12px14px16px18px

Nəsildən nəsilə – Nəsrdən nəsrə...

İlqar FƏHMİ

2005–2010-cu İLLƏR AZƏRBAYCAN NƏSRİNİN PANORAM MƏNZƏRƏSİ

00:06 / 02.04.2011
 
Qeyd: – Janr bölgüləri şərtidi, heç kim məni yanıldığıma inandıra bilməz, eyni zamanda mən heç kimə yüz faiz haqlı olduğumu sübut edə bilmərəm.

Qloballaşma və...

Yeni minilliyin başlanmasından artıq on il keçsə də, ədəbiyyatımızda iyirmi birinci əsr ab-havasının hiss olunması məhz 2005-ci ildən sonra başladı. Bu, ilk növbədə ölkənin sürətlə internetləşməsi, virtual məkanın cəmiyyətimizin bütün təbəqələrin əhatə etməsinin nəticəsiydi. Qlobal hörümçək toru Azərbaycan ziyalısına heç bir senzuranın filtrindən keçmədən birbaşa dünya mədəniyyəti və əbədiyyatıyla tanış olmaq imkan verdi. Düzdü, bu proses hələ yeni minilliyin ilk illərindən başlanmışdı, lakin məhz son 4-5 ildə əyalətlərdən tutmuş paytaxta qədər ölkənin bütün təbəqələrini əhatə edə bildi. Bununla da əvvəlkilərdən köklü şəkildə fərqli ədəbiyyatın yaranmasına doğru böyük bir addım atılmış oldu. Lakin bu fərqli ədəbiyyatın əvvəlkindən üstün, yaxud əskik olacağını indidən demək çətindir. Bunu zaman göstərəcək.
Bu dövrdə yaranan irili-xırdalı nəsr nümunələrini təqribi olaraq bir neçə istiqamətdə araşdırmaq mümkündür. Yuxarıda haqqında danışdığımız dəyişikliklərin başlanmasına baxmayaraq, hələ də bizim nəsrimizdə realizm hakim mövqedə duraraq qalır. Postmodern, modern, sürreal, absurd və sair bu kimi cərəyanlara mənsub qələm sahibləri hələ də kəmiyyət baxımından azlıq təşkil edir ki, bunun da obyektiv səbəbləri var. Avropada bu düşüncə sistemlərinin yaranması və ədəbiyyata da sirayət etməsi iyirminci əsrdə Qərbdə gedən ictimai-siyasi təbəddülatlarla, qısa zaman kəsiyində iki dağıdıcı dünya müharibəsiylə, milyonlarla insanın ruhən və cismən şikəst olmasıyla və sair bu kimi proseslərlə bağlı idi. Lakin Azərbaycan həmin dövrdə bütün bu proseslərdən müəyyən mənada kənarda qalmışdı. Dünyanı bizim ziyalıların nəzərində absurd, sürreal həddə çatdıran ictimai-sosial hadisələr baş verməmişdi.
Amma bu, o demək deyil ki, bizdə sadəcə səthi, birtərəfli realizm hökm sürüb. Yox, bizim ədəbiyyatda psixoloji realizmdən tutmuş magik realizmə qədər bu janrın demək olar ki bütün istiqamətlərində dəyərli əsərlər yaradılıb.
Bu məruzə məhz son beş ilin nəsrinə həsr olunduğuna görə bu dövrdə yaranan realist əsərləri nəzərdən keçirəndə görürük ki, nisbətən yaşlı nəslə mənsub olan realist nasirlərimiz daha çox ənənə mühafizəçisi kimi çıxış edərək, realizmin bütün kanonlarını cidd-cəhdlə qoruyub saxlamağa və gələcək nəslimizə çatdırmağa çalışır, orta nəsil realist yazıçılarımız isə realizmin müxtəlif istiqamətlərində qələmlərini sınayır, istər mövzu, istər süjet, istərsə də stilistika baxımından çoxsaylı eksperimentlər yoluyla realizmin yeni çalarlarını kəşf etməyə çalışırlar.
Mövzu baxımından da müasir psixoloji nəsrdən tutmuş tarixi tematikaya qədər müxtəlif mövzuları əhatə edən dəyərli əsərlər yaradılıb. Əvvəlki illərlə müqayisə edəndə görürük ki vətənpərvərlik mövzusu, Qarabağ faciəsi və bu faciənin konkret insan talelərində, xarakterlərində əksi yenə də nəsrimizdə əhəmiyyətli yer tutur. Lakin bu mövzu daha çox orta və yaşlı nəslin əsərlərində özünü qabarıq göstərir. Gənc nəslin yaradıcılığında isə əsasən sosiumdakı mənəvi-ruhani boşluq, qloballaşma şəraitində və istehlak cəmiyyətində insan həyatının, ələlxüsus da düşünən bir insan həyatının mənasızlığı, çıxılmazlıq hissi daha çox özünü büruzə verir. 
Ümumilikdə haqqında danışacağım əsərlərin nə qədər uğurlu, yaxud uğursuz olduğunu, hansı bədii keyfiyyət dərəcəsinə malik olduğunu müəyyənləşdirmək tənqidçilərin, ən əsas da zamanın işidi. Mənsə yalnız ümumi mənzərəni canlandırmağa çalışacağam.
Adlar, əsərlər
Bəs son beş ildə Azərbaycan oxucusu ədəbi mətbuatda realist nasirlərimizin hansı əsərləriylə tanış olmaq imkanı əldə edib?
– İyirmi il əvvəl “İdeal” romanında ortaya qoyduğu kosmoqonik-mistik fərdi dünyagörüşünü yenə də müxtəlif formalarda davam etdirən İsa Muğannanın son dövrlərdə dərc olunan “Cəhənnəm”, “Qəbiristan” , “Gür-ün” povestləri və hekayələri;
İndiki nəsil üçün uzaq görünsə də, altmışıncı illərdə bizim ziyalılarımıza çox doğma olan, xalqımızın şüurunda türklüyün, türkçülüyün bir simvolu kimi qalan Nazim Hikmətlə bağlı xatirələrini və onun ümumilikdə bu böyük şairin, bu mübariz şəxsiyyətin xarakteri barədə düşüncələrini ümumiləşdirib çox maraqlı bir bioqrafik xatirə romanı yaradan Anarın “Kərəm kimi” kitabı;
İstər əbədi və əzəli eşq mövzusuna, istərsə də iki dünya arasındakı zərif sərhəddə baş verən mistik hadisələrə müdrik, dünyagörmüş bir ağsaqqal münasibətini işıqlandıran Fikrət Qocanın “Süzen Dark və ya məhəbbət piri”, “Dayanacaqda görüş” povestləri;
Vətənpərvərlik, Qarabağ tematikasına özünəməxsus yazıçı baxışını əks elətdirən “Bayraqdar”, “Qarabağ şikəstəsi” və sair kimi dəyərli nəsr əsərlərindən sonra, daha çox dramaturji fəaliyyətlə məşğul olsa da, mətbuatda dərc etdirdiyi ədəbi tənqidi yazılarla ədəbiyyatımızdakı açıq və gizli proseslərin dəqiq analizini verən Elçinin çoxqatlı simvolik fəlsəfə üzərində qurduğu “Canavarlar” hekayəsi və “Nağıllar” silsilə hekayələri;
Müasir oxucuları otuz-qırx il əvvələ aparan, hələ həmin nisbi sakitlik dövrlərində ermənilərin məkrli, mənfur xarakterlərini, azərbaycanlılara qarşı onların içindəki nifrəti, kin-küdurəti bütün dərinliyi ilə açıb göstərən Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanı;
Müasir dünyanın qlobal ictimai siyasi məsələləsinə öz fərdi yazıçı münasibətini qeyri-adi təbiət obrazlarının, özünəməxsus bədii simvolikanın süzgəcindən keçirərək oxucuya çatdıran və realizmlə simvolikanın gözəl bir sintezini yaradan Seyran Səxavətin “Yəhudi əlifbası” romanı və “Qaçaqaç”, “Rəmiş”, “Cəhənnəm”, “Persona non qrata” əsərləri;  
Qarabağ savaşını şərti olaraq bir şəhər çərçivəsində çox canlı şəkildə təsvir edən, müharibə dövründə baş verən daxili çəkişmələri, gizli siyasi oyunları, müxtəlif xarakterli insanlar arasındakı gərgin psixoloji qarşıdurmaları bütün çılpaqlığıyla müasir oxucuya çatdıran Aqil Abbasın “Dolu” romanı;
Erməni məkrinin yaxın tarixini, İrəvan bölgəsində yaşayan ziyalılarımızın çətin şəraitdə olsa da, ermənilərlə ideoloji mübarizəsini işıqlandıran, bu mübarizə şəraitində bir xalqın və konkret insanların xarakterlərini ustalıqla açıb göstərən Azər Abdullanın “Sarı Tağ” povesti və hekayələri;
Vaxtilə Azərbaycanda milli təfəkkür tərzinin bərqərar olması yolunda böyük xidmətləri olmuş, xalqımızın tarixi köklərini cəmiyyətimiz üçün açan ziyalılarımızın ən öncüllərindən olan Sabir Rüstəmxanlının uzaq tariximizə diqqət yönəldən tarixi-mifoloji “Göy tanrı”, Cavad xandan bəhs edən tarixi-publisistik “Ölüm zirvəsi” və ötən əsrin əvvəllərində milli şüurumuzun oyanış prosesini işıqlandırdığı “Difai fədailəri” sənədli-tarixi romanları;
İnsanlar arasında yaş fərqini itirən saf məhəbbətin dərinliklərinə enən Vidadi Babanlının romantik “Qəribə məhəbbət” romanı və öz həyatının maraqlı məqamlarını əks elətdirdiyi “Gizlinlər” avtobioqrafik romanı;
Müstəqillik dönəmində xalqımızın rastlaşdığı ağır həyati problemlərə fəal müdaxiləsi və mövzu aktuallığı ilə seçilən, Qarabağ savaşı şəraitində xalqın döyüş ruhunu, vətənpərvərliyini yüksəltməyə çağıran, qloballaşma dövründə milli mənəvi dəyərlərimizin aşınmasına cəmiyyətin diqqətini yönəldən Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, “Qırxıncı otaq”, “Yanan qar”, “Cəza” və sair realist romanları;
Uzun müddət siyasi fəaliyyətlə məşğul olsa da, son bir neçə ildə ciddi şəkildə ədəbi yaradıcılığa başlayan və nəsrin ən çətin sahəsi olan tarixi romançılığa üz tutaraq Azərbaycanın çox əhəmiyyətli tarixi şəxsiyyətlərini müasir oxuculara daha geniş tanıtdırmağa çalışan Yunus Oğuzun “Nadir şah”, “Təhmasib şah” tarixi romanları;
Ədəbi mühitdə əvvəllər daha çox ironik hekayələri, modernist absurd pyesləriylə tanınsa da, son beş-altı ildə həm müasir, həm tarixi mövzularda irihəcmli romanlar yazan və realizmi mistikayla, düşüncə axınıyla, naturalizmlə, siyasi publisistika ilə sintez edən, dünyada uzun illər əvvəl yaranmış sintetik nəsr üslubunu bizim ədəbiyyata da gətirən Elçin Hüseynbəylinin “Yovşan qağayılar”, “Don Juan”, “Metro vadisi”, “Şah Abbas”, “Yolayrıcında qaçış” romanları və hekayələri;
Publisistik düşüncələri estetik formada bədii nəsrlə uzlaşdıran və bu günümüzün bir çox aktual məsələlərini, cəmiyyəti narahat edən problemləri məhz bu orijinal üslubda geniş oxucu kütlələrinə çatdıran Rəşad Məcidin “10 sentyabr”, “Əlvida və salam” kitablarında toplanan hekayə və bədii-publisistik esseləri;
Milli poeziyamızda çox istedadlı şair kimi tanınsa da, son illərdə nəsr sahəsində də qələmini sınayan və nəsrdə, essesistikada da maksimum poetikliyi, şeiriyyəti saxlamaqla başqa qələm sahiblərimizdən seçilən Qulu Ağsəsin “Nabran novellası” kitabında toplanan hekayə və esseləri;
Yazıçı təxəyyülündə çox güclü şəkildə yer tutmuş yaddaş faktorundan maksimum istifadə etməklə uzun illər əvvəl baş vermiş real hadisələri müxtəlif maraqlı bədii formalarda oxucuya çatdıran Kamil Əfsəroğlunun roman, povest və hekayələri;
Maraqlı süjetlər quraraq qəhrəmanlarını qeyri- adi, bir çox hallarda komik situasiyalara salan və bu situasiyalar vasitəsilə onların xarakterlərini özünəməxsus şəkildə açan İmir Məmmədlinin povest və hekayələri;
Tanınmış şair olsa da, son vaxtlar mətbuatda nəsr əsərləriylə də çıxış edən, müasir cəmiyyətimizdəki müxtəlif ictimai problemləri və psixoloji əhval-ruhiyyəni özünəməxsus ironik-realist çalarlarla təsvir edən, eyni zamanda ədəbi mühitimizdəki bir çox qələm sahiblərinin maraqlı bir üslubda bədii portretlərini yaradan Əjdər Olun “Ölümlə zarafat” kitabındakı hekayələri; 
 Son onilliklərdə xalqımızın başına gətirilən faciələri, Qarabağ savaşının bir çox qaranlıq məqamlarını, bu müharibənin konkret insan talelərində, xarakterlərdə əks olunmasını bəzən realist, bəzən sürrealist üslubda ədəbiyyata gətirən, ümumiyyətlə, xalqın mənəvi sarsıntılarını, erməni təcavüzünün ağrı-acısını bütün varlığıyla, ruhuyla hiss eləyib, həm də oxucuya hiss elətdirməyə nail olan Mahirə Abdullanın “Əvvəl-Axır”, “Ürəkkeçmə” romanları, “Qarabağsız namələr” silsiləsi;
Baş qəhrəmanının yaddaş faktorundan istifadə edərək, keçmişə ekskurs edən, bu bədii priyomla Qarabağ savaşının yaxın tarixini, altqatda qalan həqiqətlərini oxucuya çatdıran Əlabbasın “Qaraqovaq çölləri” romanı;
İnsan münasibətlərini sırf qadın kontekstindən işıqlandıran, milli qadın xarakterimizi nəsrdə müxtəlif bədii vasitələrlə qabarıq şəkildə canlandıran Firuzə Məmmədlinin nəsr əsərləri;
Daha çox fərdi-psixoloji problemlər içində boğulan, ağır mənəvi durumda olan obrazları işləməyə üstünlük verən, belə situasiyalara düşən insanların daxili aləminin dərinliklərinə enməyə çalışan Nəriman Əbdürrəhmanlının “Yalqız”, “Yelçəkən” və sair psixoloji nəsr əsərləri, “Könül elçisi” tarixi romanı;
Hətta yuxularda belə Qarabağ itkisiylə barışa bilməyən, bu itkinin ağrı-acısını yaşayan insanların indiki ovqatını, fikir və düşüncələrini, daxilindəki iztirabları böyük yanğıyla təsvir edən Mustafa Çəmənlinin “Ruhların üsyanı” povesti və “Fred Asif” sənədli romanı;
Artıq uzun illər əvvəl başqa qələm sahiblərimizdən seçilən çoxqatlı fərdi yazı üslubunu tapmış, realizm çərçivəsində sərt ironikliyi, acı gülüşü ilə həm ictimai, həm də psixoloji problemləri bütün çılpaqlığı ilə işıqlandıran Rafiq Tağının hekayələr toplusu;
Dövrümüzçün aktual mövzuları oxucuya təqdim edərkən milli nəsrimizin rəngarəng dil qatlarını, bədii təsvir və poetik ifadə vasitələrini müasir kinovari kəskin süjetlərlə çox maraqlı şəkildə uzlaşdıra bilən Aslan Quliyevin povest və hekayələri;
Milli təfəkkürdən gələn magik realizm üslubunda yazan, müasir mənəvi problemlərin həllini çoxəsrlik milli dəyərlərimizin qorunmasında görən Natavan Dəmirçioğlunun “Yetim”, “Səbət” povestləri... və sair əsərləri nümunə gətirmək olar.
Son bir neçə ildə daha çox ictimai fəaliyyətlə, dramaturji yaradıcılıqla, ədəbi tərcüməylə məşğul olduqlarına görə, əfsuslar olun ki, Əkrəm Əylisli, Maqsud İbrahimbəyov, Afaq Məsud, Məmməd Oruc kimi nüfuzlu nasirlərimizin mətbuatda dərc olunmuş nəsr əsərlərinə rast gəlmədim, lakin əminəm ki, yaxın müddətdə onlar da oxucularımızı yeni, dəyərli nəsr əsərləriylə sevindirəcəklər
Realizm çərçivəsində olsa da, mövzu baxımından spesefikliyinə görə bir çox hallarda ayrıca istiqamət kimi təqdim olunan kriminal janrda da son illərdə maraqlı nəsr nümunələri çap olunub.
Bu baxımdan kriminal hadisələrlə üzləşən, həbsxana həyatı yaşayan qəhrəmanların daxili psixoloji vəziyyətini, eyni zamanda insanları bu yola gətirən ictimai-sosial ədalətsizliyin görünməyən qatlarını, insanı cinayətə gətirən səbəbləri açıb göstərməyə çalışan Əyyub Qiyasın, Oqtay Əhmədovun, Faiq Balabəylinin, Vahid Məmmədlinin və sair müəlliflərin nəsr əsərlərini nümunə gətirmək olar.
Son illər ədəbi mətbuatda daha çox realist hekayə və esselərlə çıxış edən maraqlı nasirlərimiz də var ki, onların yaradıcılığı da öz dinamikliyi, çevikliyi ilə seçilir. Kiçik həcmli olduğuna görə gündəlik mətbuatda və internet səhifələrində yayımlanması rahat olan bu janrda son illər müxtəlif aktual mövzularda və üslublarda yüzlərlə nəsr nümunəsi oxuculara təqdim olunub. Bu sahədə daha ardıcıl və məhsuldar fəaliyyət göstərən qələm sahiblərindən isə Kamran Nəzirlini, Eyvaz Zeynalovu, Əkbər Qoşalını, Zakir Sadatlını, Bilal Alarlını, Meyxoş Abdullanı, Kənan Hacını, Oqtay Hacımusalını, Eyvaz Əlləzoğlunu, Nurəddin Ədiloğlu, Aydın Tağıyevi qeyd etmək olar.
Satira-yumor sahəsində də Xeyrəddin Qocanın, Əli Səmədlinin, Atababa İsmayıloğlunun yazıları mətbuatda daha çox yer alır.
Eyni zamanda son illər ədəbi mühitimizdə qadın nəsrinin də uğurlu nümunələri yaradılmışdır. Qadın nasirlərimizin ən fərqli keyfiyyəti isə ədəbiyyata məhz azərbaycan qadını obrazını gətirməyə çalışmaqlarıdır. Müasir cəmiyyətimizdə Azərbaycanlı qadınının qarşılaşdığı problemlər, kütləvi qərbləşmənin qadın psixologiyasında yaratdığı təbəddülatlar, ailədaxili problemlər, qadın kişi münasibətləri, gender siyasəti və sair mövzular son illər qadın nasirlərimizin əsərlərində daha çox rast gəlinir. Daha məhsuldar fəaliyyət göstərən qadın yazarlarımızdan isə Almaz xanımı, Günel Anarqızını, Sara Nəzirovanı, Hicran Hüseynovanı, Aləmzar Sadiqqızını, Gülxani Pənahı, Şiringül Musayevanı, Narıngülü, Lətifə Nuranı, Xumar Ələkbərlini misal göstərmək olar.
Neqativ Pozitiv
İndi isə müasir realist nəsrimizdəki bəzi məqamlara toxunmaq istərdim. Bu üslubda yazanların bədii məziyyətlərindən əlavə, məncə, ən üstün cəhəti – bəzi istisnaları çıxmaq şərtiylə – heç bir xarici ədəbi cərəyanın təsiri altına düşməməsi, heç kimi təqlid etməməsi, iyirminci əsr Azərbaycan nəsr ənənələrini yeni minillikdə də davam etdirməsi, zamanla ayaqlaşaraq ölkədəki müxtəlif ictimai-siyasi hadisələri, sosial problemləri geniş oxucu kütləsinin rahat başa düşə biləcəyi bir formada ortaya qoymasıdır. Məncə, bu, düzgün yoldur, çünki hətta bütün dünya mədəniyyətinə bayraqdar seçilən Avropada da, son yüz ildə müxtəlif ədəbi cərəyanların yaranmasına baxmayaraq, məhz iyirmi birinci əsrdə yenə də realizmə qayıdış müşahidə olunur. Oxşar proseslər Amerika və Rusiya ədəbiyyatında da baş verir. İyirminci əsrdə yenilikçi, avanqard, müasir sayılan ədəbi cərəyanların, yazı üslublarının bir çoxu artıq uğursuz eksperimentlər kimi kənara atılır. Deməli, əslində, bu cərəyanların bizim ədəbiyyatda geniş yayılmamasını, heç də bizim geri qalmağımız kimi dəyərləndirmək olmaz. Belə demək olarsa, dünya ədəbiyyatı böyük eksperimentlərdən sonra yenə də realizmə qayıdır, biz isə geniş anlamda heç realizmdən çıxmamışdıq.
Amma, bu, o demək deyil ki bizim indiki realist ədəbiyyatımız çox ideal vəziyyətdədir. Belə düşünsək, özümüz özümüzü aldatmış olarıq. 
Bəli, Avropa yenidən realizmə qayıdır, lakin indiki realist əsərlər müasir dövrün tələblərinə uyğun olan müxtəlif nəsr texnologiyalarıyla, insanı televizordan, internetdən ayıra biləcək intriqalı süjetlərlə, mətni oxucuya asanlıqla “yedizdirən” maraqlı yazı maneralarıyla zənginləşib.
Lakin bizdə realist üslubda yazanların çoxunun məncə ən çatışmayan cəhəti, bir çox hallarda, əllinci, altmışıncı illər nəsrimizin süjet modelini, yazı manerasını təqlid etməsidir. Düzdür, mövzular zamanla ayaqlaşır, qəhrəmanlar müasir insanlardır, təsvir olunan hadisələr də bu günümüzün aktual hadisələridir. Lakin istər süjet quruluşu, istər obrazların seçilməsi, istər xarakterlərin açılması üsulları, istərsə də bədii ifadə və təsvir vasitələri bir çox hallarda əvvəlki nəsr ənənələrimizin sadəcə təkrarıdır.
Əminəm ki, qısa zamandan sonra bu çatışmazlıq da aradan qalxacaq. Realist nasirlərimiz ortaya yeni dəyərli əsərlər qoyacaqlar.
Modernizm
Müasir Azərbaycan ədəbiyyatında modernizm, simvolizm, absurd, sürrealizm, düşüncə axını, fantasmaqoriya ənənələrini qoruyub saxlayan azsaylı müəlliflərin demək olar ki hamısı yaradıcılığa səksəninci illərin sonunda gələn qələm sahibləridir. 
Düzdü, səksəninci illərin sonuna qədər də azərbaycan ədəbiyyatında modernizmin çalarları özünü büruzə verirdi, lakin yanılmıramsa, Afaq Məsudu çıxmaq şərtiylə bu cərəyan daha çox poeziyamızda özünü göstərirdi. Səksəninci illərin sonundan etibarən isə nəsrimizdə də modernist axın müşahidə olunmağa başladı ki bu da ölkədə baş verən gərgin ictimai-siyasi hadisələrlə bağlı idi. Məhz belə hadisələr yazıçı təfəkküründə dünyanın dərkini absurd, sürreal, fantasmaqorik bir həddə gətirir. Lakin bizdə bu kəşməkəşli dövr qısa sürdüyünə görə adıçəkilən düşüncə sistemləri də geniş yayılmadı.
Bu dövrdə yaradıcılığa qədəm qoyan ədəbi nəslin bir çox nümayəndələri sonradan realizmə keçsələr də, Orxan Fikrətoğlu, Fəxri Uğurlu, Məqsəd Nur, Sadıq Elcanlı, Mübariz Cəfərli və bir neçə başqa yazıçılarımız tam mənada olmasa da, əsasən modernizm ənənələrinə sadiq olduqlarını son illər dərc olunan əsərləriylə bir daha nümayiş etdirdilər.
Bu baxımdan –
Müasir nəsrimizdə daha çevik forma və daha maraqlı dil texnikası tapan, müxtəlif üslubları öz nəsrində uğurla sintez edən, müasir cəmiyyətimizdəki problemlərə fərqli baxış bucağı nümayiş etdirən Məqsəd Nurun “Tərs kimi” kitabında toplanan hekayələrini və daha sonra mətbuatda dərc etdirdiyi yeni nəsr əsərlərini;
Yüzillik tarixçəsi olan milli satira məktəbimizin ənənələrini müasir modernist təfəkkür tərzinin süzgəcindən keçirən, özünəməxsus söz oyunu üzərində qurduğu poetik dil və milli şüurumuzdan gələn fərqli metaforalar sistemi vasitəsilə bu günümüzün problemlərini əks elətdirən Orxan Fikrətoğlunun bir neçə il əvvəl çapdan çıxmış “Vaxt” kitabında toplanan povest və hekayələrini;
Son dövrdə çap olunan hekayələrində müasir Avropa modernist yazı tərzi ilə şərq ürfan-sufi fəlsəfəsini özünəməxsus yolla uzlaşdırıb fərqli nəsr nümunələri yaradan, qədim mistik təfəkkürümüzün alt qatlarında olan məqamları müasir bədii dillə oxucuya çatdıran Fəxri Uğurlunun son dövrlərdə çap olunan hekayələrini;
Zülmətlə işıq, reallıqla irreallıq arasında sərhədi silərək, insan xarakterindəki ikiləşməni və bunun nəticəsində yaranan psixoloji gərginliyi, insan ruhundakı ziddiyyətlərdən doğan daxili mübarizəni sürrealist və mistik bir formada oxucuya çatdıran Sadıq Elcanlının “Zülmət” romanını;
Psixoloji realizmi modernizmlə, düşüncə axınıyla, bəzən də sürrealizmlə sintez edən, bəzən də kriminal hadisələr fonunda öz qəhrəmanlarının daxili dünyasını açmağa çalışan Mübariz Cəfərlinin son illərdə çıxan “Bərpaçı”, “Şahid qatar”, “Uydurma”, “Bənna” povestlərini;
...nümunə gətirmək olar. 
Özgə dildə öz sözümüz
Azərbaycan xalqı öz mədəni irsini, ədəbi təfəkkürünü nəinki öz dilində, hətta başqa dillərdə də çatdırmaq bacarığını əsrlər boyu sübut etmişdir. Yüzilliklər əvvəl ərəb dilində, sonradan fars dilində və nəhayət rus dilində yazıb yaratmaqla böyük şöhrət qazanan şair və yazıçılarımız əlbəttə ki bizim ədəbiyyatın böyüklüyünü göstərir. Bu ənənə iyirmi birinci əsrdə də davam etməkdədir. Çingiz Hüseynov, Çingiz Abdullayev, Natiq Rəsulzadə, Samid Ağayev, gənc nəsildən Nərgiz Bağırzadə, Yana Kandeva, Aleksandr Xakimov kimi nasirlər azərbaycan milli təfəkkürünü, Şərq düşüncə tərzini rus dilində də çox gözəl şəkildə əks etdib və rusdilli arealda geniş oxucu kütlələrinə yüksək səviyyədə təqdim edə biliblər.
Rusdilli müəlliflərimizdən danışarkən, təbii ki, bu yaxınlarda səksən illiyi qeyd olunan Çingiz Hüseynovu xüsusi qeyd etmək lazımdır. Çingiz Hüseynovun bir neçə il əvvəl Moskvada çap etdirdiyi və hələlik son əsəri olan “Merac” romanı bu il Bakıda da dərc olundu. Xatırladaq ki, roman İslam peyğəmbərinin həyatının Quranla paralel şəkildə təsvir olunması üzərində qurulub. Bu roman da Çingiz müəllimin özünəməxsus yazı manerası üzərində qurulub – düşüncə axınıyla bədii təsvirlərin, xarakterlərin naxış kimi hörülməsi; reallıqla bərabər şüurlarda gedən proseslərin uzlaşdırılmış şəkildə təsviri; konkret vaxt anlayışının aradan qaldırılması və oxucunun sırf fikir-düşüncə zamansızlığına salınması; İslam fəlsəfəsinə, Məhəmməd peyğəmbərin şəxsiyyətinə və İlahi missiyasına özünəməxsus yanaşma – bütün bunlar çox maraqlı, dəyərli bir əsərin yaranmasıyla nəticələnib. Çingiz müəllimin bütün əsərləri kimi bu roman da sıravi oxucu üçün bir qədər ağırdır, nəinki səhifələr, hətta cümlələr, sözlər də həddən artıq yüklənib. Lakin bu ağırlıq heç də naşılıqdan, bacarıqsızlıqdan irəli gəlmir, sadəcə, bu əsər “tez kitabın axırına çıxmağa çalışan” yox, sözün həqiqi mənasında kitab oxumağı bacaran və düşünmək istəyən oxucular üçündür. Şəxsən mənə elə gəlir ki Çingiz müəllimin bütün əvvəlki yaradıcılığı bu əsər üçün bir hazırlıq mərhələsiydi. Bu sahədə müəyyən qədər məlumatlı olduğuma görə əminliklə deyə bilərəm ki, “Merac” romanı istər Qərbdə, istərsə də Şərqdə bu vaxta qədər İslam peyğəmbərinə həsr olunan ciddi nəsr əsərləri içində bədii cəhətdən ən güclüsü, ən dəyərlisidir. 
Son iyirmi ildə öz siyasi detektivləriylə dünya şöhrəti qazanmış Çingiz Abdullayev iyirmi birinci əsrdə də əvvəlki məhsuldarlıqla çalışmaqdadır. Onun istər Dronqo, istərsə də başqa qəhrəmanlarının fəaliyyətinə həsr olunmuş maraqlı detektivləri yenə də oxucu diqqətini özündə saxlayır, nəinki keçmiş SSRİ məkanında, müxtəlif Avropa və Asiya dillərinə tərcümə edilərək böyük tirajlarla çap olunur.
Rus dilində yazan tanınmış yazarlarımızdan Natiq Rəsulzadə də son beş ildə məhsuldarlığı ilə diqqəti çəkib. Onun istər kino sahəsində, istərsə də ədəbi müstəvidəki fəaliyyəti oxucular tərəfindən maraqla qarşılanıb. Natiq müəllimin həm rus dilində çıxan, həm də azərbaycan dilinə tərcümə olunan kitablarındakı müxtəlif mövzulu povest və hekayələr onun indiyə qədər özünəməxsus yazıçılıq texnikasını, fərdi yazı manerasını qoruyub saxladığından xəbər verir. 
Moskvada yaşayan həmyerlimiz S.Ağayevin yaradıcılığı da son illərdə Azərbaycan ədəbi mühitində maraqla qarşılanıb. Onun hekayələri, romanları, ələlxüsus da şiəliyin ismaililik təriqətinin yaranması dövrünü əhatə edən “Yeddinci kamil” romanı yazıçının şərq tarixini, şərq fəlsəfəsini çox dərindən bildiyini və bu bilikləri çox yüksək səviyyəli ədəbiyyat nümunəsinə çevirmək bacarığını sübut edir. “Yeddinci kamil” romanı şiəliyin bir qolu olan İsmaililik təriqətinin yaranmasına həsr olunsa da, müəllif öz düşüncələriylə oxucunu sadəcə bir təriqət çərçivəsindən çıxarır, ilahi məqamlara – insan Allah münasibətlərinə, iman-əqidə məsələlərinə qədər yüksəldə bilir,
Son bir neçə ildə rus dilində yazan müəlliflərin içində daha bir gənc yazar oxucuların diqqətini çəkib ki bu da Nərgiz Bağırzadədir. Onun son illərdə mətbuatda dərc etdirdiyi hekayələri bir neçə ay əvvəl çapdan çıxan “Ertəsi gün” kitabında toplanıb. Nərgizin hekayələrində zənnimcə ən maraqlı cəhət onun dərin psixologizmi və müasir Avropa nəsrindən qaynaqlanan özünəməxsus yazı manerasıdır. Onun Moskvada kinossenaristika üzrə təhsil alması və kino sahəsindəki təcrübəsi hekayələrindəki maraqlı kinematoqrafik situasiyalarda, canlı təsvirlərdə də açıq-aşkar hiss olunur. 
Bunlardan əlavə, qürbətdə yaşasa da, ürəyi Azərbaycanla döyünən, əsərlərində də məhz şərq xarakterlərini yaratmağa çalışan Gülşən Lətifxanın “Azər və Aida” romanı, “Pıspısa” povesti, və sair əsərlərini, azərbaycanlı xarakterini, Azərbaycan ailəsi mövzusunu, ailədaxili münasibətlərdə inteqrasiya məsələlərini maraqlı bədii üslubda yazan Cəmilə Mansurovanın (M FirA) “Ruhən güclü” romanını, iyirminci əsr elmi fantastika ənənələrini bizim ədəbi müstəvidə də uğurla davam etdirən Aleksandr Xakimovun “Avalona ekskursiya”, “Meymunsuz həyat” və sair romanları, dünyadan vaxtsız köçsə də, bir onilliyə sığışan qısa yaradıcılıq dövründə bir neçə nəsr toplusu çap etdirərək rusdilli oxucularımızın rəğbətini qazanmış yazıçı-fantast, “Cənub üçbucağı” ədəbi klubunun yaradıcısı Yana Kandevanın nəsr nümunələrini də qeyd etmək istərdim.
Post... post...
İndi isə son illərdə ədəbi mühitdə haqqında çox dartışmalar gedən postmodernizm və ümumilikdə ədəbiyyata yeni gələn qələm sahiblərinin yazıları barədə bir-iki kəlmə demək istərdim. Məruzənin əvvəlində bu mövzuya ötəri də olsa toxunmuşdum və yenə də həmin fikirlərin üstünə qayıdaram. Hər xalqın yaratdığı mədəniyyət, ədəbiyyat nümunələrini onun gen yaddaşından və yaşadığı ictimai siyasi hadisələrdən doğur. Sürrealizm də, absurd da, modernizm də, postmodernizm də məhz Avropanın yaşadığı ictimai-siyasi hadisələrin, sosiumun daxili əhval –ruhiyyəsinin doğurduğu ədəbi cərəyanlardır. Əgər bizdə Avropada baş verənlər təkrarlanmayıbsa, deməli, bizim ədəbiyyatda da həmin cərəyanların geniş təşəkkül tapmaması təbiidir. Məhz buna görə də “Avropada filan üslubda yazırlar, bizdə isə yaza bilmirlər” deyərək bizim ədəbiyyatın, incəsənətin geridə qaldığını elan eləmək gülüncdür. Biz özümüzü yazırıq, özümüzü də yazmalıyıq! Əfsuslar olsun ki bəzi yazarlarımız məhz Avropadakı cərəyanları kor-koranə təqlid etməklə guya müasir azərbaycan ədəbiyyatını yaradırlar, lakin onların yaratdığının saxta olduğu o saat nəzərə çarpır. Oxuyan kimi hiss olunur ki bunu yazan qələm sahibi öz içindəki hissləri yazmır, sadəcə, “Avropada belə yazırlar, orda belə dəbdi” deyə bu üsluba üz tutub. Son illər yeni sayılan ədəbiyyatımızda postmodern adı altında baş alıb gedən dağıdıcılıq, nihilizm, erotizm, hətta pornoqrafiya elementləri də məhz bu istəkdən, yəni yeni görünmək, müasir görünmək cəhdlərindən doğur. Evdə uşağına çox ağıllı şəkildə tərbiyə verən bir azərbaycan qadını əlinə qələm alanda Amsterdam fahişələri kimi yazır, gündəlik davranışda çox tərbiyəli, əxlaqlı olan bir oğlan yazanda özünü Paris mavilərinə bənzədir, normal ailə başçısı olan bir abır-həyalı bir kişi ədəbiyyata üz tutanda Bruklin xuliqanlarını xatırladır və sair və ilaxır. Təkrar edirəm, bütün bunlar onların içindən gəlmir, sadəcə dəb xətrinə, fərqli görünməkçün edilir, məhz ona görə də təqlid etdikləri qələm sahiblərindən fərqli olaraq bizimkilərin bu cür yazıları, bir neçə əsəri istisna etməklə, əsl sənət nümunəsi səviyyəsinə çıxa bilmir, sadəcə ağ-qara kserokopiya təsiri bağışlayır. Saxta olduğuna görə də cəmiyyətə geniş mənada təsir edə bilmir. Çünki oxucu nə qədər sadəlövh olsa da, səmimiyyətlə saxtalığı o saat hiss edir. Yenilik axtarışları əsl sənət çərçivəsindən çıxmamalıdır.
Əlbəttə biz yeni formalar, yeni üslublardan qaçmalı deyilik, lakin kənardan gələn istənilən üslub, janr öz düşüncə tərzimizə uyğunlaşdırılmırsa, əsl sənət statusu ala bilməz. Vaqif Mustafazadənin cazı ona görə əsl sənət nümunəsinə çevrildi ki, bizimkiləşə bildi, Vaqif müəllim Qərbdəki cazdan fərqli olan öz cazımızı yarada bildi. Lakin onunla paralel fəaliyyət göstərə təqlidçi cazmenlərin heç birinin əsərləri o səviyyəyə qalxa bilmədi. Onlarla başqa nümunə də gətirmək olar, lakin məruzənin formatı buna imkan vermir.
Bayaq bir neçə istisna barədə danışdım. Zənnimcə bunların üzərində bir qədər geniş dayanmağa ehtiyac var.
Azərbaycan ədəbiyyatında postmodernist düşüncə tərzindən danışanda, təbii ki ilk olaraq, öz konseptuallığı ilə seçilən Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Tarixsiz gündəlik” və başqa nəsr əsərləri yada düşür.
Yazıçının beş il əvvəl dərc olunan “Yarımçıq əlyazma” əsəri ədəbi mühitdə daha çox əks-səda doğurmuşdu. Bu əsər barədə xeyli dəyərli yazılar yazılıb, müxtəlif əks mövqeli fikirlər deyilib. Bütün bunlara nəsə əlavə eləməyimə ehtiyac yoxdur, çünki mən nə desəm, yenə də təkrar eləmiş olacam. Amma şəxsən mənim zənnimcə bu əsər bizim milli ədəbi müstəvidə postmodernist dekonstruksiyanın nə formada inkişaf edə biləcəyini göstərən bir düsturudur. Əsərin həm detektiv üzərində qurulan struktur quruluşu, həm də daxili fəlsəfəsi bunu deməyə əsas verir. 
Yazıçının şərq mistik sufi təfəkkürünü postmodern bədii priyomlarla müasir oxucuya çatdırdığı, dünyanın özü qədər əbədi və əzəli olan “ilkin günah” mövzusunu tam yeni istiqamətdən işıqlandırdığı “Sehrbazlar dərəsi” romanı və müasir gəncliyin romantik hisslərini təsvir etdiyi “Tarixsiz gündəliklər” əsəri də geniş oxucu kütlələri tərəfindən böyük maraqla qarşılanmışdı.
Həmid Herisçinin artıq on ildən çoxdur ki yazdığı və deyəsən hələ də bitirmədiyi “Nekroloq” romanını da bu istisnalardan hesab edirəm. Məncə bu əsərin əsas məziyyəti müəllifin ruhunda gedən proseslərin yazıda olduğu kimi əks etdirilməsidir. Həmidin yazısındakı dağıdıcılıq ehtirası, nihilizm məhz onun içindəki nifrətdən doğur, bu nifrət onun hər cümləsində, yaratdığı obrazlara, təsvir etdiyi hadisələrə münasibətində açıq aşkar hiss olunur. Özündən əvvəlkiləri dağıtmaq, məhv etmək – onun əsərini qidalandıran yeganə ehtiras məhz budur. Lakin yenə də təkrar edirəm, bu ehtiras, onun içindən gəldiyinə görə əsəri də o biri saxta postmodernistlərin yazılarından fərqlənir.
Nəsr yaradıcılığına son üç dörd ildə başlayanların fəaliyyəti məndən əvvəl gənc yazarımız Qismətin məruzəsində işıqlandırılmışdı, ona görə də yeni yazarlar barədə təkrar danışmayacam, lakin yaş baxımından mənim məruzəmin formatına daxil olan bir neçə yazıçı barədə fikirlərimi bildirmək istəyirəm. Bu müəlliflər Şərif Ağayar, Pərviz və son yeddi-səkkiz ildə adları müxtəlif qalmaqallı yazılarla hallanan Seymur Baycan və Əli Əkbərdir. 
Postmodernist düşüncə tərzinə yaxın da olsalar, kor-koranə təqlid yolu seçənlərdən fərqli olaraq, həm Şərif Ağayar, həm də Pərviz ədəbiyyatda öz yolunu, öz fərdi yazı manerasını axtaran qələm sahiblərindəndir. Əgər Şərif postmodern təfəkkür tərzini klassik şərq mədəniyyəti elementləriylə uzlaşdırmaq yolu tutubsa, Pərviz fərdi çoxqatlı bədii dil sistemi yaratmaqla haqqında danışdığı hadisələri oxucuya fərqli şəkildə çatdırmağa çalışır.
Seymur Baycanla Əli Əkbərin qələmindən çıxan əsərlərə nəzər yetirəndə isə Avropada, Amerikada, Rusiyada son onilliklərdə geniş yayılan və “kontrkultura” adı altında təqdim olunan ədəbiyyatının təsiri açıq-aydın görünür. Cəmiyyət tərəfindən yekdilliklə qəbul olunan mənəvi dəyərlərin məqsədli şəkildə inkarı və bu dəyərlər sisteminin dağıdılmasına yönələn cəhdlər, pornoqrafiyanın, naturalizmin, hətta narkomaniyanın təbliği, hər əsər ətrafında hay-küy, ajiotaj yaratmaq cəhdləri –bütün bunlar Avropada və Rusiyadakı eyni düşüncə sahiblərini müşayiət edən hadisələrdir ki, Seymurla Əli Əkbər də, onların ardıcılları kimi eyni addımları təkrar edirlər. Lakin Həmid Herisçinin nihilizmindən və dağıdıcılığından fərqli olaraq, Seymurla Əli Əkbər öz “kontrkultura”larını, nədənsə, ədəbiyyat nümunəsinə çevirməyə çalışmırlar, hətta gündəlik mətbuatda dərc etdirdikləri publisistik yazılara əl gəzdirib romanların içinə yerləşdirirlər, qısası, sadəcə, kəmiyyətə üstünlük verərək, bədii keyfiyyətə barmaqarası baxırlar ki bu da onların kitablarının oxunandan sonra çox tez unudulmasına gətirib çıxarır. Əlbəttə bu iki yazıçı bundan sonra yazılarındakı bədii keyfiyyət məsələsinə daha çox diqqət yetirsələr, postmodern nəsrin daha yüksək nümunələrini yaradarlar.
lll
Sonda isə ədəbiyyatımızda yaşanan “Yeni Ulduz” xəstəliyi barədə bir-iki kəlmə danışmaq istərdim. Son illərdə ədəbi mühitimizdə yerli kitab bazarının olmaması barədə çoxsaylı şikayətlər eşidilirdi. Və məhz indi kitab bazarının formalaşdırılması yolunda müəyyən addımlar atılır. Lakin əfsuslar olsun ki, hələ bu kitab bazarı sözün həqiqi mənasında bazara bənzəyir. Heç bir bədii dəyəri olmayan, heç bir ədəbi kriteriyalara uyğun gəlməyən, bəzən orta məktəb şagirdlərinin inşalarını , bəzən də müxalifət qəzetlərinin köşə yazılarını xatırladan cızmaqaraların nəsr əsəri adı altında çap olunub cəmiyyətə sırınması, əlbəttə ki, normal oxucularda bir çaşqınlıq yaranıb. Bu əsərlərin çoxuna nəzər salanda adama elə gəlir ki bunu yazanların ümumən Azərbaycan ədəbi dili barədə anlayışları yoxdur. Azərbaycan sözlərinin gah osmanlı, gah rus, gah da ingilis qrammatikasının qaydalarına uyğun sıralanması bu romanların çoxu üçün xarakterikdir.
Lakin bütün bunlara rəğmən, hər ay onlarla dırnaqarası roman çap olunur, mətbuatda, internetdə təriflənir, hansısa mükafatlar alır və bir aydan sonra unudulur, yerini başqaları tutur.
Bu proses nə qədər ağrılı da olsa, yəqin ki bizdə hələ də başa çatmayan keçid dövrünün tələbidir. Avropada və Amerikada kitab bazarının yaranması tarixçəsinə baxanda görərik ki, eyni mərhələ onlarda da yaşanıb, belə desək, qapılar açılan kimi bazarı ilk olaraq ucuz və yüngül məhsullar doldurub, normal, keyfiyyətli kitab bazarının yaranması üçünsə müəyyən qədər vaxt lazımdır.
Biz istəsək də, istəməsək də, artıq qloballaşmış bir dünyanın sakinlərinə çevrilmişik və bütün cəmiyyətimizdə baş verən hadisələr kimi ədəbiyyatımızda gedən proseslər də dünyadakıların əksidir. Bu baxımdan nəsrimizdə də bayaq haqqında danışılan neqativ hadisələr barədə qəti hökm vermək bir qədər çətindir. Axı ədəbiyyatın bazarlaşması, nəsrdə publisistikanın baş alıb getməsi, pornoqrafiyanın, naturalizmin ədəbi dəyərlər səviyyəsinə qaldırılması, “keyfiyyətli sənət” anlayışını deqrodasiyası – bütün bunlar bizdən də əvvəl Avropa və Amerika ədəbiyyatında təzahür eləmişdi və indiyə qədər də onlar bu fəlakətdən xilas olmaq yolları üzərində baş sındırırlar. Problemlər eynidir – orda da, burda da. Lakin həlli müxtəlif ola bilər. Çünki dünya nə qədər qloballaşsa da, hələ ki xalqlar, millətlər arasında düşüncə sərhədi itib getməyib. Deməli, biz də qlobal “istehlak cəmiyyəti”ndəki bazarlaşmanın yaratdığı və təbii ki, ədəbiyyatımıza da sirayət bu mənəvi boşluqdan xilas olmaqçün öz yollarımızı axtarmalıyıq. Tapa bilməsək, deməli bir xalq olaraq gələcək mövcudluğumuz da şübhə altında qalacaq.

Yekun nəticə
  
Məruzənin sonunda yəqin ki bütün deyilənlərə bir yekun vurub nəticə çıxarmağa ehtiyac var. Lakin ədəbiyyat elə bir sahədir ki burada heç vaxt heç nəyə yekun vurulmur və əvvəlcədən çıxarılan nəticə də doxsan faiz hallarda yanlış olur. Zamanın sınağına ehtiyac var. İndiki ədəbiyyatımız barədə ən düzgün nəticəni yalnız otuz-qırx il sonra çıxartmaq mümkündür. Lakin bir neçə detalı mütləq qeyd etmək istərdim.
Son on ildə bizim qələm sahiblərinin ən böyük qayğısı dünyaya çıxmaqdı. Əlbəttə, bu barədə düşünmək lazımdı, lakin ifrata varmamaq şərtiylə. Əsasən də gənc qələm sahibləriyçün bu düşüncələr artıq beyinə, şüura qeyri-ixtiyari təzyiq edən, normal fəaliyyətdən qoyan bir presə çevrilib. Ələ qələm alan kimi, əsər yazmamışdan əvvəl Nobel nitqini hazırlayırıq ki, sabah, işdi-şayəd lazım olsa, əlimizin altında hazır olsun.
Bütün bu düşüncələrdən məncə azad olmaq lazımdı. Yoxsa dünyaya çıxmaq eşqiylə alışanlar elə hesab edir ki biz bu vaxtacan dünyada deyildik, hansısa başqa bir məkanda yaşayırdıq, təzəlikcə burda peyda olmuşuq. Əgər ümumilikdə tarix boyu dünya mədəniyyəti xəzinəsinə verilən töhfələrə nəzər salsaq, görərik ki, bu sahədə dünyadakı irili xırdalı yüzlərlə xalqın beşindən az da olsa, onundan artıq xidmətlərimiz olub. Deməli, “natamamlıq kompleksi” keçirməyimizə, özümüzü başqa xalqlardan əskik hesab eləməyimizə əsas yoxdu. 
Əlbəttə, mən “Biləcəri sindromu”nu təbliğ eləmirəm. Bizim yazılarımız da – bütün sənət nümunələrimiz kimi – təbliğ olunmalıdı, dünyada tanınmalıdı. Lakin sənətkar, ələlxüsus da söz adamı əlinə qələm alanda bunları düşünməməlidi. Çünki bütün bu düşüncələr Molla İbrahimxəlil kimyagərin meymun məsələsi kimi əslində insan ruhunu müvazinətdən çıxarır, yaradıcılıq enerjisini lazım olmayan istiqamətə yönəldir. Yazıçı əsərini fikirləşməlidi. Dünyaya çıxacaq, ya çıxmayacaq – bu yaradıcılıqdan sonrakı mərhələdi. Sənətkar bütün bunlardan üstün dayanmalıdı, ələlxüsus yazı prosesi zamanı bu düşüncələri özünə yaxın buraxmamalıdı. Çünki əsl SÖZün qiymətini Nobel komitəsi yox, Allah verir. Yazar üçün də ən birinci yerdə SÖZ dayanmalıdı. Təmiz söz, saf söz, ilahi söz. Allah dünyanı bir sözdən yaratdı, bir sözlə də dağıdacaq. Qələm sahiblərinin yazdıqları isə bu iki sözün arasındakı zəncirin halqalarıdır. Gəlin bu iki İlahi sözə layiq halqalar yaratmağa çalışaq. Buna nail ola bilsək, onda bütün dünya bizim BÖYÜK SÖZümüzün qarşısında baş əyəcək.
İlqar FƏHMİ



Bu yazı ( 762 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar