12px14px16px18px

Anna Kareninanı cəmiyyət atdı qatarın altına

Aysel ƏLİZADƏ

SEVGİ GÖZÜ BAĞLI UÇURUMLARA GEDƏ BİLMƏKDİR...

14:14 / 07.05.2011
 
AYSEL ƏLİZADƏNİN TƏQDİMATINDA NƏCİBƏ BAĞIRZADƏ
... bütün əxlaqi dəyərlər elə bil ki, qadınlar üçündür.

Tanışlıq...
Mən özümü jurnalist kimi hiss edirəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm və bitirdiyim vaxtdan əvvəl də jurnalistikayla məşğul olmuşam. Ola bilər ki, kiminçünsə maraqsız görünərəm, məni yaxşı jurnalist hesab etməz, ancaq mən, bütün düşüncəmlə, yazılarımla, verilişlərimlə 20 illik ömrümlə jurnalistəm.
Jurnalist...
Mənə elə gəlir ki, daha çox bu, fikir qırıntılarıdır. Çünki bir var tədqiqatçısan, məsələn, füzulişünassan və bütün ömrünü konkret buna həsr edirsən. Amma jurnalist ömrünü hər şeyə həsr edir. Bir az ondan yazırsan, bir az bundan. Sənin hər şeydən və hamıdan xəbərin olur, amma hərdən adam özünü yarımçıq hiss edir. Düzdür, sən nədən yazırsansa, az qala tədqiqatçı qədər öyrənirsən. Jurnalistika həm də tədqiqat sahəsidir. Ancaq böyük mənada məncə, bu, fikir qırıntılarıdır. Mənim içimdə bir təəssüf var ki, niyə tədqiqatçı olmadım. Klassik ədəbiyyatla məşğul olmaq arzum olub.
Ədəbiyyat...
5 yaşından yazıb-oxumağı öyrənmişəm. O gündən bu günə hər gün nəsə oxuyuram. Hər bir əsər insanı bir buğda boyu böyüdür. Hər bir əsər harasa çəkir adamın fikrini. Böyük ədəbiyyatı oxumadan söz demək çətindir. Nə qədər istedadlı olsa da, insan oxuyaraq kamilləşir. Elə özüm yazım, öz yazdığımı da oxuyum, bu necə olar? Tolstoyu oxumayan adam çox şey itirə bilər.
Düşüncə...
İnsan düşüncəsiylə fərqlənir. Düşüncəylə bu daha kamildir, bu daha cahildir.
Məsələn, fizikanı bilmədən kamil insan olmaq olar. Ancaq ədəbiyyat olmasa, insan kamil ola bilməz. Alimləri də kamilləşdirən ədəbiyyatdır. Deyirlər ki, filankəs buz kimidir, ruhu yoxdur. Mənə elə gəlir ki, bu ruhu ədəbiyyat yaradır.
Dünya...
Ədəbiyyat yol göstərir. Ancaq ədəbiyyat heç vaxt dünyanı dəyişməyəcək. Dünya yaranandan kamil və cahil insanlar olub.Tutaq ki, indi burda de ki, qapıdan Aygün Kazımova çıxacaq. Qapı dolacaq adamla. Ancaq desən ki, burdan Füzuli çıxacaq çox az adam yığılar . Bu dünyanın hər yeri belədir.
Nəcibə Bağırzadə...
Bu günə kimi görüşdüyüm adamlar məni böyütdü. Şövkət Ələkbərovanı axırıncı dəfə mən çəkmişəm. Çox maraqlı adamlarla verilişlərim olub. Amma bilmirəm... Elə bil bütün bunlar içimdə qırıq-qırıqdır. Bəlkə bu mənim elə içimlə bağlıdır. Mən içində həmişə payız olan adamam. Qürub çağının adamıyam. Görünür ona görə...
Ona görə...
Ona görə indi fikirləşirəm ki, bütün bunlar düşüncə qırıntılarıdır, tədqiqat qırıntılarıdır. Özü də radioda işləmək, ümumiyyətlə, bir az daha görünməzdir. Yatmadıq, gecə-gündüz yazdıq, verilişlər elədik. Onların əksəriyyəti heç qalmayıb. Bir şey var. Mən əlimi ürəyimə qoyub deyə bilərəm ki, heç vaxt sözə xəyanət etmədim. Bir ovuc... Nə yazmışamsa bir ovuc olub, amma səmimi olub. Nə qədərəmsə o qədər olub. Çünki öz imzama həmişə hörmət eləmişəm. Fikirləşmişəm ki, məni 5 nəfər ağıllı adam dinləyə bilər.
Söz...
Söz o qədər müqəddəs bir şeydir ki, ona xəyanət eləmək olmaz. Allahın insanlara ən böyük lütfüdür söz. Sözlə insanı incitmək də olar, sevindirmək də. Sən bir sözün qüdrətinə bax... Sözlə savaş da yaratmaq olar, barış da. Bir kəlmə “sevirəm” sözüylə insanı göylərə uçurmaq olar. Bir kəlmə “əlvida” sözüylə insanı ağrıtmaq olar. Anna Axmatovanın, yeri gəlmişkən mən onu çox sevirəm o mənim ruhumun şairidir, belə bir fikri var ki, bir qürub çağını sevmirəm, bir də “çıx get” sözünü. Kiminsə sənə get deməsi nə qədər ağrıda bilər...
Sözün cinsi...
Mövlud Süleymanlının “Erməni adındakı hərflər” əsərində belə bir yer var. Gözləyirlər ki, indi ermənilər gələcək. Biri qılıncını çıxardır. O biri deyir ki, nə gözəl qılıncdır. Qayıdır ki, qılınca gözəl deməzlər, elə bil kişiyə gözəl deyirsən. Gözəl sözü artıq qadındır. Nə qədər tarixdə döyüşkən, qurşaq yapışan, qılınc oynadan, at çapan qadınlar olsa da, qılınc kişiyə aiddir. 
Gender...
Məncə, qadınla kişi arasında bərabərlik ola bilməz. Yaranışdan bu məsələ belə qoyulub. Allah əvvəlcə kişini yaradıb, sonra qadını onun qabırğasından yaradıb. Artıq burda bərabərlik pozulub. Heç bir qadına peyğəmbərlik verilmədi. Bu mənada da artıq qadın ikinci plana keçir. Bir şey də var. Allah dünyaya insan gətirməyi qadına həvalə edib.
Kişilər...
Yer üzündə bu qədər savaşlar haqsızlıqlar olur. Bunların hamısını kişilər edir. Yaxşı ki, hakimiyyət onların əlindədir. Yoxsa bütün bu haqsızlıqları biz eləmiş olardıq.
Qadınlar...
Biz elə cəmiyyətdə yaşayırıq ki, müəyyən çərçivələr var. O çərçivələrə sığışmayan adama, xüsusilə də qadına ağ qarğa kimi baxırlar. Qəribəsi odur ki, bütün əxlaqi dəyərlər elə bil ki, qadınlar üçündür.
İnsanlar...
Qurani-Kərimdə yazılıb ki, Allah insanı Yer üzünə sınaq üçün göndərdi. Bu barədə çox düşünürəm. Mənə elə gəlir ki, sadəcə bizi bir oyuncaq kimi yaratdı. Biz Allahın oyuncağıyıq.
Sevgi...
Yenə Anna Axmatovanın poeziyasında belə bir fikir var – sən gəldin qarşıma diz üstə dayanmadın. Sən gəldin məhbəsdən qaçan kimi. Mənim də sevgiyə münasibətim belədir. Gəlib qarşımda diz çökmə, zəncirdən qırılıb qaçan kimi gəl, məhbəsdən qaçan kimi. Sevgi – gözü bağlı uçurumlara gedə bilmək istedadıdır. İnsan deyirsə ki, mən səninlə gedərdim, amma... deməli o sevgi deyil. Sevgi heç vaxt yarımçıq ola bilməz.
Şeir...
Dibsiz boşluqlar görürəm
hər gecə, hər gün
Dibsiz boşluqlar görürəm
Bu gerçək yuxumda.
Daha nə bəndə nəfəsi,
nə də allah var yaxında.
Fəsillər..
Payızın qoxusunu sevirəm. Payızın qoxusu kədərlidir.
Gecə pıçıltıları...
Ümumiyyətlə, mənə elə gəlir ki, insan yaddaşına ötürmək istədiyin hər şey pıçıltıyla deyilər. Hay-küydə düşüncə yoxdur axı. Pıçıltıda düşüncə məqamı var. Hay-küylə insana heç nə çatdırmaq olmaz. Mən hay-küy adamı deyiləm. Səhərlər mən özümü təsdiqləyə bilmirəm. Çox gec yatıram. “Gecə pıçıltıları” proqramımda yalnızlıqdan danışıram, sözdən danışıram. Mənə verilən missiya nəyisə pıçıldamaqdır. Həm də buna şans da verilib. Radioda işləyirəm (Azərbaycan radiosu- “gecə pıçıltıları” şənbə saat 00-10) və milyonlara nəsə pıçıldayıram.
Xoşbəxtlik...
Mənə dedilər ki, xoşbəxtliklə bağlı bir şey yaz. Çox qəribədir ki, o qədər fikirləşdim, fikirləşdim söz tapa bilmədim. Ağlıma heç nə gəlmədi. Və başa düşdüm ki, mənim xoşbəxtlik haqqında heç təsəvvürüm yoxdur.
Bədbəxtlik...
Mən həyatında daha çox ayrılıqlar yaşamış bir insanam. Amma özümü bədbəxt kimi hiss eləmirəm. Allah mənə düşüncə veribsə, söz veribsə, necə bədbəxt insan ola bilərəm? Mənimçün dünya ağ-qara deyil. Elə düşünmürəm ki, xoşbəxt deyilsənsə, mütləq bədbəxtsən.
Azadlıq...
İçimdəki azadlığım qədər deyiləm. Tam azadam desəm qeyri-səmimi olaram. Kifayət qədər azad adamam. Hətta çoxlarının qəbul edə bilməyəcəyi qədər azadam. Ancaq tam yox.
İntellektuallar...
Üzdə olan adamlardan bizim cəmiyyət mükəmməllik gözləyir. Bu mütləq yaxşı ana olmalıdır, yaxşı ailə başçısı olmalıdır, bacı olmalıdır, yaxşı həyat yoldaşı, qonşu olmalıdır. O vaxt Əzizə Cəfərzadəyə belə bir sual verdim. Uşaq idim. İndi bəlkə o sualı verməyi heç vaxt özümə sığışdırmazdım. Dedim ki, siz gözəl anasız, yazıçısız, alimsiz, filan-feşməkan. Bunları necə çatdırırsız? O, ümumiyyətlə milli kaloritli qadın idi. Mənə bilirsiz nə cavab verdi? Qızım, mən əgər yaxşı ana olsaydım, indi uşaqlarımın, evimin yırtıq-yamağını eləyərdim. Burda müsahibə verməzdim. Bizim intellektuallar ciddi görünməyə çalışırlar. Biz hər şeydə bacarıqlı, qüsursuz olmağa çalışırıq. Çünki biz qonşu üçün yaşayırıq. Kimsə deməsin ki, bu nəyisə düz eləmir.
Cəmiyyət...
Anna Kareninanı cəmiyyət atdı qatarın altına. Məsələn, teatra gedirlər. Orda hamının ailəsi də var, gizlində sevgilisi də. Amma başqaları bunu gizli edir. Annasa aşkar ailəsini atıb sevgilisinə getdiyi üçün cəmiyyət onu qınayır. Özləri təpədən-dırnağa kimi çirkab içində olan adamlar kimisə ittiham edirlər.
Məmməd Əmin Rəsulzadə...
Təqdimatda dedim ki, onun tədqiqatçıları var, mən sadəcə bu kitabı yazdım ki, halqa qırılmasın. Kitabda da özüm haqda başqa heç bir məlumat vermədim. Bircə onu yazdım ki, 1992-ci ildə Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirib. Rəsulzadə Azərbaycan üçün çox böyük iş görmüş adamdır. Ən kədərli odur ki, onun zamanı heç vaxt gəlmir. Sağlığında da o qovuldu, sürgünlərdə oldu. Azərbaycan Demokratik Respublikası quruldu, hamı bəraət aldı, hamının qapısına bəraət kağızları gəldi. Amma Rəsulzadə bu gün də sürgündədir. Onun adı çəkilir, amma Rəsulzadəyə layiq şəkildə yox. Azərbaycanda onun zamanı heç vaxt gəlmir. Halbuki onun buna haqqı var. Bu bizim müstəqillik tariximizdir. Biz buna kölgə salmaqla öz tariximizi kiçiltmiş oluruq, öz tariximizi ləkələmiş oluruq. Biz böyük işlər görmüş adamların üstündən sükutla keçməklə tariximizi itiririk. 
Mitinqlər...
Mən mitinqlərin adamı deyiləm. Hay-küylə yox, pıçıltıyla iş görməyin tərəfindəyəm. Hər birimiz öz tariximizlə bağlı nəsə pıçıldasaq, daha çox iş görərik. O yerdə ki, haray-həşir var, orda düşüncə yoxdur. Burda daha çox dağıdıcı psixologiya var. Biz hələ bilmirik ki, dağıtmazdan əvvəl gərək nə quracağının heç olmasa maketini düşünəsən. Əvvəlcə dağıdırıq, sonra düşünürük.
Qızıma etiraflarım...
Məni ilk unudan sən olacaqsan.
Çünki sağlığımda da
əlimin səliqəsi
bişirdiyim yeməklərin dadı
yox idi bu evdə.
Mətbəx...
Mən özümü heç vaxt mətbəxin şahzadəsi hiss etməmişəm. Ora qorxa-qorxa girirəm. Həmişə mənə elə gəlir ki, bir göz var, kənardan baxan var. Mətbəxdə özümü itirirəm. Bilirəm ki, ora mənim yerim deyil . Bu bir qadın üçün bəlkə də ayıb sayıla bilər. Mən birmənalı olaraq hər şey bişirə bilirəm əslində. Bizim qızımla bir anekdotumuz var. Bir dəfə dilə gəldim. Deyirəm ki, niyə axı heç vaxt məndən heç kim bir xörəyin reseptini soruşmur. Axı hamıdan soruşurlar, bunu necə eləmisən, bunu necə bişirmisən. Üstündən bir qədər keçir, qızım məndən soruşur ki, ana, sən bu gün nə bilim nə bişirmişdin e, onu necə bişirmişdin? Həvəslənib izahata başlayıram ki, bilirsən..tez deyir, yox, izah eləmə, demək istəyirəm bir də elə bişirmə.   
Övlad...
Qızım hərdən deyir ki, mən sənin yazılarına nifrət edirəm sən onları məndən çox istəyirsən. Uşaq istəyir ki, anası arzuladığı vaxt yanında olsun. Ona diqqət ayırsın. Dostuq. Mən ona ciddi qadağalar da qoymuram. Onu elə böyütmüşəm ki, özünün içində senzor var. Bilirsiz, nədə qadağalar qoymuşam? Məsələn, balaca vaxtında ona şəhərdən nəsə almışam demişəm ki, qabığını küçəyə atma. Zibil yeşiyi olmayıbsa evə gətirib. Məncə sevgi içində böyüyən uşaqlar xeyirxah olurlar. Onlara heç qadağa qoymaq lazım da deyil.
Ayrılıq...
İnsanlar bir-birinə deməyə söz tapmayanda ayrılırlar. Sözün bitdiyi yerdən ayrılıq başlayır. Yoldaşımla ayrılmışıq. Buna görə peşman deyiləm. Əgər ayrı yaşaya bildiksə,deməli elə ayrılmalıydıq. Qızım buna görə məni qınayır. O uşaqdır, mənim kimi düşünmür axı ki, insanların bir-birinə deməyə sözü qalmayanda ayrılırlar. Maraqlı odur ki, uşaqlar atanı qınamırlar bu məsələdə, yük yenə qadının çiyninə düşür. Ayrılmayan valideynlərin də münasibətləri yaxşı deyilsə, uşaq böyüyüb deyə bilər ki, yaşamayaydın. Hər iki halda övlad ananı qınayır.
İtki...
Ən böyük itkim anam olub. İnsana ana yaşa dolanda daha çox lazımdır. Bütün bayramlarda mənim təbrik eləməyə adamım olmur. 8 mart olur, içimdə bir arzu yaranır ki, kaş anam sağ olaydı, onu təbrik edəydim. Təqvim bayramlarını sevmirəm. Mənə elə gəlir ki, hər bir insanın öz içində bir bayramı olmalıdır.
Gözləmək...
Elə şeylər var ki, onları gözləməyə dəyər. Bir var sən kimisə gözləyirsən. Ömrün sonuna qədər gözləməyə dəyər. Bir də var sən avtobus gözləyirsən. Niyə mən hansısa marşrut sürücüsünü gözləməliyəm?! Axı ömür də heç kimi gözləmir...
Gənclik...
Şekspir deyir ki:
Gözəllik hifz edir öz surətini,
Gözəllik həyatla daim qoşadır.
Solan çiçəklərin təravətini
Qönçə çiçəklərin hüsnü yaşadır.
Gənclikdir bu. Məsələn, gözəl bir qadın solur, əvəzində övladı onu davam edir.
Mən hər bir cavanın istedadını təsdiqləməyə hazıram. Hətta elə yazı ola bilər ki, oxuyub deyərəm ki, bu məndən yaxşı yazır. Gənclik düşüncəsiylə yeni olmalıdır.
Gözəllik...
Günlərin bir günü qapı açıldı və bizim həyətə çox çirkin bir adam girdi. Son dərəcə eybəcər və şikəst, qozbel bir adam girdi.   Təxminən qvazimoda tipində. Sonradan məlum oldu ki, bu babamın qohumlarındandır və qadındır. Şikəst olduğu üçün həmişə şalvarda gəzir. O bizim evə gəlib-getməyə başladı. İndi o mənə mələk kimi nur içində görünür. O qədər işıqlı adam idi, mən elə ikinci bir adam tanımadım. Dünyasını da tez dəyişdi. Mən onu düşünəndə anladım ki, gözəllik tam başqa bir şeydi.
Həyat
Zamanla mən həyatın çox amansız və çox keçici olduğunu anladım. Mən heç kəsə qibtə eləməməyi öyrəndim. Bir anın içində insan hər şeyini itirə bilər. Varla, dövlətlə qürur duyan insanları heç vaxt başa düşmürəm.
Var-dövlət
Əgər indiki düşüncəm qalmaq şərti ilə mənə var-dövlət verilsə, əlbəttə ki, qəbul edərəm. Ancaq seçim qarşısında qalsam düşüncəni seçərəm. Mənim, məsələn, ən yaralı yerim bahalı ətirlərdir. Ətirə pul verəndə əlim əsmir.
Bütün qadınlar kimi gözəl geyinməyi sevirəm. Mağazaların qarşısından keçəndə mütləq boylanıram. Desəm ki, marağım yoxdur yalan olar. Bu zahidlik həddidir. Kifayət qədər bu dünya maraqları ilə yaşayan adamam. Ancaq heç bir brilliant, heç bir sərvət Axmatovanın iki misrasına dəyməz. “Dəyməz” deyirəm və altına da imzamı atıram.
Söhbət...
Hər bir insanın kiminləsə bölüşməyə ehtiyacı var. Səni anlayan birilə söhbət etmək xoşdur. Bu söhbətdə mən səmimi oldum, başqa cür görünməyə çalışmadım. 



Bu yazı ( 733 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar