12px14px16px18px

21-ci əsrin aclığı – SOMALİ

Aysel ƏLİZADƏ
03:08 / 17.09.2011
Aranın sakitləşməsinə baxmayın. Somalidə aclıq davam edir, edib və çox güman ki, edəcək.
Somalidə aclıqdı. Hamıda insanpərvər duyğular oyanır. Hamıda. Hətta o adamlarda ki, oyanmayıb özlərini oyanmış kimi göstərirlər. Yardımlar, haray-həşir. Hər kəs bu aksiyaya qoşulmaq istəyir. Hamı bir nəfər kimi olmaq istəyir. Hamının bir nəfər olması .. Bu necə dəhşətli səslənir. Amma insanlığa yardım məsələsində görürsən ki, hamının bir nəfər olması əksinə, çox duyğulandırıcıdı. Somali mövcud olandan dərdin-bəlanın içindədi. Ta miladdan öncə qalyalalıların gəlişindən tutmuş ərəbin, Osmanlının, ingilisin, italyanın əlinin altından çıxıb müstəqilliyini qazanandan sonra Oqaden uğrunda apardığı döyüşə qədər.
Somalinin tarixi haqda hər mənbə bir şey deyir. Bəzisində müstəqilliyini (bağımsızlıq) 1949-da, bəzisində 1960-da əldə etdiyini yazırlar. Fakt odu ki, BMT suverenliyini tanısa da, durumu getdikcə ağırlaşıb. Müstəqilliyini qazanandan bu yana Somalidə iç savaş – vətəndaş savaşı durmaq bilmir. İndi quraqlıqdan bu duruma gəldiyini deyirlər, ancaq soruşan gərək ki, qupquru bir torpaq kimin nəyinə lazım idi?
Somali isti, quru tropik qurşaqda olsa da, coğrafi yeri çox uyumludur. Afrika buynuzunda yerləşir. Boğaza, körfəzə, okeana çıxışı var. Üzə-üzə Asiyaya keçərsən. İki materiki birləşdirən ən rahat yerdədir. Dənizin zəngin sərvətlərinə sahibdir. Balığı bol, yosunu bol. Dəniz içi, torpaq altı-üstü zənginliyi var. Heyvandarlığı, maldarlığı, südçülüyü var. Dünyanın ən nadir, bahalı heyvanları, quşları, balıqları ordadır. Dəmiri, titanı, uranı, qum daşı, dəniz duzu... Hələ neft haqda ağzımı açıb danışmıram. “Neft” deyəndə qırğın düşür. Gözümüzü açandan eşidirik ki, Somalidə aclıqdır. Mail adresimizi açandan linklər gəlir. Və təkcə Somalidə yox, elə Afrika ölkələrinin çoxunda acınacaqlı durumdu illərdi. Afrika deyəndə fikrimizdə aclıq, yoxsulluq, cahillik, çirkab canlanır. Assosiativ təsəvvürümüz budur – skeleti çıxmış qaradərililər. Aclıq isə “tap” deyə göydən gözlənilmədən ortaya düşən zənbil deyil.
Belə çıxır ki, dünyanın bahalı başları bu günə qədər bu problemin həlli ilə uğraşmayıblar. Ara-sıra yardımlar olunub, cürbəcür reklam çarxları, filmlər çəkilib dəstək adıyla, vəssalam. Hamı bilir ki, Somalidəki durumun əsas səbəbi dövlətin formal olmasıdır. Gerçək anlamda Somalidə dövlət mövcud deyil.
Dünyada demokratiyaya nəzarət edən ABŞ-ın nəsə səsi çıxmır. 150 milyonluq yardım edib. Nəhəng rəqəmdir. Pullar xərclənəndən sonra durum dəyişəcəkmi? Misirlə, Liviyayla tutuşdurulacaq çox şeyi olsa da, bir ayırımı danılmazdı. Somalidəki durum haqda bütün dünyanın bilgisi vardı azdan-çoxdan. Bir tərəfdən xurafat, bir tərəfdən cahillik – savadsızlıq, işsizlik, ölkədaxli çəkişmələr Somalini bərbad günə salıb. Heç kim başını yormaq istəmir bu problemlə. O yerdə ki, bir ayda 29 000 uşaq ölür. Nədənə bax- aclıqdan. Halbuki cavan, enerjili 9-cu prezident Şərif Şeyx Əhməd böyük-böyük vədlər vermişdi xalqına. Amma islam təhsilli coğrafiya müəllimi heç nə edə bilmədi. Bu ölkədə dinin iç ayrı-seçkiliyi var. Eyni dinin ayrı-ayrı qolları arasında ağlasığmaz davalar gedir. Və prezident özü də neytral deyil. Ölkədə islam məhkəmələrinin bərpasını təmin edən Şeyx Əhməd müsəlmanlar arasında gedən qırğınları sakitləşdirəcəyinə ümidli idi. Özünün dini fəlsəfəsinin qalib gələcəyinə ümidli idi. Bu ümid başını qarışdırırkən məlum oldu ki, ölkə təsərrüfatı, iqtisadiyyatı əldən gedib. Dini çax-çuxlar ölkənin əsas işlərini kənara atıb. Və çıxılmaz nöqtəyə dirənən Şərif Əhməd keçən il ölkəsində dini separatizmə qarşı mübarizə aparmaq üçün dünyanı köməyə çağırdı. Kömək oldu, olmadı bu başqa məsələdir, prezidentin çox gec çağırışı isə tamamilə başqa məsələdir...
Başdan-başa dəniz sahilində olan bir ölkədə aclıq fantastik səviyyəyə gəlib çıxdı. Bir yazıda oxudum ki, Somalinin bəzi bölgələrində dəniz məhsulları yemək qadağandır dinə görə. Bu Somali aclığı tarixin dönüş nöqtəsi kimi görünür. ABŞ Somalini üsyansız –savaşsız götürəcək bəlkə də. Orda istəsən də, xalqı üsyana həvəsləndirə bilməzsən. Ayaq üstə ölürlər. Onlara yardım etmək, yerbəyer etmək, iş-güc vermək, bir ağıllı adam tapıb dövlətin başında oturtmaq, iqtisadiyyatını yaratmaq gərəkdir, amma kim ilgilənər ki bununla? Son anda yenə hamı ağzını açıb ABŞ-a sarı çevriləcək. Somalidə hər şey az qala sıfırdan başlanacaq durumdadır. 1991-dən ordusunu Somaliyə yerləşdirən ABŞ 95-də geri çəkdi. Ölən, əldən gedən bir ölkədə nəyə nəzarət edəcəksən? Bir də dövlət sənin dediklərinə getmirsə, başlı-başına buraxırsan. O da elə hala düşür ki, özü gəlib səndən imdad istəyir. Üstəlik bir də radikal dini təşkilat var ki, onunla baş etmək məsələsi var. Əl-Qaidə və onun Somalidəki rəsmi distribütoru Əş-Şəbab illərdi Somalidə taxt qurmaq istəyir. Təxminən kürdlərin Türkiyədə elədiklərini onlar da Somalidə edirlər. Amerika kimi div geri çəkilir dini təşkilat ölü canların yaxasını buraxmır. Hakimiyyət davası ucsuz bucaqsız bir yol kimidir. Somalili siyasətşünas Afyari Abdi Elmi müsahibəsində ölkənin bugünkü durumuna səbəblərdən biri kimi ABŞ hökumətinin, BMT-yə daxil olan humanitar yardım təşkilatlarına “əş-Şəbab”ın nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərməmələri üçün təzyiq etməsini göstərib. Güman ki, Amerika, yüngül desək, hikkəsindən belə edir. “Hakimiyyət qurmaq istəyirdin, nə oldu?” “ Meydandan çəkil, qoy işimizi görək” – deyir. Bəlkə ABŞ gözləyir və gözləyirdi ki, hər şey tamamilə dağılsın və sonunda onun qarışmasına zəruri ehtiyac olsun. Bu həm onun imicinə, həm nüfuzuna dünyada bir xeyli status qazandırar. Bütün dünya onun gerçəkdən də qurtuluş yeri olduğuna istər-istəməz inanmalı olar. Bütün bunlar tarixin, zamanın, sonranın, sabahın yoluna qoyacağı və üzə çıxaracağı məsələlərdi. Ama bir önəmli və danılmaz fakt var. Hamıdan və hər şeydən öncə xalq özü öz taleyini düşünsə çarə tapılar bəlkə. Somalidə dövlətçilik, idarəçilik yoxdursa, bu “indi” deyil, “dünən” deyil. Somali əzəldən bu haldadır. Olmayan dövlətin başında oturan da həmin ölkənin adamıdır. Necə olur ki, insanlar öz xalqlarına, vətənlərinə qarşı bu qədər biganə və amansız ola bilirlər?
Bizim sadəlövh abimiz də bir ucdan yardım daşıyır. Ölkədə xalq artisti qoymayıb, ictimai xadim qalmayıb, hamısını sürüyüb aparır Somalidə aclara dəstək verməyə. Bütün islam ölkələrini ağuşuna almaq istəyən AKP hər gün Türkiyədə vətəndaş savaşından anlamsızca öldürülən canları qoruya bilmir. Amma sənətçiləri yığıb Somaliyə aparır. O sənətçiləri ki, bircə dəfə olsun ağızlarını açıb öz ölkələrindəki xaosa “son” demədilər.
Nə oyunların, nə hoqqaların şahidiyik. İslam ölkələri bir-birini dəstəkləsəydi, ancaq Həcc ziyarətindən yığılan pullarla Somaliyə yardım etmək olardı. Üzdə yox, məzmunda. Olardı, olmadı. Amma yetimi də bir yerə qədər saxlayarsan. Gözümüzün qabağında Yaponiya kimi bir örnək var. Bu xalq dinlə, dövlətlə savaşmır. Təbiətin qarşısında mərd-mərdanə dayanır. Deməli, mümkündür.
Aysel ƏLİZADƏ
[email protected]






Bu yazı ( 412 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar