12px14px16px18px

İstanbul yazıları

QİSMƏT
08:36 / 27.08.2011
1. Yaddaşımda bir xərçəng

Siqaretimi yandırıb fikirləşməyə başladım: bugün gedim ya yox?
1992-ci ildə, altı yaşım olanda, babama qaraciyər xərçəngi diaqnozu qoyuldu. Bütün nəsil babamgilə yığışmışdı. Nəslimizin təcrübəli faciəbaz qadınlarının vay-şivəninə baxmayaraq, vəziyyət elə də katastrofik deyildi. Həkimlər demişdilər ki, vaxtında üstünə düşmüsüz, bu, ilkin mərhələdi. Qaraciyərin yarısını kəsib götürmək olar. Kişiyə xəstəliyinin nə olduğunu bildirmək istəməyənlər növbəylə mətbəxə, ya da hamama keçib ağlayırdılar. Çox sonralar, o dönəmi fikirləşəndə, mənə nədənsə elə gəldi ki, həmin günlərdə hamamdakı əl-üz dəsmallarında, həyətdəki oyuna tələsəndə ağzımı sildiyim ağ mətbəx süfrəsinin ətəyində və qucağının istisində qızınmağı sevdiyim nənəmin koftasının yaxasında eyni qoxu, eyni duzlu dad var...
Moskvadakı həkimlərlə əlaqə quruldu, vaxt təyin olundu. Rusiyaya uçmaq, orda qalmaq, əməliyyat pulu və s. hamısı hesablandı. Bir neçə gün sonra atam, anam, dayılarım, nənəm və bir-iki həmişəyaşar qohum babamı götürüb Moskvaya uçdular. Məni yaxın qohumlarımızın yanında qoydular (Səidə xalagildə). Ömrümdə ilk dəfə valideynlərimdən bu qədər uzun müddət aralı qalırdım: 40 gün. Həmin 40 gün qoxu və damaq yaddaşımda kisel tamı, kisel qoxusu ilə qalıb.
Əməliyyat uğurlu keçdi və hamı sağ-salamat geri döndü. Həmin ilin yayında ailə məclisi qərara aldı ki, əməliyyatdan çıxmış babamın istirahəti üçün Yesentukiyə, Kislovodskiyə getmək lazımdır. Babam, nənəm və dayılarımdan kiçiyi təyyarəylə, bizim ailə və digər qohumlar isə qatarla getdi. İlk dəfə yurd dışına onda çıxdım. Qatarın kupesi yaddaşımda soyutma yumurta və pomidor tamı ilə qalıb, Yesentuki isə dondurması ilə...
Siqaretimi söndürüb içəri girdim. “Bugün axşama İstanbula bir bilet. Birtərəfli...” Evə zəng vurdum, “çantamı hazırlayın” – dedim, – axşam uçuram”.

2. Ürəyinin apardığı yerə get.

Sözləri bir Susanno Tamaro romanının adına bənzəyən, köhnə İradə İbrahimova mahnısını içimdə zümzümə eləyə-eləyə aeroporta getdim. Hava limanında gah xarici pasportumdakı fotoma, gah da başını qaldırıb, sir-sifətimə baxan məmur, elə bil bir zamanlar qəzetlərdə məşhur olan primitiv bir oyunu oynayırdı: bu iki fotoda üç uyğunsuzluq tap. Heç bir əmma tapmayan, tapa bilməyən məmur bəy, pasportuma Bakıdan çıxış möhürünü vuranda, dilucu soruşdu: pasportdakı fotoda niyə eynəksizsən? Əslində o bu sualın cavabını bilirdi. Bilirdi ki, pasportlardakı fotolarda mümkün qədər aksesuarsız, necə varsansa, elə görünməlisən. Bunu bilsə də, sualı ona görə verirdi ki, günboyu xırda-para problemləri saymasaq, oturaq, darıxdırıcı gedən iş prosesinin içinə kiçik də olsa rəng qatsın. Şans ondan yana olsa, bir də gördün, kiməsə şübhəli birinə ilişdi və epizodik rol ifaçısının da baş qəhrəman olacağını hamıya isbat elədi. Başqa vaxt və ayrı yer olsa, çox güman ehtiyatlanıb, ümumi bir cavab verərdim. Bilirsiz də, ehtiyat-igid məsələsi-filan. Onda isə artıq pasportuma möhür basılmışdı və uçmağa qanadım yox idi deyə, içimdən gələn ilk cümləni deyib keçdim gözləmə otağına: Fotoların uzaqgörənliyə ehtiyacı yoxdu.

3. Əraf düşüncələri.

Gözləmə zalında özümü qəribə hiss etdim. Arxada Bakı, qarşıda İstanbul. Bura isə bizim torpaqların içində olsa da, ayrı yerdi elə bil. Uçuş zamanını gözləyən narahat adamların titrək addımlarını, əsəbi əllərini, sağa-sola boylanan əndişəli baxışlarını görəndən az keçməmiş anladım ki, mən də onlardan biriyəm: gah otururam, gah dururam, gah telefonumda saata baxıram, gah da birbaşa təyyarəyə gedən yoldakı turniketə sarı boylanıram. Birazdan, tanımadığım bu adamlarla “göylərin lacivərd ətəklərində” olacağıq. Kimdi bu adamlar? Bakının qarış-qarış gəzdiyim küçələrində onlardan hansıylasa rastlaşmışammı? Bizim hamımızı bura gətirən, bir yerdə darıxmağa, narahat olmağa vadar edən səbəb, sadəcə İstanbul səyahətidi, yoxsa heç birimizin bilmədiyi və heç vaxt da bilməyəcəyi başqa bir şey var bu nigarançılığın içində? Birdən təyyarə qəzaya uğradı? İşdi də oldu. Ölüm ölümdü, o heç, amma mən niyə bu tanımadığım adamlarla ölməliyəm? Belə baxanda həyat yoldaşının, ata-anasının, ya da qohumlarının yanında ölən adamlar, guya tanıdığı adamınmı yanında ölmüş olur? Onlardamı belə düşünür, ya hamımız birgə saçmalayırıq? Onları bilmirəm, amma mən dəqiq saçmalayıram.
Gözləmə zalını ərafa oxşatdım (bilirsiz də mən yazaram deyə, gərək mütləq müşahidə aparım, nəyisə nəyəsə bənzədim). Biz burda tərk etdiyimiz şəhərə aid nə varsa, hamısını əndişələrimizin, qorxularımızın, narahatçılığımızın alovu içində yandırıb təmizlənirik. Bizi yola salan şəhər, illər boyu verdiklərini burda bizdən geri alır. Bakı elə bil üzümdən öpüb, mənə belə deyirdi: Sən onları mənə ver, hələlik məndə qalsın. Qayıdanda qaytararam, narahat olma.
İstanbul isə elə bil pıçıldayırdı: Bakını Bakıda burax, mənim yanıma sıfır olub gəl.
Sol əlimdə parıldayan sıfırı – nişan üzüyümü çıxarıb anama verdim. Sıfırdan sıfır çıxdım, qaldı sıfır.

4. Göynən getmək

Uçaqda doğrudan da adam özünü çox rahat hiss edir. Hamının yerinə deyə bilmərəm, amma məndə belə oldu. Stüardessamız Hollivud filmlərindəki kimi gözəl deyildi. Hamımızın üzünə gülürdü, amma bu gülüşdəki peşəkarlıq mənə əsəbiləşdirirdi. Yəqin işi bitəndə bu xanım, əvvəl formasını, sonra isə düz sifətinin ölçüsünə uyğun gələn gülüşünü çıxarıb harasa qoyacaq...
Təyyarəmiz hava pilləkənlərini sürətlə qalxdı. Uçaqdakı başbilənlər “Yarana biləcək mümkün ekstremal vəziyyətdə özümüzü necə aparmalıyıq?” adlı mini-mühazirəni bitirən kimi pilotumuzun işindən razı səsi gəldi: “Hörmətli sərnişinlər, hamınıza xoş uçuşlar arzu edirik. Pilotunuz Ədalət Alışır”.
Az keçmədi ki, bizə yemək-içmək təklif olunmağa başladı. Cem Yılmazın məşhur zarafatını xatırladım: Biznes-klassda adama portağal şirəsi verirlər, sən də özünü lord hesab edirsən. Mən biznes-klassda uçmurdum, amma şirəmi içib lord kimi yayxandım oturacağıma, qulaqcığımı taxıb filmə baxmağa başladım. Sözün bütün mənalarında göynən gedirdim...
Film darıxdırıcı gəldi deyə, vaxtımı öldürmək üçün ayrı vasitə axtarırdım. Yanımdakı sərnişin xanımlar qədər ağlım olsaydı, netbukumu özümlə götürərdim. Pəncərədən çölə baxmağa başladım və gecənin qaranlığında bizdən aşağıda qalan bəyaz buludlar mənə bir qab dondurma kimi göründü. Mənə elə gəldi ki, pəncərəni açıb iştahla bu buludları qaşıqlamaq olar.

5. Ayaqbasdı

Atatürk hava limanında məni İstanbul qədər qədim dostlarım – Ruhlan və Şaiq qarşıladı. İstanbul aeroportunun heyrətamiz nəhəngliyi, gözəlliyi məni şaşırtdı. Nyu-Yorka, Vaşinqtona səyahət edən, yaxud oxumağa gedən dostların çoxundan eşitmişdim ki, İstanbul hava limanı Kennedi aeroportundan daha gözəl və təmizdir. Bunu eşidəndə bir yandan qürurlansam da, o biri yandan bu müqayisənin doğru olmadığını düşünürdüm. Fikirləşirdim ki, mənim eşidəndə keçirdiyim fərəh hissi dostlarımı İstanbulda daha çox ələ keçirib və bu cür maksimalist qənaətə gətirib çıxarıb. Amma gördüm ki, yox, dediklərincə varmış, bəlkə bir az da artıq.
İstanbul haqqında müxtəlif cür düşünənlər var. Kimi deyir ki, İstanbul İstiklal caddesindən başlayır, kimi deyir Boğazdan. Dostlarımla hava limanındakı təmiz və uzun dəhlizlə, aeroportdan birbaşa metroya açılan qapıya tərəf addımlaya-addımlaya, gözlərimi yeni düşdüyüm məkana alışdırmağa çalışarkən, burdakı rəngarənglikdən və bu rəngarəngliyin sadəliyindən başa düşdüm ki, İstanbul elə burdan başlayır və mən artıq burdayam.
Metroyla Aksaraya qədər getdik. Ordan dolmuşa mindik və düz dostumun evinə – Cihangirə yollandıq.

6. Cihangir və ya itmiş Pamukun axtarışında

Dostum Ruhlanın evi İstanbulun ən mərkəzi yerlərindən birindədi. Cihangirdə, Kasatura sokakda. İstanbulun bu səmti haqqında orda olmamışdan Orxan Pamukun kitablarından çox oxumuşdum. “Ötəki rənglər”də, “ İstanbul”, “Mənzərədən parçalar” kitablarında yer alan müsahibələrində, düz yazılarında yaşadığı yerin – Cihangirin tarixindən, bugünkü görünüşündən, məhlə kultundan, pəncərəsindən görünən martısından, sokak satıcılarından, bir sözlə hər şeyindən böyük sevgiylə və ustalıqla yazan Pamuk sayəsində mən İstanbulun tarixindən çox, şəhərin bu tərəflərini Taksimi, Cihangiri, Bəyoğlunu, İstiklal caddesini, Nişantaşını virtual olaraq gəzmişdim. Təbii ki, ilkin refleksim oxuduqlarımla gördüklərimi içimin tərəzisinə qoymaq oldu. Yalandan deyə bilmərəm ki, elə düşündüyüm kimiydi hər şey. Amma gedib-gələn dejavu hissi zaman-zaman məni rahat buraxmırdı. Mənim dejavum ənənədən uzaq idi. Mən “elə bil buranı görmüşəm” demirdim, “buranı elə bil oxumuşam” deyirdim.
Bu səmtdə xeyli enişlər-yoxuşlar var. Biz küçənin ayağında, yoxuşun bitdiyi yerdə qalırdıq, qonşu küçədə yoxuşun başında isə Orxan Pamuk qalırdı. İstanbula düşdüyümün səhəri günü ilk işim Pamukun qaldığı evin, Məsumiyyət muzeyinin, Nazim Hikmət Kültür və Sənət Vəqfinin və məni maraqlandıran bir-iki sənət mərkəzinin, vəqfin harda yerləşməsi ilə maraqlanmaq oldu. Təbii ki, bu sırada Mefisto, İnsan və Yapı Kredi yayınlarının kitab evləri də vardı. Məlum oldu ki, Nazim Hikmət Kültür və Sənət Vəqfi qaldığımız evin cəmi 100-150 metrliyindədi, axtardığım kitab evləri isə düz ayağımızın altında, İstiklaldadı. Bu çox yaxşı oldu. Demək tələsmədən, ləzzət-ləzzət ala, içimə sindirə-sindirə buraları gəzmək olar. Qalırdı bircə Pamukun yaşadığı evi müəyyənləşdirmək və mümkün variantda onunla görüşmək, bir də təbii ki, Məsumiyyət muzeyində olmaq. Bir-iki nəfərdən soruşdum, hərə bir yer dedi, bəziləri isə Pamukun adını eşidən kimi mənə elə baxırdılar ki, elə bil nəsə unutduqları, xatırlamaq istəmədikləri bir hadisəni onların yadına salmışdım. Sonra isə Antarktidanı qısqandıracaq bir soyuqluqla “Neresi olduğunu bilmiyorum! “ – deyirdilər. Bir-ikisi biz qaldığımız evə qonşu olan küçənin yoxuşunu nişan verirdi. Amma o küçəyə gedən kimi mən axtardığım yerin ora olmadığını anlayırdım.Çünki bilirdim, Pamukun qaldığı evin eyvanından boğaz mənzərəsi görünür. Demək, ev küçənin aşağı yox, yuxarı hissəsində olmalıdır.
Nahardan sonra dostum məni 15 ildir İstanbulda, Cihangirdə yaşayan bir ailə ilə tanış etdi. Lalə xanım və İzzət bəy. Lalə xanım Azərbaycandandır, İzzət bəy isə İstanbulda doğulub. Cihangirdəki məşhur Firuzağa məscidinin yanında anahtarcı dükanları var. Bu səmimi ailəylə tanışlıqdan sonra suallarımı onlara tuşladım. Lalə xanım dedi ki, burda bir azərbaycanlı oğlan yaşayır, adı Rafiqdi. Qoy gəlsin, ondan soruşaq, o bilər...
(Ardı var)
QİSMƏT,
[email protected]





Bu yazı ( 513 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar