12px14px16px18px

Şahmarı unutmaq olar?!

Vaqif YUSİFLİ
12:01 / 03.09.2011
On bir il əvvəl, avqustun 31-də gözəl şairimiz Şahmar Əkbərzadə dünyadan köçdü, bu il onun 70 yaşı olacaqdı

On bir il keçib onun dünyasını dəyişməsindən. 2000-ci il, 31 avqust idi, 59 yaşının tamamına dördcə ay qalırdı.

Göy buludsuz, çay bulaqsız çağlamaz,
Yalqız arı pətəkdə şan bağlamaz.
Hicran dağı hansı qəlbi dağlamaz,
Kök üzülsə budaq vaxtsız solar, heyyy!

Budağlara o dövranlar qayıtmaz,
O qartallar, o tərlanlar qayıtmaz.
O elatlar, o karvanlar qayıtmaz
Binələrin gözü yolda qalar, heyyy!

Şahmar, bəsdir, zildə durma, keç bəmə,
Dağ üstündən dağı çəkmə sinəmə.
Məhəbbətin kökü varsa, qəm yemə-
Qoca dünya boşalar hey, dolar heyyy!

Ömrümdə bizim sənət dünyasından olan çox adamın qəfil ölümünə təəssüflənmişəm. Əli Kərimin, Sərdar Əsədin, İsa İsmayılzadənin, Eldar Baxışın, Vidadi Məmmədovun, Nüsrət Kəsəmənlinin, Ağamalı Sadiqin, Nadir Cabbarlının, Akif Səmədin, Əliağa Aslanın, Aydın Səlimzadənin... bir də iki Şahmarın – gözəl hekayələr müəllifi Şahmar Hüseynovun və poeziyamızda, publisistikamızda silinməz izlər buraxan Şahmar Əkbərzadənin.
Misal gətirdiyim şeiri Şahmar, ölümündən on altı il öncə – 1984-cü ildə qələmə alıb. Şeiri misra-misra, hətta söz-söz oxuyanda belə ondan VİDA qoxusu gəlir. Birinci və ikinci bənddə kədər var, üçüncü bənddə nikbinlik. Elə bil, Şahmar on dörd il sonrakı ölümünü qabaqcadan hiss edirmiş, ondan əvvəl isə doğulduğu Qarabağın qəhrini çəkəcəkdi: O elatlar, o karvanlar qayıtmaz, Binələrin gözü yolda qalar heyyy!
Açığını deyim, mən Şahmar Əkbərzadə ilə dost olmamışam, amma ədəbiyyat çeşməsindən su içdiyimiz üçün bir-birimizi yaxşı tanıyırdıq. Mən onun mətbuatda çıxan gözəl şeirlərini oxuyurdum, rastlaşanda həmin şeirlər haqqında ürəyimdən gələn tərif deyirdim və o, uşaq kimi sevinirdi. Ömrünün son illərində onun redaktor olduğu “Mədəniyyət” qəzetinə yazılar aparırdım, bu yazıları şəxsən özünə təqdim edirdim (belə tapşırmışdı), ən yaxın nömrədə onları çap edirdi, hətta kiçik büdcəsi olduğuna baxmayaraq, qonorar da verirdi.
Tez-tez eşidirdim ki, Şahmar bütün türk dünyasının nəhəng sənətkarı olan Çingiz Aytmatovun görüşünə gedir və Çingiz Aytmatov Şahmarı çox sevir. Şahmar dünyasını dəyişəndə o böyük sənətkar çox sarsılmışdı. Polad Bülbüloğlu yazır: “Bişkekdə Çingiz Aytmatovun yubileyinin keçirildiyi günləri xatırlayıram. Şənliyə dünyanın hər yerindən çoxsaylı qonaqlar gəlmişdi. Şahmarın alovlu çıxışları bütün iştirakçıları valeh edirdi. Onun söylədiyi bəzi kəlmələr hətta dillər əzbəri olmuşdu. Qəzetlər onun sözlərini manşetə çıxarmışdılar: “Yaşasın Qırğızıstan – Manasstan və Çingizstan!”.
Bəli, Şahmarı sevirdilər. Onun dönməz türkçülüyü, azərbaycançılığı, yurdsevərliyi dillər əzbəri olmuşdu. Hər bir insana sevgi və ehtiramı da bu ali sevgidən doğurdu. Türk dünyasının öndər simalarından olan Oljas Süleymenov da Ç.Aytmatov kimi Şahmarın ölümünü eşidib sarsılmışdı.
Şahmarın dostluq etdiyi, illər boyu ünsiyyət bağladığı sənətkarlardan biri də böyük şairimiz Bəxtiyar Vahabzadə idi. Onları birləşdiriən , ürəklərini bir araya gətirən səbəblər çox idi. Şahmar özünü həmişə Bəxtiyarın tələbəsi sayırdı, ustad-tələbə münasibətində ən önəmli cəhət odur ki, məslək birliyi həm də dostluğa çevrilsin. Bəxtiyar müəllimin çox böyük bir səmimiyyətlə Şahmarın “Ona yanıram ki” kitabına yazdığı ön sözü xatırlayıram. Adı belədir: “Düşündürmək, yandırmaq və inandırmaq”. Bəxtiyar müəllim yazırdı:

“Sərhəd kənarında, cavan yaşımda
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni vətənə birləşdirirdi.

Bu misralar bizi Şahmar nəfəsinin, Şahmar yanğısının od aldığı ocağa aparır. Misal gətirdiyim üç bəndlik “Dağdağan” şeirini oxu, qorlanma görüm, necə qorlanmırsan? Araz qırağında o taydan, bu taydan çör-çöp daşıyıb yuva qura-qura “Vətəni vətənə birləşdirən” iki sağsağana bax, Azərbaycanın keşməkeşli taleyini anma görüm, necə anmırsan? On iki misrada deyilənlər məni cild-cild salnamələrdən çox barındırır”.
Bəxtiyar Vahabzadənin o kiçik, amma Şahmarı bir insan və şair kimi sevdirən-tanıdan o yazısında Çingiz Aytmatovun adı çəkilir: “Çingiz Aytmatovun mənə yazdığı məktubdakı bir fikri xatırlamaya bilmirəm: “Özündən çox özgələrə yananlar, el-obalarımızı düşünənlər haqqında fikirləşəndə Şahmarı anıram”.
Şahmar Əkbərzadənin “Ona yanıram ki” şeirlər kitabı qarşımdadır və deyim ki, hər dəfə yaxşı bir şeir oxumaq həvəsilə o kitabı də əlimə götürür, açıb vərəqləyir və həmişə birinci olaraq “Üzeyirbaycan” şeirini axtarıram. Bu şeirin adının altında “Anam Qarabağa” sözləri yazılıb.

“Şikəstə” oxuyub, sən zaman-zaman
Qızıl torpağına dərd-qəm əkmisən.
“Heyratı” üstündə ayağa qalxıb
Zülmün anasına dağlar çəkmisən.

Elin dar günündə, ağır günündə
Söykənib yenilməz vüqarına sən,
Qızın Nüşabənin ləyaqətiylə
Fateh İsgəndərə diz çökdürmüsən!

İndi də Vətənim yanıb-yaxılır
Başından əksilən tək bircə tükə.
Ölməz Füzulinin əsli, nəsli də
Sənin Bayatından düşüb Kərkükə.
Torpağın nəğməkar, daşın nəğməkar
Yayılıb şöhrətin, şanın hər yana.
Bir dahi oğlunun barmaqlarıyla,
Himni sən yazmısan Azərbaycana.

Adını Vətənə yaraşdırıram,
Üzeyirbaycanım, ey ulu binəm!
Ölməzlər yetirən boz torpağına
Babam qurban olub, növbədə mənəm.

Məşhur “Qarabağnamə”lər sizə məlumdur. Amma poeziyamızda “Qarabağnamə”sini düşünəndə onlarla ən gözəl şeirlərin içində Şahmarın bu şeirini də xatırlamamaq olmur. Və o kitabdakı bir çox şeirləri “Üzeyirbaycan” silsiləsinə daxil etmək olar. Məsələ onda deyil ki, Şahmar o şeirlərdə doğulduğu torpağa – Qarabağa məhəbbətini poeziya sevgisinə çevirirdi, söhbət ondan gedir ki, Qarabağ böyük, o taylı-bu taylı Azərbaycan demək idi Şahmar üçün. Gərək birinci doğulduğun torpağa ürəkdən bağlanasan ki, böyük Vətəni də sevə biləsən.
Şahmarın yaradıcılığında baş mövzu Azərbaycandır. O, sovet dövründə onlarla şairin Azərbaycanı mədh edən və çox vədə bir-birinin təkrarı olan şeirlərdən fərqli olaraq Vətənin birliyi, bütövlüyünü arzulayan, haçansa bunun həqiqət olacağına inanan bir şair kimi diqqəti cəlb edirdi. Tək deyildi. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Söhrab Tahir, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl kimi vətənpərvər şairlər də bu sırada itdi.
Şahmar az yazırdı, amma lazım olanda, məqamı çatanda yazırdı, ilhamını zorlamırdı. Bir neçə sifarişdən, təkiddən sonra Şahmar şeirlərini “Azərbaycan” jurnalı redaksiyasına gətirdi. Baxıb gördük ki, Şahmarın şair xarakteri qətiyyən dəyişməyib, şeirlərində yenə həmin o patriotik duyğular, hisslər yaşayır. Amma bu şeirlərdə , təbii ki, 90-cı illərin ictimai-siyasi ab-havası duyulurdu. Şahmar Azərbaycan torpağının iyirmi faizinin işğalına dözə bilmirdi, bunu özü və xalqı üçün böyük dərd hesab edirdi, keçid dövrünün bitib-tükənməyən məhrumiyyətləri, insanların düçar olduğu əzab-əziyyətlər onun ürəyini parçalayırdı.

Ümidini göyə tutub bu ölkə
Yananıyla yanmayanı bilinmir!
Ahıl-cahıl bir-birinə qarışıb,
Qananıyla qanmayanı bilinmir!

Qarğa qartallardan adlayır başa,
Pələnglər baş əyir o bədzat quşa.
Necə alışmasın, yanmasın meşə,
Bülbülüylə saxsağanı bilinmir!
Haqq savaşı dönüb alış-verişə,
Kasıb-kusub mat qalıbdı bu işə.
Aman Allah, döyüşə bax, döyüşə,
Satqınıyla qəhrəmanı bilinmir!

Şahmarın “Mərkəzi poçtxana” adlı bir şeiri də var ki, bu şeir vətənpərvərliyin poeziyada ən həzin, ən kövrək notları kimi misilsizdir. Şair Mərkəzi Poçtxanaya gəlir, amma harasa, konkret bir ünvana teleqram göndərmək niyyəti yoxdur. Çünki teleqram vurulası obalar, ellər, yollar, dağlar, çöllər var ki, onların həsrətini çəkir.

Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq güleyşə narın.

Olarmı təcili teleqram verim
Qönçə balaları solan güllərə?
Öpüş sovqatım var, necə göndərim
Çörəkli çöllərə, barlı çöllərə?

Bir quşam, mənimki gətirib belə,
Çıxmaz ürəyimdən Əppəklidərə.
Xəbər ver, Cənuba köçən durnalar
Bu gecə qəlbimdə gecələsinlər.

Şahmar qarabağlı idi və onun danışığında, rəftarında, ədasında məhz keçmiş Qarabağ kişilərinə məxsus bütün əlamətlər cəmləşmişdi. Deyə bilmərəm, onun babası, babasının babası bəy olub, ya olmayıb, amma Şahmarda bir bəylik, özü də ziyalı bəyliyi, qüruru görürdüm. Çıxışlarında da o əda, o qürur apaydın hiss edilirdi.
Təbii ki, onun xatirəsi yad olunan bu balaca yazıda bütün şeirləri barədə söz açmaq çətindir və haçansa, daha geniş bir yazı da yazacağam. Amma budur, əlimdə bir başqa kitab var: “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının şeir antologiyası” (tərtib edənlər Elçin İsgəndərzadə və Adil Şirin). Deməli, Şahmar unudulmayıb. Onun adına Beynəlxalq Ədəbiyyat Mükafatı da təsis olunub və bu mükafatın bir xeyli laureatı var (Sabir Rüstəmxanlı, Tofiq Abdin, Vaqif Bəhmənli, Nizami Cəfərov, Yavuz Bülənt Bakilər (Türkiyə), Zəlimxan Yaqub, Orxan Aras (Almaniya), Adil Şirin, Akif Səməd, Çingiz Əlioğlu, Əli Daşqın (Güney Azərbaycan), Əlisəmid Kür, Əkbər Qoşalı, Nadırbek Alimbekov (Qırğızıstan), Rəşad Məcid, Qulu Ağsəs, Əsəd Cahangir, Timur Əbdüləziz Bayatlı (İraq) və b.
Bu yazını bitirəndə bir də Şahmarın kitabına baxdım. Adı tutdu məni. ONA YANIRAM Kİ... İndi biz ona yanırıq ki, Şahmar bizim sıralarımızda deyil. Və Şahmarın sanki əbədiyyətdən göndərdiyi – amma 1985-ci ildə yazdığı bir şeirindən bu üç bəndlə sözümü tamamladım:

Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?

Şahbulağın döşündəki,
Qaramanın qaşındakı,
Ürəyimin başındakı
Tikanlar kol-kol olubmu?

Doğulduğum doğma yeri
Görməmişəm yazdan bəri,
Çəmənlinin çiçəkləri
Həsrətimdən kül olubmu?




Bu yazı ( 357 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar