12px14px16px18px

“Uşaq sakit mühitdə böyüməlidir, dəlixanada yox”

Aysel Əlizadə

“UŞAĞA AD QOŞMAYIN – DOVŞAN, PİŞİK-ZAD DEMƏYİN, ADIYLA ÇAĞIRIN”

00:09 / 23.04.2011
Aysel Əlizadənin müsahibi tərbiyəçi Tünzalə Orucovadır
Övladımız böyüdükcə qarşımıza onunla bağlı çoxlu sual çıxır. Necə edək, nə edək ki, ona düzgün tərbiyə verək. Necə edək ki, uşaqlarımız ağıllı, sağlıqlı, kamil böyüsünlər. Nədən başlamalıyıq, necə davam etməliyik? Hansı üsul daha doğrudur, daha faydalıdır, daha savadlıdır? Uşaqlarımızı necə böyüdək? Bildiyimiz bir məsələ var – hər şey ailədən başlayır. Əslində ailə deyəndə uşağı tərbiyə edən, böyüdən mühitdən, adamlardan, ortamdan söhbət gedir. Uşağın sağlam böyüməsi üçün onun sağlam adamların əlində olması önəmlidir. Nəsimi rayonu 174 saylı körpələr evi – uşaq bağçasının tərbiyəçisi Tünzalə Orucovayla söhbət etdik. 28 ildir uşaqlarla işləyir. Təcrübəsini bölüşdü bizimlə Tünzalə xanım. Bu dəyərli söhbət üçün ona təşəkkür edirik.   
– Tünzalə xanım, 28 ildir bağçadasız. Bu işdən yorulduğunuz vaxt olubmu? Hər halda uşaqlarla asan deyil.
– Heç vaxt uşaqlardan yorulmuram. İlk gündən eksperimental qrupda çalışmışam. Yəhyə Kərimov məni məktəbə qədərki qrupa verdi o vaxt. İşimi sevirəm. Uşaqlarla ünsiyyətdə olmaq böyüklərlə ünsiyyətdə olmaqdan maraqlıdır. Onlar çox səmimidirlər. Əksinə bütün zamanımı uşaqlarla keçirməkdən zövq alıram.
Elə ki, böyük adamların mühitinə düşürəm, narahat olmağa başlayıram, haramsa mütləq ağrıyır. 
 – Bağçalar haqda heç vaxt danışmırıq, yazmırıq. Siz isə öz işinizdəsiz. Cəmiyyət yetişdirirsiz, fəxri fərmanlar alırsız. Demək ölkədə ciddi bağça sistemi var.
– Var. Biz get-gedə dünya bağçaları ilə ayaqlaşacağıq. Bu işi sevən adamlar var. Və diqqət də görürük. Bir fəxri fərman Nəsimi rayonu həmkarlar təşkilatı tərəfindən verilib mənə, 2 fərman nazirlik tərəfindən almışam.    Təhsil idarəsindən Nailə Rzaquliyeva tərəfindən verilib. Gənc nəslin təlim tərbiyəsində göstərdiyim əməyə görə.
– Bağçanın işindən, önəmindən danışaq.
– Bağça 5 yaşınadək uşağı məktəbə hazırlayır. Məktəbə hazırlıq qrupunda uşaq çox şey öyrənir. Hərfləri öyrənir, sait səsləri, samit səsləri, Həftənin günlərini, ilin aylarını, fəsillərini, rəngləri. Yazıdan başqa hər şey öyrədirik. 20-yə qədər rəqəmləri düzünə tərsinə saymağı öyrədirik, bütün çap həriflərini öyrədirik. İstedadlı uşaqları tapıb üzə çıxarırıq. Nitqini inkişaf etdiririk. Müəlliflərin adlarını öyrədirik. Proqrama görə uşaq 32 hərfin hamısını bilməlidir, bu haqda danışmalıdır. Bircə yazı qalır. Ona bizim ixtiyarımız yoxdur, uşağı yükləməmək üçün onu biz öyrətmirik. Məktəb öyrədir.
– Hazırlıq mərhələsi vacibdirmi uşaq üçün? Bəzən valideyn düşünür ki, onsuz da məktəbdə gedib hər şeyi öyrənəcək.
– Bəs nə, çox vacibdir. Uşaq bilməlidir ki, o məktəbə gedəcək. Buna hazırlaşmalıdır. Psixoloji hazırlıq çox vacibdir. Hazırlıq qrupumda 27 uşağım vardı, 12-i çox qabiliyyətli idi. Yazırdılar, oxuyurdular, şeir deyirdilər, hər şeyi yadda saxlayırdılar. Bundan yaxşı nə ola bilər?
– Uşaqları necə cəlb edirsiz bu məşğələlərə, necə öyrədirsiz, hansı metodlarla? İnteraktiv təlim üsulunu bəyənirsiz, yoxsa əvvəl daha yaxşı idi?
– Əvvəl qəbul etmirdim interaktiv üsulu. Çünki bu metodla uşağı tam sərbəst buraxırsan. Biz axı uşağı sərbəst buraxmağa öyrəşməmişik. Sonra gördüm ki, uşağa təzyiq etmədikcə, onun məşğələyə marağı daha çox olur. Uşaqları tam sərbəst buraxırıq. Daha əvvəlki kimi dümdüz otuzdurmaq olmaz. Oturun, əllərinizi cütləyin, tərpənməyin demək olmaz. İnteraktiv üsulla onlar tam azad olurlar. Onsuz da uşaq istəyirsə dinləyir, istəmirsə dinləmir. İnteraktiv üsulla məşğələ keçən müəllim hazırlıqlı olmalıdır. O hər vasitəylə uşaqda məşğələyə maraq oyatmalıdır. Sovetdə uşağı bağçadan öyrədirdilər məcburiyyətə. Məsələn, uşaq şəkil çəkmək istəyir, mən onu idmana necə məcbur edə bilərəm? Bəlkə o gələcəkdə böyük rəssam olacaq? Məcburiyyət onun bütün həyatını dəyişə bilər.
– Deməli, uşağın nəyə meyl etdiyini bilmək olur?
– 100 faiz. Uşağın meyl və marağını nəzərə almaq lazımdır. Fikir verəndə görürsən ki, nəyə marağı var. Bunu yönləndirmək valideynin və bağçanın öhdəsinə düşür.
– Hiperaktiv uşaqlar var ki, bir yerdə bir dəqiqə dayanmırlar. Bu valideynləri narahat edir. Nə etmək lazımdır, necə davranmaq lazımdır belə uşaqlarla?
– Uşağı yormaq lazımdır. Başını qatmaq, məşğul etmək mütləqdir. Çətin uşaqları idmana yazdırmaq yaxşıdır. Enerjilərini dağıtmaq üçün fiziki iş vacibdir. Uşağın enerjisini yönləndirmək valideynin və tərbiyəçinin işidir. Uşaqla vaxt keçirmək vacibdir. Məsələn, həyətyanı sahədə yaşayan ailə uşağı torpaqla, ağacla, əkinlə məşğul edə bilər. Gedək bunu əkək, zibil ataq, bu işi görək. Əməyə öyrədirsən və onu lazımsız işlərdən uzaqlaşdırırsan. Dağıdıb tökməyə də halı qalmır. Kiçik yaşlarından uşağı işə alışdırmaq lazımdır ki, tənbəl böyüməsin. Məktəbə qədər bu işi bağça görməlidir. Ona görə uşağın bağçaya getməsi vacibdir.
– Elə valideynlər var ki, bağçanı dayəylə əvəz edirlər.
– Dayə çox bilikli, intellektual olmasa, uşağa xeyirdən çox zərər verəcək. Ən əsası dayə uşaq psixologiyasını bilməlidir. Boş-boş uşaqla vaxt keçirən dayə lazım deyil. Əksinə, belə dayə uşağı mənasız edir. Heç bir dayə bağçanı əvəz etmir və edə bilməz. Bağça tərbiyə kompleksidir.
– Uşağa neçə yaşından nəsə öyrətmək olar?
– 3 yaşına qədər uşağa dəymək lazım deyil. 3 yaşından sonra nəsə öyrətmək olar. Bu yaşa qədər təbiət özü onu idarə edir. Təbiətin diktəsinə fikir vermək lazımdır sadəcə. O nə istəyir, nə arzulayır, niyə ağlayır? 3 yaşa qədər uşaq oynamaq istəyir. Onunla oynamaq lazımdır. Bizim kiçik qruplarda onlara rəqs, mahnı, oyun öyrədirlər. Hərəkətlər də öyrətmək olar. Apar, gətir, əl et, bu sözü de. İlkin əmək fəaliyyəti kimi. Ancaq bundan artıq şeylərlə uşağı incitmək, yükləmək lazım deyil. Hər şeyin öz vaxtı var.
– Evdəki, ailədəki durum uşaqlardan hiss olunurmu? Məsələn, qaraqabaq uşaqda ailədən gələn səbəb var sizcə?
– Bizə genetik 3 xüsusiyyət keçir: xəstəlik, fiziki oxşarlıq və xarakter. Bunu da 3 nəsil daşıyır. Ondan sonraya keçmir. Qaraqabaq uşaqlara bu genetik də keçir evdəki vəziyyətdən də yaranır. Ancaq bunun həlli var. Kollektivdə olmalıdır. Bir uşağım var, çox istedadlıdır. Ancaq danışmır, dinmir. Bilirəm ki, bu ailədən gəlir. Bir uşağım da var, gəlib deyir ki, dünən atam anamı döyüb. Gizlincə xəbər verir mənə. Ailə heç bilmir ki, uşaq necə əziyyət çəkir bu dava-dalaşdan. Uşaq fikir edirdi, saralıb-solmuşdu. Anasıyla danışdım. Dedim belə olmaz, ən böyük pisliyi övladınıza edirsiz. Aralarında problemlər olan valideynlərin ayrı yaşaması daha yaxşıdır. Uşağı belə gərgin ortamda böyütmək, saxlamaq cinayətdir. Onun keçirdiyi sarsıntını ömrü boyu heç bir həkim müalicə edə bilməz. Uşağa evdəki ağırlığı hiss elətdirmək doğru deyil.
– Deməli, əslində, psixoloji travmanı insan uşaqlıqda alır.
– Mütləq! Elə anadan olandan travma ala bilər insan. Qundağdakı uşağa da diqqətli yanaşmalıyıq. Elə yatdığı yerdə qışqırsan diksinəcək və bu artıq travmadır. Ümumiyyətlə, uşaq sakit mühitdə böyüməlidir, dəlixanada yox. Yoxsa həmişə səksəkədə yaşayacaq.
– Ən doğru tərbiyə üsulu nədir? 
– Xoş ünsiyyət. Dialoq aparmaq. Rabitəli nitq mütləqdir. Xasiyyətinə uyğun, metodikaya uyğun tərbiyə etmək. Yaşını nəzərə alaraq davranmaq. Məsələn, biz indi gəzməyə gedə bilmərik, çünki filan səbəb var. Səbəb göstərməliyik və bunu xoşluqla, izahlı şəkildə söyləməliyik. Mən sənə söz verirəm ki, biz bu işi görəndən sonra gəzməyə gedəcəyik. Sonra da mütləq sözümüzü tutmalıyıq. Uşağı aldatmaq olmaz. Uşağın xasiyyətinə, yaşına uyğun onunla davranmaq lazımdır. Mən ilk gündən qızıma dedim Elnarə, uşağı aldatmaq olmaz. Aldatsan səni yalançı biləcək. Uşaq nə deyir? Mənim atam gəlib belə edər, mənim anam belədir. Onun yerdə allahı valideynidir. Uşağın ata-anaya inamı itsə, o bütün həyata inamını itirə bilər. Təcrübə göstərir ki, elə də olur. Uşağın sənə inamı itirsə, gələcəkdə şəxsiyyət kimi formalaşmağında əngəllər yaranır . Uşaqçün valideyn dağdır, simvoldur.
– Uşaqla xoş davrandıqca, ərköyünləşir. Necə edək ki, uşaq ərköyün olmasın?
– Hər dediyini eləməyək. Ancaq bunu hikkə, hökmlə yox, bir üsulla ona göstərmək lazımdır ki, hər istəyi eləmək olmur. Ancaq yenə deyirəm, yalanla yox. Bir də uşağı lazımsız yerə əzizləmək lazım deyil. Məsələn, görmüşəm ki, nənə uşağa deyir dovşan, sənə, məsələn, don alacam. Uşaq keçib bu yanda öz-özünə mızıldanır ki, onsuz da sən yalançısan. Gör uşaq nənəsi haqda nə fikirdədir. Valideynlərə həmişə deyirəm ki, uşağa ad qoşmayın, dovşan, pişik-zad deməyin, adıyla çağırın. Ona balacalıqdan fərd kimi yanaşın. Dovşan nədir? Belə sözlər də uşağı yersiz ərköyünləşdirir. O heç vaxt şəxs kimi böyümür. Elə dovşan qalır.
 – Çətin tərbiyə olunan uşaqlarla necə davranmaq gərəkdir?
– Tapmaq lazımdır ki, o niyə belə çətinliklə islah olunur. Bu elə-belə baş vermir. Mütləq bir səbəbi var. Mütləq yaxşı uşaq psixoloquna aparmaq lazımdır. Belə uşaqlar mütləq bağçaya verilməlidir. Bağçayla ailə bu işdə əlbir olmalıdır. Fərdi söhbətlər olunmalıdır. Valideyn tərbiyəçiylə bu mövzunu danışmalıdır.
– Bağça belə uşaqları dəyişir?
– Kollektiv dəyişir. Nə qədər çətin də olsa, uşaqla məşğul ola bilən, onun dilini tapan tərbiyəçiylə ünsiyyət dəyişir. Özünün mühiti, dostları olur. Uşağın ümumiyyətlə öz dünyası olmalıdır. Bir müddətdən sonra hətta gəlib təşəkkür edən valideynlər də var. Bağçanın ən böyük təsiri odur ki, o uşağı eqoist böyüməyə qoymur. Bağçada hər şey hamımızındır. Uşaq mənəm-mənəm etmir, cəmiyyətdən baş çıxarmağı öyrənir.
– Bu müddətdə dəyişikliklər çox oldu. Müstəqillik qazandıq. Hər şeyə sıfırdan başladıq. Bağça bu dövrü necə keçirdi?
– Bağçanın problemləri çox idi. Həddindən artıq çox. Vəsaitlər yox idi. Hər şey köhnə, sınıq. Oyuncaqları ordan-burdan xahiş edib alırdıq. Hara gedirdimsə qohum-qonşudan işlətmədiyi oyuncaqları alıb gətirirdim bağçaya. Ancaq iki ilə yaxındır vəziyyət düzəlir, vəsaitlə təmin olunuruq.
– Məsələn.
– Oyuncaqlar, şəkilli nağıllar, disklər, dvd-lər, kitablar bütün məşğələlər üzrə hazır göstərici, paylayıcı vəsaitlər. Bircə təmirə ehtiyacımız var. 40 ilin bağçasıdır. Bu yaxınlarda 40 illiyimizi keçirəcəyik. İstərdik ki, səliqəli, təmirdən çıxmış vəziyyətdə qeyd edək.
– Valideynlərdən istəyiniz nədir?
– İstəyərdim valideynlər də bağçaya doğma olsunlar. Bizə kömək etsinlər, bəzi problemləri həll edək. Həyətimizdə uşaqlar üçün əyləncəli heç nə yoxdur. Sürüşkən, yelləncək, gün əyləcləri, hovuz yoxdur. Həyətyanı sahəmizdə uşaqlar üçün demək olar ki, bir şey qalmayıb. Hamısı xarab olub, qalanlarını da söküb aparıblar. Yaxşı valideynlər olsa, köməkləşib nələrsə edərdik. Oturacaqlarımız da yoxdur.
– Elə olur ki, uşağı dövlət bağçasına qoymaq istəyəndə “hara” problemi yaranır. Yeməyi, mətbəxi, gigiyenası yaxşı durumda olmayan bağçalar var. Üstəlik uşaqlar bağçada tez-tez xəstələnirlər. Bu problemləri necə həll etmək olar sizcə?
– Bağça xəstə uşağın gəlməsinə icazə verməməlidir. Biri qripdirsə, başqalarına da virus keçəcək. Valideyn özü də belə halda uşağı evdə saxlasın. Başından eləmək üçün bağçaya göndərməsin. Başqa adamların balalarını da düşünsün.
– Bəs, mətbəx, gigiyena? Bu işlər necə olacaq?
– Get-gedə yaxşı olacaq. Dediyiniz problemlər var. Sözsüz ki, hamı işinə məsuliyyətlə yanaşmır. Ancaq indi çox tələb edirlər. Yoxlamalar gəlir. Tərbiyəçilərin intellektual səviyyəsi ilə maraqlanırlar. Təhsil idarəsi, nazirlik məşğul olur bu işlərlə. Yaxşı olacağına inanıram. O ki qaldı valideynləri narahat edən məsələyə, onsuz da yaxşı müəllimin adı çıxır. Valideynlər uşaqları gətirməmişdən maraqlanıb öyrənirlər ki, kim yaxşı müəllimdir və çalışırlar uşaqları onun qruppasına qoysunlar.
– Bağça tərbiyəçisinin problemi nədir?
– Heç nə. Yaxşı maaş versinlər, qiymətləndirsinlər, nə problemimiz olacaq ki. İşimizi seviriksə, uşaqları seviriksə, işləyəcəyik. Bircə əmək haqqımız çox azdır. Mən 28 ilin müəllimiyəm, psixoloqam, 120 manat maaş alıram. Ən yüksək maaşı mən alıram.
– Niyə valideynlərə elə gəlir ki, uşağın üstünə qışqırsan, o daha yaxşı anlayacaq?
– Yanlış. Üstünə qışqıranda, qorxudanda uşaq yalançı və ikiüzlü olur. Onun üzünə baxır, bunun üzünə baxır. Bilmir doğru desin, ya yalan danışsın. Danlanacağından, döyüləcəyindən qorxur.
– Peşəkar arzunuz nədir?
– Çox istəyərdim ki, yaxşı, fədakar tərbiyəçiləri, psixoloqları olan gecə bağçaları olsun. Uşaqlar 5 gün bağçada qalsınlar. Şənbə-bazar evlərinə getsinlər. Bu uşağı balacalıqdan sərbəstliyə öyrədir. Həyata öyrədir. Həm də ailənin dəyəri uşaq üçün daha artıq olur. O, valideynləri ilə görüşəcəyi günü səbirsizliklə gözləyir. Biz uşağı özümüzə çox bağlayırıq. Ona görə də o, heç vaxt sərbəst və sağlam qərarlar verə bilmir. Bir də istəyirəm ki, valideyn soruşmasın bu gün mənim uşağım nə yedi. Soruşsun ki, bu gün uşağım nə öyrəndi. Heç kim gəlib məşğələdə oturmur, görsün biz onlara nə öyrədirik, nə edirik?
– Daha çox analar bağçaya gəlir, yoxsa atalar?
– Analar. Atalar da var. Ancaq qadınlar daha çox maraqlanır uşaqla. Əslində hər iki valideyn də uşağın tərbiyəsində eyni cür iştirak etməlidir. Bizim kişilər uşağın bütün tərbiyəsini ananın üstünə atırlar. Bu çox yalnışdır. Ailədə hər iki valideyn də varsa, onun uşaq qarşısında funksiyası eynidir. Əks halda anayla uşaq arasında olan bağlılıq atayla uşaq arasında olmur. Ata uşaq üçün tamamilə başqa, ana başqa mahiyyət daşıyır. Kişilərə elə gəlir ki, uşağı tərbiyə etmək uşaqla məşğul olmaq qadının işidir. Bütün məsuliyyəti qadının üstünə atmaq olmaz.
– Deməli hər şey bundan başlayır.
– Sözsüz. Uşaq hər iki valideynlə də eyni cür ünsiyyətdə olmalıdır. Ata da övladı ilə məşğul olmalıdır ona vaxt ayırmalıdır. Evə bazarlıq eləmək, uşağın əynini-başını almaq, qarnını doydurmaq tərbiyə deyil. 



Bu yazı ( 629 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar