12px14px16px18px

İstanbul yazıları

QİSMƏT
04:02 / 24.09.2011
Yeməyimizi yeyib düzəldik yola. Ruhlan yaxınlıqdakı bir-iki dükana dəyməliydi. Kafedən təzə aralanmışdıq ki, bir oğlan bizə yaxınlaşıb salam verdi. Sonra sirr açırmış kimi, sakit səslə soruşdu: “Bayan lazımmı?“
“Yox, lazım deyil” – dedim. İstanbulda adətən Türkiyə türkcəsində danışsam da, reflektiv olaraq azəricə cavab verdim. O dəqiqə bizə qadın təklif edən bu səyyar sutenyor bizi sual yağmuruna tutdu: “Abi, İrandanmı geldiniz?“
Ruhlan əsəbi cavab verdi: “Hayır, İrandan gelmedik ve bayan is-te-mi-yo-ruz!“
Yox, deyəsən, pis yerdə axşamlamışdıq, daha doğrusu, sırtıq bir sutenyor burda “axşamlamağımızı” istəyirdi. Eyni mehriban üzlə, guya qayğımıza qalan, bizim üçün narahat olan, vaxtımızı səmərəli keçirək deyə əldən-ayaqdan gedən bu peşəkar sırtıq, canımıza qırsaqqız olmuşdu. Elə bil kafedə oturursan, qalxanda görürsən ki, şalvarına saqqız yapışıb. Təmiz dilxorçuluq.
“O zaman Dubaidenmi geldiniz?“ Ruhlan bu dəfə bir az sakit, təmkinli səslə dilləndi: “Kardeşim, abicim, bratım, Dubaiden de gelmedik, Sinqapurdan da, Hindistandan da. Nerden geldiysek geldik. Kadın istemiyoruz. Arıza çıkarma, gidelim...“
Bu cümləni deməz olaydı. Əziz sutenyorumuz, Ruhlanın dilindən çıxan “brat” sözünü elə bil maqqaşnan çəkib çıxarmışdı. “Brat dedin kardeşim. Az buçuk rusca çakıyorum. O zaman russunuz, ya da ukraynalı, moldovalı da ola bilir. Hangisi? Her çeşit bayan bizde mevcut”.
Yaxamızdan düşmürdü və artıq, əsəblərim tarıma çəkilməkdəydi. Bu dəfə söhbətə mən qoşuldum.
“Azerbeycandan geldik. Anladınmı? Karı istemiyoruz, zaten istesek de paramız yok”. Əlimi cibimi atıb yalandan ona 30-40 lirə göstərdim. Guya olan-qalanımız budur. Ardınca İstanbul jarqonunda, küçə deyimi ilə hücuma keçdim: “Anlayacağın, şimdi sen bize kendini bile teklif etsen, sana bile paramız yetmez...“ Uşaqlar gülüşdü, elə sutenyor da. “Bunu başdan söylesene be ahbab. O kadar da laf ettik. Hadi kalın sağlıcakla...”
Adamın asta-asta bizdən uzaqlaşmağına baxa-baxa trio şəklində gülməyə davam elədik. Onu baxışlarımızla, gülüşümüzlə yolun o biri tərəfinə ötürdük və o da ovunu gözləyən ovçu kimi küçədə özünə bir yer elədi. Siqaretini yandırıb, qaynar gözləriylə içkili, şəhvətli və pullu kimisə cənginə keçirmək üçün pusquda durdu. Eynən bizə yaxınlaşdığı kimi, bir nəfərə yanaşdı. Nə dediyini eşitməsək də, ovunun qulağına əyilməsindən, nəsə sirr verirmiş kimi davranmasından təxmin elədik ki, iş həmin işdi və deyəsən, qurban tələyə düşüb. Çünki “təzə dostumuz” əliylə qarşıda məğrurcasına dikələn binanı göstərib nəsə dedi və sehrli təklifin təsiri ilə ovsunlanmış ortayaşlı, saçlarında yarpaq tökümü başlamış kişi binaya tərəf bir addım atdı, sonra dayandı. Nəsə soruşdu. Bir dəqiqə keçməmiş sutenyor və onun cənginə keçmiş müştəri məğrur binaya tərəf inam addımladılar. Biz filmin bitdiyini anlayıb, metroya tərəf getməyə başladıq. Dükanlar bağlanmağa başlamışdı. Kafelər, bərbərxanalar, çayçılar isə “gecəquşular”ın gəlməyini gözləyirdilər. Asfalta çanta, ayaqqabı, köynək düzmüş səyyar satıcılar “dükan”larını yığışdırırdılar. Yuxulu, yorğun və kasıb üzlərdə bu günü də birtəhər bitirməyin, illərdi istifadə olunmaqdan, tərdə yuyulmaqdan rəngi qaçmış sevinci vardı.Biz də evə dönən bu yorğun adamların axınına qoşulduq və gecəni başqalarına təhvil verib Cihangirin yolunu tutduq.

13. Nazım Vakfı

Elə yorulmuşduq ki, ayılanda gördük, günortadı. Ayılanda deyirəm, aldanmayın. Yerimdə qurcalanıb, əvvəl mən oyandım. Sonra Şaiqi oyatdım. Ruhlan isə mızıldandı, oyanmadı. Pəncərəmizin önündə pişiklər miyoldaşırdı. Cihangirdə yaman çox pişik var. Hər gün qəzetlərdə bu barədə yazıya rast gəlirdim. Köşə yazarları bu mövzuda çox həssasdı. Məşhur müğənni Ferhat Göçerin sevgilisi Ömür Gediyin başlatdığı kampaniya İstanbulda geniş vüsət alıb. Məhəllələrdə hamı qapısının ağzına bir nəlbəki su və yeyəcək bir şey qoyur. Sokak heyvanlarını qorumaq amacıyla yapılan bu kampaniyanın effektini hər tində görmək olar. Heyvanları sevsəm də, bu tipli kampaniyalar məndə bəzən gülüş doğurur. Çünki minlərlə ac-yalavac, xəstə, yardımsız insan varkən heyvanlara aşırı sevgi göstərmək, görünür ancaq parası-pulu çox olub, xərcləməyə yer tapmayan sosyetenin məşğuliyyətidir. Yanlış anlaşılmasın, sadəcə, mənə görə, öncəliklə insanlara yardım lazımdır.
Pişiklərin miyoltusu, maşınların səsi elə bil şəhərin də, adamların da, pişiklərin də bizdən əvvəl oyanmasına bəstələnmiş qəribə, enerjili bir musiqiydi. Yüngülvari nəsə yeyib özümüzü verdik sokaklara. Dünəndən beynimdə tutmuşdum ki, bugün mütləq Nazım Hikmet Vakfına gedək. Qaldığımız yerdən cəmi 2-3 küçə yuxarıda, Taksimə çatmamış, Müjdat Gezen Kültür-Sanat Vakfı ilə qonşu olan beşmərtəbəli binada yerləşən Nazım Vakfının binası önündə bizi bir kişi qarşıladı. Qarşıladı deyəndə ki, belə bir razılığımız olmamışdı. Yəni qarşımıza çıxdı. Kişidən Vakfın bu binanın neçənci mərtəbəsində olduğunu soruşduq. Kişi siqaretini sümürə-sümürə, etinasızca, sarı bığlarını oynada-oynada dedi: “Ben bilmem, ben öyle şeyleri bilmem...” İstanbulda bu kişi kimi adamlar çoxdur. Üstündə oturduğu xəzinədən bixəbər çoban Santyaqolar...
İkinci mərtəbəyə qalxırıq və burdakı qapılardan birinin üstündə “İstanbul art” lövhəsi görürük. Fikirləşirəm ki, yəqin elə bura olar. Qapının zəngini basırıq. Arıq, uzun, saçı saqqalına qarışmış bir oğlan açır qapını. Görünüşdən bilmək olur ki, ya rəssamdı, ya da rejissor. Bizimlə salamlaşıb niyə gəldiyimizi, nə axtardığımızı soruşmadan, içəri dəvət edir. Haranı axtardığımızı ona içəridə deyirik. Məlum olur ki, Nazım Vakfı üçün üzbəüz qapını döymək lazımdır. Hələliksə bura da baxa bilərik. Burda alternativ düşüncəli rəssamların əsərləri var və ənənəvi düşüncədən, metodologiyadan uzaq sənət adamları burda təşkilatlanıb. Bir az baxandan sonra sağollaşaraq, çıxıb yaxınlaşırıq üzbəüz qapıya. İndi fərqinə varırıq ki, qapının sol tərəfində loqo varmış, diqqət yetirsək, yanlış qapını döyməzmişik.
Qapını bizə 40-50 yaşlarında gülərüz bir xanım açır. Salamdan sonra tezcə başlayıram səbəbi-ziyarətimizi xanıməfəndiyə çatdırmağa. Azərbaycandan gəldiyimizi, bizim ölkədə Nazımsevərlərin çox olduğunu, İstanbulda keçirəcəyimiz iki həftə ərzində görmək istədiyimiz əsas yerlərdən birinin də bura olduğunu aramla ona danışıram. Dediklərimə gülümsəyir, gözləri parıldayır. Deyir ki, xəbərimiz var, sizdə Anar “Kerem gibi” adlı bir kitab yazıb. Vakfımız, əfsus ki, o kitabı hələ də əldə edə bilməyib. Xahiş eləyir ki, Bakıda o kitabı mütləq əldə etmək istədiyimizi gərəkli yerlərə çatdırın. Ona söz verirəm ki, dediyi kimi də edəcəm və indi bu yazı vasitəsiylə, gec də olsa, o xanıma verdiyim vədə əməl edirəm.
İçərini gəzməyə başlayırıq. Bura 5 otaqdan ibarətdir. Otaqlardan ikisi sənədləşdirmə-filan, telefon görüşmələri, yəni cari işlər üçün nəzərdə tutulub. Digər otaqlarda isə Nazımın kitabxanasının bir hissəsi, geyindiyi paltarlar, ilk makinası, çəkdiyi rəsmlərdən bəziləri, büstləri, qələmləri, Nazımla bağlı digər əşyalar var. O qədər geniş və zəngin olmayan bu odalarda fərqli bir aura hökm sürür. Kiçik, şirin və ağrılı.Düşünəndəki bu kibrit qutusuna bənzər otaqlarda Nazım Usta kitab oxuyub, yazıb, uzanıb dincəlib, şeir deyib, adamın üzünə qəribə bir təbəssüm qonur. Ömrünün bir dönəmində bu evdə qalan Nazım Hikmetin böyük kitabxanasından alınan kiçik bir hissə də maraqlıdır. Burda Leninin, Trotskinin, Marksın rusca kitabları, Hüqonun fransızca bir nəşri var. Otaqlarda da, əşyalarda da, xanımın üzündəki təbəssümdə də qəribə bir köhnəlik, itib-getmişlik, sahibsizlik sezilir. İdealları uğrunda həbslərdə yatmış, ölkələr gəzmiş, kavğalar etmiş Nazım, onun şərəfinə fəaliyyət göstərən Vakfı, yəqin ki, bu biçimdə, bu simada görmək istəməzdi. Görünür Nazım kimilər bütün dünyada yoxa çıxıb deyə, onun kavcasını, eşqini, yolunu davam etdirməyə kimsənin gücü çatmır. Mavigözlü Dev indi ayrı-ayrı adamların yaddaşında, ürəyində, kitabxanasındakı kitabların içində, o kitabların içindəki, altından xətt çəkilmiş hansısa misrada yaşayır.Bilirəm ki, vəqflər elə təxminən bu cür olur, amma nəsə Nazıma aid olanın bu şəklə düşməsini içimə sindirə bilmirəm. Mənim kitablarını oxumaqdan əskitdiyim, haqqında yazılanları sevə-sevə oxuduğum, barəsində çəkilən filmləri kolleksiyamda qürurla saxladığım Nazım haqqında təsəvvürlərimi o solğun simalı Vakfın mənə ötürdüyü duyğularla birgə içimdə daşımaq istəmirəm. Mənim təsəvvürümdəki Nazım bütün şeirlərini ayaq üstə yazıb. Ölümü də ayaq üstə olub əslində. Uzanıb ölməyib, yıxılıb ölüb Nazım...
Vakıfdan qarmaqarışıq hisslərlə çıxdıq. Nahar üçün Boğaza yollandıq və mən yolboyu susdum. Şaiqin gözündən yayınmamışdı. “Bəyənmədin vəqfi?“ – soruşdu. “Bilmirəm” – dedim. – Əslində hər şey yerindədi, illik planları var, tədbirlər keçirilir bütün dünyada, nəsə iş gedir. Bəyənmədim deyə bilmərəm. Amma orda nəsə var idi ki, məni anlaşılmaz, məyus bir ovqata saldı. Bəlkə də bu, nəyinsə olması yox, nəyinsə olmaması idi. Mənim gözlədiyim nəyinsə...” Şaiq məni anlamağa çalışaraq, amma özümü tam ifadə edə bilməməyimi üzümə vurmadan başını razılıq mənasında yellədib “Hmm” – elədi.
(Ardı var)
QİSMƏT
[email protected]




Bu yazı ( 376 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar