12px14px16px18px

Stendlər arasında ikinci gün...

Nərmin HÜSEYNZADƏ
07:15 / 30.09.2011








Lap nağıllarda deyildiyi kimi, iki gün-iki gecədir ki, Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Açılış günündən fərqli olaraq, dünən sərgi-yarmarkaya baş çəkənlərin sayı xeyli azalmışdı. Əlbəttə ki, kitaba marağın zəifliyindən xəbər verməsi baxımından təəssüf doğuran məqamdı bu. Ancaq bir cəhətlə təsəlli tapmaq olurdu ki, ilk gün buraya baş çəkənlərin çoxu rəsmi açılışa görə gələn tanınmış adamlar, ədəbiyyat və sənət adamları, millət vəkilləri, iş dünyasının təmsilçiləriydisə, növbəti gün onların yerini tələbələr, məktəblilər, əsasən gənc nəsil tutmuşdu.
İlk gündən vərdiş elədiyim kimi, yenə də stendlərin arası ilə gəzişib müşahidə və qeydlər aparmağa başladım. Sözsüz ki, fotoaparatım da mənimləydi və hərdənbir onunla faydalı əməkdaşlıq qururduq. İlk diqqətimi çəkən stend onunla “əlamətdar”dı ki, nəşriyyatın rəhbəri, sanki özünün yaradıcılıq gecəsiymiş kimi, bütün rəfləri öz kitabları ilə doldurmuşdu. Yəqin elə bu səbəbdəndi ki, bütün vaxtını özü ilə gətirdiyi iki işçisiylə söhbətə sərf etməkdən başqa çarəsi qalmamışdı.
Bir az irəlidəsə tam fərqli mənzərə vardı. Mənimlə sərgiyə gələn iş yoldaşım qolumdan tutub məni ordakı qələbəliyə – “Qanun” nəşriyyatının kitablarının düzüldüyü stendə tərəf dartırdı: “Ora bax, yəqin, orda maraqlı kitablar var ki, adamlar orda dayanırlar. Gedək, biz də gedək ora...” Sözünə baxmaya bilmədim. Haqlıydı.
Bir qədər sonra ayaqlarım məni “Olaylar”a ayrılmış stendin qarşısına aparıb çıxardı. Ən maraqlı mənzərə stendin divarlarındaydı. Çatan kimi divardan asılmış şəkil diqqətimi cəlb elədi. Profildən çəkildiyi, həm də bir az yuxarıdan asıldığı üçün şəkildəkini dərhal tanıya bilməmişdim. Satıcı xanımdan “bu bəy əfəndinin kim olduğunu” soruşdum. Xanım dərhal dedi ki, bu şəkildəki burda düzülən kitabların müəllifi, “Olaylar”ın rəhbəri, yazıçı Yunus Oğuzdur. Düzü, bu cavabdan bircə an sonra artıq peşman olmuşdum. Çünki, görünür, elə mənim kimi bilgi və diqqət yetərsizliyi olan gəncləri uyarmaq üçün stendin divarlarında, bir neçə yerdə iri qara şriftlərlə “Yunus Oğuz” yazılmışdı. Və yadımda qalsın, bir daha diqqətsizliyə yol verməyim deyə, bu mənzərədən bir fotokadr götürməyi özümə borc bildim.
Saat 12 tamamda sarayın ikinci mərtəbəsində başlayacaq tədbirin elanını eşidib, qalxdım yuxarı. Bu tədbir prezident İlham Əliyevin sərəncamına əsasən, BSU-nun təşkilatçılığı ilə Azərbaycan dilində nəşr edilən 150 cildlik “Dünya ədəbiyyatı” seriyası üzrə çıxan kitabların təqdimatı idi. Görülən iş çox maraqlı və dəyərli olsa da, təqdimat mərasimi gözümüzün öyrəşdiyi bu tipli tədbirlərdən fərqlənmirdi: təşkilatçılar və icraçılar iş prosesi barədə danışır, qonaqlar da dinləyir və alqışlayırdılar. Yadımda qalan əsas məqam bu oldu ki, belə bir təqdimata layiqli diqqət ayırmadığına, kitabın təbliğinə yetərli ilgi göstərmədiyinə görə ölkə mediasının, xüsusən televiziyaların ünvanına iradlar səsləndirildi. Düz sözə nə deyəsən...
Nərmin HÜSEYNZADƏ



Bu yazı ( 354 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar