12px14px16px18px

Oxucum...

Aysel ƏLİZADƏ
07:58 / 11.06.2011
Bəlkə, bu dəfə sənə daha dərin mətləblərdən, dünyanın vacib işlərindən, ölkədəki durumdan, ordan-burdan, uzaqbaşı özümdən yazmalı idim. Ancaq yaza bilmədim. Hara tutdumsa üzümü yazıya çevrilmədi. Hansı konuya tuşlandımsa yazılmadı. Nəsə bu dəfə alınmadı, alınmadı. Sənə elə gözəl yazılar yazmaq istəyirəm ki, oxumağın keyfini çıxarasan. Elə bir yazı ki, adamlardan maraqlı. Şaqraq- sakit, gülməli-kədərli. Elə bir yazı ki, yol kimi... Gedəsən, gedəsən... Su kimi... İçəsən-içəsən... Elə bir yazı ki, əgər sevgilin yoxdursa, iraq-iraq, darıxmayasan. Yoxdur, yoxdur da, əsas odur ürəyim var-ürəyimiz var, düşünəsən o dopdolu ürəyində. Dad alasan, məsələn, dadlı nəsə istəyəndə. Necə ki, zənginlik sənin üçün para anlayışına heç oxşamaz, eləcə də yazı səninçün heç nə ilə tutuşdurulmaz. Elə bir yazı yazmaq istədim ki, kimdənsə mesaj gözləyəndə oxuyasan. Bütün mesajların cəminə bərabər, dünyanın ən uzun mesajı.
Məsələn, mollaların sarsaq söhbətlərini eşidəndə yadına düşsün, gülümsəyəsən. Və yazdığım sualı Mollaya verəsən: Niyə adamlar yaxınlarını itirəndə qonaqlıq verirlər? Sonra Allahın bir-iki maraqsız bəndəsi ilə sözləşəsən. Hətta əlbəyaxa olasız. Sən yenə güləsən. Bax, yazarım, sənin cümlənin badına getdim bu dəfə – deyəsən öz içində. Və sevinəsən tək olmadığına. Tək olmadığımıza. Qınayasan hərdən bir cümləyə görə. Bax bu nədir, bunu niyə yazdın ki, deyəsən üsyankarcasına. Ancaq heç bir cümləyə baxmayaraq sevəsən yazarını. Onun səni sevdiyi qədər.
Bütün həyatıma hesablanmış oxucum, dəyərini biləsən. Bir yazar ancaq sənə aiddir. Ancaq sənə. Bir yazar ancaq sənin üçündür. Ancaq sənin üçün. Bu fikrin masştabında, diapazonunda, dərinliyində itəsən zövqündən. “Ancaq mən” düşünəsən ədəbaz-ədəbaz.
Bu dəfə səninçün elə bir yazı yazmaq istədim ki, yaz kimi. Bir cümləsi də elə yanıltmac kimi. Yazar yaz kimi yazı yazar, yazdığı yaz yazısı isidər yazındakı soyuqluğu..isidər, ovudar...Üşüməzsən, üşümə sən, oxucum ....
Sənə bir qəribə mətləbi deyim. Heç vaxt heç bir köşkdən indi əlində tutduğun qəzeti almıram. Həmişə yaxınlaşıram köşkə və sən yadıma düşürsən. Bu sənin qəzetindir fikirləşirəm. Eləcə əlimə götürüb varaqlayıram, sığallayıram “bu sənin qəzetindir ”... sonra satıcıya qaytarıram. Sənin qəzetini necə ala bilərəm?! O sənin haqqındır. Sənin payına düşən qəzeti necə məsuliyyətsizcə ala bilərəm? Səni qəzetsiz qoya bilərəm düşünürəm hər dəfə. Yox ,almıram. İnan yazarına. İstədim ki, bunu biləsən. Hər sözünə sevinirəm. Biz axı bir-birimizi sözlərdən gözlərə axan duyğularla tanıyırıq. Sözlə göz arasındakı məsafədir bizi doğmalaşdıran. Gözlərindəki nurdan mənə də pay ayırdığın üçün çox sağ olasan.
Bəlkə bu dəfə sənə daha dərin mətləblərdən, dünyanın vacib işlərindən, ölkədəki durumdan, ordan-burdan uzaq başı özümdən yazmalı idim. Ancaq yaza bilmədim.
Səni yormaq istəmədim doğrusu. Beyninə dinclik verək bir az da. Həyat olaylarla doludur onsuz da. Qayğıların da ki, maşallah. Ruhuna rahatlıq olsun bu dəfə, səni özüm əzizləyəcəm. Gecə yuxuların ən şirinini arzulayacam. Gözlərindəki ağırlıq itsin. Rahatca 8 saatını yatacaqsan hər şeyin acığına. Bu dəfə əlimi üzünə çəkib deyəcəm: O ağıllı gözlərini ikimiz üçün də qoru, mənim oxucum.
Aysel ƏLİZADƏ
[email protected]






Bu yazı ( 651 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar