12px14px16px18px

Hər dəfə Türkiyədə

Aysel ƏLİZADƏ
09:00 / 18.06.2011
Taksimdə vəhşi kimi gəzəndən sonra oturduq ki, ağzımızı yaşlayaq. İstanbulda bütün kafelərdə çay ikramdır. Çay üçün adamnan pul almırlar. Taksimin lap göbəyində oturduq. Ofisiant handan-hana yaxınlaşdı, çay istədik, çox razı halda sifarişini alıb getdi. Sanki indi ona bir qucaq pul verəcəyik. Bizim kafelərdə adi su da istəyəndə hesaba vururlar, axı, harda görmüşük? Ona görə də mən buna çaşıb qaldım. Ha illah elədim çayın parasın ödəyim, dedilər yox, abla, bu ikramdır. Çaya da paramı alınır? Utandığımızdan başqa nələrsə sifariş elədik. İndi istəsəm də, yadıma düşməz, nə. Kəsin yeməli şey idi. Hər dəfə Türkiyəyə gedəndə adama elə gəlir ilk dəfədir burdadır. Nələr tapmırsan bu ölkədə. Nələr görmürsən...
İstanbul qadınları hər şeydən çox çəkir diqqəti. Hər yerdə ağa kimi görünürlər. Gülüşləri mütləq eşidiləcək, oturuşlarında bir əda, bir əminlik. Türkiyənin bəzi bölgələrində “xanım ağa” , “qız ağa” kimi ləqəbli qadınlar var. Əskilərdə bu epitet çox işlənərmiş. “Qız ağa” bizim güney bölgəsində qızlara, qadınlara deyilən “qıza” sözünün əslidir. Köylərdə qoçaq qızlara deyirlərmiş. Tüfəng atan, bütün kəndin hesablaşdığı, erkəkləri mil kimi saxlayan qızlar – qız ağalar varmış. Kəndin başına and içdiyi türk qızları. Lənkəran-Astara bölgəsində yaşayan talışların indi də dilindən belə cümlə eşitmək olur: “Filankəslər türklərdəndir”, “Orda “ürklər yaşayır”, “Bunu o vaxt türklər tikib”. Bu ayrıca mövzudur, sonraya saxlayaq. İndi danışaq Türkiyədən. Arxadaşımız, eşimiz, qardaşımız, abimiz, demək ki, çox şeyimiz Türkiyə.
İstanbulda qadınlar aləmi hərləyən deyillər. Kafelərdə tək oturub bilgisayarını yekə çantasından çıxaracaq, ayaqlarını rahat qoyub heç kimi vecinə almayacaq, küçədə siqaretini yandırıb çəkəcək, ağlına gələni geyinəcək. Kişinin yerinə hesab ödəyəcək yeri gələndə. Nə bilim, ona necə uyğundursa, o cür də olacaq. Bir də müdrik-müdrik baxmaqları var. Ümumiyyətlə, Türkiyənin qadınları erkəklərindən səmimi dəydilər gözümüzə. Qəşəng deyillər, baxımlı da demək olmaz, ancaq elə özlərinə arxayınlıqları var ki, heç elə bil ömrü boyu ərə getməyəcəklər. İstanbul qadınları ayrı aləmdir. Türkiyədə nə qədər bölgə var o qədər də kural var, o qədər də qadın, kişi, adam çeşidi var. O qədər də fərqlidirlər. Məsələn, Adana. Bəh-bəh. Adana, nə Adana. Məəttəl qalar adam. Bizim nə qədər şadlıq evimiz varsa, Adananın da o qədər baranı, restoranı, şənlik yerləri var. Axşam 9-dan sonra adam əlindən tərpənmək olmur restoranlarda. Musiqi o qədər gurdur ki, qulaq batır. Sözsüz ki, yanındakı adamı tamamən unutmalı olursan. Çünki onunla danışmaq imkanından bütünlüklə məhrumsan. Səhərə qədər musiqi durmaq bilmir. Yanındakıyla uzaq başı rəqs eləmək şansın var.
İlahi, bu adanalılar nə qədər şalqam içirlər. Hər yerdə yeşik-yeşik şalqam şüşələri, iri-iri şüşələr, içi qan kimi maye. Soruşduq ki, bu nədir axı, siz içirsiz? Dedilər – şalqam. Nəmənədir axı, bu şalqam? Belə anladıq ki, bu, çuğundur suyudur. Biz ayranı o qədər içmirik, nə qədər ki, adanalılar şalqam içirlər. Özü də şalqamı ancaq onlar içir. Başqa bölgələrdə şalqam dəb deyil. Özləri haqda qoşmaları da var:

Adanalıyıq, allah adamıyıq,
Bici-bici yiyeriz, şalqam içeriz.


Bici-bici lap qiyamətdir. Bici-bici, ha bici-bici.
Getdik dəniz kənarındakı kafelərdən birinə ondan dadmağa. Bizə dondurma qabına oxşar bir qabda elə dondurmaya oxşar, qırmızı, bəzəkli-düzəkli bir nemət gətirdilər.

Ağızda şirin, meyvəli buzu xatırladır. Heç kim izah edə bilmədi ki, əslində bu nədir. Dadlı suyun donmuş halı kimiydi, o dəqiq. Ən dəhşətlisi isə şirdan oldu. İlahi, o nə idi. Doğrudan da türk təfəkkürü bir az abırsızdır. Hər sözün başına “türkün məsəli” keçirməyimiz elə-belə deyil. Hər daşın altda bir tərbiyəsiz məna yatır. Şirdan adanalıların şah yeməyidir. Deyəsən, bağırsaqdan hazırlanır, düyülü-zadlı iç doldururlar. Sözüm onda yox. Biz də Bakıdan getmiş, ömründə birinci dəfə şirdanla rastlaşmış adamlar yerimizdən dik atıldıq. Fallosa oxşayan uzunbulla, başı ətli yeməkdi. Qabağımıza qoyanda gözümüz kəlləmizə çıxdı. Bizimlə yaşca bir az böyük qadın vardı. Deyək ki, Bakıdan getmiş ablamız. Xanım-xatın, abırlı-ismətli doktor. Ofisiant bu şirdanları onun qabağına qoymağa başladı. Əvvəlcə birini qoydu, qadın şoka düşüb boşqabı astaca kənara çəkdi:
– Booy bu nədir, ay qız – dedi mənə.
Boşqabı yavaşca kənara çəkdi, guya heç kim görməsin. Hamı da gördü. Ancaq adanalıların heç veclərinə də deyildi. Onlar bu şirdana elə aşiqdirlər ki, tez götürüb kabab kimi dişlərinə çəkdilər. Bizə məhəl qoymadılar. Qadın boşqabı yana çəkdikcə ofisiant boş yerə yenisini gətirib qoyurdu. Qadın çəkirdi, ofisiant qoyurdu. Adanalılar da yeyirdi:
– Yanasan səni, nətər də qabağıma düzür e... – deyəndə özümü saxlaya bilmədim. Yaman pörtmüşdü, ciddi-ciddi əsəbləşirdi. Güldüm. Əməlli-başlı içdən güldüm. Adanalılar anladılarmı, bildilərmi deyəmmərəm, ancaq niyə yemədiyimizi soruşdular. Üzümü ablaya tutdum: Di cavab ver: “Görünüşü estetik deyil nəsə, mən yeməyin görünüşünü sevməsəm yeyə bilmirəm”. Yerlilər “Abla, ne var ki, görünüşünde normal şirdan, sen tadına bak, bu super bir şey” dedilər. “Yox, vallah, mən formasını sevməsəm iştahımı çəkmir” deyib mənə elə baxdı, sanki şirdanlara görə günahkar mənəm. Yerlilər yeməklə uğraşırkən astadan: “Ay qız, bunlar nətəər adamlardı. Bu nə seksual yeməkdir yeyirlər”, pıçıldadı. Ağzımı açıb bir söz demək istəyirdim, yanımızda iki maşın dayandı. Onu demədim, axı. Bu şirdançı yolun qırağında bir neçə masadan ibarət kafe idi. Elə lap yolun qırağında. İki maşın adam tökülüşdü ora. Aralarında bir gəlin də vardı. Demə burda belə adət var. Toydan sonra gəlinli-külfətli gəlirlər şirdan yeməyə. Oturdular sifarişlərini verdilər. Çox qanuni, ədəb-ərkanla yedilər, şalqamnan içdilər. Zəhər kimi acı bibərləri uddular. Şad xürrəm. Abla əyilib qulağıma nə desə yaxşı.
– Ay qız, indi bu nə deməkdir, gəlinə gərdəkdən əvvəl şirdan yedirdirlər? Bunlar dəlidir nədir?
İkimiz də şirdanı həvəslə guppuldadan gəlinə baxırdıq. Bir yedi bir də istədi. Abla şokdaydı. Gerçəkdən də mətbəx kultun çox önəmli detalıdır. Adanalılar birdən tutdurdular ki, siz allah bunun heç olmasa dadına baxın. Əl çəkmirdilər. Az qalmışdı yeyək, abla başını tutdu. “Başım ağrıyır, dözə bilmirəm, tez gedək – dedi – Təzyiqim qalxıb”. Hamımız durduq. Adanalılar bizim şirdanları paketlətdilər. Odada yeyərsiz.
O paket hara yox oldu bilmədim. Yəqin Abla otelin önündə duran yetim-yesirə vermişdi. Nə vaxt vermişdi, necə vermişdi, onu heç kim bilmədi....
(Ardı var)
Aysel ƏLİZADƏ





Bu yazı ( 785 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar