki, bəlkə polisə yaxınlaşıb qaçaq olduğumu desəm məni pulsuz-parasız deportasiya edərlər. Bir polis abiyə yaxınlaşıb deyir ki, mən “qaçaq işçiyəm”. Polis bəy Farizi altdan yuxarı süzüb “neyniyim?” deyərək uzaqlaşır. İstanbulun Farizi qovmağa ürəyi gəlmir.
Fariz indi 28 yaşındadı, evli deyil. Hələ də “Kardeşler”də işləyir. Səhər 9-da işi başlayır, axşam 9-da bitir. Bəzi günlər olur ki, gecə ikiyə, üçəcən işdə olur. Cihangirdə, Palaska küçəsində Ruhlan birgə yarızirzəmi evin havasızlığını və kirayəsini bölüşürlər.
Beş ildir ki, İstanbuldadı və sağ qalmaqdan, acından ölməməkdən ötrü dayanmadan işləyir. Yaş 28-di və həyatında qadın olmadığı üçün Farizin seksual problemləri var. Neçə ildir təmin olunmamağın bilincində yığılıb qalan yükü Farizi qəribə şəkildə susqun, içinəqapanıq etsə də, televizorda, küçədə yaşından, gözəlliyindən asılı olmayaraq bir qadın görsə, tezcə gözləri, fikri, düşüncəsi o qadının arxasınca yataq otağına kimi gedir.
Bizim Faritso hər ay Masallıya bacısı üçün xırda-xuruş da olsa pul göndərir. Amma bacısı sağdımı, ölübmü, indiyəcən bunu özü də bilmir.

16. Merdivenler

Farizin bizim əfkar gecəmizin düz üstünə gəlib çıxması ilə məclisimiz daha da qızışdı. Qədəhlər boşaldıqca melanxoliya dumanı yavaş-yavaş dağılmağa başladı və yerinə qəribə bir şənlik gəldi. Get-gedə çöpəgülənliyimiz tuturdu, hər xırda sözə, hərəkətə səbəbsiz yerə uğunub gedirdik. Rakımız bitdi və Ruhlan təklif etdi ki, gəlin dükandan pivə alıb Merdivenlerə gedək. Razılaşdıq. Pivələrimizi, cipsimizi alıb getdik biz qalan küçədən bir sokak ötədə Merdivenler deyilən yerə.
Bura bizim “40 pilləkən” kimi bir yerdi. Təbii ki, burda pilləkənlər daha çoxdur. Burda hər gecə ətrafda yaşayan, adətən bir az keflənmiş gənclər toplaşır. Merdivenlerdən gözəl boğaz mənzərəsi görünür. Bura gələnləri cəlb edən həm bu mənzərənin gözəlliyidir, həm də yeni tanışlıqlardı. Merdivenlerdə gənclər, orta yaşlılar da toplaşıb pivə içir, siqaret çəkir, söhbətləşir və bu proses səhərə qədər davam edir. Boğazdan günəşin çıxmasını görəndən sonra hamı evinə dağılışır. İstanbula mənim kimi yeni gedənlərin üçün bir dəfə Merdivenlerdə səhərə qədər oturmaq maraqlı görünə bilər, amma mən biləndə ki, burda bu hər gecə təkrarlanır təəccübləndim. Yəni bu boyda İstanbulda ediləcək iş, gediləcək yermi yoxdur ki, adamlar hər gecə gəlib pilləkəndə oturur, birə içir və günəşin çıxmağını gözləyir? Həmin gecə biz də səhərə qədər Merdivenlerə oturub günəşin çıxmağını gözlədik. Ona qədər birə içdik, siqaret çəkdik, qonşu pilləkənlərdəki söhbətlərə arabir qoşulduq. Günəş çıxan kimi isə yarasa kimi sürətlə hücrəmizə qayıdıb yatdıq.

17. Sultan Ahmet

Səhər yuxudan durmadıq, çünki yatmağa səhər getmişdik. Günorta oyandıq. Hətta günortadan da keçmişdi. Bugünkü planda Sultan Ahmet camisini görmək vardı. Ruhlan oyatmağa qəti cəhd etmədən, sürətlə çay-çörəyimizi yeyib yollandıq Sultan Ahmetə. Mənzil başına çatanda gördük ki, burda insan seli var. Ramazan bayramıdı deyə bütün dünyadan Sultan Ahmetə turist axışıb. Caminin önündə bir qələbəlik var ki, gəl görəsən. İzdiham böyüklüyü səyyar satıcıların gözlərini güldürürdü. Qarpız kəsib satan kişilər, su satan yeniyetmələr, Ramazana özəl şirniyyatlardan təklif edən xalalar, bütün bu rəngarəngliyi fotolarına köçürmək istəyən turistlər hamısı bir-birinə qarışmışdı. İftarı gözləyən bəzi adamlar elə oralıqdakı yaşıllığa özlərini verib yuxuya getmişdilər. Yılmaz Güneyə bənzəyən bığlı bir kişi dovşanla fala baxırdı. Kişinin qutusunda, bükülmüş vərəqlərdə müxtəlif yazılar var və o, dovşanı qutuya buraxır. Dovşan hansı vərəqi seçsə onu açıb oxuyur. Hicablı bir qadın dovşan falına baxdırdı. Kənarda dayanıb müşahidə etdim. Vərəqdəki yazını oxuyanda gözləri işıqlandı... Görəsən nə yazılmışdı?

(Ardı var)

QİSMƏT
[email protected]




Bu yazı ( 362 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar