12px14px16px18px

Darıxan adamların şeiri

Aysel ƏLİZADƏ
14:54 / 09.04.2011
Darıxan adamların şeiri 

 
Hamı yatır bu dünyada
Bir biz oyaq qalmışıq, yar
Bir biz yaman darıxırıq
Adamlıqdan dönmüşük, yar.
Darıxırıq, gecə-gündüz
Darıxırıq yorulmadan.
Hamı dümdüz bu dünyada
Biz büküldük darıxmaqdan.
Siz ədanızdan ölürsüz
Biz ölürük darıxmaqdan.
Darıxanlar ad alsaydı,
Biz də ad, ödül alardıq.
Yaxamızda çoxlu medal
“Darıxan xadim” olardıq.
Hamı bomboz , ciddi, qara
Bir biz rəngli dəliyik, yar.
Xəbərin yox bu bahara
Qorxa-qorxa giririk, yar.
Bir biz yaman yalqızlaşdıq
Gah uçuruq, gah qaçırıq,
Hamı yollarda qocalır
Biz sükutda qocalırıq.
Şütüyür səs maşın kimi
Qoşulur səs yad birinə.
Bu səs ömrü yasin kimi
Döndərir yas məclisinə.

Depressiya simfoniyası
                           
Solub güllərin rəngi
Sənin gözlərin kimi...
Artıq yaxşı görmürsən
heç nələri,
heç nəyi.
Baxırsan
dumanlıdır
Hava, həyat, xəyallar   
Hər şeydə bir tüstü var,
Hər şeydə bir “bəsdir” var.
Kimsə gizli bir küncdən
Üfürür bu tüstünü.
Tüstü-tüstü izləyir
olanların qəsdini.
Havada bir duman var.
Baxırsan
Və heç nəyi
aydın görmür gözlərin,
Ağırlaşıb gözlərin,
Gücün çatmır onlara.
Onlar yüklü gəmi tək
Sən də nəhəng dəniz tək
Qüvvət savaşı gedir
Bədənində, başında...
Daha qalxmır qaşın da...
Belə deyildi heç nə.
Apaydındı varlıqlar,
Apaydındı arzular,
Apaydınıydı bunlar.
Burda səndə olanlar
Hamısı şirəliydi,
Hamısı al boyalı
Hamısı dəqiqiydi...
Belə deyildi heç nə.
Gözlərin bu deyildi...
Güzgüdəki bu adam
Nəyə bənzəyir indi?
Heç güzgü özü belə
kifir deyildi axı...
Rəngi güzgü kimiydi
Görünürdü cizgilər.
İndi tüstü-dumanda
nədir güzgüdəkilər?
dalğalanır qabığı
çirkin rənglərə çalır,
bu nə güzgüdür axı –
heç özünə oxşamır.
Görə bilirdin axı
Gül kimi güzgün vardı.
Yanılmış olmayasan,
səninmiydi bu saxsı?!
Yaxşı görürdün axı
Hər halda daha yaxşı...
Güllər də gözəl idi
Daha rəngli, şirəli
Görməli, dərilməli...
Sevilməliydi hər şey.
Narkozmu altındasan,
Hipnozmu içindəsən,
Bəlkə dəli haraysan?!
Nə oldu hansı andan
Soldu bunların rəngi?
Bağçadakı güllərin
Ləkətək hər çələngi.
Yaşadığın olaylar 
qarışır bir-birinə.
əşyalar yoxa çıxır
hər şey çönür tərsinə.
Adamlar ağac olur,
Ağaclar kağız olur.
Kağızlar uçaq kimi
Göy üzündə uçuşur.
Solğun mozayka kimi
İç-içədir nəsnələr.
ən ağrılı əsərlər
belə
yazmır bunları.
Qatışır əşyaların,
qopur öncə bir ağrı.
Gözdən beyninə dolur-
dolanır, hey dolanır,
boğur ağrı ilan tək
boynunu, boğazını,
Hər şey olur yeknəsək,
yekə, böyük bir ağrı.
Gözlərin həm tutuldu,
həm tutulmadı birdən.
Gördüyün bu ağaclar
o ağaclar olmadı.
Gördüyün bu adamlar
o adamlar olmadı.
Elə hey soyuqladın
öskürmədən, əsmədən,
burnun belə axmadı,
heç zökəm də deyilsən.
Ancaq xəstəhal düşdün.
Harda belə üşütdün?
Yorğanına bürünüb
dəhşət yaşadın birdən.
Aman, zaman, görəsən,
niyə dəyişdi hər yer?
Başındakı bu ağrı
Niyə heç bitmək bilmir?!
Niyə görmür gözlərin...
Niyə tutulur dilin?..
Bu nə səs, bu nə sükut?
Qarmaqarışıq həyat
Pəncərədən soxulur
Qapı döymədən girir
Evinə, otağına.
Hardansa uçub gəlir
Mərmi kimi bir qovğa
Ortalığı dağıdır,
Ev eşik olur durğun.
Donub qalır ümidlər,
Gözlərində həyəcan.
Axşamdan sabahacan
Yer sanki lənətlənir.
Masanın üstündəki
Boşqablar çiliklənir.
Küçədəki maşınlar
ordu kimi düzlənir.
Çılçıraq yerə enir,
parçalanır işıqlar,
göydən qaranlıq yağır,
aramsızdı yağışlar.
Hər şey durur, çalışır,
qarışır səs sükuta.
Düzən tamam dəyişir,
ağır olur tamaşa.
Bu baş o başa girir
Bədənlər qoşalaşır
İnsan əjdaha kimi
Qəribə məxluqlaşır.
Bu nə xəyal, nə yuxu,
Bu nə cürət, nə qorxu –
Bir gözün gördükləri.
Gerçək qopdu tufan tək.
Heyrətdən solan üzün
Mənzərədən qırışdı.
Solğunlaşdı bənizin
Hər şey yandı, alışdı.
Soldu güllər, ağaclar
Solğun gözlərin kimi...
Soldu yollar, yamaclar...
Soldu günlərin kimi.

Atama yazdığım yasin

Qəbrinin üstündəyəm, ata,
Qəbrinin üstündəyəm,
Salam, ata,
Xoş gəlmişəm. 
Heç nə dəyişmir, ata
Xoşbəxt olmur bir nəfər
Hamı dərdli, hüzünlü
hamı bizdən beşbetər.
Ümid tapmadı heç kim
Ümidlər harda axı?
Damarlardan qəm axır...
Gözlərdə də cəhənnəm.
Mən də ki, yaman sənsiz...
Mən də ki.. boş ver...
Şərhsiz...
Qəbrinin üstündə bir
göyərçin yuva salıb.
burda yumurta qoyub
göyərçin ana olub.
Sən İzeli görmədin
İzel oldu, sən öldün...
Mən də göyərçin oldum
Sən bilmədin, bilmədin...
Qəbrinin üstündəyəm
Bəlkə qəbrin üstümdə?!
Kim bilir... bəlkə elə
Yüz ildir qəbr üstəyəm.
Kim bilir bəlkə elə
Yüz ildir ki, beləyəm.
Qəbrin qəlbim... səsləşir
ən gözəl sözlər belə
bu cür cütləşə bilmir.
Qosqoca bir adamdın,
bilirdim ki, ağırsan.
Arıqlamısan nədir
bir çiynimdə yatırsan.
Bir əlimlə götürüb
aparıb gətirirəm,
daşıyıram yollarda.
Yarı yolda yorulub
səni yerə qoyuram,
Baxıram uzaqlara.
Uzaqlar sonsuz, soyuq
Sonsuzdur hara baxsan.
Hara gedirik, ata?
Qocalıqdı bu yoxsa?!
Yollarda qocalırıq,
Yüz ildir ki, tənhayıq.
Yüz ildir gələn də yox,
Yüz ildir ki, burdayıq.
Bir evdəyik hamımız,
Bu evdə hamı yalqız.
Bir evdə hamı susqun,
Bir evdə hər şey yorğun.
İçdiyim bu qəhvə də
qayğılı yırğalanır,
yediyim bu çörək də
ağır-ağır doğranır.
Pərdələr dağ-dərə tək
eyni yerdə boy salıb.
Qapılar bağlı açıq
arxivi xatırladır,
Tarix özü usanıb,
Evimiz yurdumuz tək
Bölünür, parçalanır...
Yüz ildir ki, belədir
Burda heç nə qocalmır.
Xoşbəxt olmur bir nəfər
hamı bizdən beşbetər...

Gəl şeiri
                      
Göyləri endirib aşağı
Uçuşunu gözləyən
Səmanı bir az aşağı endirən
bir əl
göylə yer arasında titrəyir.
İstəsən heç döymə qapını
tıqqıldat astaca.
Titrəyən bir əl üzünə açacaq. 
Səni
cəftəylə otaq arasında
əsən bir əl qarşılayacaq.
Xəbər gözləyir havadan.
Nə geri gedə bilir,
Nə önə gedə bilir.
Bax güzgüdə əlinə
Eynən onun kimidir.
Bir əl qoca əli tək
fasiləsiz titrəyir.
Gəncəcik bir əldi,
Qocalıb.
Ayaqlarını işə salıb
tıqqıldat qapını.
Ayaq yalnız
yol ölçmək üçün deyil,
ayaq həm də
gələ bilmək,
qapını tıqqıldatmaq,
Keçmişi unutmamaq üçündür.
Unuda bilməmək üçündür.
Özün dedin axı
Məni başqasına buraxma,
Keçmişimə at.
Qapıya çat və tıqqıldat.
O qapı ,o da sən,
bu da əl.
Gəl.

Səlim Babullaoğluna yazılıb
Siz zəng vurub
allahı xatırladırsız,
redaktor,
siz mənim allahımı hardan
tanıyırsız?
O sizə harda rast gəlib?
Siz qarşılaşdınızmı hardasa?
Yoxsa salam göndərib,
Yoxsa “yerimə üzündən öp”
deyib?!
Redaktor, yerinizə olsam
mən də belə edərdim,
zəng vurub “allah var şair,
gəl tök bu daşı ətəyindən”
deyərdim.
Şairimi təklikdən alardım.
Təkliyi dəyişmək olmur, redaktor,
təkliyə düzəliş vermək olmur,
təklik elə təklikdir,
Təklik dəhşətdir!
Seirlərimin yarısı sizdə,
Yarısı təklikdə qalsın.
Hə, bu arada,
Gözünüz də aydın –
Allah Yaponiyanı dağıtdı.
Gəlin bir anlıq
Ayağa qalxıb bu gözəl
ölkəni anaq.
Dünyanın yerinə biz yanaq,
 biz yanaq.
Təki susmayaq redaktor,
 susmayaq.
Susmaq hələ dinləmək deyil,
Razı olmaq deyil,
Susmaq elə susmaqdır, redaktor,
Susmaq dəhşətdir!
Dəyişə bilsəydim,
əvvəlcə adımı,
sonra inadımı dəyişərdim.
Qonşumuzu dəyişərdim,
məsələn.
Ərini söyür,
uşaqlarını döyür,
hamını allaha tapşırır.
Yalnız bəndənizsə şeirlə danışır.
Günaydın, şeir.
Axşamın xeyir.
Günaydın, şeir.
Günortan xeyir.
Şeirdən ayıbdır axı, redaktor.
Şeirdən utanıram.
Hər şeyi bilir.
Başımızın üstündən çəkilmir.
Gedək redaktor,
buraxaq allahımızı...
qonşularımızı...
özünü ağıllı sayanlarımızı.
Yer üzünün iki dəlisi biz...
Gerisini də siz deyin,
Qınamayın, redaktor,
biz hər şeyi öncədən bilirdik.
Böyüyəcəyimizi və qocalmadan
öləcəyimizi...
Üzü qaradır yolların.
Ən axmaq ayaqları gətirdi
Ən boş adamlara dost oldu.
Arayın
Heç olmazsa
telefonun üzü ağarsın.
Bir cümləlik zəng nədir ki...
Şeir oxuyun.
İsti-isti yazdığınız bir şeir oxuyun.
Qoy olsun bir misra,
bir cümlə olsun,
təki susmayın.
Susmayın, redaktor.
Bir də heç kimi soruşmayın.
Heç bu qədər gecə olmayacaq
bir də gecə.
Heç bu qədər gözləməz ki,
bir də kimsə.
Gündüz belə durmayacaq
günəş daha,
Heç bu sözlər deyilməz ki,
nə zamansa.
Bir cümləlik zəng nədir ki...
Mən də elə danışmaram
susaram ki,
Həqiqətlər sükutumla
Sizin təki doğmalaşsın.
Qoy həqiqət
bu sükutda daldalansın.

Ay

Durub-durub düşünür
Göydəki ay hər gecə.
Üzümə elə baxır
Elə bil ki, mən gicəm.
Gözü qaşı dəyişmir
Ağzı burnu xalı var.
Mənim kimi tək deyil
Yanındadır ulduzlar.
 
İzləyir addım-addım,
Şımxırır ay üzümə.
Elə bil tanıdığım
Günah girir gözümə.
Necə donuq, necə sərt
Baxışları var ayın.
Belə donuq belə sərt
keçir onla hər ayım.
Yaşayırıq üz-üzə,
Nə qış bilir, nə də yay.
Otururuq diz-dizə
Sabahacan mən və ay.

lll

Günün ən unudulmaz vaxtı
ruhuna sarılıb
öpməyə bir adamın varmı?
yalan danışmaqdan utanmamaq
həyatla barışmaqdır.
Yaddaşından heç kim çıxmır,
Rastına heç kim çıxmır,
Çabalardan heç nə çıxmır,
Çıxılmazlıqlardasan.
Vay, sən necə bir ölkədə
yaşayırsan –
adamların sorunlardan ağlı çaşır.
Qayğılardan don da
vurub baxışları,
Özgələşib sevgililər,
qohumlar da uzaqlaşıb.
Qolların özünə sarılıb,
səni aldadır,
günəş doğan vaxtdı artıq
qalx, gərnəş bir yatağında.
Gözlərini ovuşdurub bax sağına,
bax soluna,
Nə görürsən, dost?
Bir əzgin, həvəssiz, bir süst
Bir fağır da tapılmır
Yuxudan oyanıb
deyəsən:
“günün aydın”.
Aysel ƏLİZADƏ



Bu yazı ( 849 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar