12px14px16px18px

“1984” – real təhlükə haqqında fantastik kitab

Aysel ƏLİZADƏ
01:33 / 04.06.2011
Corc Oruell (George Orwell) yaradıcılığında qəribə bir üsyan var. Bunu görmək istəyən onunla tanışlığa “Heyvanıstan” əsərindən başlayar. Corc Oruelli oxumaq təkcə ona görə lazım deyil ki, o, insanın azadlığını hərislikdən, siyasi hoqqalardan, hakimiyyətdən uzaq bir şey kimi təqdim edir, azadlığın ümumiyyətlə siyasət predmeti olmadığını deyir, həm də ona görə ki, o, bu fikirləri heç kimə bənzəməyən bir tərzdə ifadə edir. Azadlığı bu rakursdan görmək oxucu üçün maraqlıdır. İstedad hər motivi bəraət həddinə çatdıra bilir. İstedad kompromis yaratmağı bacarır.
Qalmaqallı “1984” əsərində razılaşmadığımız məqamlar da var. “Savaş – Barış”, Azadlıq – Köləlik, Bilgisizlik – Güc deməkdir!” şüarlarını stalinizmə pərçimlədiyini güman edənlərin məsələnin gerçəkdə heç də belə olmadığını, hər halda bu dərəcədə olmadığını sübuta yetirməyə çalışdığı yüzlərlə yazı var. Ancaq ideyanın sütunu ümumiyyətlə diktaturaya üsyandır deyə yazıçı bu romanla bütün alternativlərə qalib gəlir.
Dünyaya hakim ola biləcək bir gücə, istedada həm də sayğıyla yanaşırsan. Bu, təkcə kor-koranə xof deyil. Nənəm uşaqlığını və gəncliyini Stalin dövründə yaşayıb. Öz biliyi ilə universitetdə Stalin təqaüdçüsü olub. Nənəmlə riyazi mübahisəyə çətin kimsə girişə biləydi. Bunu deyək ki, Corc Oruellin “1984” romanındakı rejimin üç şüarından birinə (“Savadsızlıq – güc deməkdir!”) əks arqument kimi gətirmək olar.
Ciddi qadağalar vardı, qadağan olunmuş ədəbiyyat vardı. Ancaq bunlar ədəbiyyata, elmə, savada münasibətin qayəsi, mayası deyildi. Bu münasibət ideoloji prinsiplərdən sapınan, ona qarşı çıxan ədəbiyyata tətbiq olunurdu. Oruelli daha çox narahat edən individual ədəbiyyatın yaranmaması təhlükəsi idi. Zaman isə göstərdi ki, əslində, rejim ədəbiyyata yalnız zərbə vurmayıb, sıxıntılar çox ciddi əsərlərin ortaya çıxmasına da səbəb olub. Üstəlik, bunların arasında təkcə rejimlə mübarizəyə qalxan ədəbiyyat yox, rejimin dəstəklədiyi ədəbiyyat örnəkləri də var. Elə Oruell özü də rejimə qarşı çıxan instinktin gücünə yazdığı “1984” romanını ortaya qoydu .
Yazıçı “fikir qatili, düşüncə qatili” kimi təqdim etdiyi rejimin polis sistemini düşüncə polisi adlandırmaqla nədən yazdığını oxucuya birbaşa çatdırır:
– “İnsanlar yoxa çıxırdı, itirdi. Ən çox da gecələr”;
– “Əks düşünmək belə yasaq, qorxulu idi. Fikrinə, düşüncəsinə görə adamı həbs edir, öldürür, cəmiyyətdən uzaqlaşdırırdılar”;
– “Düşüncə polisi hər yerdə insanların beynini güdürdü”;
– “Ən böyük cinayət “düşüncə cinayəti” idi. Adamlar əməllərinə görə yox, düşündüklərinə görə ittiham olunurdular”.
Bir düşüncə adamı üçün bunları görə-görə yaşamaq dözülməzdir. Düşünməyə qorxan, hətta düşünməyi yadırğayan toplum düşünənlər üçün cəhənnəmdir.
“1984” təkcə ictimai-siyasi yox, həm də psixoloji gücü olan bir romandır. “Partiya” kabusundan danışılır romanda – qəddarlıqdan, insanları sürü şəklində yönləndirmənin iyrəncliyindən, ruhların, arzuların robotlaşmasından, sevgidən, duyğudan və azadlıqdan məhrum uzaq bir dünyanın qurulmasından danışılır: “Pərəstişkarlar və hərbçilər ölkəsinin bir cərgədə addımlayan, eyni cür düşünən, bir şüarı səsləndirən, yorulmadan çalışan, savaşan, alqışlayan, cəzalandıran 300 milyon adamı, hamısı da eyni sifətdə”.
Bu əsərdə yazıçının qabarıq aqressiyasını, hökm altında yaşamağa dözülməz reaksiyasını görürsən. Müəllif rejimin həyatın bütün sahələrinə burun soxan monopolist üslubuna qarşı çıxır. Həm də bu, təkcə Stalin rejiminə yox, bütün təkpartiyalı, təkəqidəli, təkistiqamətli siyasi quruluşlara aiddir. Partiya öz sıralarında olanları dəstəkləyir, olmayanları sıxışdırır, toplumu “bizdən olmayan kafirdir” prinsipi ilə idarə edir. Cəmiyyətdə uğur qazananlar ancaq hakim partiyanın üzvləridir, onların yaşamaq üçün hər cür zəmanət almış övladları da hakim siyasətin xidmətçisi kimi yetişdirilir.
Dünyanın bir çox filosofu tarixi ciddi elm saymayıb. Romanın insan azadlığından, ədalətdən güc alan dərin sarkazmını istənilən dövrdə insanı köləyə, marionetə çevirmək istəyən istənilən hakimiyyətə yönəltmək olar. Ancaq dediyimiz kimi, roman təkcə buna görə yox, həm də ona görə maraqlıdır ki, bədii cəhətdən ustalıqla, istedadla yazılıb, demək ki, ədəbiyyat üçün həmişə aktualdır.
“Heyvanıstan” əsərində Corc Oruell varlığın eqosentrizmini, onun başqa varlıqlar üzərində hökm etmək kimi dəlicəsinə bir arzusunu canlandırır. Yazıçı insanları cürbəcür heyvan donuna – at, it, donuz cildinə salır. Bunu, deyək ki, totalitar, avtoritar, diktatura, nə bilim, hansısa siyasi quruluşa, rejimə aid eləmək də, konkret kiminsə hakimiyyətinə, idarəçiliyinə, kiminsə dövrünə bənzədib yozmaq da olar. Ancaq məsələ konkret kimdəsə ya konkret rejimdə deyil. Bu idarəçiliyə istənilən politoloji ad da tapıb yaraşdırmaq olar. Ancaq məsələ rejimin nəliyində, necəliyində də deyil. Məsələ insan beynini qapsayan heyvani, yırtıcı hökmranlıq instinktindədir; insanları bir nəfərin naqisliyindən, siyasi-patoloji işvələrindən asılı duruma salmaq, başqalarının haqqını vəhşicəsinə qamarlamaq, hər kəsin ağzını yummaq, ancaq yalan sözə deyilmək və yazılmaq haqqı verməkdir. “1984”də yazar eyni motivləri daha siyasi, geniş və belə demək olarsa, elmli təqdim edib. Bu əsərdə metod daha açıqdır, ünvanlıdır.
Oruell “partiyalılıq”, “şəxsiyyətə pərəstiş”, “bütləşdirmə” psixologiyasının hökm sürdüyü ortamda bütdən başqa şəxsiyyətin yetişməyəcəyinə işarə vurur. Yazıçı toplumun broyler mexanizmi ilə yetişdirildiyini yarı realist, yarı fantastik dillə ifadə edir. Hətta qadın-kişi arasında da partiya texnologiyası ilişgiləri mexaniki şəklə salır. Partiya beyinlərə nəzarəti ələ alır, onun üçün, onun uğrunda, ona uyğun yaşamağı öyrətdikcə beyinlər mexanikləşir. Bu mexanikləşmə insanın bütün həyatına, bütün işlərinə, münasibətlərinə yoluxur. Həyat bütünlüklə proqramlaşır. Evlənmək lazımdır deyə evlənmək, yaşamaq lazımdır deyə yaşamaq refleksi yaranır. İnsan konkret komandayla hərəkət edən, təlimatla yaşayan, ictimai qaydalara tabe olub şəxsi hisslərini unudan varlığa çevrilir. Partiya üzvü olmayan qınaq hədəfinə çevrilir, dövlətin nəzərindən salınır. İnsan döşündə nişan, əlində portfel gəzdirən canlı kuklaya dönür.
Azadlıq romanda hər sözün arxasından oxucuya əl uzadır: mən burdayam, yaxındayam. Yazıçı üçün Azadlıq 2+2-nin 4 elədiyini deyə bilməkdir. “1984” romanı həm də ona görə oxunmalıdır ki, həqiqəti tarixçilərin beyinlərə yeritdiyi yalan-doğru faktlarla, eşitdiyimiz qorxulu-qorxusuz olaylarla yox, insana gərək olan dillə – ədəbiyyatın dili ilə müdafiə edir. Bəzən sosial-siyasi şəri çox qabarıq, şişirdilmiş şəkildə təqdim etməsi də ondan irəli gəlir ki, bu əsər “necə olmalıdır” yox, “necə olmamalıdır” sualına cavab üçün yazılıb. Birinci sualın təsdiqi da elə ikinci sualın inkarından keçir.
(Məqalə “Toplum” jurnalının Yaz, 2011 sayında dərc olunub)
Aysel ƏLİZADƏ





Bu yazı ( 721 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar