12px14px16px18px

HEYDƏROV (HEYDƏROĞLU) İBRAHİM BƏY İSA BƏY OĞLU (1879, Dərbənd – 1949, Ankara)

Oğuztoğrul TAHİRLİ
12:11 / 02.07.2011
 
 
(Başlanğıcı ötən şənbə saylarımızda)
PARİS SÜLH KONFRANSINDA
1919-cu ildə hökumətin Avropa dövlətləri ilə danışıqlar aparmaq üçün Paris sülh konfransına göndərdiyi nümayəndə heyətinə İbrahim bəy də daxil edilmişdi. Bu heyətdə ondan başqa, Şimali Qafqazın ictimai-siyasi həyatında mühüm rol oynamış Əbdülməcid Tapa Çermoyev (sədr), Heydər Bammat (Şimali Qafqaz Xalqları Cümhuriyyəti xarici işlər naziri, üzv) və Həsən Hazarak (üzv) da təmsil olunurdular.
İbrahim bəy Avropa dövlətlərinin Sovet Rusiyasını Şimali Qafqaz Xalqları Cümhuriyyətinin müstəqilliyini tanımağa məcbur edəcəyinə umud bəsləyirdi. Yola düşməzdən öncə o, qəzet müxbirlərinə demişdi: “Mən öz missiyamın Parisdə uğur qazanacağına inanıram, çünki uğrunda bizim çalışdığımız iş bütün demokratiya üçün ümumidir”. Ancaq Parisdə onun missiyası istədiyinə yetmədi.
General Denikin Dağıstanı işğal etdikdən sonra 1919-cu ilin payızında Şimali Qafqaza dönən İbrahim bəy Denikinə qarşı silahlı mübarizəyə qatıldı.
BAKI – PARİS – ANKARA
Onun təmsil etdiyi hakimiyyət rus sakinlərin və qırmızı ordu birliklərinin əliylə devriləndən və Şimali Qafqazda bolşevik rejimi qurulandan (1920-ci il) sonra bu bölgənin bir çox ziyalıları kimi İbrahim bəy də ana yurdu Azərbaycana sığındı. O, Azərbaycanın ictimai-siyasi həyatında, xeyriyyə konsertlərinin, teatr tamaşalarının, o sıradan Üzeyir bəy Hacıbəyli’nin “Leyli və Məcnun” operasının, Ağa Əminov’la birlikdə “Azərbaycan gecələri”nin təşkilində fəal iştirak etdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra sosialist İbrahim bəy burada mühüm vəzifə tutdu – Azərbaycan SSR yollar nazirinin müavini oldu. Ancaq aradan heç bir ay keçməmiş Fövqəladə Komissiya (“ÇK”) onu həbs etdi. “Krasnı voin” (“Qırmızı döyüşçü”) qəzetində (25.06.1920, №135) həbsin səbəbi kimi İbrahim bəyin Müsavat hökumətinin görkəmli xadimlərinin azad olunmasına yardım etdiyi göstərilir.
1920-ci ilin sonunda Azərbaycan bolşeviklərinin lideri və eyni zamanda onun köhnə dostu N.Nərimanov’un müdaxiləsi ilə həbsdən azad edilən İbrahim bəy menşevik Gürcüstanına getdi.
1921-ci ildə rus süngüləri burada da milli hakimiyyət devirdikdən sonra İ.b.Heydərov Fransaya mühacirət etdi və 1925-ci ilədək ailəsi ilə birlikdə orada yaşadı.
1925-ci ildə Türkiyə hökuməti onu bu ölkəyə çağırdı. O, Türkiyədə “Heydəroğlu” soyadını qəbul etdi.
İbrahim bəy Türkiyəyə gəldiyində Ankara – Kayseri dəmiryolu xətti çəkilirdi. O, bu gün adı belə anılmayan Qaranlıqdərə deyə bilinən bir dağ başında dəmiryolu işçiləri üçün qurulan “qısım” deyilən müvəqqəti yerləşimdə çalışmağa başlayır, ailəsi ilə orada yaşayır. Dəmiryolu Kayseriyə uzanınca ailə Kayseriyə köçür. Oğlu orada məktəbə gedir. Sonra Sivasa doğru uzanan yolda çeşidli qısımlarda çalışır. Ən son 1939-un qışında Ərzincanın içində oturduqları zaman (qızları İstanbulda Amerikan Kollecində, oğlu universitetdə ikən) dəhşətli bir zəlzələ Ərzincanı yerlə yeksan edir. İbrahim bəyin oturduğu ev əski bir təkkəymiş; hətta atları da sağ qalır, ancaq gənc iş yoldaşlarını itirdiyinə görə sarsılır və mərkəzə alınmasını tələb edərək Ankaraya gəlir. 1940-cı ildə onu T.C. Yollar Nazirliyinə işə götürürlər və o, ömrünün sonunadək burada çalışır.
1949-cu ildə Abadlaşdırma Nazirliyi yüksək elmi heyətinin üzvü ikən Ankarada dünyasını dəyişən İbrahim bəy bu şəhərdəki Cəbəci məzarlığında dəfn edilir.
İbrahim bəy məqalə, məruzə və çıxışlar şəklində böyük irs qoyub gedib. Bu irs əsasən Rusiya imperiyasının, Şimali Qafqazın və Dağıstanın sosial-siyasi və milli problemlərinə həsr edilib.
BİR QƏDƏR DƏ İBRAHİM
BƏYİN NƏSLİ HAQQINDA
Biz bu hissəni Dərbəndin alovlu pərəstişkarı, onun 5000 illik tarixinin qızğın təbliğatçısı və araşdırıcısı, üstündə “Dərbənd” yazılmış 6 kitabın müəllifi olan rəhmətlik Səftər Sultanov’un (1913-2007) rusca “Dərbənd. Məşhur ailələrin şəcərələri” (Bakı: “Dərbənd” cəmiyyəti, 2005, ss. 70-73) və Moskvada yaşayan, daha çox hərb tariximizi araşdıran dəyərli dostumuz Eldar İsmayılov’un arxiv sənədləri əsasında yazılaraq 2005-də Moskvada nəşr edilmiş “Azərbaycanlı Georgi ordeni kavalerləri” (ss. 122-129) kitablarından yararlanmaqla, eyni zamanda İbrahim bəyin qızı Fatma xanım’la nəvəsi Mina xanım’ın lütfkarlıqla bizə göndərdiyi bilgilərə əsasən hazırlamışıq.
LLL
İbrahim bəyin mənsub olduğu nəslin başçısı Hacı Qasım bəy Heydərov Dərbəndin köklü sakinlərindəndi. O, tanınmış qədim bir zadəgan ailəsindən çıxmışdı. Hacı Qasım bəyin iki oğlu vardı: Nemətulla və Minətulla. 1835-ci ildə şəhərdə ilk rus ibtidai məktəbi açılanda yalnız iki sakin öz uşaqlarını ora verməyə razılaşmışdı – Hacı Qasım bəy öz oğlu Neymətullanı və Nəcəfqulu bəy Xıdırbəyov isə oğlu Hüseyni buraya vermişdi.
Nemətulla Heydərov sonra məşhur adam oldu. Ruslar savaş tarixlərində onu “Nimatul bəy”, “Minatul bəy”, “Naum Kasyanoviç” kimi müxtəlif adlarla xatırlayırlar.
Eldar İsmayılov Rusiya Dövlət Hərbi Tarix Arxivindəki bəlgələrə dayanaraq Nemətulla bəyin bütün döyüş yolunu ən incəliyinədək öyrənərək öz kitabında genişliklə verib. Ancaq bir məqalədə o qədər təfsilata ehtiyac olmadığına görə biz yalnız ən mühüm faktları oxuculara çatdırırıq.
Beləliklə, Nemətulla bəy Hacı Qasım oğlu Heydərov 4 oktyabr 1827-ci ildə Dərbənddə anadan olub. İbtidai dünyəvi təhsilini Dərbənd qəza məktəbində alıb. 1843-cü ildə Qazıqumuq atlı milis dəstəsində qulluğa təyin edilib. Sonrakı illərdə Qafqazdakı rus qoşunlarının tərkibində Şamilə, dağlılara qarşı çoxlu savaşlara qatılıb. 1854-dəki savaşda fərqləndiyinə görə 1857-də ştabs-kapitan çini alıb. Salavatiyadakı 1857-dəki fərqlənməyə görə 1857-də generallara verilən 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilib (sonralar 4-cü dərəcəni də alıb). O, bu ordenə layiq görülən ilk müsəlmandır. Sonrakı illərdə yenə çoxlu ordenlər qazanıb. 1880-1881-də Axal-Təkə yürüşündə, Göytəpə qalasının alınmasında istirak edib. 1884-cü ildə ona general-mayor çini verilib və ehtiyat piyada alayına keçirilib. Bütün qalan həyatını Nemətulla bəy Dərbənd şəhərində keçirib və 27 yanvar 1901-də orada vəfat edib.
Neymətulla bəy üç dəfə evlənib. İlk nikahdan oğlu Hüseyn bəy (31.08.1868-?) və qızı Hürnisə xanım (24.07.1870-?) doğulub. Üçüncü nikahı Leyla bikə Əhməd bəy qızı ilədir və ondan qızı Nurcahan xanım (17.03.1882-?) dünyaya gəlib.
Nemətulla bəyin qardaşı Minətulla bəy Heydərov haqqında bilgimiz çox azdır. Fatma xanımın bizə bildirdiyinə görə o, əsgərliyi erkən yaşda buraxaraq Dərbəndə dönüb və buradakı evində yaşayaraq öz təsərrüfatı ilə məşğul olub. Minətulla bəyin 3 oğlu olub: İsa bəy, Musa bəy və Qasım bəy.
1. İsa bəyin 2-ci mahalda (Meqri bulağın qarşısında) torpaq sahəsi, bağı və 2 qatlı evi vardı. Onun 3 oğlu və 2 qızı olub. Oğlanları: İbrahim bəy, Ömər bəy və Osman bəy. Qızları haqqında bilgini yalnız Mina Tanseldən öyrənirik. Onun yazdığına görə, Azərbaycanda qalmış bacılarından İbrahim və Ömər bəylər heç bir məlumat ala bilməyiblər. Qardaşları Türkiyədə olduğuna görə onları sovet hakimiyyəti dəhşətli əzablara düçar edib. Ümxanım adlı bacı yoldaşını erkən itirib və körpə oğluyla dul qalıb. Qardaşlarına görə onu uşağıyla birgə Sibirə sürgün ediblər. 17 il orada qalıblar. Stalinin ölümündən sonra bəraət alaraq vətənə dönüblər. 2008-də Mina Tansel Bakıya gələrkən Sumqayıtda onun oğlu İsabəy Əfəndiyev’lə görüşüb. Təəssüf ki, ikinci bacıdan heç bir bilgi yoxdur.
İbrahim bəy haqqında yuxarıda danışdıq, ancaq onun ailə həyatına toxunmadıq. O, 1915-də Dərbənddə Nisə xanım Cahangir bəy qızı Ərəblinsakaya (1900-1943) ilə ailə qurub. Bu evlilikdən onların biri oğul, üçü qız olmaqla 4 övladı dünyaya gəlib: Minnətullah Heydəroğlu (5.9.1918, Bakı-16.8.2006, Burhaniyə), Leyla Heydəroğlu (1920, Dərbənd-1955, İstanbul), Fatma Alpengin (21.11.1921, Tiflis) və Şermin Özgen (22.4.1926, İstanbul-24.1.2011, İstanbul). İbrahim bəyin oğlu vəkil Minnətullah Heydəroğlu Türkiyənin tanınmış aydınlarından, hüquqşünas və siyasətçilərindəndi. O, sosialist təmayüllü bir sıra siyasi partiyaların öndərliyində bulunmuşdu. O, yaşamının son 15 ilini İzmirdə keçirib, ancaq Burhaniyədəki yay evində dünyasını dəyişib. Minnətullah bəy atasından çocuqkən öyrəndiyi şahmatı 80 yaşından sonra da oynar, hətta turnirlərə qatılardı. Bu gün İzmirdə onun adına şahmat turnirləri düzənlənir.
İbrahim bəyin qızı Fatma Alpengin də indi Ankarada yaşayır.
Yeri gəlmişkən, İbrahim bəyin yoldaşı Nisə xanımın Bakıda qalmış bacısı Maidə xanım’ın əri də 1920-ci illərdə repressiyaya uğrayıb və ailənin sonrakı taleyindən heç bir xəbər alınmayıb. (Bir faktı da qeyd etmək yerinə düşər. Nisə xanımla Maidə xanımın anaları Mina xanım gənc yaşda, qızları kiçikkən ölüncə generalın yoldaşı Ayna xanım ölən qardaşının arvadını öz oğlu Cahangirə alıb. Ərəblinskilərin indi Azərbaycanda və Moskvada yaşayan nəsilləri bu ikinci evlilikdəndir).
Ömər bəy Heydəroğlu (1884, Dərbənd-1973, Istanbul) mühəndisdi. Fatma xanımın dediyinə gərə, Ömər bəy Sankt-Peterburqa hərbi məktəbə girmək üçün gedərkən böyük qardaşı İbrahim bəy onu “rus zabitimi olacaqsan?” deyə danlamış və onu mühəndisliyə yönəltmişdi. Ömər bəy 1915-də Sankt-Peterburqda I Nikolay adına Mülki Mühəndislər İnstitutunu qurtarıb. Dərbənddə Bikə xanım’la ailə quran Ömər bəyin böyük oğlu Əli 1918-də burada doğulub. 1920-ci ildə ailəsini də götürərək Qafqazdan Türkiyəyə gedən Ömər bəy öncə Sarıqamışda mühəndis olaraq çalışıb. Qızı Türkan 10.1.1923-də burada, kiçik oğlu Haluk isə 1930-un martında Doğu Bayəziddə doğulub. Bundan bir az sonra Ömər bəy ailəsiylə İstanbula köçüb, orada bələdiyyəyə girərək işləyib. 1973-də o və həyat yoldaşı üç həftəlik ara ilə dünyalarını dəyiblər. İndi onların yalnız kiçik oğlu həyatdadır. 
Osman bəy rus ordusunun zabitiydi və Peterburqda Qış sarayına hücum zamanı (oktyabr 1917) həlak olub.
2. Musa bəy kənd təsərrüfatı ilə məşğul olub. Dərbənddə Azadlıq meydanında 2 qatlı evi vardı (indi ora xəstəxanadır). Musa bəyin oğlu Hüseyn bəy Dərbənddə ibtidai məktəb bitirib və öz təsərrüfatı ilə məşğuldu.
3. Qasım bəy (1858-1918) Minətulla bəyin kiçik oğludur. Dərbənddə ibtidai məktəbi, Bakıda real məktəbi bitirib, hüquq təhsili alıb. Az müddət Peterburqda rus ordusunda qulluq edib və ştabs-kapitan rütbəsində ehtiyata buraxılıb. Bir rus qızıyla evlənib. 1878-ci ildə onunla Dərbəndə gəlib və ömrünün sonuna qədər burada onunla yaşayıb, Bakı dairə məhkəməsində özəl vəkil işləyib. Uşaqları olmayıb.
Dərbənddə onun geniş həyətli, xüsusi evi (Buynak küçəsində) və Calqan gədiyinin ətəyində böyük üzüm bağı vardı (yerli sakinlər ondan indi də istifadə edir, oranı Qasım bəy bağı adlandırır). O, üzümçülük və şərabçılıqla məşğul olaraq bu sahədə xeyli uğur qazanıb. 1900-cü ildə Dərbənddə olmuş məşhur fransız səyyahı və arxeoloqu baron dö Bai’nin onun haqqında fikirləri maraqlıdır: “Dərbəndin başçısı Türkdür, sözün çağdaş anlamında mədənidir, Avropa qaydasında geyinib, yaxşı şərabçıdır, əla idarəçidir; onun söhbəti onun irqindən olan adamlarda necə böyük keyfiyyətlər tapmaq mümkün olduğunu mənə sübut etdi”. Məhz bu keyfiyyətləri sayəsində Qasım bəy Dağıstan vilayətinin ən fəal xadimlərindən biri sayılıb. O, ciddi ictimai-siyasi fəaliyyətlə məşğuldu. 1900-cü ildə Dərbənd şəhərinin başçısı seçilərək şəhər yığıncağının 3-cü və 4-cü çağırışlarında da təkrarən bu vəzifəyə layiq görülüb.
1912-ci ildə Qafqaz canişini Vorontsov-Daşkov Qasım bəyin soyadını inqilabi fəaliyyətinə görə şəhər başçılığına namizədlər siyahısından çıxarıb və Həmid bəy Vəkilov başçı seçilib.
1914-cü ildə Qasım bəy Heydərov Müsəlman Milli Komitəsinin yerli bölümünü yaradıb və 1918-ci ildə Dərbənddə sovet hakimiyyəti qurulanadək ona başçılıq edib.
1918-ci ildə Vladiqafqazda sosial-demokrat partiyasının qurultayı keçirilib və Qasım bəy də heyətlə buraya dəvət edilib. Qurultaydan sonra onlar evə qayıdarkən Məhəmmədqala stansiyasında erməni komitəçiləri qatarı dayandırıb və başda Qasım bəy olmaqla 5 nəfəri vaqondan çıxararaq meşəyə aparıb və orada güllələyiblər.
Mina xanım Tansel yazır: “İsa bəy İspaniya qripindən ölüm döşəyində yatarkən “qardaşımın qanını yerdə qoydum” deyə hayıfsılanır. Onun intiqamını almaq İbrahim bəyə düşür. O, ÇeKa’dakı son məhbusluğunda bir gecə əmisinin qatili olan erməni komitəçinin adının səsləndiyini eşidincə həyəcanlanır, “əli boş gəl!” əmrini eşidincə sevinir, “üstümdən bir yük qalxdı” deyir, çünki komitəçini edama götürmüşlər – “əşyanla gəl!” dedikləri məhbusları isə başqa yerə aparırdılar...”.
SON BİR-İKİ SÖZ
İbrahim bəy Heydərov/Heydəroğlu haqqında, Hikmət Hacızadə demişkən, 30 min işarəni – Azərbaycanda ondan danışılan ilk ayrıca məqaləni ortaya qoyduq. Çox arzu edirik ki, Azərbaycanın bu görkəmli ziyalısı özünə layiq şəkildə araşdırılaraq xalqımıza tanıdılsın.
9 iyun 2011.
Ədalət TAHİRZADƏ Oğuztoğrul TAHİRLİ



Bu yazı ( 378 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar