12px14px16px18px

İstanbul yazıları

QİSMƏT
10:48 / 10.09.2011
 
Qulaqbatırıcı səs-küydən aralanmaq üçün növbəti küçəyə dönürük və bu dəmdə dostum deyir: “Bu küçədə bizim transvestit dediklərimiz yaşayırlar. Türkiyədə onlara travesti deyirlər...”
Təəccüb bürüyür məni: “Elə burda, mərkəzdə, İstiklaldamı?...” Çünki transların, geylərin, tinərcilərin (kley iyləyib hallananlar) İstanbulda çox olması aydındır. Bütün bunlar böyük şəhərə xas cəhətlərdir. Amma mən düşünürdüm ki, onların yaşayış yeri mərkəzdən kənarda, tutalım, Aksarayda-filan olar...
Bu kiçik, dar sokak üz-üzə dayanmış iki 5 mərtəbədən ibarətdir. Eyvana dirsəklənib siqaret tüstülədən, saqqız çeynəyən, eyvandan-eyvana bir-biri üçün “aksiz markası açılmamış” ən təzə söyüşləri vızıldadan və bütün bunlarla yanaşı, küçədən keçənlərə də “kocacıım beni özlədinmi“ tipində cümlələrlə özünü təklif edən translar barədə türk kinematoqrafları son illərdə bir neçə film çəkiblər. O sokakdan keçərkən həmin filmlərdən epizodlar xatırladım və özümü icazəsiz, bir filmin çəkiliş meydanına girmiş hiss etdim.
Orxan Pamuk “Ötəki rənglər” kitabındakı “Bayraq və milliyətçilik” adlı essesində bayraqla əlaqədar, yaddaşındakı dörd əhvalatı yan-yana gətirib. Yunanıstanla Türkiyə arasındakı Kıbrıs sorunundan və digər siyasi problemlərdən yazarkən, yazının bir abzasında milliyyətçilərin bayrağa fetiş münasibətini, translar yaşayan küçəylə bağlı bir əhvalatı xatırlayaraq açıqlayır. Həmin hissə böyük bir essenin yalnız bir məqamıdır və yeri gəldiyini düşünüb, o abzası bizim dilə uyğunlaşdırıb bura köçürürəm:
“İstanbulda, Cihangirin solaxay bir küçəsində yoxsul və çirkin binalardakı evlərdə, yaxın zamana qədər travestilər yaşayırdı. Fahişəliklə dolanan travestilərin küçəyə gətirdiyi cinayət və şiddət mühitindən usanan məhəllə camaatı bu il onlara qarşı savaş açdı. Ənənəvi əxlaqi meyarlara istinad edərək, mətbuata, ictimaiyyətə və polisə arxalanaraq travestiləri bu küçədən dışarı atmaq istəyən məhəllə sakinləri bu savaşda Türk bayrağından da yararlandılar, özü də qəribə bir şəkildə. Əvvəlcə belə qərara gəldilər ki, travestilərə qarşı olanlar öz eyvanlarından Türk bayrağı assınlar. Beləliklə, küçə başdan-başa bayraqla alışıb yanırdı. Məhəllə camaatı üçün bu bayraqlar “Rədd olsun travestilər!“ mənasını verirdi. Amma həmin bayraqlar gecə yarısından sonra, bayrağın mənə uşaqlıqdan öyrədilən mənasına yox, ayrı anlamlara işarə edirdi. Gecənin gec saatlarında məhəlləyə gələn sərxoş kişilər hansı evdə fahişə travesti-fahişə olub-olmadığını bayraqlara baxaraq müəyyənləşdirirdi“.
Pamuk “bu il” adı altında o essenin yazıldığı ili nəzərdə tutur: 1997. Yazı “Bayraq” adı ilə həmin ilin mayında əvvəlcə “Radikal – İki”, sonra isə avqust ayında “Meine Flagge” adı ilə “Frankfurter Rundschau”da çap olunub. Aradan 14 il ötəndən sonra, o küçədən keçəndə həmin yoxsulluğun, çirkin binalarda yuva quran fahişəliyin eynən qaldığını gördüm.
Hər şey əskisi kimiydi, amma eyvanlarda Türkiyənin bayrağı yoxdu.
Küçənin sonunda neon işıqları adama göz vuran, lakin içindən o qədər də gur səs-küy gəlməyən bir gecə klubu gördüm. Səs-küy yox idi deyə, dostumdan xəbər aldım ki, bura necədir, bəlkə burda oturaq bir az? Dostum qayıtdı ki, bura gey klubdu. Klubun yanından ötüb keçəndə qapının üstündəki yazı üstümə qışqırdı: “Türkiyənin ilk açık və yasal gey kulübü. Geyiz, lezbiyeniz. Yaşasın ibnelik!”
Bu “mavi mavi, masmavi” klubun yanından uzaqlaşıb, küçənin sonuna çatırıq və çıxırıq yenə İstiklalın mərkəzi hissəsinə. Saatıma baxıram ki, 8-ə işləyir. Təəccüblənirəm. Çünki əgər beləydisə, artıq səhər açılmış olmalıydı. Elə bil oyanıram. Axı mənim saatım hələ Bakı vaxtını göstərir. Demək, saat 6-ya işləyir və bir azdan gün doğacaq. İstiklalda qarşımıza bir kilsə çıxır. Günorta nə əcəb görməmişəm buranı? Görünür, üzbəüz kitab evində çox fikrə getmişəm. Dostlara deyirəm ki, nə qəribədi, kilsə, kitab evi, gecə barı, gey klubu, travestilər məhləsi, şərab evi, bir az ötədə məscid, hamısı yan-yana, içə-içə və bir-birinin davamı kimi, başqa bir tərəfi, fərqli hissəsi kimi düzülüblər.
Vaxt ötür, davulcular küçələrdə peyda olurlar. Davullarını döyüb oruc tutanları imsaka səsləyirlər. Sərxoş fransızlar, italyanlar, türklər, elə biz də onların yanımızdan ötüb keçməsinə susqun-susqun tamaşa edirik. Çox keçmir ki, bir neçə yerdən azan səsi yüksəlir. Elə bil bu davulların və azanın səsi gecə klublarının səsini batırmaq istəyir ki, siz susun, biz günəşi çağıraq. Amma gecə klublarının uğultusu, sərxoş turistlərin gülüşmələri, zarafatlaşmaları günəşi çağırmaq istəyən o səslərə şərik olur. İstanbulda səhər açılır.

10. Kitab evləri və caddədə bir qaqaş

Günəşin bu əzəmətli şəhərə mübarək qədəmlərini endirməsini gördükdən sonra, yorğun-arğın evə qayıdıb yatdıq. Günortadan xeyli keçmiş oyandıq. Şaiqə dedim ki, Ruhlan yəqin gec oyanacaq, oyanandan sonra isə onun çimməyi, paltar seçimindəki tərəddüdləri, “bu siqareti çəkim, sonra çıxarıq”ları uzun sürəcək. “Onsuz da yarısını itirdiyimiz günün qalan hissəsini barı maraqlı keçirək. Gəl, biz çıxaq, Ruhlan oyananda zəngləşib görüşərik”. Razılaşdıq. Fotoaparatı da alıb yolumuzu İstiklaldan saldıq. Çünki mənim dünəndən bəri qaraladığım bir-iki kitab evi vardı. “Yapı Kredi” bankının böyük kitab evinə girdim və nələrin türk dilinə tərcümə edildiyini, necə nəfis çap olunduğunu görəndə gözlərimə işıq gəldi. Bu qədər gözəl kitabı bir arada görəndə Bakıya qayıdacağım və bizim kitab evlərini görəcəyim də ağlıma gəldi bir anlıq. Bir az pis oldum, bir az əsəbləşdim, bir az da həsəd hissilə (amma guya bunu büruzə vermədən) kitab evini gəzməyə başladım. Buranı gəzdikcə kitabla, yazıyla dost olan hər adamın yaşayacağı hissləri keçirirdim. Öz doğma dilində dünya ədəbiyyatının, fəlsəfəsinin, psixologiyasının, bir sözlə, bütün sahələrə aid kitabların olması böyük xoşbəxtlikdir. Bakıdakı kitab evlərində rusca və ingiliscə nəşrlərin ana dilimizdəki kitabları həm sayca, həm də keyfiyyət və məzmunca əzdiyini görəndə təəssüflənməmək, hirslənməmək olmur.
Çoxdan almağı düşündüyüm, amma Bakıda tapmadığım bir neçə kitabı həmən aldım. Kitabları içəriyinə görə dəqiq təsnif ediblər. Hər rəfin üstündə, tutalım, tarix, mifologiya, roman, deneme kimi ümumiləşdirici adlar var. Amma təsnifatın dəqiqliyi bunda deyil. Bu, bütün kitab evlərinin istifadə etdiyi klassik metoddur. Təsnifatı rahatlaşdıran əsas cəhət bir bölmə altında toplanan kitabların elə düzüldüyü rəfdə də bölünərək fərqləndirilməsidir. Deyək ki, əgər şeir kitabları olan rəfə baxırsınızsa, burda rəfin yuxarısından aşağısına doğru öncə xarici müəlliflər, sonra yerli şairlər, ən altda isə poeziya ilə bağlı nəzəri kitablar düzülüb. Nə axtardığını bilən adama çox gözəl yardımçı olur bu düzüm. Çox xoşuma gələn bu düzüm, belə bir dəqiqlik, təəssüf ki, “Yapı Kredi” yayınlarının kitab evindən bir neçə dəfə böyük olan “İnsan”, “Mefisto” kitab evlərində yoxdur. Əslində qınamalı deyil, çünki miqyas böyüdükcə idarəolunmazlıq da artır. Eyni metoddan bizdə də istifadə olunur, amma bizdə, məsələn, ezoterik kitablar bölümündə birdən adamın qarşısına Dayandur Sevginin şeir kitabı çıxa bilər. 
“Yapı Kredi”də reklamın fəlsəfəsiylə bağlı kitablar düzülmüş rəfdə gözümə bir qeyd sataşdı: “Şimdi bu kitabları alana 60 faiz endirim. 2-ni alana 1 hədiyyə...”
Reklama aid kitabların da reklam edilməsi bəlkə elə də maraqlı və ciddi məsələ deyil, amma nədənsə bu nüans bir paradoks kimi yadımda qalıb.
“Can” , “Mefisto”, “İnsan”, ”İstanbul” kitab evlərində, “D&R”da, ara küçələrdəki səssiz-sakit, utancaq görkəmiylə, sanki şəhərin get-gəlindən gizlənmiş sahaflar (bukinistlər) məndə sonsuzluq, hüdudsuzluq təəssüratı doğururdu. Bütün bu yerlərdə mənə elə gəlirdi ki, vaxt getmir, zaman dayanıb. Oralarda olduğum müddətdə, kitabları əlimə götürüb tanıtım yazılarına baxdıqca, ağırlıqlarını hiss etdikcə, qiymətlərinə göz atdıqca, tərtibatını gözdən keçirdikcə mənə “dayanmış” kimi gələn zaman, əslində çox sürətlə və qəddarcasına axıb gedirdi, uçurdu. Bunu hər kitab evindən çıxanda hiss edirdim. Rənglərindən, qalınlığından, qoxusundan böyük ləzzət aldığım kitabların çoxluğu mənə məğlubedilməzlik, əbədilik hissi aşılayırdı. Elə bil ki, bütün sevdiyim dostları, tanışları bir yerə yığmışdım və onların hamısı – küsülü olanlar da, düşmənçilik edənlər də, burda, bu dünyada bir-biriylə mehribanca, “bir orman gibi kardeşcesine” yaşayırlar. Amma hər kitab evindən çıxanda əbədilik hissinin ilğım olduğunu başa düşür, vaxtın əslində çox sürətlə keçdiyini anlayır, bir az öncə içəridə kitabları əlimə götürəndə aldığım sevincin artıq keçmişdə qalmasından məyus olurdum. Bir kitab evindən çıxıb digərinə, daha böyüyünə girəndə içimdəki dünyanın coğrafiyası bir az da böyüyürdü, get-gedə anlayırdım ki, bu dünyanın sərhədləri içində mənim nə qədər kiçik, balaca yerim var. Əgər buna yer demək olarsa. Hər axtardığım kitabı tapanda içimdə oyanan o isti, gözəl sevinc hissilə, qarşısında əzildiyi, əsəbiləşdiyim iri miqyasın məndə yaratdığı əsəbin, məyusluğun arasında qalmışdım. Birdən başa düşdüm ki, böyüklük, iri miqyas mənə elə bir məyusluq gətirib ki, 2 saatdan artıqdır, dostumla kəlmə də kəsməmişəm. “Gedək, Şaiq, bu günlük bəsdir” – dedim.        
Kitab evindən çıxıb ayaqüstü bir şeylər atışdırdıq. Deyəsən, içəridə bir az artıq qalmışdıq. Çünki Topkapı sarayına getmək istəyirdik, amma saatımız bizə deyirdi ki, arkadaşlar, sevdanız yarına qaldı. Biz ora gedənəcən muzeyə giriş bağlanacaqdı. Qərara gəldik ki, gedək Boğaza, balıq yeyək, Ruhlanla danışaq, o da gəlsin ora. Ordan da ya Asiya yakasına keçərik, ya da Gülhanə parkına gedərik. Danışa-danışa caddənin o başına, Taksim meydanına tərəf addımlayırdıq ki, bir oğlan bizə yaxınlaşdı və xəzinə tapmış adam kimi sevincək soruşdu: “Brat, azərbaycanlısuz?”
Oğlanın vid-fasonuna, “brat” sözünün tələffüzündəki “peşəkarlığa”, əlində telefonu əsəbi tərzdə oynatmasına ani diqqət yetirib, ürəyimdə dedim: “Yox, ola bilməz, qəti ola bilməz! Bu, yüz faiz kabusdu!...” 
(Ardı var)
QİSMƏT



Bu yazı ( 445 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar