12px14px16px18px

Hər dəfə Türkiyədə

Aysel ƏLİZADƏ
09:46 / 25.06.2011
Nə soruşurduqsa, adanalılardan düz-əməlli cavab ala bilmirdik. Yoxsa biz başa düşmürdük, nə bilim. Elə qatmaqarışıq cavablar verirdilər, adamın həvəsi qaçırdı. Hələ ablanın Türkiyə türkcəsində konuşmağını da bunun üstünə gələndə aləm dəyirdi bir-birinə. Elə gülməliydi ki. Axşamlar sahildə gəzişirdik. Qarşıda işıqlı balaca bir torpaq sahəsi görünürdü, dənizin içində. Hər gün ona baxırdım. Qorxumdan heç nə soruşmurdum. Axır dayanamadım. “O ışıklı yer ne öyle? ” “Sevgi Adası” Aysel hanım.” Daş düşəydi ikinci sualın başına. “Nədən sevgi adası, bir açmasımı var?” Elə bil yüz ildir bu sualı gözləyirdilər. Bir qar-qur düşdü, gəl görəsən. Hərə bir cavab uydurdu. Ürəyim sıxıldı, tez konunu qapatdım. Öz versiyamı yaratdım.
Ümumiyyətlə, türkiyəlilər sevgilidirlər. “Aşk” kəlməsi dillərindən düşmür. Adama elə gəlir bu ölkə xalqdan yox, sevgililərdən ibarətdir. Hamı bir-birinin aşkıdır. Orda “aşk” dəbdən düşmür. Siyasətə qarışmır. İqtisadi böhrana uğramır. Dini predmetə çevrilmir. Orda “aşk” ayrıca strukturdur. Eşlərin bir-biri ilə danışığı adamı valeh edir: Hayatım, aşkım, canım. Şablondur, ancaq şirindir. Bizdə heç o da yoxdur. “Aşk” havası yoxdur bizdə, hiss eləmisiz? Yığıncaqlarda ər-arvad elə oturur elə bil uzaq qohumdular. Olsa-olsa hələ bundan sonra bəlkə evləndilər. Türkiyədə isə aşk bambaşqadır. Ona görə də Adana rəsmiləri bu balaca adacığı dəyərləndirmək üçün ona “sevgi “ ismi verib işıqlandırıblar. Axı adətən dəniz kənarına sevgililər gedir...
Teatra-zada getmək Adanada dəb deyil. Orda da belə yerlərə tək-tük adam maraq göstərir. Enteller (intelektuallar). İqlimi istidir. Qışa qədər bürküdən ölürsən. Adana elə bil suyun kənarında yox, üstündədir. Havası çox nəmdir, boğulursan. O boğanaqda nə tamaşa izləməyə, nə kinoya getməyə adamın heyi olmur. Elə bir təbiəti-zadı da yoxdur. Bir dənə şirdanları var. Onu da gələn–gedənə zorla yedizdirirlər. Bir də məşhur Adana kababları var. Elə onu da zorla yedizdirirlər. Bu kabab nə uzunluqdadır, bir görsəz. Masanın bu ucundan o biri ucuna kimi. Məsələn, əgər 10 adamlıq kabab istəmisənsə, tikə-tikə verilmir. Bir dənə ilan kimi uzun lülə gəlir masaya, sonra hər kəsin payı kəsilir. Ümumiyyətlə, adanalılar yeyimcildilər. Ölürlər kabab üçün bizdən beşbetər. Ancaq önəmli bir məqamı gərək hökmən deyək. Türkiyəlilər toplum olaraq yeməklərinə diqqət edəndilər. Ağızlarına gələni yeməzlər. Faydalı şeylər yeyirlər. İstanbulda hər addımbaşı bişmiş qarğıdalı, şabalıd, elə yerindəcə çəkilmiş meyvə şirəsi satılır. Restoranları da elədir. Nə arzulasan yanında mütləq tərəvəz gətirilir. Adanada bir tərəvəz salatı verirdilər ki süfrəyə, ağızlar sulanırdı. Üstəlik kafeləri də gül kimiydi. Ən adi lokantada bir dəm-dəsgah vardı, ürək açan. Hər şey yerli yerində. Adam oturduqca iştaha gəlirdi. Təmizkardılar həm də gerçəkdən.
Bir də gecələr baranlara gedirdik. İçəri girməyimizi görürdük, adanalılar içki sifariş verib düşürdülər ortalığa. Oxu ki, oxuyasan, oyna ki, oynayasan. Kef idi. İçərilərində birini abla əməlli-başlı qaralamışdı. Yazıq ayağa duran kimi dalıyca danışırdıq: “Ay qız, gör nə yaxşı oxuyub-oynayır. Mən sənin yerinə olsam buna ərə gedərəm. Bizdə harda görmüsən adamın əri belə şən olsun. Ömrü boyu oynayarsız”. Ölürdüm gülməkdən. Deyirdim bəlkə o heç məni almaq istəmir? Ay qız, onun minnəti olsun. Gör bunların qızları necə kifirdi. Xeyri yoxdur, nə olsa da qızlarımızı ərə verməyi unutmuruq. Ancaq Adananın qadınları mənə heç kifir görsənmədilər. Biz qonaq olduğumuz evin xanımı da, qızı da çox çəkiciydi. Həm də gerçəkdən “xanım ağa”lıq yağır hər hərəkətlərindən. Kişiləri də onlara bir qayğı göstərir. Türkiyədə savadlı, qəşəng qadınla evlənmək çox çətindir. Erkək dəridən-qabıqdan çıxır onu ələ keçirənə qədər.
Hə, baranları deyirdim axı. Geniş salonlu turk barlarıdı. Gecələr orda türkülər söylənilir, arabesk musiqi çalınır. Halay gedilir. Bütün zal qoşulur musiqiçilərə. Hamı bir ağızdan oxuyur, oyanayır. Bir də gördün dəstəynən durdular ayağa. Eyni qaydada, eyni templə, eyni mehribanlıqla rəqs edirdilər. Rəqs qrupu kimi. Baranlara gələnlər qayğısız görünürlər. Əylənməyi bacarırlar. Hamı dərdini qapının kandarında buraxıb gəlir. Çıxanda da götürüb gedir çox güman ki. Marketə girəndə əlindəkiləri necə rəflərə qoyursan a, bax elə.
Adətən öz rakılarını içirlər. Bir də bira (pivə) sevirlər. Şalqam da mütləq böyründə olmalıdır. Baranlarda da şalqam içirlər, ay balam. Həm də deyəsən bu şalqam adamı ölümünə sərxoş olmağa qoymur. Onlara qatığın əhvalatını danışdım. Sonra da dedim bu qırmızı şey nədirsə axırınıza çıxacaq. Öldülər gülməkdən. Elə gözəl yumorları var ki. Sözü göydə tuturlar. Ümumiyyətlə türkiyəlilər zarafatcıldırlar. Gülüş üzlərindən əskik olmur. Adanada canını şalqamnan qurtarmaq üçün kiminsə evinə qonaq getməlisən. Yalnız orda bəlkə sənə şalqam təklif eləmədilər. Ancaq kahve mütləq ikram edəcəklər. Sonra da evin xanımı fincanını çevirib falına baxacaq. Yeməyə gərək xüsusi dəvət alasan. Bizim kimi qonaq nə vaxt gəldi ev yiyəsi özünə əl qatıb süfrə açmır. Ya danışılır ki, şama harasa gediləcək. Ya da vaxt təyin olunur. Daha durum tullana – tullana gəlim ki, qonağam, elə şey yoxdur. Hər şeydən danışa bilərlər. Din sevdikləri mövzudur. Ancaq ən dindarı da zəhləni tökməz. Türkiyəlilər ümumiyyətlə söhbətə açıqdılar və bir az savadlı adam görən kimi sayğıyla yanaşırlar, öcəşmirlər.
Bir gün qonaq olduğumuz evdən çıxanda xahiş elədik ki, bizi bir az oralarda gəzdirsinlər. Ev yiyəsi dedi: tamam, ama sağla gedək. Solda kürdlər olur. Bir sorun-falan çıxar. Barmağımı dişlədim.
Bu “sorun” deyilən şey Türkiyənin hər nöqtəsində varmış. Adamlar sokak arasında da rahat-rahat gəzəmmirlər. Hər an başına iş gələ bilər. Bütün günü terror, ölüm itim, oğurluq, partlayış. Türkiyədə zorlanan, öldürülən qadınların sayı-hesabı yoxdur. Dövlət bunun qarşısını ala bilmir. Olaylar kontroldan çıxıb. Dizilər çəkirlər – “Qızım nerede” , “Fatmagülün suçu ne”, zorakılığa, insan oğurluğuna qarşı çıxan motivlərdə. Bu məsələnin kökünə vara bilərmi?!
Belə bir olay İstanbulda az qala mənim də başıma gələcəkdi. Yaxşı qurtardım. Çantamı yellədə–yellədə, təmtəkcə şütüyürdüm ora-bura. Sözün düzü həm telefon balansım bitmişdi deyə kontur almaq istəyirdim, həm də tapsam bir telefon köşkünə girib Bakı şəhərinə salamlarımı yetirmək fikrim vardı. Birdən böyrümdə bir gədə peyda oldu. Uzun bir gədəydi. Gözünün giləsi elə balacaydı, elə bil cindir. Bataqlıq rənginə çalan bəbəkləri, ağac kimi dərisi vardı. Düşdü yanıma. İndi gedir yanımca, danışır. İşə düşdük də. Əvvəlcə soruşdu haralıyam. Özümü itirmədən Türkiyə türkcəsiylə dedim ki, bir az uzaqdanam. İstanbullu deyiləm. Mən də burdan deyiləm, dedi. Nə axtarırsız? Telefon köşkü. Gedək qarşıda biri var sizi ötürüm ora. Fikirləşdim, hiss eləsə ki, hürkmüşəm, ürəklənəcək. Sonra da gəl qurtar yaxanı bunun əlindən. Qapazı qoyacaq başıma, çantamı alacaq ən aşağısı. Dedim, yaxşı gedək, ancaq addımlarımı yeyinlətdim. Özümü elə aparırdım guya buraların yaradanını da tanıyıram. Arxayın-arxayın gedirdim, soruşdum bəs siz hardansız? Dedi Vannan. Ürəyim düşdü. Vannan a. “Ay qadın, şir ürəyi yemisən”, – dedim öz-özümə. Nə itin azıb təmtəkcə İstanbulun küçələrində. Getdik, getdik, getdik, gördüm qarşıda bir sökük daş hasar var. Gədə tutdurdu ki, buranı keçmək lazımdır, köşk irəlidədi. Gözümdə kadrlar canlandı. Mediada başlıqlar: “Azerbaycandan gelmiş yazar dün otelden çıkmış ve geri dönmemiş”. “Azeri kızı nerede?” “ Ayselin suçu ne idi? ” Hələ bizdəki başlıqları demirəm. Dedim, əlvida həyat, əlvida mənim örtüyü nöyüt dənizim, əlvida Qafqazım, əlvida Bakım, mikrorayonum, belə-belə şeylər dedim, dedim, ayaq saxladım. Yox, mən vaz geçtim, otelden de araya bilirim, şimdi aklıma geldi. Adam qərarlıydı. Məni o daşlığa aparacaqdı. “Burda daha ucuz, korkmayın, size bi zararım dokunmaz” deyəndə çantamı elə sıxdım sanki canımnan artıqdır. Geri getməyə başladım aramla. Sağ olun, dedim nəzakətlə. Əvvəlcə addımlarımı arxayın atırdım, getdikcə itilədim, sonra da mitilləndim otelə.
(Ardı var.)
Aysel ƏLİZADƏ
[email protected]



Bu yazı ( 731 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar