12px14px16px18px

İstanbul yazıları

QİSMƏT
03:06 / 17.09.2011
Taksim meydanına tərəf addımlayırdıq ki, bir oğlan bizə yaxınlaşdı və xəzinə tapmış adam kimi sevincək soruşdu: “Brat, azərbaycanlısuz?” Oğlanın vid-fasonuna, “brat” sözünün tələffüzündəki “peşəkarlığa”, əlində telefonu əsəbi tərzdə oynatmasına ani diqqət yetirib, ürəyimdə dedim: “Yox, ola bilməz, qəti ola bilməz! Bu, yüz faiz kabusdu!...” Udqundum. Bildiyimiz udqunmalardan deyildi bu. Ürəyimdə udqundum. “Hə, Azərbaycanlıyıq” – dedim. Deməz olaydım. Elə bil bu “Azərbaycanlıyıq” sözü nəsə şifrəymiş, xəzinəylə dolu marağının açılması üçün deyilən “sim-sim, açıl” əmriymiş. Çünki oğlan bu sözü eşidən kimi guya çənəsindəki hansısa “şurup” boşaldı və başladı üyüdüb tökməyə. Elə danışırdı ki, elə bil onun dil ölkəsində hələ nöqtə kəşf edilməyib, ya da bu dilistanda nöqtə deyilən binəva durğu işarəsi cümlənin bitməsini bildirmir, əksinə sürücülərin yanını kəsdirən, “yol boşdur, sıx getsin” deyən sürətbazlara qohum çıxır. Qardaş çənəsinin motorunu qızdırana kimi fürsət tapıb öyrəndik ki, adı Nigarandı. Ağlımdan axmaq bir sual keçdi: Görən valideynləri ona niyə bu adı qoyublar ? Fikirləşirəm ki, Nigaranla söhbətimizi sizə dialoq şəklində təqdim etsəm, mənim hərəkətim telefon dəstəyində qocalan qadınları qısqandıracaq və bu onların gumbagurup nitqinə hörmətsizlik olacaq. Onun nitqini sizə monoloq kimi çatdırmaq istəyirəm. Nigaranın nitqində bütün durğu işarələri qətlə yetirildiyi üçün, mən onlardan istifadə etməyəcəm. Çünki dünyasını dəyişmiş durğu işarələrini, onların qətlinə fərman vermiş qatilin nitqinə salsam, dilə hörmətsizlik olar. O danışdı və biz şəhid cümlələrin, qazi ifadələrin, köçkün düşmüş mübtədanın, xəbərin, gözümüzün önündə qanına qəltan olmuş dilin faciəsini bir dəqiqədən çox-çox uzun çəkən sükutla yad etdik.

11. Nigaranın İstiklal caddəsindəki nitqi

“Harda bar var burda Antalyadan gəlmişəm dünən Bura çox maraqsızdı əşşi Heç nə yoxdu. Hara baxırsan hin boyda barlardı. Qızları da it günündə Siz neynirsiz Bi şey mi şey var Hərəkət eləyə bilirsiz Başıvızı ağrıtmıram Brat nujeli burda bilmirsiz hardan babat civi tapa bilərəm Alə özüm ölüm deyirəm siz də mənim qardaşım nə də olsa yerliyik də Vabşey Azərbaycanın harasındansız Yerli söhbəti eliyən deyiləm elə belə deyirəm Hə özüm ölüm burda heç nə yoxdu Budu alə İstanbul Nədi alə bu Bir gün fırlanacam buralarda elə belə görsəm buranı fitilləyəcəm Ukraynaya Odessaya Özüm ölüm oralar kayfdı Hər yer civi qaynıyır orda Özü də bu türklər elə abiabi deyib kəf gəlirlər adama Qızları da özünü dartandı O gün birini girişirəm söydü məni Oğlannığmnan utandım Dedim get o sözü anava bacıva de Nə gündəsən sən Minnətin olsun sənin dostum var mənim burda Salyannandı tutüb məni aparıb muzeyə Topqapıdı gopqapıdı nədi Olmusuz orda Alə getdik gördüm qapıda probka var Nəysə birtəhər girdik aradan Kassada bir dənə qaqaş oturub deyir xaricilərə 20 lirədi Hirsdənmərəmmi Dilləşdim nəsə keçdik Alə keçdik içəri peşman oldum 20 lirəyə bu nədi alə Nə bilim alə Nadir şahın əlcəyi Süleymanın qolbağı Filankəsin qarşoku Belə muzey olar Nə isə kefim təmiz pozuldu dedim alə davay fitillədik burdan Alə dedilər get İstiklala bura da gəlmişəm hin boyda barlardı qız da yox Hara gedirəm qabağıma kitab dükanı çıxır Millət acından ölür Bular oxuyan çıxıblar mənə Tullanın e Səs küydən də adam gəzə bilmir Baş ağrısı olmasın brat Boğazlarına da getdim Özüm ölüm bizim bulvar min dəfə yaxşıdı ordan Alə nədi alə bir lodkə qoyub balıq satır biri nə bilim alə midyədi nə zibildi onnan satır Ürəyim bulandı alə soxulcan kimi şeydi Dostum dedi ki alə bu boğaz mənim boğazımda qaldı Qarnım cırılıb gülməkdən Yeri var söhbətin özüm ölüm Məntiq var e sözdə Boğaz boğazımda qaldı Qaqaş burda olsa tanış edərdim siznən sizdən yaxşı olmasın canlara dəyən oğlandı Adı Ələmdardı Dağlıdı qəşəng meyxanaları var Namiqi bağlayıb bir dəfə özüm ölüm Amma bizim millət belədi də istedadsızlar gedir də qabağa Həm də burda brat pis də çıxmasın Bakıyçün oan görə darıxıram ki orda qardaşlar var Maşın orda qalıb Burda tramvaya minirəm pisimə gəlir Orda özüm üçün kreditnən xudmani bir Şeesot götürmüşəm Bağışlayın siz də mənim qardaşım Adam olanını diməz amma söbətdi də eləyirük O da necə oldu bir gün sizdən yaxşı olmasın qardaşnan araq mıxlayırdıq Əhmədlidə Lalə kafesində Dedim bratlara ki mənə bir dənə maşın düzün qoşun Dedilər hansından Bir az fikirləşdim tapa bilmədim Həmin bayaq dediyim Ələmdar dedi ki alə saatın tissotdu maşını da götür şessot Dedim özüm ölüm düz deyir zor söhbətdi Baş ağrısı döyül ki... “
Yox, baş ağrısı deyildi, əminəm. Çünki başımız artıq yerində deyildi ki, ağrısın. Özüm ölüm, düz deyirəm. Tfu! Bu nəydi dilimə düşdü.
Nigaranın nitqi uzun çəkdi. Biz arada heysiz-heysiz başımızı tərpədir, xala xətrin qalmasın “hə” deyir, bəzən də cürbəcür səslər çıxardıb (aha, ıhı, hmm, nırç ) “can qardaşı”mızla guya razı olduğumuzu bildirirdik. Əgər Nigaranın telefonuna zəng gəlməsəydi, biz yəqin ki, bu “müdrik”i daha çox dinləməli olacaqdıq. Zəng vuran Ələmdar idi. Allah ondan razı olsun.

12. Marş, marş Bəyazıta!

Nigaran bizdən uzaqlaşan kimi tələsik addımlarla metroya üz tutduq. Planımızda olduğu kimi Eminönünə, yəni Boğaza getdik. Nigaranın çənəsi bizim ayağımızı elə dartmışdı ki, Boğaza nəzərdə tutduğumuzdan düz bir saat gec çatmışdıq. Qızıl kimi 1 saat əlimizdən axıb getmişdi. Adama bir balık-əkmək yeyib, Ruhlana zəng vurduq. Dedi ki, gecikəcəm bir az. Bu dəmdə mənim gözümə böyük bir reklam lövhəsi sataşdı: 30. Türkiyə Kitap və Kültür Fuarı. Dedim, əla. Şaiqə lövhəni göstərib yaxınlaşdıq ki, görək fuar hardadı. Məlum oldu ki, bu kitab yarmarkası bir neçə gündür başlayıb (avqustun 7-dən) və hələ 26 avqustacan davam edəcək. Yer: Bəyazıt meydanı. Soraqlaşıb Bəyazıta necə gedəcəyimizi öyrəndik. Tramvayla 15 dəqiqədən sonra ordaydıq. Artıq hava qaralırdı deyə təlaşlandım ki, birdən fuarı gəzə bilmərəm. Hərçənd sabah da gəlmək olardı, amma həmin gün oranı mütləq görmək istəyirdim. Bu dəfə bəxtimiz gətirdi və fuarı gəzə bildik. Burada Türkiyənin ən məşhur yayınevləri çap etdikləri kitablarını sərgiləyirdi. Qəribəsi bu idi ki, mən onların arasında “Can” yayınlarının və “İletişim”in stendini görmədim. Bir buklet götürdüm ki, bəlkə yanılıram, amma gördüm ki, nədənsə onlar bu fuarda iştirak etmirlər. Azca gəzəndən sonra anladım ki, bu il fuar Ramazan ərəfəsinə düşdüyü üçün, daha çox dini kitablara üstünlük verilib. Ruminin dünyaca ünlü əsəri “Məsnəvi”sinin, “Divani-Kəbir”inin nəfis nəşrləri vardı. Çox keçməmiş, ayrı bir cəhəti də özüm üçün dəqiqləşdirdim. Burda yalnız yayınevləri yox, həm də kitab evləri, vəqflərin rəfləri var. Bu kitab evlərinin, vəqflərin stendlərində isə “Can” yayınlarının da, “İletişim”in də kitabları var. Fuardan çıxan kimi gördük ki, həyətdə, İstanbul Universiteti ilə üzbəüz böyük meydanda bir səhnə qurulub. Ətrafdakı kafelərdə iftar açan insanlar bir azdan başlayacaq dini-ruhani türküləri dinləyib feyz almağa hazırlaşır. Bir azdan türkülər söylənməyə, gecənin qaranlığına acıq verərcəsinə alışıb yanan səhnədən ətrafa neyin,udun əsrarəngiz səsi yayılmağa başladı. Meydanda müxtəlif qəhrəmanların cildinə girmiş adamlar vardı və əksər turistlərin diqqəti onlara yönəlmişdi. Mən Hoca Nasreddinlə şəkil çəkdirdim.
Xeyli gəzmişdik və oturub normal yemək yeməmişdik deyə, Şaiq də, mən də heysiz idik. Yorğun addımlarla meydandan uzaqlaşdıqca, hara getmək və nə yemək barədə düşünürdük. Bu zaman Ruhlandan zəng gəldi. Dedik ki, Aksaraydayıq və acmışıq. Dedi, məni gözləyin, sizi əla bir yerə aparacam. Gözümüzə işıq gəldi. Addımlarımızı yeyinlətdik. 100-150 metr getmişdik, qarşımıza sahaflar çıxdı. Sən demə, burda Sahaflar, yəni bukinistlər məhəlləsi varmış. Ruhlan hələ 20 dəqiqəyə gələcəkdi və kitab evlərindən bıkmış, ac, yorğun Şaiqi, könlü olmasa da, bukinistlərdən birinə tərəf dartdım. Burda axtardığım çox dəyərli iki kitabı ucuz qiymətə aldım. Axtardığım kitabların adlarını deyəndə satıcı oğlan təəccüblə mənə baxıb: “Abi, profösörmüsün?” – soruşdu. “Hayır” – dedim. “Sorduğun kitaplar başucu kitapları da. Onun için sordum. Bu işin pirleri sorar bu kitabları ancak”. Təntənəli bir tövr alıb, özümdənrazı halda əlimi eynəyimə apardım: “Eeee biz de fena sayılmayız bu işlerde”- dedim. Kitabların pulunu verdim, çıxdıq.
Ruhlan gəldi və bizi “Tatsevən” adlı açıq havada bir kafeyə apardı. Gözümüzün önündə qızaran qrillər, bildirçinlər, quzular iştahımızı hədsiz artırdı. Hərəmizə yarım piliç (yarım toyuq) sifariş etdik. Mən içməyə bir şey istədim. Ofisiantı çağırıb “bira” dedim. Əyilib qulağıma dedi: “Abi, şimdi Ramazan, yüksek sesle söyleme. Var, getiriyorum. Bir dahakı sefere sen bana “aspirin varmı” sorarsın, tamammı?” Xeyli güldüm. Növbəti dəfə artıq ofisiantı çağırıb “Başımın ağrısı geçmedi, bana bir aspirin daha verirmisin” – dedim.
Yeməyimizi yedik, qalxıb düzəldik yola. Ruhlan yaxınlıqdakı bir-iki dükana dəyməliydi. Kafedən təzə aralanmışdıq ki, bir oğlan bizə yaxınlaşıb salam verdi. Sonra sirr açırmış kimi, sakit səslə soruşdu: “Bayan lazımmı?“
(Ardı var)
QİSMƏT
[email protected]




Bu yazı ( 413 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar