12px14px16px18px

Rəsul Rza: hər əsəriylə yenidən doğulan şair

Zakir MƏMMƏD
08:21 / 11.06.2011

I məqalə
 
Böyük Azərbaycan şairi Rəsul Rzanın Əli Kərim barədə yazdığı aşağıdakı fikirləri elə onun özünə də aid etmək olar: “Şair Əlinin ikinci doğulma tarixini müəyyən etmək, açmaq üçün ciddi, uzun, səbirli tədqiqat, təhlil, məhəbbətli axtarış gərəkdir.”
Cəmiyyətin özündə olduğu kimi, ədəbiyyat aləmində də illər ərzində formalaşmış baxışlar sistemi, stereotiplər mövcud olmuşdur. Şairə, yazıçıya ədəbi tənqidin verdiyi dəyər bəzən bu cür qəlibləşmiş qənaətlər, kriteriyalar çərçivəsində müəyyən edilir. Məsələn, buraya aid edə bilərik sənətkarın novatorluğunu, ədəbi məktəb yaradıb-yaratmadığını və sairə.
Həmişə ədəbi tənqidin diqqət mərkəzində olan Rəsul Rza yaradıcılığı oxucu üçün də böyük maraq kəsb edib.
Hər kəs yaxşı bilir ki, keçən yüzilliyin 80-ci illərində “Ədəbiyyat və incəsənət” qəzeti başda olmaqla tarixən qədim olan heca şeirinin davamçıları “Rəsulçuluğ”a qarşı çox gərgin və əsəbi (bir az da gizlin) bir mübarizəyə girişmişdilər. Onlar “Rəsulçuluğun baş alıb getməsindən” əndişələnir, “Aşıq Alı üslubu”nu bərk-bərk mühafizə edərək, onun əldən çıxacağından ehtiyatlanırdılar. O illərdə Rəsul Rza faktoru ədəbiyyatın inkişafında ciddi əhəmiyyət daşıyırdı.
Bu kiçik qeydləri məqaləyə ona görə daxil edirəm ki, qoy Rəsul Rza ədəbi şəxsiyyətinə müraciət etmək istəyənlər həmin dövrün ədəbi hadisələrinə həssas yanaşsınlar.
Hakim ideoloji düşüncənin bədii sözün də bütün sferalarındakı diktaturası o qədər güclü və amansız idi ki, ümumi sifarişdən kənarda qalmaq yazıçı üçün çox çətin idi. Belə bir dövrdə Rəsul Rza kimi ədiblər ədəbiyyatı kollektiv üçün yox, insan üçün, fərd üçün “işləməyə” məcbur edə bildilər.
R.Rzanın poeziyasını bir “sərgi salonu”na bənzətsək, orda diqqəti cəlb edən bir şəkil görərsən – adı “insanlığın ömür yolu”.
Orta məktəbin ədəbiyyat proqramlarında daha çox bədii sözü “təmsil edə bilən” nümunələrdən istifadə edilməlidir. Məsələn, Vətən mövzusunda Rəsul Rzanın “Qaranquş və Sərçə” şeiri belə başlanır:
 
“Qaranquş qondu eyvanın
düyün-düyün pərdəsinə:
– Cik-cik!
Bahar gəlib, biz də gəlmişik”
 
Özünü sərçənin yuvasında rahatlamaq həvəsinə düşən qaranquşa sərçənin cavabı belə olur:
 
“... bahar dalınca qaçmamışam,
Burda qalmışam
yayı da, payızı da.
Dimdiyimlə düzəlib
Bu kiçik yuva da...
Bu saman suvağı da...
Bilmirəm, qaranquş utandımı,
susdumu,
Yoxsa çəkilib bir tərəfə
Sərçənin dən ardınca
yuvadan getməsini pusdumu.
Xoşuma gəldi mənim.
İnsan dili bilsəydi,
Bir nəğmə də öyrədərdim ona:
“Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim”.
 
Onu demək istəyirəm ki, orta məktəb dərsliklərinə daxil edilmiş ədəbi nümunələr həm mövzu cəhətdən, həm də bədiiliyi ilə fərqlənməlidir. Yuxarıdakı nümunədəki şeir vətəni oxucuya sevdirə bilir həm də ona görə ki, onun bədii-estetik tutumu çox güclüdür.
Ədəbiyyatın təbliği orta məktəbdən başlayır. Normal ədəbi zövqü olan insan kitabı sevər, vətəni də sevər.
Rəsul Rza kimi şairləri müasir gənclərə sevdirmək üçün onun zəngin ədəbi külliyyatından düzgün bəhrələnmək, daha uyarlı nümunələri dərsliklərə daxil etmək lazımdır.
Ümumən, bu, bir ağrılı mövzudur. Bu məqalə ayrı məqsədlə yazılıb.
İstərdik ki, Rəsul Rza kimi ədiblərin yaradıcılığı yenidən nəzərdən keçirilsin. Hesab edirəm ki, keçmişə biganəlik, gələcəyə qayğısızlıq hadisələrə eyni cür yanaşmağın nəticəsidir.
Azərbaycan Sovet ədəbiyyatında yüksək intellektli ictimai-siyasi dünyagörüşünə, olduqca azad və sərbəst mövzu və mətn axtarıcılığına görə R.Rza ilə müqayisə ediləcək ikinci bir ədəbi sima tapmaq çətindir. Onun “Qoca timsah” şeirindən misralara baxaq:
 
Udur xırda balıqları
qoca timsah,
yekə timsah
Göz yaşları axır, axır.
Deyir: – Sülhü qoruyuram bu sularda.
Quyruğuna humanizm nişanını
özü taxır
qoca timsah.
Xırda balıqları təhlükələrdən qorumaq adıyla onlara öz qarnında azadlıq vermək üçün udan qoca timsah göz yaşları da axıdır:
Hamı baxır, hamı görür,
qoca timsah, yekə timsah
udur xırda balıqları.
udduqca da gözlərindən bol yaş axır.
Humanistdir timsah axı.
 
Bu şeirdə müasir dünyanın acı həqiqətləri həm dünən, həm də bu gün üçün (görünür, həm də gələcək üçün) düzgün və dəqiq ifadə edilmişdir.
R.Rza poeziyasında – sözündə dənizdəki dalğalarsayağı ləngər, dəniz sularına xas səs, dil, səsləniş vardır:
 
Bu gecə öpdüm dənizi
sahildən ayrılanda
Dodaqları duzlu idi;
göz yaşı kimi.
Düşündüm: niyə öpdüm onu?..
Yaxşı deyil.
Düşündüm, yaxşı ki,
dəniz göz yaşı deyil
 
O, öz şeirlərinin canına Yer kürəsinin havasını, torpağını, suyunu, qoxusunu, rəngini, səsini... hopdura bilmişdir.
Sovet dönəmi üçün rəmz gurultulu alqışlar idi. R. Rzanın şeirləri çəpik üçün yazılmamışdı. Məsələn, o, belə yazırdı:
 
Bir fincan su içdim,
bir fincan da doldurub
qoydum yanıma.
Su olmasa,
nə faydası,
sən ha de:
– Səbr elə! Yanma!
 
R.Rza şeirinin tərbiyəedici, yönləndirici missiyası ənənəvi şeirimizdə olduğundan fərqlidir. Bu poeziya insanı müdrik, ağayana, ləyaqət prinsipləri əsasında tərbiyə edir. Bu təsir və tərbiyə üsulu hissi-emosional müstəvidə qurulan interaktiv təsir və tərbiyə üsuludur. R. Rzanı şair kimi çoxlarından fərqləndirən üstün cəhətləri onun əxlaqi-didaktik yazı və ifadə tərzindən imtina etməsində görmək lazımdır. Çünki bu poeziya özü əxlaq, ləyaqət poeziyasıdır. R. Rzanın lirik qəhrəmanı dünyaya, başqalarına təmənnası olmayan bir obrazdır. Çünki bu obraz şəxsiyyət olaraq R. Rzanın özünün obrazıdır.
Şairin obrazlar qalereyasında adlar da çox nəsnələri adama anladır: Kefli İsgəndər, Məhəmmədhəsən əmi, Nazlı, Cakartalı qoca, Xirosima, Bəhlul Danəndə, Afrikanın qumları, insan, Ezop, Qalua, Füzuli, Qız Qalası, Sibir, Kalıma, Cordano Brunonun külü, köhnə Sibir, Nəsimi, Prometey...
R.Rza yeni üslubun,sərbəst şeir texnologiyasının təcrübəsini məhz təcrübə-eksperiment çevrəsindən kənara çıxara bildi, onun hüdudlarını genişləndirdi və bunun nəticəsi o oldu ki, ədəbiyyatımızda şeirin əli, qolu açıldı. R. Rzanın heca vəznində qələmə aldığı çox gözəl şeirləri, poemaları vardır.
Şairin sərbəstdə uğurları bir qədər də onun xarakteri ilə bağlıdır. Yəni hər bir şeir nümunəsi müəllifin kimliyini də ifadə edə bilir. Məsələn, R. Rzanın “Rənglər” dənizlə bağlı silsilə şeirləri, “Vaxt var ikən” mövzusu və sairə onun həm yazıçı fantaziyasının genişliyini, həssas, duyğusal təbiətini, həm də yalnız və yalnız sənətdə, ədəbiyyatda iddialı olduğunu sübut edir. Onun qocaman poeziyası, söz, misra düzümü, mövzu mətn çoxvariantlılığı ən müasir oxucunun da zövq və düşüncəsini cavan saxlaya bilir:
 
Balıq dənizdə doğuldu,
dənizdə böyüdü.
Yaşadı.
Bir gün öldü.
Canlı dalğalar atdı onu sahilə,
Sonra qayıtdılar dənizə
Gülə-gülə.
 
Poetik fikrin poetik ifadəsi çox düzgün və gözəldir.
Lirik mənin bədii düşüncəsində melodiya ilə dramatiklik bir libasa bürünmüş şəkildədir. Onun şeir dilinin intonasiyası öz aktuallığını çağdaş qlobal cəmiyyətin danışıq tərzinəcən qoruyub saxlaya bilir. Deyərdim ki, bu deyim və ifadə modeli indiki düşünməyə can atan dünyamız üçün əvəzsiz örnək olmağa layiqdir.
İlk qələm təcrübələriylə, kitablarıyla yenidən doğulan R.Rza zaman keçdikcə müasirləşən, aktuallaşan şeir və poemaları, nəsr əsərləri, məqalələri... ilə bir də doğulur, yaşayır, həm də tarixləşir. Elə onun özünün Əli Kərim haqqında dediyi kimi.
Zakir MƏMMƏD
 



Bu yazı ( 301 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar