12px14px16px18px

İPLİK KİMİ UZUN SEVDA

Rafael HÜSEYNOV
02:59 / 19.12.2009

 



Adam kimi, sözün də öz mühiti olur.
Mühitindən ayrı düşən insan təzə yerində qəribə çevrilən kimi, mühitini, qoynunda yarandığı zamanı, şəraiti qeyb edən söz də mücərrədləşir, cürbəcür gizlinlərlə əhatələnir.
Öz mühitində göz yaşarıncaya qədər gülməyə vadar edən bir söz ayrı vaxt kəsiyində anlaşılmazlaşır, nəinki güldürür, heç dodaq qaçırmır.
Bəlli bir dövr və gerçəklik əhatəsində qəhər gətirən sözsə yerini, əyyamını itirincə hissə təsir eləmək gücünü də əldən verir.
Füzulinin sözünü biz heç vəchlə onun günündəki, onun içərisində olduğu zamandakı dəqiqliyi ilə duymayacağıq.
Çox cizgilər tarixin dibinə çökmüş o dövrlərlə əriyib yox olmuşdur.
Nələrisə tarixi vəsiqələrin bahasına bərpa etmək, bəlkə də, mümkündür.
Amma bütövlükdə ömrünü başa vurmuş, uçub getmiş mühiti geri qaytarmaq imkan xaricindədir.
Füzulinin «şəhraşub» və «şəhrəngiz» adlanmalı bir silsilə şeiri var ki, onlar beləcə, mühitini itirmiş sözlər qəbilindədir.
Bu səbəbdən də onları onillərlə «oxuya» bilməyiblər, göz qabağında ola-ola «görməyiblər».
Görməyə və oxumağa cəhd edək.

***
«Şəhraşub» da, «şəhrəngiz» də mənası təxminən eyni olan kəlmələrdir, hər ikisi də farscadan gəlir. Bu kəlmələr bir məşhur şeir növünün ünvanı olmaqdan daha əvvəl gözəllərə şamil edilən təşbihdir. Anlamı – şəhəri heyran qoyan, şəhəri qatışdıran, şəhəri vəlvələyə salan.
«Şəhraşub» musiqidə də olub, «Şur» muğamında ayrıca bir guşə imiş və çalına-çalına orta əsrlərdən günümüzə qədər gəlib çatıb.
Fəqət bu sözləri farscanın minlərlə başqa sözündən ayırıb ona xüsusi hüsn verən bəlli şeirlər sırasına sərlövhə seçilməsi olub.
Orta əsrlərin dərinlərində şairlər ayrı-ayrı şəhərləri və şəhər sənətkarlarını söz meydanına çəkən silsilələr yaradaraq adına da şəhraşub deyiblər. Belə görünür ki, lap başlanğıcda o şeirlər daha çox satirik, ifşaçı, iynələyici biçimdə yazılırmış ki, hər birinin doğulması şəhəri də vəlvələyə salırmış, ədəbiyyatda da hay-küy doğururmuş.
Şəhraşub yazdığına görə müxtəlif cəzalara məruz qalanlar, hətta dili kəsilənlər barədə tarixin şahidliyi var.
Sam Mirzə «Töhfe-yi Sami»sində Hərfi İsfahani deyilən şairin Gilan əhlinin həcvinə şəhraşub yazdığını, buna görə də müttəhim bilindiyini, dili kəsildiyini yazır.
Sam Mirzənin sözlərindən, gizlətmədiyi köntöy münasibətindən bu da sezilir ki, deyəsən, Hərfinin ustalığı çox da yüksək deyilmiş. Çünki Sam Mirzə kinayə ilə «Hərfinin dili Gilanı həcv etdiyi şəhraşubuna görə deyil, başqa şeirlərinə görə kəsilməli idi» yazır. Yəni, şeirləri o qədər zəifdir ki, müəllifi elə bozluğuna görə ən ağır cəzaya layiq görmək olar.
Farsdilli şeirin Sənai Qəznəvi, Əmir Xosrov Dəhləvi, Xandəmir, Seyfi Buxarai, Lisani Şirazi… kimi məşhur qələmləri şəhraşuba üz tutmuşlarsa, bunun özü həmin şeir növünün necə sevilməsinə və işləkliyinə göstərici sayıla bilər.
Türkdilli ədəbiyyatda da bu şeir şəklinə həvəslə müraciət edilmiş və onun bir sıra maraqlı örnəkləri yaradılmışdır.
Türkiyəli araşdırıcı Agəh Sırrı Ləvənd «Türk ədəbiyyatında şəhrəngizlər və şəhrəngizlərdə İstanbul» adlı əsərində onbeşinci əsrdən ondoqquzuncu yüzilliyə qədər bəzilərinin tam mətnini, bəzilərinin parçalarını, bəzilərininsə sadəcə adlarını əldə etdiyi onlarca şəhrəngizdən söz açır.
Şəhrəngiz və şəhraşublar hər yerdə və hər dövrdə yaranmayıb.
Bu şeir şəkli o vaxt dirçəlib dəbə girirmiş ki, həmin yerdə şəhər tərəqqiyə başlayır, sənətkarlıq çiçəklənirmiş.
Və belə çiçəklənmə, firavanlıq dönəmlərində həmin şəhər, o şəhərin əsnafı vəsf edilir, bu silsilələrə bir şuxluq, hərdənsə lap açıq-saçıq ifadə tərzi xas olurmuş.
Farsdilli ədəbiyyatda şəhraşubları araşdıraraq əldə edə bildiyi nümunələri bir yerə cəmləmiş Əməd Gülçin-e Məani şəkil baxımından şəhraşubları belə təsnif edirdi: «Şəhraşublarüçünməxsusibirşeirşəkliseçilməmişdir. İndiyədəkəldəetdiyimizşəhraşublarqitə, qəsidə, rübai, qəzəl, məsnəvişəklindədir. Ammasənətvəpeşəsahiblərinəhəsredilənşəhraşublarəsasənrübaiformasındadır. Birşəhərinəhalisininmədhinə, yaxudtənqidinəhəsredilənşəhraşublarsa, adətən, qəzəlşəklindədir».
Füzulidə biz rübai, qitə, qəzəl və qəsidə şəklində olan şəhrəngiz və şəhraşubları tapırıq.
Ümumən Füzulinin bu şeir növü üçün seçdiyi əsas şəkil elə bütöv yaradıcılığının ahənginə uyğun olaraq qəzəldir.
İndiyədək bilinən təzkirələrin ən əskisində – Məhəmməd Oufinin «Lübab ül-əlbab»ında ən köhnə tarixli şəhraşubların nümunələrini tapırıq.
Bunlar Məhəmməd ibn Ömər Fərqədinin neyçalan və dərzi oğlan haqqında rübailəridir. Lakin həmin təzkirədəcə daha bir neçə şairin şəhraşublarının varlığı – Əbu Əli ibn Hüseyn Mərvəzinin, Əsiləddin Nəsib Səmərqəndi, Məcdəddin Əyyuq və digər şairlərin cavan sənətkarlara həsr edilən eyni mayalı rübailəri artıq XI yüzllikdə bu şeir növünün yetərincə geniş yayıldığına dəlalət etməkdədir.
Təzkirələr, adətən, hər şairdən qısa bilgi, yaradıcılıqlarından da ən səciyyəvi xırda parçaları örnək gətirir. Bir neçə şair haqqındakı gödək təzkirə oçerkində onların şəhraşublarının da buraya əlavə edilməsi qətiyyən təsadüfi deyil və həmin dövrdə şəhraşubun ədəbi həyatdakı işləkliyinə birbaşa işarədir.

***
Rastlaşdığımız ilk mükəmməl şəhraşub silsiləsi Məsud Səd Səlmanın qələminə məxsusdur.
Məsudun iki müfəssəl şəhraşub silsiləsi vardır. Birincisi qitələrdən ibarət 92 hissədir, ikincisi isə məsnəvilərdən ibarət 22 parça.
Bu silsilələrdə kimlər vəsf edilir? Ənbərsatan, boyaqçı, rəqqas, qanalan, çörəkçi, zərgər, ovçu, biçinçi, yuxuyozan, təbilçalan, katib, toxucu, oxatan, dəmirçi, qazi, qəssab, əttar, münəccim, tacir, təbib…
Bir sıra Avropa xalqlarının ədəbiyyatında da şəhraşuba oxşar şeirlər silsiləsi olmuşdur. Olmaya da bilməzdi.
Şəhər vardısa, şəhər həyatında əsas yeri tutan sənəkarlıq və sənət-peşə sahibləri vardısa, onların mühiti də bu və ya digər şəkildə söz aynasında əks olunmalıydı. Fransızlarda fablio, almanlarda şvanklar elə onların şəhraşubları deməkdi.
Azərbaycan poeziyasında şeirşünasların belə bir şeir növünün varlığından xəbərsiz qalması, amma şeir tipinin özünün gah o, gah bu klassikin ədəbi mirası arasında gözə sataşması bir sıra müəmmalar, anlaşılmazlıqlar doğurmuşdur.
Bundan ən çox zərər çəkənsə Məhsəti Gəncəvi olub.
Onun qəssaba, dərziyə, papaqçıya, yunəyirənə və digər bazar əhlinə – əsnaf elçilərinə müraciətlə deyilmiş rübailəri şəhraşubun bir janr olaraq varlığından bixəbərlərə əcaib gəlib.
Bir qadının bir gün bir, o biri gün digər cavana məhəbbətli şeirlər həsr etməsi Məhsətinin hər məqamda yeni sevdaya düşən eşqibol qadın olması fərziyyəsini yaratmışdır.
Şəhraşubların Məhsətidən əvvəl də yarandığını, bu xəttin Məhsətidən sonra da yüzlərlə fars, türk, ərəb, urdu şairi tərəfindən davam etdirildiyini bilməyən bir qisim avropalı araşdırıcı da eyni şəkildə çaş-baş qalmışdır. Hətta onlardan biri – A.Russo fransız hökmranlığının ilk illərində Əlcəzairdə nəşr edilmiş «Şərq parnası» kitabında bir qadının orta əsr islam Şərqində bu qədər kişiyə məhəbbətini belə açıq-saçıq tərzdə bəyan edəcəyini qeyri-mümkün saydığından qeyri-adi də nəticə çıxarıb – Məhsəti qadın deyil, kişiymiş!
Ancaq şəhraşubun səkkiz-doqquz əsr boyunca davam edən bir ənənə olduğunu biləndə, yüzlərlə nümunə axarında Məhəsəti şəhraşublarını da yanaşı qoyanda bütün qəribə təsir buraxan cəhətlər bir andaca aradan gedir, bu qəbil şeirlərin özünəməxsus bir ifadə tərzi, üslubu, şivəsi olduğu aydınlaşır.
Onikinci əsrdə yaşamış Məhsəti Gəncəvi də şəhraşub yazıb, ondan 7 əsr sonra dünyaya gəlmiş həmyerlisi Molla Zəbih Gəncəvi də eyni şeir növünə üz tutub. Belə uzun tarix məsafəsində yaranan bu qəbil şeirlərimiz araşdırıcıların və bütövlükdə ədəbiyyatşünaslığımızın diqqətini cəlb etmədiyindən, təbii ki, Füzulinin də şəhraşub və şəhrəngizlərinə fikir verilməyib.
Füzulidən iri-iri kitablar yazmış alimlər ya bu şeirləri heç «görməmiş», ya da ən yaxşı halda onları «loğəz» hesab etmişlər.
Füzulinin şəhraşub və şəhrəngizlərini tanımaq isə vacibdir.
Çünki bu şeirlər yalnız ustadın dövrü ilə bağlı bir qisim həqiqətləri ortaya qoymur, həm də onun dünyagörüşü, tərcümeyi-halı ilə əlaqədar müəyyən gerçəkləri də anlamağa yardım göstərir.
Məhz hansılarını?
Füzulini sırf təsəvvüf şairi hesab edənlər də olub, tərəddüdə düşərək iki yol ayrıcında qalan, onun məhəbbət qəzəllərini, «Leyli və Məcnun»unu həm ilahi, həm də dünyəvi sevginin ifadəsi hesab edənlər də.
Doğrudan da, Füzulinin bir çox şeirlərində ilahi olanla dünyəvi olanın hüdudlarını dəqiq müəyyənləşdirmək mümkünsüz qədər çətindir.
Hər qəzəl bir yana, bəzən hər beyti, hər misranı həm o, həm bu cür yozmaq olar.
Şəhraşubdasa bu mümkün deyil.
Şəhraşub möhürü şeirin sırf gerçəkçi hədəfə yönəldiyini qeyd-şərtsiz sübut etməkdədir.
Təsvir edilənin adı çəkilməsə də, onun Füzulinin dövründə yaşamış əsnafdan olması gün kimi aydındır.
Şəhraşub və şəhrəngizlərlə əlaqədar bir incəliyi də qeyd etmək gərəklidir – hər şair bu şeir növünə üz tutmayıb.
Bu qəbil şeir yazanlar ya əsnaf təbəqəsinə mənsub olublar, ya da şəhər əhalisinin bu təbəqəsi ilə sıx ünsiyyətdə bulunub onlarla oturub-durmuşlar.

***
Şəhraşublar rəsmi ədəbiyyatla şifahi ədəbiyyatın aralığında dayanan şeir növü idi. Bu şeirlərin özünəməxsus dili və üslubu da vardı.
Sanki rəsmi ədəbiyyatın ölçülü-biçili ədalarından, yıpranmış deyiş tərzindən usanan əsnaf şairlər bu silsilələrə meydan-bazar havasını (həm də dilini) gətirirdilər.
Məqsəd yüksək ədəbiyyatı saya deyişlərlə soldurmaq, adilik səviyyəsinə endirmək deyil, ikinci dərəcəli kimi görünəni böyük ədəbiyyat orbitinə daxil etmək idi.
Əgər şəhraşub bədii sözün aşağı növ məhsullarından olsaydı, Qətran və Xaqani kimi şairlər də ona müraciət etməzdilər.
Şəhraşubçu şairlərin hansının ömür yolunun naməlum qatlarına dalırsansa, onun əsnaf təbəqəsi ilə bilavasitə bağlılığı bəlli olur.
Füzulinin şairliyindən savayı hansısa başqa məşğuliyyətinin olub-olmaması haqda, hələ ki, səhih soraq yoxdur. Lakin Əhdi Bağdadinin «Təzkirə»sinin, Ruhi Bağdadi «Divan»ının yönəldiciliyi sayəsində Füzulinin şəhər sənətkarları ilə sıx və mehriban münasibətdə olduğu aydınlaşır.
Bu münasibətlər varsa, demək, şəhraşub gec-tez yazılacaqdı.
Və Füzuli də yazdı.
Füzuli şəhraşublarını o vaxt yazdı ki, artıq bu şeir şəkli osmanlı ədəbiyyatında çevrəyə girmişdi.
İngilis şərqşünası E.Gibb bu şeir növünün elə onaltıncı yüzildə osmanlı ədəbiyyatında ilk dəfə yarandığı gümanında idi.
E.Gibb doğrusunu bilməyə bilərdi.
Füzuli isə dövrünün peşəkar söz ustası olduğundan şeirin yaxın və uzaq tarixinə də bələd idi. Bilirdi ki, farsdilli şeirdə bu yolun başlanğıcı azı 5 əsr dərindədir.

***
Şəhərlərə həsr edilən şəhrəngizlər sırasında Füzulinin Bağdadı tərənnüm edən qəsidəsi, söz yox ki, ən gözəllərindən biridir.

Münşi-yi qüdrət ki çəkmiş xame-yi hikmətnigar,
Səfhe-yi əyyamə qılmış səbt vəsf-i hər diyar.
Büqe-yi Bağdadın etmiş künyətin Dar üs-səlam
Kim, ona təslim ü təhsin edə hər kişvər ki var.

Hələ Bağdadın gözəlliklərini, üstünlüklərini vəsf etməyə başlamazdan öncə Füzuli diqqəti doğma şəhərin adına yönəldirdi.
Həqiqətən, Bağdadın bir neçə adı olub.
Daha dürüstü, elə «Bağdad» kəlməsi kimi məşhur olan həmin adlar, əslində, təyinlərdir, bu şəhərin hansısa xüsusiyyətini seçdirərək ona verilmiş ikinci, üçüncü adlardır ki, yetərincə geniş yayılmış, çox zaman «Bağdad» əvəzinə həmin adlar işlənmişdir.
Biri elə budur – Dar üs-səlam.
Salam şəhəri, sülh şəhəri, salamatlıq şəhəri.
Aydındır ki, yerə-yurda adı insanlar verir.
Amma Füzuli bu gümandadır ki, Bağdada bu adı vermək də Tanrının hökmüdür.
Belə edib ki, ən azı, bu adı daşıdığı üçün digər ölkələr və şəhərlər də Bağdada təzim və tərif etsinlər.
Lakin səkkizinci əsrin ortalarından başlayaraq islam aləmində xüsusi mövqe tutmuş Bağdadın digər məşhur adları da olub: Mədinət üs-səlam, Dar ül-xilafə, Bürc ül-övliya.
Dar ül-xilafə adını Abbasi xəlifələrinin burada qərar tutması ilə əlaqədar vermişlərsə, Bürc-ül-övliya adının yaranmasına səbəb bu şəhərdə 70-dən artıq övliya və kəramət sahibinin dəfn edilməsi olmuşdur.
Bağdad həmişə seçilən şəhərlərdən sayılsa da, onun həyatında daha parlaq dövrlər də olmuş, nisbətən sakit, xüsusi irəliləyişlərin nəzərə çarpmadığı durğunluq zamanları da müşahidə edilmişdir.
Harun ər-Rəşid, Məmun kimi xəlifələrin dövründə tərəqqisi ilə dünyaya görk olan, mütəmadi inşa edilən sarayları, qəsrləri, məscidləri, körpüləri, hamamları, bağları, xiyabanları ilə möhtəşəmliyi durmadan artan Bağdad Elxanilər dönəmində sanki mürgü döyür, memarlığında elə bir ciddi parlayış gözə dəymir.
Səfəvilər dövründə isə Bağdad yenidən dirçəlməyə başlayır və az sonra osmanlıların gəlişi ilə bir az da rövnəqlənir, yenə çoxlu tikililər dikəlir, iqtisadi həyatda əhəmiyyətli canlanma aşkarca duyulur.
Şəhrəngiz və şəhraşublar da adətən o şəhərlərdə yaranmağa başlayıb ki, orada şəhər həyatı və sənətkarlıq donuqluqdan, qocafəndi yerişlə ömrünü davam etdirməkdən aralanaraq güclü inkişafa başlayıb.
Füzulinin Bağdad şəhrəngizlərinin yaranması da bu gedişatla bilavasitə bağlı idi.
Onun ilk gənclik illəri Səfəvilərin Bağdadda cövlan etdiyi çağlara təsadüf edirdisə, ardınca Qanuni Sultan Süleyman gəldi.
Osmanlı dönəmində Bağdadın ən birinci dərəcəli şəhərlər cərgəsinə keçməsi, az öncə başlanmış quruculuqların daha geniş vüsətdə davam etdirilməsi tarixi mənbələrdə əksini tapmışdır.
Əslində, Füzulinin bir silsilə şəhraşubu da həmin tarixi məxəzlər cərgəsinə daxil edilə bilər. Çünki bu şeirlərin ayrı-ayrı misralarında, beytlərində Bağdaddakı ən müxtəlif yeni tikintilərdən, memarlıq həyatındakı diqqətədəyər oyanışlardan, sənətkarlığın yüksəlişindən deyən bolluca məqamlarla rastlaşırıq.

Övliya bürci demiş vəsfin ki, xak-i əşrəfi,
Büqə-büqə övliya-üllahə olmuşdur məzar.
Həbbəza Bağdad-i xeyrəncam cəmiyyət əsər
Kim olubdur məzhər-i asar-i feyz-i girdikar.
Həm xilafət hökmünü, həm səltənət fərmanını,
Bundan etmiş aləmə cari mürur-i ruzigar.
Bundadır baqi nişan-i möciz-i xeyr ül-bəşər,
Taq-i kəsra, nüsxe-yi mülk-i müluk-i kamkar.

Hər şəhəri tarixdə məşhur edən yalnız tikililər deyil, həm də hər kəsə bəlli olan isimlər, tarixi, ya əfsanəvi surətlərdir.
Füzuli şəhrəngiz ənənəsinə xas bir səliqə ilə Bağdadın hər üzünü öyür, həm tarixi abidələrlə zənginliyi, həm dini və dünyəvi hakimiyyət üçün mərkəz olması barədə söz açır, həm də Bağdadın yaddaşına adları həmişəlik həkk olunmuş bağdadlıları yada salır:

Bunda olmuş müntəşir feyz-i İmam-i əzəmin,
Bunda olmuş bəhre-yi elm-i şəriət intişar.
Bundadır Mərufə sərmənzil, Cüneydə cilvəgah,
Bundadır Bəhlulə zəncir-i cünun, Mənsurə dar.

Şəhrəngizlərdəki təsvirlərdə, adətən, öyülən şəhərin havası, suyu, torpağı da unudulmur və Füzuli də Bağdadın bu məziyyətləri üzərində ayrıca dayanır, bu şəhərin quru, mülayim havasının hər adama müvafiq gəldiyini, hətta yolundan azanı da islah edib düz yola gətirdiyini vurğulamağı yaddan çıxarmır:

Hər qəribə nazənin şəhr ü vilayati vətən,
Hər mizacə mötədil ab ü həvasi sazikar.
Türbət-i məqbuli bərr ü facirə təsirbəxş,
Xak-i pak-i surəti hər ziynətə ayinədar.

Bu şeirin birbaşa şəhrəngiz olduğunu Füzulinin qəsidəyə verdiyi ad təsdiqləməkdədir. Lakin şəhərin tərifinə həsr edilmiş qəsidənin ünvanında Sultan Süleymanın da adı çəkilir: «Qəsidə də tovsif-e Bağdad və mədh-e Soltan Soleyman» – «BağdadınvəsfinəvəSultanSüleymanınmədhinəsöylənmişqəsidə».
Və Füzuli Sultan Süleymanı tərif etməyə də gəlib çıxır.
Lakin ilk növbədə yenə diqqəti onun quruculuq xislətinə yönəldir. Sultanın zamanında Bağdadın axşamlarının da gündüz kimi aydınlıq olduğunu, şəhərin dörd tərəfində çıraqların sıralandığını, şəhərdə çoxlu arxların salındığını yazır:

Qıldı məşhur-i ərəb fəth-i əcəm tarixini,
Gəldi Bürc-i övliyayə padişah-i namidar.
Rövşən etdi ədldən hər guşəsində min çıraq,
Cari etdi feyzdən hər mülkinə min cuybar.

Füzulinin anadilli qəsidələri arasında daha bir Bağdad şəhrəngizi var. Şair burada yenə Bağdadın elm, maarif mərkəzi, arif insanlar məskəni, nemətli, axar-baxarlı bir yurd olmasını söyləməklə şəhərin müqəddəs mühitinə ayrıca diqqət cəlb edir, Bağdadın Övliyabürcü adlandığını vurğulayır.
1553-cü ilin dekabrında Füzuli hələ sağ idi və Füzulinin də bilavasitə gördüyü Bağdadı həmin ilin dekabrında seyr edən Seydi Rəis salnaməsində yazırdı ki, əhd etmişdim Hələbdən Bəsrəyə gedərkən yol boyu rast gələcəyim bütün əsas ziyarətgahlarda nəfəs dərib ibadət edəcəyəm – təkcə Bağdadda belə ziyarətgahların sayı 20-dən çox oldu.
Belə olan təqdirdə Füzulinin də Bağdad şəhrəngizində öz şəhərinin müqəddəsliyi üzərində növbəti dəfə iftixar duyğusuyla dayanması təbiidir:

Səvad-i büqe-yi Bağdad çeşm-i həft kişvərdir,
Çirağ-i mərdümi nur-i ədalətdən münəvvərdir.
Qamu ətrafına ab-i həyat-i ədldir cari,
Cəmi-i əhlinə tövfiq-i cəmiyyət müyəssərdir.
Süruri müttəsil, zövqi dəmadəm, neməti bihədd,
Fəzasi afiyətəfza, həvasi ruhpərvərdir.
Sürur əhlinə zəncir-i təəllüq heyət əczası,
Sər-i afaqə baru-yi həsar-i hisni əfsərdir.
Bina-yi büqe-yi məqbuli əhl-i xeyrə mənzilgah,
Bəsit-i xak-i paki övliya ül-lahə bəstərdir.
Rəvadır Övliya bürci demək ol büqə-yi pakə,
Ki hər əllaməyə mənzilgəh ü hər elmə məzhərdir.
Əfazil büqə-büqə xak-i payin mənzil etmişlər,
Nəzər qıl səfhə-səfhə lövhinə, gör kim nə dəftərdir.

Füzuli bu şəhraşub qəsidəni Əyas Paşaya həsr etmişdir. Və şair Bağdadda belə sağlam bir mühitin bərqərar olmasının səbəbkarı olaraq mədh etdiyi hökmdarı görür:

Bu mülkün şahid-i tövfiq-i iqbali budur hala,
Ki Paşa-yi səadətmənd əhl-i mülkə sərvərdir.

Bu şəhraşub qəsidənin başqa saysız-qədərsiz mədhiyyələrdən zərrəbinsiz də görünən məziyyəti odur ki, əslində, mədh olunan Bağdaddır, hökmdar, sadəcə, fondur və onun yaxşı hökmdar olması da, şaircə, məhz Bağdadı belə firavan, əmin-aman, yüksələn etməsidir.

***
Şəhraşub və şəhrəngizlərdə ayrı-ayrı inkişaf edən şəhərlərdə əsnaf təbəqəsi vəsf edilirkən adətən o dövrdə, o şəhərdə daha geniş yayılan sənət və peşələr önə çəkilirdi.
Övliya Çələbi Bağdadda 665 cami, 2 mindən çox müxtəlif dükandan bəhs edərkən 500-ə qədər hamamın varlığını da qələmə gətirir.
Bu rəqəmlər, özlüyündə, Bağdadın əzəməti barədə təsəvvür yaradır.
Hər biri əhali bolluğundan, qaynar həyatdan xəbər verən bu rəqəmlər içərisində hamamların miqdarı haqdakı soraq xüsusən nəzəri çəkir.
Orta əsrlərdə Şərq şəhərlərindəki hamamlar yalnız təmizlik və istirahət məkanı deyil, həm də ünsiyyət yeri, bir çox vacib məsələlərin, ən təzə xəbərlərin müzakirə edildiyi, o çağın qəhvəxana və çayxanalarına xas olan klub özəlliyinə malik idi.
500 hamam hər gün minlərlə insanı görüşdürən təmas nöqtələri deməkdi.
Bağdadda bu qədər hamam varkən Füzuli şəhrəngiz və şəhraşublarında hamamçı obrazının olmaması təəccüb doğurardı. Bu təəccübə əsas yoxdur – Füzuli hamamçıya həm farsca qəzəl həsr edərək şəhraşub, həm türkcə qəzəl ithaf edərək şəhrəngiz yaradıb.

Qıldı ol sərv səhər nazilə həmmamə xüram,
Şəm-i rüxsari ilə oldu münəvvər həmmam.

Bu şəhrəngiz bilavasitə hamamçını deyil, hamama təşrif gətirmiş gözəli təsvir etsə də, məqsədin məhz bu peşəni, hamamın içini təsvir etmək olduğu şəksizdir.
Hamama gəlmiş gözəlin soyunub göy rəngli dəsmala bürünməsi, camı doldurub başına su tökməsi, suyun dürr dənələri kimi puçur-puçur onun bədəni boyu süzülməsi, gözəlin kisələnməsi, sonra tası doldurub paklanması gerçək bir hamam səhnəsi yaradır:

Görünürdü bədəni çak-i giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Niligun futəyə sardı bədənin üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.
Oldu pabus şərifilə müşərrəf ləb-i hovz,
Buldu didar-i lətifilə ziya dide-yi cam.
Sandılar kim, satılar dane-yi dürr-i ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişe-yi xam.
Kakilin şanə açıb qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb etdi yeri ənbərfam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrını su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
Çıxdı həmmamdən o, pərde-yi çeşmim sarınıb,
Tutdu asayiş ilə guşe-yi çeşmimdə məqam.

Hamamdan çıxanın ayağına başmağını geyməzdən qabaq su tökülərdi. Füzuli bu adidən-adi mənzərəni dadlı təşbihlərlə təsirləndirir – yar sərvə bənzəyir, sərvin dibinə daim su tökərlər. Məhz canan sərvə oxşadığı üçün də indi onun ayağına su səpilir:

Mərdüm-i çeşmim ayağinə rəvan su tökdü,
Ki gərək su tökülə sərvin ayağinə müdam.

Oxşar mənzərəni şairin farsca «Divan»ındakı yaxın məzmunlu şəhraşub-qəzəlində də müşahidə edirik:

Həmmam ilə ənis dünən nazlı yar olub,
Hər tük tənimdə bir müje-yi əşkbar olub.
Dirilik suyum axıb yoluna damcı-damcı, ah,
Bais bu halıma yenə ol gülüzar olub.

***
Cəfər Çələbinin 899-cu hicri (1493-1494 miladi) ildə yazdığı, «Həvəsnamə» sərlövhəsi qoyduğu şəhrəngizdə baş qəhrəman İstanbuldur.
Şəhərin müxtəlif gözəlliklərindən söz açan Aya Sofyanı, Həft qülləni, şəhərin baş xəstəxanasını – Dar üş-şəfa və digər tərifəlayiq məkanları ürək dolusu, iftixarla vəsf edən şairin qələminin növbəsi gəlib hamama da çatır və ürəyini belə boşaldır:

Bu səhn içində var bir türfə həmmam
Ki, mislin görməmişdir çeşm-i əyyam.
Binası dilgüşa, rövşən fəzası,
Lətif ü mütədil ab ü həvası.

Hamamın binasının memarlıq özəlliklərini yerli-yataqlı dilə gətirəndən sonra şəhrəngiz üslubuna xas olan tərzlə hamamı bir canlıya çevirir, onu aşiqlə müqayisə edir:

Dil-i aşiq kibi hər xəlvəti gərm,
Dərun-i paki rövşən, söhbəti nərm.
Görənlər anı şükranə soyunur,
Görən rahət olur, canı sevinir.

Orta çağda dəllək yalnız üzü-başı taraş eləyən usta deyildi, onun təbabətə də aidiyyəti vardı. Onların ülgücü yalnız taraşa yox, fəssadlığa – qanalmaya da yönəlirdi.
Dəlləyin gündəlik işini təsvir edən şair onun peşəsini bir az da hörmətli göstərməkçün elə təşbihlər işlədir ki, zahirən sadədən-sadə görünən bu peşə, sanki, bir anda ilahiləşir.
Dəllək adətən üz, ya baş qırxmağa başlamazdan öncə ülgücünü bülövə çəkər, növbəti dəfə itiləyər. Füzuli dəlləyin bu adi işini səhər şüalarını yayan doğan günəşə bənzədir. Çünki dan üzü günəş də, elə bil ki, öz qılıncını fələyin çərxinə çəkərək itiləyir:

Sübh çəkmiş çərxə, çalmış daşa tiğin afitab,
Zahir etmiş ol mah-i dəllakə eyn-i intisab.

Sadə peşə sahibinə sadəcə rəğbətlə deyil, hər beytdə açıqca sezilən məhəbbətlə yanaşan Füzuli son olaraq dəlləyin ülgücünü nəvazişlə Çin ahusuna bənzədir:

Dəmbədəm təhrik-i tiğindən bulur başlar səfa,
Öylə kim su mövc urub zahir qılır hərdəm hübab.
Hər sər-i muyimdə bir baş olsa muy-i sər kimi,
Kəssə varın, tiğ-i xunrizindən etmən ictinab.
Kəşf-i əsrar-i məlamət cövhər-i tiğindədir,
Kim alır başlardakı sevda camalından niqab.
Qüssəsindən başımın qıl kimi incəlmiş tənim,
Kim tənimlə tiği ortasında başımdır hicab.
Tiğ-i çapük seyrinə ahu-yi Çin dersəm nola,
Seyr qıldıqca tökər səhra-yi Çinə mişkinab.

Füzuli farsca «Divan»ında da dəlləyi unutmayıb, ona ayrıca qəzəl ithaf edib. Məhz bu qəzəl-şəhraşubda dəlləyin fəssad peşəsini icra etməsinə də işarə var.

Məh-i dəllakim olub ayine-yi əhl-i nəzər,
Seyd edir ayinə tək hər kəs ona baxsa əgər.
Vəslinə yetmək üçün ülgücünün aşiqlər
Axıdıb göz yaşı, əndamı olub tük kimi tər.
Qəmzəsindən hamının qəlbi qan olmuş necə gör,
Qəmzəsi hər damara vurmuş onun bir neştər.
Daşı bir əldə tutur, ülgücü bir əldə müdam,
Uddurur aşiqinə cövri ilə xun-i ciyər.
Payimal oldu onun ülgücünün zülmündən
Bədəni aşiqinin, qalmadı ondan bir əsər.

Şəhraşublarda, adətən, tərənnüm edilən sənətkarın peşəsinin alətləri də şeirə gətirilir, onların hər biri yarı lirizm, yarı mizah qatışıq bir üslubla təsvir edilir. Dəlləkdən bəhs etdiyi şəhraşubunda Füzuli bu peşə üçün səciyyəvi olan alət və əşyaları – ülgüc, bülöv daşı, güzgü, qayçı, daraq – misralarına səpir, onların hərəsini bir cür mənalandırır.

Bir daraq tək qəm əlindən sinəm olmuş şan-şan,
Rəxnə salmış bu könül mülkünə ol qarətkar.
Bağlayıb qəlbim ona rişte-yi mehrin elə kim,
Onu cövr ilə cəfa qayçısı zənn etmə kəsər.

Lakin Füzulinin bir ayrı şəhraşubunda fəssadlığı daha dəllək yox, əsl həkim edir.
Təbibə həsr etdiyi ayrıca şəhraşub-qəzəlində Füzuli məsləhət verir – damarımı çərtib qan almaqla bədənimdən ağrının çıxacağına, xəstəlikdən nicat tapacağıma ümid bağlama. Sən məndən qan çıxarma, canımdan ləl dodaqların şövqünü çıxar:

Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,
Eyləmə rüsva özün, həm qəlbimi qan, ey təbib.
Olmaq istərsən əgər asudə, qoy rahət məni,
Dərdimin yox çarəsinə çünki imkan, ey təbib.
Sən qan almaqla, yəqin, bir fayda verməzsən cana,
Şövq-i ləlini çıxar mümkünsə candan, ey təbib.
Olsa hər şərbət, bu sevda dərdinə etməz əlac,
Şərbətimdir vəsl-i yar ü zikr-i canan, ey təbib.

***
Füzulinin bu şəhrəngizini hamı dinləyib. Lakin yəqin az adamın ağlına gəlib ki, bu, başmaqçıya həsr edilən şeirdir.
Böyük Üzeyir Hacıbəyovun «Arşın mal alan»da istifadə etdiyi bu qəzəldə başmaqçının gördüyü iş – ayağı qəlibə salıb ölçü götürməsi, iynəsini saplayıb çəkmə tikməsi bu növ şeirlərə xas aşiqanə dillə nəql edilir.
Üzeyir bəyin əsnaf təbəqəsi mühitində eşq macərasına həsr edilmiş əsərinə yüzlərlə Füzuli qəzəli arasından məhz bu qəzəli seçməsi düşündürücüdür.
Şəhrəngiz, ya şəhraşub deyilən şeir çeşidindən bəstəkarın xəbərdar olmasını təsdiqləyən heç bir dəlil yoxdur.
Bu şeir tipindən xəbərdar olmayan da həmin şeirin müstəqimən başmaqçıya həsr edildiyi qənaətinə arxayınlıqla gələ bilməz.
Çünki bu şeirdəki başmaqçı surəti xəfif işarələr sayəsində pərdə ardında olan kimi görünür.
Yalnız bu şeir axınından agah olanlar həmin qəzəli ümumi şəhrəngiz-şəhraşub çevrəsində seyr edəndə başmaqçını pərdəsiz-filansız görə bilər.
Ancaq Füzuli mətninə dərindən bələdlik və güclü intuisiya, fövqəladə sezgi qabiliyyəti Üzeyir bəyə bu şeirin əsnaf təbəqəsi ilə birbaşa aidliyini pıçıldamış və məşhur ariyanı ustad musiqiçi bu şeir üzərində qurmağı lazım bilmişdi.
Və seçimində tam haqlı idi:

Aşiq oldum yenə bir tazə gül-i rənayə,
Ki salır al ilə hər dəm məni yüz qovğayə.
Müşt urub qalib-i fərsudəmi gəh həbs qılır,
Gah sərasimə vü üryan buraxır səhrayə.
Üzümün qanilə kiməxtini (sağrı adlanan dəri – R.H.) al etdim kim,
Alət-i sənət ola ol büt-i bipərvayə.
Bu nə işdir ki, bizi iynə kimi incəldib,
Salır iplik kimi hərdəm bir uzun sevdayə.
Ayağın bağlamış avarələrin sənət ilə,
Yox nəhayət sər-i kuyində gəzən şeydayə.
Ləxt-ləxt olmuş ikən qəmzə dirəfşini çəkib,
Çarəsaz olmadı bir gün mən-i qəmfərsayə.
Yaxa çak edəni başmaq kimi salır ayağə,
Ey Füzuli, bax onun etdiyi istiğnayə.

Füzulinin farsca «Divan»ındakı şəhraşublardan birinə şərbətçinin şəkli düşüb.
Peşənin öz xüsusiyyətləri bu şəhraşubu məhəbbət rəngləriylə boyamağa münasib girəvə verir. Lakin Füzulinin əksər qəzəllərində meyin də, şərbətin də, camın da şirinliyi ifadələrinin dəfə-dəfə işlənməsinə baxmayaraq, bu şeirdə söz artıq məcazi mənada yox, elə öyülən peşə sahibinin işinin ən üzdə olan keyfiyyəti kimi təzahür edir:

Dəmbədəm zikr-i ləbin vird-i zəban oldu mənə,
Başqa bir şərbətin ağzımda, inan, ləzzəti yox.
Bade-yi təlxin əgər saqisi gülçöhrə deyil,
İmtahan olmuş o yüz dəfə, inan, ləzzəti yox.
Sağər-i dəhrdə yox zəhr-i cəfadən başqa,
Əhl-i eşqə necə dövr etsə zaman, ləzzəti yox.
Şərbət-i dərd-i məhəbbət bizə şirindir, əgər,
Başqa bir kami bizə versə cahan, ləzzəti yox.

Şəhraşublar yalnız vəsf edən, canayatan təşbihlərlə tərənnüm edən şeirlərdən ibarət olmayıb.
Şəhraşublar həm də sancıb, qamçılayıb, bəzən həcv həddinə yetişən tənqidlərlə də dolub.
Bu səbəbdəndir ki, elə həmin şeir şəkli – şəhraşub və şəhrəngiz «şəhəri bir-birinə vuran» adlandırılıb.
Əslində, başlanğıc dövrlərdə, lap erkən şəhraşub və şəhrəngizlərdə satirik yanaşma tərzi daha qabarıq olub.
Həlim olduğu qədər, lazım gələndə, sərt olmağı da bacaran Füzuli tərənnüm şəhraşublarıyla yanaşı yaşadığı məkanlardakı şeiri duyma, anlama səviyyəsindən narazılığını əks etdirən tənqidi şəhraşub – qitə də yazıb:

Qədrsizdir bizim vilayətdə,
Ruha şadlıq verən gözəl əşar.
İncədir şeirimiz, nə faidəsi,
Hərzə söylər ona bu əhl-i diyar.

***
Şeirimizdə heç kəsin işlətmədiyi bir bənzətməni işlətdi, iplik kimi uzun bir sevda umdu Füzuli.
Başmaqçı iynəsini saplamışdı ki, uzun, dövrələmə bir tikiş etsin.
Elə bir tikiş ki, sona çatanacan nə sapı kəsməyə, nə düyün vurmağa ehtiyac olsun.
Füzulinin ömrü boyu arzuladığı sevda elə bu cür olmalıydı.
Uzun, düyünsüz.
Həyatda belə olurmu ki?!
Belə olmadığını hər kəsdən daha yaxşı, bəlkə, elə Füzulinin özü bilirdi.
Bilirdi, amma heç olmazsa bu misrayla könlünü ovutdu...

(Davamı var) Rafael HÜSEYNOV

 




Bu yazı ( 1579 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar