12px14px16px18px

Bəhmən Qubadinin milliliyi

Aydın DADAŞOV
08:35 / 27.08.2011
1968-ci ildə İranın Kürdüstan əyalətində doğulub və 2000-ci ildə etnoqrafik filmlər studiyası yaradaraq, öz ssenarisi əsasında quruluş verdiyi, həmin il Kann kino festivalında “Altun kamera” ödülü qazanan “Sərxoş atlar zamanı” filminin rejissoru Bəhmən Qubadinin bu sənət əsəri müəllifinin ekstremal məqam yaratmaq bacarığını təsdiqlədi. İlk titrlərdəki mətni oxuyan azyaşlı qız Əminənin atasının qaçaqmalçılıqla məşğul olduğunu, qardaşı Madinin şikəstliyini anasının kiçik bacısını doğan zaman tələf olduğunu öyrənməklə hadisəli ekspozisiya ilə tanış oluruq. Təsvirdə İran –İraq sərhədindəki kürd kəndinin yaxınlığında stəkanları durmadan kağıza bükən, ağır kisələr altında belləri bükülən uşaqları, sarı gödəkcəli şikəst Madini bağrına basıb dərmanlarını verən balaca Əminənin davam edən mətni altında izləyirik. Bükülmüş stəkanları durmadan qutulara yığa-yığa digər qardaşı Əyyubu əzizləyən Əminənin fonunda iş almaq uğrunda qalmaqal salan uşaqlar mühitin amansızlığını gözönü hadisədə göstərə bilir. Sərhəd məntəqəsinə çatmamış yoxlamadan yayınmaq naminə hərəkət edən avtomaşından düşüb tikanlı məftillərin o üzündəki kəndlərinə qaçan iraqlı uşaqlar gözlənilən təhlükəni gözönü səciyyələndirir. Sərhədçilərin göstərişi ilə sıraya düzülən uşaqların əyin-başlarından tökülən dəftərlər elmə, savada cəhdin təzahürünə çevrilir. Ümumi planda piyada qarlı aşırımı keçməyə məcbur olan uşaqların arasında, qardaşı Əyyubun qucağındakı Madinin Əminənin təhriki ilə dərmanı qarla birgə udması və bu məqamda qarlı aşırımın rəngarəng təsviri dramatizmi əksliklərin vəhdətində, kontrapunktda yaradır. Kəndə çatmaqla atalarının ölüm xəbərini alan Əyyubla Əminənin qatırın belinə uzadılmış cəsədi əzizləmələrini hərəkət imkanından məhrum olan Madinin kənardan hüznlü baxışlarla seyr eləməsi dramatizmi gözönü hadisə kontekstində inkişaf etdirir. Səkkiz uşağının yükünü güclə çəkən əmisinin məsləhəti ilə məktəbi atmağa məcbur olan Əyyubun bacısı Əminəyə dərslərini davam etdirməyi məsləhət görməsi diktor mətnində olsa da, hadisəliliyi irəliyə doğru aparır.
Qarlı məkandakı kötüyü baltalayaraq çiyninə götürdüyü ağır şələnin altında qatlanmaqla düşdüyü vəziyyətin vizual simvolu yaradılan Əyyuba, çiy kərpicdən tikilmiş miskin komada yaşadığı bəlli olan Rəhim həkimin Madinin iynəsinin vaxtı çatdığını bildirməsi müşkülün fonunda sosial durumun mənzərəsini də yaradır. Paralel montajda Madini də qucağına götürüb qəbiristanlığa gələn Əminənin əllərini göyə açıb, daş parçasını öpən şikəst qardaşına şəfa diləməsi ilə özünü yetirən Əyyubun bacısını sillələməklə iynənin vaxtının keçdiyini bildirməsi nicatı yalnız real həyatda axtarılması yolunu önə çəkir.
Evdə sobanı yandırdıqdan sonra palazın üstündə bardaş qurub ev tapşırığını yazan Əminəyə məzarlıqda vurduğu sillələrə görə üzr istəyib barışan Əyyubun bacısının dolmuş dəftərini yeniləşdirməyə söz verəndə ağzındakı çörəyi gəvələyən Madinin məmnun baxışları bədbəxt mühitdə belə xoşbəxtlik qığılcımlarının təcəssümünü yaradır. Yenidən ağır yük altında çabalayan uşaqların təsviri ilə kəndirlə qatırlara sarınan iri rezin təkərlərin ekrana gəlməsi fonunda Əminənin mətnində müalicəyə pul qazanmağın mümkünsüzlüyünü bildirməsi əsas dramaturji hadisəni qabardan fabula mexanizmini nizamlayır. Əmisinin köməyi ilə qaçaqmalçılığa girişərək yaşlılar arasında özünə iş tapan Əyyubun şaxtalı havada sərhədi keçəcək, qızışmaq üçün qatırlara spirtli içki verilməsinin şahidi olması filmin obrazlı adını gündəmə gətirir.İri təkərlər yüklənmiş qatarlar arasına səpələnmiş ağır yüklü uşaqların təsvirinin qadın ağısı ilə müşayiəti audiovizuallığı artırır.
Yorulub əldən düşərək ağır yükü çiynindən atmadan nəfəsini dərən Əyyubun çayxanadakı xidmətçi həmyaşıdına qatırının atası ilə birgə minaya düşüb parçalandığını bildirməsi bəlanın səbəbini gec də olsa xatırladır. Xidmətçi oğlanın isə torpağını məhz minalar səbəbindən becərə bilmədiyini söyləməsi qlobal problemi daha tutarlı davam etdirir. Bu məqamda haqqı ödənilməyən digər uşağın Əyyubun əmisi ilə savaşa çıxması ziddiyyətin tərəflərini qarışdırmaqla xaotik mühitdə haqq-ədalətin yoxluğundan, zülmün dərəcəsindən xəbər verir. Mənzil başına çatsalar da, əmək haqqının ödənməməsi dramatizmi artırır. Evə pulsuz qayıtsa da, Əyyubun yuxudan oyatdığı Madini divara vurduğu şəkillə sevindirmək cəhdi nisgil yaradır. Əyyub bacısı Əminəyə dəftər gətirərkən məktəbli uşağın dərslikdən oxuduğu mətndə havada süzən təyyarəçinin məmnunluğundan söz açması sürünmək zorunda qalanlarla uçanların ,arzularla reallığın qarşılaşdırılmasını uğurla göstərir. Qovğada qolu qırılan əmisinin qatırı ilə yenidən ağır səfərə yollanan Əyyubun fasiləsiz olaraq çalışması fonunda Əminənin mətnində iki ay keçsə də ,əməliyyat pulunun qazanıla bilmədiyinin səslənməsi vəziyyətin çıxılmazlığını göstərir. Məhz bu məqamda yüklə sərhədə çatanların durdurulması ,sərhədçilərlə qarşıdurmada pusquya düşənlər pərən –pərən olarkən ağır yüklər , təkərlər altındakı atların,qatırların yerdə çabalamaları audiovizuallığı artırır.
Ailənin böyük qızı Rojenə elçi düşməsinə sevinərək ovcundakını gizlətməklə qonaqlardan birinə oyun çıxaran Madinin əməliyyat haqqını gələnlərin öz boyunlarına götürmələri ümid işığı yandırmaqla hadisələrin düyünün açılışını nizamlayır. Qonaqlara çay paylayan ağ örpəkli, qırmızı donlu Rojedən, gələnlərin məqsədini öyrənməklə bu izdivaca qarşı çıxan Əyyubun əmisindən sillə yeməsi nüfuz uğrunda mübarizəni səciyyələndirir. Rojenin də özündən yaşlı birisinə Madinin sağalması naminə ərə getməyə razılığını bildirməsi filmin ideyasına doğru gedən yolu önə çəkir. Və Rəhim həkimin həmən Madini iynələməsi müşkülün gözönü diqqətdən yayınmasına imkan vermir.
Bəhmən Qubadinin 2002-ci ildə öz ssenarisi üzrə lentə aldığı “İraqda azanlar” filminin əsas hadisələri İran-İraq müharibəsinin son mərhələsində yaxın dostu ilə sərhədin o tayına qaçan xanımı Hananarexin ardınca düşən musiqiçi qocanın on yeniyetmə oğlu ilə yaratdığı “Azadlıq harayı” konsert proqramı iflasa uğrayan Səddam Hüseynin kürd musiqisinə qoyduğu qadağanın sonunu səciyyələndirir. Şəxsi motivlə ictimainin birləşdirildiyi bu filmdə sevinclə qəmin sentimental vəhdəti yaranır.
lll
Bəhmən Qubadinin 2004-cü ildə lentə aldığı gənc qızın özünü sıldırım qayadan atması ilə başlayan “Bağalar da uçmağı bacarırlar” filminin də hadisələri İran, İraq, Türkiyə sərhədində yaşayan kürd kəndinin yaxınlığındakı qaçqın düşərgəsində cərəyan edir. Yaşamaq uğrunda mübarizənin əcaib şəkil aldığı bu yerdə fasiləsiz hərbi mücadilələr sayəsində insanların həyatına son qoyulması, şikəstlikləri, kimsəsiz uşaqların taleyin ümidinə qalmaları diqqət mərkəzinə gətirilir. İrandan gələn kürd əsilli həkimin televiziya xəbərlərinə inanmayıb gözlənilən hadisələri öncədən görən yetim oğlanı axtarması, Amerika əsgərlərinin nə zaman gələcəyini bilmək istəyən əhaliyə uşaqların Ərbil bazarından boşqab antena alıb gətirmələri ekspozisiyanı yaradır. Belə bir şəraitdə valideynləri ərəb əsgərləri tərəfindən məhv edilmiş, daim kor uşaqla əlləşən Aqrin adlı azyaşlı qızın minaya düşməklə iki qolunu itirmiş Henqov adlı digər qardaşının gələcək bəlaları görmə qabiliyyəti filmin dramaturji yayına, hərəkətverici qüvvəsinə çevrilir. Həmyaşıdlarını başına yığıb ərazidəki minaları yığmaqla 20 dollar alıb 10 dəfə artığına sülhməramlı qüvvələrə satanlara təhvil verən, televiziya antenaları qurmaqla Səddam Hüseynin cəzalandırılacağını barədə informasiya gözləyənlərin Sattelit çağırdığı Soran adlı eynəkli oğlanın, öncəgörənin bacısına vurulması sevgi motivi də yaradır.
Yalnız sosial problemlər üzərində qurulan “Sərxoş atlar”-dan fərqli olaraq burada problemlərin çoxalması, şikəst uşaqların da sayının artması dramaturji strukturu yaradan qüvvələrin səfərbər olmasına əngəl törədir. Metalloma çevrilmiş çox saylı döyüş texnikası hadisələrin cərəyan edəcəyi təbii mühiti yarada bilmir. Üst-başına nöyüt töküb, özünə od vuran qızcığazın göldə balıqlar axtarması onun mövzu xatirəsində ərəb əsgərləri tərəfindən zorlanmasının üzə çıxması, Səddam Hüseynin heykəlinin aşırılması və nəhayət Amerikan ordusunun gəlişi dolaşıq ziddiyyət yaratmaqla təssüratı zəiflədir.
Bəhmən Qubadinin modernizmlə fundamentalizmin qarşılaşdırıldığı “Fars pişikləri barədə kimsə bilmir” filmində (ssenari müəllifləri Bəhmən Qubadi, Hüseyn Murtuzacan, Pohane Saberi. 2009) musiqiçi gənclər – Nigarla Aşkanın beş nəfərdən ibarət hind-rok qrupu yaradaraq Londonda konsert vermək istəyindən söz açılır. Şou-biznesə qadağa qoyulduğu bir ölkədə zirzəmidə, tövlədə, damda məşq etmək məcburiyyətində qalanların musiqisinin üzərindəki təsvir həlli mühitin mənzərəsini klip estetikasında uğurla yaratsa da, filmdə dramaturji material çatışmazlığı həmən duyulur. Gənclərin problemini həll etməyə söz verən, evində gizli bizneslə məşğul olub, pul hesabına dünyanın istənilən ölkəsinin pasportunu hazırlamaq iqtidarında olduğunu bildirən əhlikef qoca Davudun sonda həbsindən sonra zirzəmidə şam işığında konsert verən gənclərin polislə qarşıdurmaları filmi tamamlayır.
Çəkiliş ərəfəsində Bəhmən Qubadinin amerika-iran jurnalisti kimi tanınan, filmin ssenari müəlliflərindən biri Pohane Saberinin 2009-cu ilin fevralında spirtli içki alışına və akkreditəsiz peşəkar fəaliyyətə görə iki il şərti cəza alması müəllif mövqeyindəki sərt münasibəti üzə çıxardı.
Bəhmən Qubadinin ilk filmindən sonuncuya gedən yolu izlədikcə tədricən püxtələşən peşə cəbbəxanasının obrazlılıqdan dünyəvi standarta, orta statistik göstəriciyə meyillənməni görməmək mümkün deyil. Belə ki, məhdudiyyətin kodlara istiqamət verdiyi ilk filmdə sanki pıçıltı ilə söylənilən epizodların ilkinliyindən, bakirəliyindən, çəkilişin reportaj metodu ilə həyata keçirilməsindən, ifadə vasitələrinin yaxşı mənada çatışmazlığından keçən müəllifin sonrakı ekran əsərlərində səsinin tonunu qaldıraraq peşəkar üslubunu qətiyyətlə, inamla nümayiş etdirməsi, lüzumsuz bolluq yaratmaqla tamaşaçı ilə zərif münasibətdən uzaqlaşır. Digər tərəfdən problemin həllinə yönələn mövzu baxımından ilk filmin dünyəviliyi, sadəcə bir millətin, qövmün tam formalaşmamış tələbinə çevrilməklə tamaşaçı zümrəsini məhdudlaşdırır. Bununla belə ekran yaradıcılığı tək “Sərxoş atlar zamanı” filmindən ibarət olsaydı belə Bəhmən Qubadi dərsliklərə düşəsi sənətkarlardandır.
Aydın DADAŞOV



Bu yazı ( 216 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar