12px14px16px18px

Mavi gözlü şairim...

Mavi gözlü şairim...
09:35 / 14.05.2011
Gecə yarıdan keçib. Saatlardı yerimdə uzanıb gözümü divardakı 3 bığlı kişinin şəklinə zilləmişəm. Dünyanın ən yaxşı atasının – mənim atamın, ən yaxşı filosofunun – Nitsşenin və dünyanın ən yaxşı şairinin – Nazim Hikmətin... Hərəsi bir yönə baxır şəkillərdə. Bircə sən, Nazim Hikmət, bircə sən hər yerə baxırsan. Elə bil bu şəkli mənə görə çəkdirmisən, elə bil mənə baxmısan çəkdirəndə. Hər dəfə gözümü zilləyib şəklinlə danışanda “mavi gözlü dev” misrası düşür yadıma... Şairim, sənə özümdən danışa bilərəm saatlarla. Bir az elə də uzaqda olmayan uşaqlığımdan, bir az bu günümdən, bir az dostlarımdan, həyat tərzimdən, dinlədiyim musiqidən, şeirlərdən, kitablardan, Volkan Konakdan, nə bilim hamıdan, hər şeydən danışaram. Ancaq mən sənin özündən, şairliyindən, üsyanından, varlığından, həm də yoxluğundan danışmaq istəyirəm sənə. Səni elə yaxşı tanıyıram ki... Doğum təqvimini də əzbərdən bilirəm – 3 iyun 1902-ci il... Mən nə az, nə çox – 90 il gecikmişəm sənə şairim... Nazim əfəndi, “Yaşamaq şakaya gəlməz” deyib ömrünün yarısını şanlı mübarizələrdə, həbslərdə, sürgünlərdə keçirdin. O qədər ciddiyə aldın ki yaşamağı, həbsdə də boşuna keçirmədin ömrünü. Yazdın, oxudun, hətta dərzilik etdin... Ancaq şeirlərində dəmir barmaqlıqların kölgəsini görmədim. Qadınına məktub yazdın soyuq daşlar arasından, çocuqlara gözəl günlər vəd etdin, insanları birlikdə yaşamağa, sevməyə, xoşbəxt olmağa, kədərlənməyə səslədin şeirlərində... Şairim, sən mənimçün əlçatmaz, heç kimin görmədiyi, eşitmədiyi bir obraz idin. Mənə elə gəlirdi ki, təkcə mən yox, hamı sənə gecikmişdi. Ta ki, 80 yaşlı bir babanın köhnə şəkilləri arasında sənin gülən simanı görənə qədər. 1958-ci il. Hə, Nazim əfəndim, ölümündən 5 il əvvəl çəkdirdiyin şəkil... Sən demə, mənim sevimli şairim vətənimdə qonaq olubmuş. Şəklə diqqətlə baxdığımı görüb: “Tanıdın, Nazim Hikmətdi” – soruşmuşdu məndən. Gülümsəmişdim. Nitqim tutulmuşdu sanki. Mənim ideal şair obrazımı, sevdiyim, gecikdiyim Nazim Hikməti canlı görmüş, onunla söhbət etmiş birinə necə heyrətlə, necə paxıllıqla baxdığımı görə biləydin kaş. Onun yerində ola bilməkçün 19 yaşlı özümü 80 yaşlı qocayla dəyişməyə də razı olardım – düşündüm. Dayanmadan suallar yağdırdım ona. Səni soruşdum. Mənə arxaya daranmış bəyaz saçlarından, nurani simandan, mavi gözlərindən, danışığından, səs tembrindən tutmuş, geyiminə qədər, hər şeyi anlatdı. Həmin an, o 80 yaşlı qoca dünyanın ən müqəddəs adamına çevrilmişdi mənimçün... Sən necə möhtəşəm sevirsən, Nazim əfəndim! O qocayla sənin sevgilərindən də danışdıq. Hələ bir zarafatla: “Fikirləri kimi, qadınlarının da sayı sonsuz olub” – deyib güldürmüşdü də məni. Ancaq nədənsə mən səni “Kalbinin altun saçlı bacısı”nı Pirayəni sevən gördüm şeirlərində, məktublarında. “Xoş geldin, kadınım, sen geldin, çayır-çimen açdı odam” – dediyin Pirayəni. Vəd etdiyin gözəl günləri gözləyən cocuklardan biriyəm, şairim... Mənə mübarizəni öyrətdin!... Nərmin HÜSEYNZADƏ


Bu yazı ( 537 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar