12px14px16px18px

Qırmızı lentli velosiped

Nərmin HÜSEYNZADƏ
12:14 / 02.07.2011
...Velosipedinin təkərindəki dəmir çubuğa bağladığı qırmızı lenti də unutmamışam. Qolundakı mavi gözmuncuğunu da. Saçlarını da. Bircə gözləri yadımda deyil... ...Günəş yuxudan durdu, sonra məni oyatdı. İlk sabah idi ki, anam məni öpmədi. Atamı çağırdım, gəlmədi. Küçəyə qaçdım, nə onu, nə velosipedini görə bildim. Sonra eşitdim ki, velosipedi onu – ilk dostumu öldürüb. Ağlaya-ağlaya üstümə gələn balaca bacısının “Ölmək nədi?” sualına “Birdən birə yoxa çıxmaqdı” demişdim. Düz bilirmişəm. O gündən sonra dostum yoxa çıxdı, bir də onu velosiped sürən görmədim. Ancaq maşın yoluna səpələnən qanının izləri – o tünd-qəhvəyi ləkələr payıza qədər orada qaldı. Hər gün bağçaya gedəndə ayaqlayıb keçdiyim ləkələr ölümünün yerə çəkdiyi son şəklin izləriydi. İndi bir uşaq məzarı var söyüd ağacının altında. Üzü günəşə sarı dayanan, on il bundan qabaq ölən, amma hələ də 7 yaşında qalan uşaq məzarı. Həmişə Nazımın “Yedi yaşında bir kızım, büyümez ölü çocuklar” misrasını yadıma salan məzar. Əşyalar adamlardan etibarlıymış. Düz 10 ildi ki, başdaşına söykənən paslanmış velosipedi indi də ordadı dostumun. lll Mənim heç vaxt velosipedim olmadı. Əgər olsaydı, çoxlu xatirələrim olacaqdı onunla bağlı. Məsələn, bir dəfə yıxılacaqdım, dizim qanayacaqdı. Məni yerdən qaldıran adamı həmişə yaxşı insan kimi xatırlayacaqdım. Velosipedim olsaydı... ölən ilk dostumun məzarını görəndə sol yanım bu qədər ağrımayacaqdı. lll Onun ad günüydü. Təzə paltarını geyib, qırmızı lentli velosipedini küçədə o tərəf-bu tərəfə sürürdü. Qaş-qabağımı düyünləyib otağımdan çıxdım. “Velosiped istəyirəm, velosiped!” – deyib ağlamağa başladım. Anamın məni dilə tutmaq, nazımla oynamaq fikri yoxdu: “Olmaz, yıxılarsan!” Sonra da gəlinciklərimi gətirib verdi: “Bunlarla oyna”. Həmin gün hikkəmdən bütün gəlinciklərimin gözlərini kor, əynini paltarsız, başını keçəl elədim. İki ayağımı bir başmağa dirəyib, velosiped istədim. Amma nə xeyri?! Almadılar! “Yıxılarsan, qolun-qıçın əzilər” – dedilər. Dostumun yanına qaçıb velosipedi necə aldırdığını soruşdum. “Bir dəfə xəstələnmişdim. Atam alıb gətirdi” – dedi. ...Həmin gecə hərarətdən, danışmağa da heyim olmadı. Evdəkiləri təşvişə salmışdım. Hamı bir-birini günahlandırırdı xəstələnməyimdə. Velosipedim olsun deyə çoxlu soyuq su içdiyim, saçlarımı islatdığım heç kim ağlına gəlmirdi. Ancaq yenə mənim velosipedim olmadı... O gündən, onun ad günündən yadımda mənə vurulan iynələr və anamın narahat baxışları qaldı. Sağalmağım bir neçə gün çəkdi. Balaca dostum anasıyla hər gün mənə baş çəkməyə gəlsə də, onunla danışmırdım. Sağalıb ayağa duran kimi ilk işim onu cəzalandırmaq oldu. O, ayaqyoluna girəndə qapını arxadan bağlayıb evə qaçdım. Həmin günün axşamı evdə nəsə başqa ab-hava vardı. Nəhayət, atam mənə velosiped almağa razılıq verdi. İndi də anamı razı salmağa çalışırdı. Elə xoşbəxtdim ki. Səhər tezdən bu xəbəri dostuma deyəcəkdim, barışacaqdım onunla. Ancaq günəş məni yuxudan oyadanda dostum artıq getmişdi, yoxa çıxmışdı – ölmüşdü! Mənim heç vaxt velosipedim olmadı... Əgər olsaydı... Nərmin HÜSEYNZADƏ


Bu yazı ( 579 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar