12px14px16px18px

Azərbaycan xalqının islam mədəniyyətinə verdiyi töhfələr heç də başqalarınkından az deyil

Gövhər BAXŞƏLİYEVA
13:17 / 18.08.2011
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadinin avqustun 9-da verdiyi hədələyici ruhlu açıqlamada Azərbaycan xalqının, dövlətinin və Prezidentinin ünvanına səsləndirdiyi sərsəm fikirlər cəmiyyətimizin haqlı narazılığına səbəb olmuş, ictimai-siyasi xadimlər, hərbçilər, ziyalılar bu bəyanata sərt təpki göstərmiş, Azərbaycan Xarici İşlər Nazirliyi İran hökumətinə rəsmi etiraz notası təqdim etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasına neqativ münasibət ifadə edən fikirlər vaxtaşırı İranın kütləvi informasiya vasitələrində, ayrı-ayrı siyasətçilərin və din xadimlərinin çıxışlarında yer alır. Lakin bu cür münasibətin ali baş komandandan sonra İranın ən yüksək rütbəli hərbçisi, üstəlik ölkənin Milli Təhlükəsizlik Şurasının üzvü tərəfindən bəyan edilməsi xüsusi narahatlıq, təəssüf və hiddət doğurur. İran İslam Respublikası meydana gəldiyi gündən beynəlxalq və regional səviyyədə, islam aləmində destruktiv rol oynayır. Bu da ilk növbədə tarixi tərəqqi baxımından anoxronizm olan ruhanilərin tam nəzarəti altında olan siyasi sistemin və ya rejimin özünü qoruyub saxlaması məqsədi güdür. Yarandığı zamandan daxili siyasi, iqtisadi, mədəni sosial problemlər və böhranlarla üzləşən rejim daxili ziddiyyətləri arxa plana keçirmək, əhalinin əsas diqqətini xaricə yönəltmək üçün daim düşmən obrazı yaratmaqla məşğul olaraq imkan daxilində həmin “düşmənlər”in əleyhinə müəyyən addımlar atmağa, terrorizmi dəstəkləmək, islam ölkələrində şiyə azlıqları siyasi hərəkatlara təhrik etmək, Yaxın Şərqdə sülh prosesinə mane olmaq və s. siyasəti yeridərək qarşı tərəfə əks-reaksiya göstərməyə sövq etməklə həmin “düşmən”in real mövcudluğunu vurğulamağa və bununla da daxildə rejimin möhkəmlənməsinin zəruri olmasına bəraət qazandırmağa çalışmışdır. İranın bütün səviyyələrdə destruktiv, dağıdıcı xarici siyasəti son nəticədə onun beynəlxalq, regional səviyyədə təcrid olunmasına, hətta ayrı-ayrı ölkələrin – Yaponiya, Aİ və sairə ölkələrin İrana qarşı milli sanksiyalar tətbiq edilməsi ilə nəticələnmişdir. Hazırda İran rejimi dünyanın, demək olar ki, əsas aparıcı ölkələri tərəfindən təzyiq altında yaşayır. Yaxın Şərqdə avtoritar rejimlərin süqutu və süqut etmə mərhələsini yaşaması İran rejimini ciddi narahat edən mühüm prosesdir. Son vaxtlarda Suriya Ərəb Respublikasında rejim ilə onun müxalifləri arasında şiddətlənməklə və genişlənməkdə olan, dünya ictimaiyyətinin diqqət mərkəzində olan hadisələr İranı daha çox narahat edir, çünki regionda yeganə müttəfiqini itirməkdən və onun sonrakı nəticələrindən ciddi şəkildə ehtiyat edir. Iranın Suriyada xalq hərəkatına qarşı yaxından iştirakı dəfələrlə qeyd edilmiş və həmin məsələ ilə bağlı ona xəbərdarlıq da edilmişdir. Bununla belə, İran Suriya rejimini müdafiə edəcəyini bəyan etməkdən çəkinmir. İran rəsmiləri Türkiyə – NATO, Türkiyə – ABŞ münasibətlərini nəzərə alaraq, Türkiyənin Suriya rejiminə İran üçün arzuolunmaz təsirinin və digər addımlarının qarşısını almaq üçün Türkiyə ilə Suriya arasında Suriyanın seçiləcəyini bəyan etmişdir. Qeyd etmək lazımdır ki, regionda baş verən hadisələr İranın xarici siyasət sahəsində xeyli fəallaşmasına, yerli islamçı qüvvələrlə müxtəlif formalı və səviyyəli əlaqələr qurmasına və bununla da diqqəti gərginləşməkdə olan daxili ziddiyyətlərdən yayındırmağa müəyyən dərəcədə imkan verir. İranda daxili ziddiyyətlər mərhələ-mərhələ inkişaf edərək hakim siyasi elitanın daxili məsələsinə çevrilmişdir. Belə ki, artıq rejim ilə hakimiyyətdə təmsil olunmayan qüvvələr, rejim ilə bir müddət öncə hakimiyyətdə olmuş islahatçı adlanan qüvvələr arasında ziddiyyətlərinə 2005-ci ildən hakimiyyətdə olan mühafizəkar adlanan qüvvələrin daxilində kəskin ziddiyyət əlavə olunmuşdur. Həmin ziddiyyət icra (prezident) hakimiyyəti ilə ali dini rəhbərin başçılığı ilə bütün digər qüvvələr arasında siyasi mübarizə formasında təzahür edir. İcra (prezident) hakimiyyətində təmsil olunan qüvvələr də mühafizəkarlara məxsus olduğundan siyasi elitanın “düzgün” seçim etməsi böyük gərginliklə müşayiət olunur. Belə bir şəraitdə əhalinin diqqətini əsas ziddiyyətdən yayındırmaq üçün İran rejiminə tamamilə yeni bir düşmən, necə deyərlər, heç kimin gözləmədiyi yerdə, düşmən obrazı yaratmaq tələb olunurdu ki, həmin rəhbərin ətrafında cəmləşmiş qüvvələr belə bir obraz kimi Azərbaycan Respublikası, onun rəhbərliyini seçmişlər. General Həsən Firuzabadi heç bir siyasi, diplomatik etikanı gözləmədən, necə deyərlər, saldofonluqla, başqa ölkəyə, onun rəhbərliyinə göstəriş vermək, xəbərdarlıq etməkdən çəkinməmiş, bununla da İran rejiminin ən çirkin siyasi oyunlara gedə biləcəyini nümayiş etdirmişdir. Silahlı qüvvələrin baş qərargah rəisi fars şovinist, paniranist ideologiyasının Şimali Azərbaycan haqqında formalaşdırmaq istədiyi təsəvvürü bir daha bəyan etmişdir. Bir daha qeyd edirəm ki, İran rəsmilərinin bu kimi sayıqlamaları diqqəti Suriya hadisələrindən və ilk növbədə daxili ziddiyyətlərdən yayındırmağa yönəlmişdir. General Firuzabadinin o qədər də geniş olmayan açıqlamasında üç məqam diqqəti cəlb edir. Əvvəla, o, Azərbaycan Respublikasını bir müsəlman ölkəsi olaraq İranla dostluq prinsiplərinə riayət etməməkdə və ölkədə sionistlərin (?) əl-qol açmasına şərait yaratmaqda ittiham edir. Bu ittihamın nə qədər əsassız və cəfəng xarakter daşıdığını sübut etməyə ehtiyac yoxdur. Sadəcə, İran İslam Respublikasının müsəlman torpaqlarını işğal etmiş Ermənistan dövləti ilə günbəgün genişlənən, bəzi İran rəsmilərinin “qardaşlıq” kimi səciyyələndirdiyi əlaqələrini yada salmaq kifayətdir ki, kimin dostluq prinsiplərinə nə dərəcədə riayət etdiyi aydın olsun. İkincisi, cənab Firuzabadi iddia edir ki, “Aran əhalisinin damarlarında İran qanı axır və onun ürəyi islam və Quran eşqi, Əli sevgisi ilə döyünür”. Öncə onu deyək ki, Azərbaycan əhalisinin hansı hisslərlə yaşadığını müəyyən etmək cənab Firuzabadinin işi deyildir; yaxşı olar ki, o, İran əhalisinin arzu və istəklərini öyrənsin və təmsil olunduğu hökumətlə birgə onları həyata keçirməklə məşğul olsun. Generalın Azərbaycanı “Aran” adlandırması isə onun hansı düşüncəyə malik olduğunu, hansı ideologiyanın xidmətində durduğunu ortaya qoyur. Məsələ burasındadır ki, Azərbaycan Respublikası müstəqillik qazanandan bəri İranda bir dəstə tədqiqatçı, bəzi mətbuat orqanları onun ərazisinin tarixən Azərbaycan adlanmadığını “sübut etməyə” çalışır, torpaqlarımızı gah “Şimali İran”, gah da “Aran” adlandırırlar. Məqsəd aydındır: Azərbaycan Respublikası əhalisinin İranda yaşayan azərbaycanlılarla etnik birliyini inkar etmək, eyni zamanda torpaqlarımızın tarixən İran ərazisi olduğunu vurğulamaq. Firuzabadinin “Aran” sözündən istifadə etməsi qatı anti-Azərbaycan və anti-türk mahiyyətli bu çalışmaların hansı səviyyələrdə himayə edildiyini ortaya qoyur. Lakin general nəzərə almır ki, qonşu ölkənin beynəlxalq birlik tərəfindən tanınan, BMT-də təsbit edilən rəsmi adını söyləməkdən imtina dövlət məmuru olaraq onun özü üçün də, bütövlükdə İran hakimiyyəti üçün də əsl rüsvayçılıqdır. Üçüncüsü, general Firuzabadi bütün hüquqi çərçivələri və diplomatik normaları aşaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevi əhalinin islami hisslərinə və “oyanışına” diqqətli olmağa çağırır, əks təqdirdə, onun “təhlükəli aqibətlə üzləşəcəyi” barədə xəbərdarlıq edir. Əcəba, müstəqil bir dövlətin başçısına məsləhət vermək, xəbərdarlıq etmək haqqını və səlahiyyətini İran generalına kim verib?! Bu, açıq-aşkar qonşu dövlətin daxili işinə qarışmaq deyilmi? Görəsən, rəsmi təbliğatında daim Qərbi, xüsusən də ABŞ-ı başqa ölkələrin daxili işlərinə müdaxilədə suçlayan İran hökumətinin nümayəndəsi bunu özünə necə rəva görür?! General Firuzabadinin bu açıqlama ilə çıxış etməsinin formal səbəbi Azərbaycanda qeydiyyata alınmamış İslam Partiyası üzvlərindən bir qrupunun həbs edilməsi və onların işinə məhkəmə baxışının başlanması, eləcə son aylar hicab məsələsi ilə bağlı ölkəmizdə gedən müzakirələrdir. Sual doğur: dini siyasi alət etmiş kiçik bir qrupa canıyananlıq edən, onları “məzlum” kimi qələmə verməyə çalışan cənab Firuzabadi öz ölkəsində çoxsaylı insanların, o cümlədən azərbaycanlı mədəni fəalların həbsini görmürmü?! Bəlkə öz ana dilində qəzet, jurnal buraxmaq, şeir, hekayə yazmaq islam və insan haqları baxımından yasaqdır?! Hicab məsələsinə gəldikdə isə, deməliyik ki, Azərbaycan cəmiyyəti və dövləti bu məsələni demokratik müzakirələr şəraitində və qanun çərçivəsində həll etməyə qadirdir və bu işdə bizim kiminsə məsləhətinə qətiyyən ehtiyacımız yoxdur. Ümumiyyətlə, general Firuzabadi və onun kimilər bilməlidir ki, islam dini heç kəsin inhisarında ola bilməz: bu, həm də bizim dinimizdir və Azərbaycan xalqının islam mədəniyyətinə verdiyi töhfələr heç də başqalarınkından az deyil. Biz dini dəyərlərimizə ehtiramla yanaşırıq, eyni zamanda çağdaş dəyərlərə də sadiqik. Azərbaycan Respublikası dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Bununla belə, dövlətimiz dini dəyərlərə hörmətini, onların qorunması və inkişafına qayğısını əməli fəaliyyətində nümayiş etdirir. Dini siyasət səhnəsinə gətirmək istəyənlərin arzusu isə elə arzu olaraq qalacaqdır. Düşünürəm ki, Azərbaycan Respublikası həmin bəyanata qarşı müxtəlif səviyyələrdə qanuni-siyasi-diplomatik və digər cavabları səsləndirməklə yanaşı digər addımlar da ata bilər. Bununla belə İranda hərdən bir səslənən həmin bəyanatların ilk növbədə daxili auditoriyaya ünvanlandığını nəzərə alaraq ona ciddi əhəmiyyət verməmək də olar.
Gövhər BAXŞƏLİYEVA
Millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, professor




Bu yazı ( 267 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar