12px14px16px18px

Ölüm krizi

Aysel ƏLİZADƏ
09:44 / 14.05.2011

Mayın 21-i dünya dağılacaq. Mayyalıların təqviminə görə Marduk adlı planet Yerə çırpılacaq. Bu Marduk hardan çıxdı? Ömrü boyu vur-tut 9 planet tanıyasan. Onların da heç biri fırlanıb-fırlanıb Yerə yaxın düşə bilməyə. Aralarında Marduk deyə biri olmaya. Ancaq bir gün zühur edəcək peyğəmbər kimi 100 illər boyu onun da varlığı haqda əfsanəyə inanasan. Bir gün mütləq Marduk da zühur edəcək. Gözləməkdəyik.
İnternet doludur bu qaz planetinin rəsmləriylə. Şəkillərdə də elə bil ki, planet lap burnumuzun ucundadır. 4D-dir, nədir. Adamı vahimə basır. Xəstəliklər də artır. Reaktorların təsirindənmi hər addımda adamlar qızdırmadan əziyyət çəkir. Hamısına topdan “qrip” adı qoyub yola verdiyimiz qəribə xəstəliklər bürüyüb aləmi. Üstəlik bir də axirət haqqında deyilənlər var. Yoxsa axırımız gerçəkdən çatıb? Əcəlmi bizi girriyir?
Yenə dostumla danışırdıq. Yazılarımı oxuyanlar “dostum” adlı qəhrəmanımı tanıyırlar. Onun necə səmimi, ağıllı olduğunu da bilirlər. Məni Yaponiyadan narahat görüb nə desə yaxşı? Allahın qəzəbi tutub. Susdum. Bəlkə doğrudan Allahın yaponlara qəzəbi tutub? Seysmoloji yerdə atom reaktorları yaratdığı üçün Yaponiyaya cəzamı göndərib Tanrı? Herosima heç kimə dərs olmadı – deyir bəlkə. Hər halda o qədər günahsız insanı qəzəbinin qurbanı eləmək də yaxşı deyil. Odu oğurlayıb insanlara gətirən Prometeyin tərəfini tutdum. “Allahlar elə o vaxtdan insanın qəsdinə durublar” dedim dostuma. Odu oğurlayıb insanlara gətirdiyinə görə Prometeyi ölümə məhkum etdilər. İndi də dünyaya enerji verdiyi üçün Yaponiyanı dağıdır Allah. Dostum dedi ki, bəlkə allahlar bilirdilər ki, atomun zərəri xeyrindən çox olacaq? Həə, bu da ağlabatan fikirdir.
Professor Şahbazov da bir yandan əmin edir ki, “nano əsr” gəlir, narahat olmayın. Bu nano zərrəciklər bizi atomdan xilas edəcək. Atom dövrü bitir. Nano dövrü başlayır. Heç bir canlıya ziyan vurmadan, heç bir təhlükə yaratmadan bütün problemlərimizi həll edəcək nano. Bəs, o zamana qədər sağ qalacağımızı nədən bilək?
Tezliklə öləcəyimi düşündüm. Ölümə hazırlıqlar görməyə başladım. Ağlıma cürbəcür fikirlər gəldi. Fikirləşdim ki, heç vaxt işlətmədiyim bir-iki əşyamı özümlə götürərəm. Sırğalarımı taxaram. Kolyelərimi boynuma asaram. Üzüklərimi də barmaqlarıma geyərəm. Bir-iki bahalı paltarım var, onları da üst-üstə geyərəm. Yaxşı ki, maşınım yoxdur, onu harama geyəcəkdim?! Heyfim gələcəkdi. Maşınım olsaydı, aydın məsələdir ki, onu min əziyyətlə alacaqdım. Varlı əri, bahalı sevgilisi olmayan bir azərbaycanlı yazar qadının maşını hardan?! Yaxşı ki, yoxdur. Ölümqabağı bu əziyyət maşından çox yandıracaqdı məni. Fikirləşdim ki, nə yaxşı çox şeyim yoxdur. Onları nə yapacaqdım? Birdən paralarından piramida düzələn, bir ovuc fındıq qədər evləri, maşınları olanlara ürəyim ağrıdı. Yazıqlar indi nə düşünürlər, nə edəcəklər bəs? Dostumun dediyi söz yenə külək kimi əsdi: Azərbaycanda kişi ailəsini saxlamaq üçün belini sındırmalı olur – yalan danışmalı, vicdanını kəsib atmalı, rüşvətə dərman kimi baxmalı, kiminsə qabağında bel bükməyi namaza çevirməli, gönünü qalınlaşdırmalı, yaltaq kəlmələri şeir kimi əzbərləməli olur. Bütün azərbaycanlı kişilərə acıdım.
Əsl azərbaycanlı kişisi kimi öz ailəmin dərdini çəkirdim. Qızım necə olacaq?! Mən onu nə arzularla gözləmişəm. Yaşamım boyu nə eləmişəmsə, yaradıcılıqdan tutmuş mütaliəyə, əyləncəyə qədər, onunçün eləmişəm ki, bir gün bütün bunlar ona ötürülsün. Hazır ananın qızı olsun. Mən bu dünyada ancaq qızım üçün yazıram. Bircə ona təəssüflənirdim ki, onunçün çoxlu pul yığmamışam. Guya yazdığım şeirlər nə işinə yarıyacaq? Yaza-yaza özümü gecə-gündüz söyürdüm. Ya da özümü gecə-gündüz söyə-söyə yazırdım. Elə sevindim ki, indi buna. Sən demə, adam ölümə başını aparır, maşınını yox. Nə yaxşı. Bu ölüm lap mənim kimi adamların malıdır. Yenə son məqamda uşağa nağıldan, şeirdən oxuyaram. Bunun yerinə pul əzbərləsəydim, nə deyəcəkdim? Dar macalda qızımı da, ruhumu da aldadacaq heç nə tapmayacaqdım.
İndi nə olsun, necə olsun? Qızımla bağlı nə arzular qurmuşam, o hamıdan şanslı, hamıdan sağlam, hamıdan xoşbəxt olacaqdı. Bu nə haqsızlıqdı. Bəs anam? Elə bil başıma yumruq dəydi. Ona da xoşbəxtlik söz vermişdim. Anam üzümü azca gülümsəyən görən kimi gözünü çəkmir. Elə sevinir dəhşətə gəlirəm. Başlayır öz-özünə mahnı oxumağa, sevincini qəribə hərəkətlərində sezirəm. Yerində rəqs edir, tez çay dəmləyir, xalama zəng vurub xoş şeylərdən danışır, üzümdə gülüş görən kimi anam hamıya hər şeyin yaxşı olacağını söz verir. Anam çox inanır ki, hər şey yaxşı olacaq. Bəlkə də olacaqdı, bu ölüm xəbəri yayılmasaydı, bəlkə dünya dağılmasaydı, biz doğrudan da xoşbəxt olacaqdıq. Az qalmışdı, lap az.
Anama ölüm narahatçılığımı dedim. O, sakitləşdirmək üçün ən yaxşı cavabı tapdı. Biz bunu bilməyəcəyik, qəfildən olacaq. Bir az sakitləşdim düzü. Sonra yenə nə edəcəyimi planlaşdırdım. Yerdə tərpəniş hiss edən kimi bayaq saydıqlarımı edərəm, hər şeyi üstümə geyib qızımı qucağıma alaram. Anamın bağrında gizlənərik. Bəs, anam? O kimin bağrında gizlənəcək? Onun anası yoxdur. Bu necə kədərlidir. Bu çox pisdir. Onu belə düşündükcə ağlamağım tutdu. Ölümqabağı yadıma çox şey düşürdü. Çox. Qarşısında diz çöküb, əllərimi cütləyib savunmaq istədim. Ondan o qədər şeyə görə üzr istəməliyəm ki...
Bir gün bağda üçümüz – mən, anam, xalam oturub hər şeydən danışırdıq. Hava qaralırdı. Xalam mənimlə üzbəüz, hovuzun qırağında romantik-romantik oturmuşdu. Anam yeməkdən sonra o yan-bu yana gəzib yediklərinin həzmi ilə uğraşırdı. Anam çox vaxt belə edir. Çoxlu yeyəndən sonra ayaqda qalır ki, arıqlasın. Ancaq heç vaxt arıqlamır. Ay görünən kimi anam ona sarı getdi. Bizim yanımızdan bir az irəli çəkildi. Yəqin ona elə gəlib ki, belə aya daha yaxın olacaq. Dua eləməyə, salavat çevirməyə başladı. Heç vaxt anamın salavat çevirməsini görməmişdim. Təəccüb qaldım. Xalam yerindən ona kömək eləməyə girişdi. Bildiyi duanı aydan gizli pıçıldadı. Sonra özü də salavat çevirdi. Buna lap mat qaldım. Xalam bioloqdur. Əgər Azərbaycanda 3 yaxşı bioloq varsa, biri xalamdır, əminəm. Həkimlərdən çox güvənirəm ona. Haran ağrıyır de, iki simptomla dəqiq diaqnozunu qoysun. Savadı rentgen şüasını əvəz edir. Biz insanın yaranışı, darvinizm- filan barədə tez-tez söhbət edirik. Dedim, bioloqsuz, ancaq aya salavat çevirirsiz. Xalam özünü sındırmadan cavab verdi ki, mən yenə bioloqam, anan, ümumiyyətlə, fizikdir. Yaman güldük. Anam geri gəlib niyə güldüyümüzü soruşdu. Dedim gündüzlər şagirdlərə ayın yerin təbii peyki olduğunu deyirsiz, gecələr çıxıb aya salavat çevirirsiz. Anam pərt oldu, məndən küsdü. Bu konularda adekvat deyil. Bəzən əsaslandırmadan adamdan küsə bilər, bütün analar kimi. İndi fikirləşirəm ki, nahaq belə deyib onu üzdüm. Nə dəxli var. Salavat çevirir çevirsin, imanın elmə nə dəxli. Qoy ikisi də olsun, nəyi pisdir ki? İndi ölümqabağı nə dəxli var, axı, ay peykdir, yoxsa göydən asılmış pir. İstəyirdim anama deyim ki, bağışla...
Ondan sonra anam aya salavat çevirmirdi yanımda. Bilmirəm, bəlkə, ümumiyyətlə, çevirmirdi. Ancaq anladım ki, insanın bir inanc yeri olmalıdır. Güvənməyə nəyisə olmalıdır. Bəlkə mən qızımı qucağıma alıb ona sığınanda, o da aya sığınacaqdı. Və özünü də, bizi də güvəncdə hiss edəcəkdi. Onun yeganə güvənc yerini puç elədim, bəlkə həmin gecə. Bəlkə həmin gecə anamı bu dağılacaq dünyada tək qoydum. Bir insanın inancını puç etmək qədər böyük günah yoxdur. Əgər biz gerçəkdən günahlarımıza görə hesab verməli olacayıqsa, mən anamın ayını əlindən aldığım üçün cəza çəkəcəm. Cəzamdan qorxmurdum. Həyat bizi nələrə öyrəşdirib. Düşünmürəm ki, Tanrı adamlardan çox incidə bilər. Ancaq Tanrının anamın xətrinə dəydiyimi hamının içində söyləyəcəyindən utanırdım.
Ölümqabağı daha çox xətrinə dəydiyim adamları düşünürdüm. Harda kimə haqsızlıq etmişəm. Ağlıma gələnlər olurdu. Tez də özümə haqq qazandırırdım. Sonra da düşündüm ki, bax-bax, öldüyümüz yerdə belə gerçəyə dik baxmaqdan qorxuruq. Hər şeyə don geydirməyə necə alışmışıq.
Yaponiyanın baş naziri Naoto Kanın optimist çıxışlarını dinləyəndə ürəyimə bir az rahatlıq gəldi. Yaponiya kimi ölkə dağılır adam deyir ki, eybi yox, biz təzədən tikib yeni Yaponiya yaradarıq. O boyda ölkə sınmır, biz bir ölüm şayiəsinə ruhdan düşürük. Sonra bir də mayyalıların kalendarına baxdım, baxdım ki, təqvim 2012-ci ilin mayına kimidir. Ürəyim yerinə gəldi. Hələ bir ilimiz varmış. Bir ilə kim bilir nələr ola bilər. O arada da Nasa adamların narahat suallarına cavablar verdi. Bu cavablardan sonra lap rahatlandım. Marduk səmada görünüb sualına Nasa bunlar “fotoşopdur” dedi.
– 2012-də Yer kürəsinə meteor çarpacaq?
– Xeyr, 2012-də heç nə çarpmayacaq.
– 2012 də günəş fırtınaları dünyanın maqnetik alanını dəyişəcəkmi?
– Günəş fırtınaları hər 11 ildən bir olur, indiyə qədər bir canlıya zərəri toxunmayıb – dedi Nasa.
Anlayanda ki, may bu may deyil, üstəlik Nasaya görə qorxulu bir şey də yoxdu, bir ildə görəcəyim işləri götür-qoy etdim. Dünyaya necə xeyir verə bilərəm? İnsanlara sevgim artdı. Hamısına görə üzüldüm. Biz necə iki əllə yapışmışıq həyatımızdan əslində. Bütün çabalarımız insan kimi yaşamaq üçündür. Ölüm krizim keçəndən sonra boşluğa düşdüm. Yenə nəyəsə hazırlaşırdım, indi nə edim? Əbədi depressiyanın işartıları yenidən görünməyə başladı. Yenə ömürlük yalqızlıq cəzasını xatırladım. Bir cümləlik ünvansız məktub yazdım: “Sən heç vaxt bilməyəcəksən ki, mənim urəyimlə yaşamaq nə deməkdir”.
Aysel ƏLİZADƏ
 



Bu yazı ( 642 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar