12px14px16px18px

Dəhşətdən ötəsi

Nərmin HÜSEYNZADƏ
07:41 / 06.08.2011
 
Hər şey belə başladı: Mətbəxdə stula, nə qədər mümkündüsə, yayxanıb kitab oxuyurdum. Birdən qapı açıldı, bacım ildırım sürətiylə qabağımdan keçib otağına qaçdı. Əlində də nəsə vardı. Əsmər heç bu cür, salamlaşmamış keçməzdi axı... Maraq məni bürüdü, ayağa qalxıb onun arxasınca getdim. Gedib nə görsəm yaxşıdı: əlində balaca bir dovşan, oturub çarpayısında, gözlərini zilləyib qapıya. O qapıya ki, ordan mən girdim və elə bil başımdan aşağı qaynar su tökdülər. İki ayağımı bir başmağa dirədim: “Tez ol, dur apar onu, hardan almısan qaytar ora! Evdə də dovşan saxlamaq olar? Bapbalaca yerdi, özümüz gücnən sığışırıq. Heç dovşanın yeridi?! Dur, dur apar onu burdan!” Əsmər yaxşı bilirdi axı, mən heç cücəyə də əl vura bilmirəm... Uzun mübahisədən sonra razılığa gəldik. Dovşan bir müddət evdə qalacaqdı. Amma Əsmərin otağından kənara bir addım da atmamaq şərtilə. Sonra onu rayona göndərəcəkdik...
 
Artıq on günə yaxın idi ki, dovşan bizdəydi. Hələ onu sevməsəm də, varlığına öyrəşmişdim. Dostlarımın gedib-gəlib ona zarafatla “Tofiq” deməsi isə lap marağımı artırırdı.
Səhər tələsik işə getməyə hazırlaşırdım. Əsmər dərsdəydi. Onun otağına girən kimi gördüm ki, dovşan qəfəsdə hərəkətsiz düşüb qalıb. Yaxınlaşıb baxdım. Qəfəsi silkələdim ki, bəlkə tərpənə. Başını bir az qaldırıb təzədən yıxıldı. Qorxdum, elə bildim, ölür. Tez Əsmərə zəng vurdum, ağlamaq tutdu məni. Əsmər məni sakitləşdirməyə çalışırdısa da, hiss edirdim ki, özü də çox narahatdı...
Birazdan zəng vurub: “Nəmiş onu eyvana çıxart, hava dəysin. Gəlirəm evə, aparaq baytara” – dedi. Ömrümdə ilk dəfə hansısa heyvanı qucağıma alıb öpdüm. Eyvana çıxdıq. O gündən Tofiqi heç, heç qucağımdan yerə qoymaq istəmirdim... Tofiqdən sonra itləri, pişikləri də sevməyə, sığallamağa, qucağıma almağa başladım...
O gündən Tofiq mənim həyatımın bir parçasına, əslindəsə tərzimə çevrildi. Elədiyi adicə bir hərəkəti qeyri-adi hadisəymiş kimi şişirdir, hamıya çatdırırdım. Sevinirdim. Gecənin bir yarısı hansısa dostuma “Tofiq indi iki ayağı üstündə dayanıb televizora baxır”, gündüzün günortasında “Tofiq parkda gəzir”, “Tofiq yeməyini gizlədib yeyir” və başqa bu tipli mesajlar yazırdım. Hətta Facebook səhifəmdəki statuslarda da vardı o. Sonra bir gün onunla bağlı yazı yazdım. “Tofiqi sevmək”. Bəlkə də Azərbaycanda qəzet səhifəsində adamla birgə şəkli çıxan ilk dovşan oldu mənim Tofiqim. Elə gülürdü ki, dostlarım. Deyirdilər, Tofiq ulduz xəstəliyinə tutulacaq. O yazıdan sonra onu məndən daha çox soruşurdular. Elə sevinirdim ki onu xəbər alanda. Hətta bir dəfə şair Əjdər Ol bir çəkilişin sonunda gülümsəyərək soruşmuşdu ki, Tofiq necədi, Nərmin? O qədər gülmüşdüm ki... O aralar bircə usta yazarımız, dəyərli şair və publisistimiz Tofiq Abdinin gözünə görünmək istəmirdim. Deyirdim, birdən düzgün anlamaz məni...
Amma gecələr Tofiqə baxıb kədərlənməyim də olurdu dəm-dəm. Səssizliyi arada yorurdu məni. O qədər əzizləyirdim, oynadırdım, danışırdım onunla... Heç səsini eşitmədim ki... Arada mənə elə gəlirdi, incidirəm onu. Yazmışdım da...
 
Bilirəm məndən əvvəl öləcəksən
İtkilərə dözümüm yox
İnsana çevrilmisən evimizdə
Səninlə adam dilində danışıram
əzizləyirəm uşaq əzizlərmişcəsinə
gülümsəyirəm iki ayaq üstə durub
yemək gözləməyinə
Kədərlənirəm baxışlarından
Bilmirəm dilini
Bilmirəm nə istədiyini
Acmısan, toxmusan
Susuzmusan
Mən qərar verirəm əvəzinə
Özüm azadlıq dəlisiykən
Gömmüşəm səni qəfəslərə
Yeməyini bol, yerini gen etsəm
Bağışlarsanmı məni?.
Necə məsumsan,
Necə sevimlisən,
Necə sevilirsən, bir bilsən.
Bilirəm, darıxırsan təklikdən
Bezirsən insanlardan
Bağışla ki, səninlə qatıram başlarını
qonşu cocuqlarının
Bağışla ki, sənə danışıram
bütün olanları
Çünki
Susaraq dinləməyi bacaran
Yeganə varlığımsan
Bağışla ki, səni insanlara
məhkum etmişəm
Bağışla ki, mən də insanam...

... Onu çox istəməyə başlayandan Tofiqi itirmək qorxusu yaranmışdı məndə. Məndən əvvəl öləcəyini dəqiq bilirdim. Onunçün müxtəlif ölüm ssenariləri yaratmışdım beynimdə. Ya qapının arasında qalacaqdı, ya xəstələnəcəkdi, ya maşın vuracaqdı, ya da nə bilim, zəhərlənib, köpüb öləcəkdi. İstənilən halda mənim yanımda... Amma belə olmadı. Məndən uzaqda, görməzə-bilməzə öldü. Ölümü dəhşət kimi gəlirdi mənə əvvəllər. Amma dəhşətdən ötəsini yaşatdı mənə ölümü...
                                                       
lll
Hər şey o lənətə gəlmiş Paris səfərinə görə oldu. Burda kim baxacaqdı ona? Odur ki, rayona – evimizə göndərdim Tofiqi. Sən demə, gedəndən cəmi 3 gün sonra ölübmüş. Hər gün soruşurdum onu. “Yaxşıdı”, “oynayır”, “həyətdədi, gəzir”, “elə indicə yanımızdaydı”, “bayaqdan ot yeyir” kimi sözlərlə 20 gün aldatdılar məni. Bir gün Tuluzda evində qonaq olduğumuz xanım bizə dovşan əti bişirdi. Aman Allah, qazana baxan kimi Tofiq düşürdü yadıma, necə kövrəlirdim. Nə qədər dirəndilərsə də, yemədim dovşan ətindən. Hələ zarafata salıb: “Ay qız, bu Tofiq deyil ki, Samirdi, rahat ye” deyirdilər. Həmin günün səhəri atam zəng eləmişdi. Ən birinci onu soruşdum – Tofiqi. “Ölməyib?” dedim. “Yox, yaxşıdı” – dedisə də, nigaran qaldım. Yorucu yolçuluğumun sonunda Bakıya – valideynlərimi, dostlarımı görməyə, sonra Kürdəmirə gedib Tofiqi qucağıma almağa tələsirdim. Elə hey deyirlər, Avropada nə gördün, yadında nə qaldı... Yadımda qalan ən çox ordakıların heyvanlara sevgiləri oldu. Hünərin var, bir fransızın itinin yanından əl-qol oynadıb keç. Adamı it yox, yiyəsi parça-tikə eləyər. Elə təkcə buna görə özümü avropalı kimi hiss edirdim. Axı Tofiqlə pis davrananı mən də məmnuniyyətlə incidərdim. Amma təəssüf ki, mən Uzaqlarda bütün bunları müşahidə eləyəndə – insanların heyvanlara insani və ya bizdəkinə baxanda, əlbəttə, fövqəlinsani münasibətini görəndə Tofiq artıq ölmüşdü. Onu öldürmüşdük – mən öz mənasız səfərimə yollanmaqla, evdəkilər də bu Tofiqdən savayı bütün Tofiqlərin qeydinə qalmalarıyla... O biri Tofiqlər insandılar, dözümsüzdülər, onları düşünmək gərəkdi, bu biri Tofiqə noolasıydı ki, heyvandı axı...
Bakıya gəldim, doğmalarımı gördüm, onda Tofiq guya, yenə onların dediyinə görə, yaxşı idi. Sonra hamı getdi... Mən də gedəcəkdim bir-iki gün sonra. Bir gecə bacımla telefonla danışanda yenə Tofiqi soruşdum... “Tofiq ölüb... rayona gələndən 3 gün sonra... sənə demirdik ki, yol üstəsən, pis olarsan...” – dedi. Elə qapının ağzındaca yerə çöküb, bolluca ağladım. Hönkür-hönkür, yaş içində az qala boğularaq ağladım. Bir az özümə gələndən sonra dözməyib, niyə öldüyünü, öləndən sonra neylədiklərini soruşdum. Bacımdan belə bir mesaj gəldi: “Səhər durduq gördük, ölüb. Hamımız çox pis olduq. Hələ təzəcə özümə gəlmişəm, Nəmiş. Mən istədim basdıraq, amma qonşumuz Ətrabə xala qoymadı. Dedi ki, Şəriətə görə, ölmüş heyvanı basdırmaq olmaz, kafirlikdi bu, Allah bunu günaha yazar. Bizim ürəyimiz gəlmədi, o aparıb harasa tulladı...” Fitvasını verəndən sonra, yəqin ki, Ətrabə xala Tofiqin qulaqlarındanmı, ayaqlarındanmı tutub, sallaya-sallaya, ya da nə bilim, yabaya keçirdib yelləyə-yelləyə, aparıb küçədəki yaşıl rəngli zibil qutularından birinə tullayıb. Adını da qoyub ki Şəriət belə tələb eləyir... Başa düşə bilmirəm, yəqin ki, heç vaxt da başa düşə bilməyəcəm ki, Şəriətin bizim Tofiqlə nə qərəzi ola bilər axı? Ay Allah, bu hansı Şəriətdi, bu necə fitvadı, bu fitvanı verən kimdi, kimlərdi belə?! Xəbərin varmı sənə aid olunan Şəriətin hansı kökə salınmasından, hansı əllərə-dillərə düşməsindən, ay Allah?! Guya noolacaqdı 3-5 qarış torpağı eşib, Tofiqi orda basdırsalar? Bu cür dəfnlər kütləviləşəcəkdimi guya? Ola bilməzdi axı belə şey – bu məmləkətdə çoxmu evdə var mənim Tofiqimdən? Hardadı, hanı, inanmıram. 3 olar, uzağı 5 olar, heç o da yoxdu. Çünki olmaz, günahdı, Ətrabə kimi qonşu xalalar – Şəriətin “fədakar” təəssübkeşləri yol verməzlər kiminsə belə-belə küfr əməllərinə!
Şeirdə də yazmışdım axı ki, məni bağışla, çünki mən də adamam. Doğrudan da adammışam – sabahısı rayona getməkdən vaz keçdim, başladım bir təsəlli axtarmağa, tezcə də tapdım – təzə bir dovşan aldım. Özü də Tofiqin ölüm xəbərini aləmə car çəkəndən 4-5 saat sonra. Elə bu təzə xəbəri də yaydım hamıya. Təskinliklərlə gözaydınlıqlar qoşa gəlirdi ünvanıma.
BALACA qoymuşam təzə dovşanımın adını. Tofiq cəsurdu, iriydi, güclüydü... Ondan çox fərqlidi bu – elə sısqadı, elə zəifdi, çəlimsizdi, elə qorxaqdı ki Balaca. Adıyla... Yox, böyüməsin! Adı kimi qalsın. Axı, bizlərdə balacaların, qorxaqların, başını aşağı salıb birtəhər dolananların, dinməzcə günü axşam eləyənlərin vəziyyəti daha yaxşı olur. Ətrabə xala deyirdi bunu da. Deyirdi ki, Şəriət də belə tələb eləyir. Amma Avropada belə deyildi. Ətrabə xalalar yoxdu axı orda, avropalılar nə bilsinlər insan nədi, heyvan nədi, şəriət nədi...
Yazıq avropalılar! Yazıq Tofiq!...   
Nərmin HÜSEYNZADƏ
 



Bu yazı ( 507 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar