12px14px16px18px

Yalanın tarixi

Elmira AXUNDOVA

Turqut ərin uydurmalarının arxasında kimlər və nələr dayanır?

00:44 / 31.03.2011
“Fərman Dəmirqol dedi ki, bəs, hakimiyyəti almaq üçün bizdə artıq hər şey tam hazırdır, adamlarımız bütün rayonlarda yerləşdirilib, hər yerdə peyk əlaqələri quraşdırmışıq, əhatə dairəmizi genişləndirmişik. Bundan başqa Fərman Dəmirqol dedi ki, onların bizim köməyimizə ehtiyacları yoxdur. Bir neçə gündən sonra güc tətbiq etməklə mövcud hakimiyyəti dəyişib, sonra artıq razılaşdırılmış koalisiyon Dövlət Şurası yaradacaqlar. Bu Şuraya Ayaz Mütəllibov, Cahangir Müslümzadə, Fərman Dəmirqol özü daxil olacaq, Rövşən Cavadov Şuranın sədri vəzifəsini icra edəcək. Və əgər razılıq versə bu Şurada Əbülfəz Elçibəy də olacaq... Onların bu görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini Fərman Dəmirqol bununla izah etdi ki, hakimiyyətin ələ keçirilməsi öncəsi AXC-nin yerlərdə mitinqlər keçirməlidir... Bu mitinqlərin vacibliyini izah edərkən isə Fərman Dəminqol dedi ki, gərək hakimiyyət ələ keçiriləndən sonra bu hadisələr respublikada və dünyada dövlət çevrilişi kimi yox, xalq hərəkatı kimi dəyərləndirilsin” (20940 №-li c.işi, c. 4, s. 162-172). Fərəc Quliyevin sözlərinə görə Elçibəy cavabında Mütəllibovun da olduğu Dövlət Şurasına üzv olmayacağını deyib. İsa Nəcəfov “Gecə yarısında qətl” kitabında bu barədə dəqiq qeyd edir: “Gördüyümüz kimi hakimiyyətin zor gücünə dəyişdirilməsi məsələsi bütün bu “böyük demokratları” qəti narahat etmirdi. Əslində, edə də bilməzdi. Belə ki, onlar özləri 1992-ci ildə hakimiyyətə az qala necə deyərlər, tank belində, antikonstitusion yolla gəlmişdilər. Odur ki, burada yeganə alış-veriş predmeti bu hökumətdə bu və ya digər şəxsin təmsil edilməsi məsələsi ola bilərdi. Hələ hakimiyyətə gəlməmiş diri ayının dərisini bölüşdürə bilməyən qiyamçılar dalaşmağa və küsüşməyə imkan tapa bildilər. Hər kəs yorğanı öz tərəfinə çəkirdi, hər kəs gələcək Dövlət Şurasında özünü, yaxud öz adamlarını görmək istəyirdi”. Son məqamda Elçibəy qiyamçıları dəstəkləmədi və hətta AXC-nin yerli şöbələrinə mitinqlərin keçirilməməsi barədə göstəriş verdi. Məsləkdaşları onun bu addımını “bəyin” siyasi mübarizədə güc tətbiq edilməsinin əleyhdarı olmasıyla izah etdilər. Nəcəfov öz kitabında bu fikri də təkzib edir. Məsələ burasındadır ki, 1995-ci ilin aprelində İsa Nəfəfov və istintaq qrupunun rəhbəri Hüseyn Əlixanov Respublika Prokurorluğunun əməkdaşı Tofiq Kərimovla birlikdə Fərman Dəmirqoldan ifadə almaq üçün İstanbula uçurlar. Və elə o vaxt onlar 1995-ci ilin martında Fərman Dəmirqolla əlaqə saxlayan Türkiyə milli təhlükəsizlik nazirinin birinci müavini Yalçın Artanla görüşürlər. Fərman Dəmirqol eks-prezidentlə söhbətinin məzmununu mərkəzə ötürərkən deyibmiş ki, Elçibəy tərəddüd keçirir, inamsız görünür, onunla danışmaq lazımdır. Odur ki, Yalçın Artan peyk vasitəsiylə Kələkiyə zəng edir. Amma onların söhbətinin məzmunu Dəmirqolun təxmin etdiyindən fərqli olur. Yalçın Artan İsa Nəcəfova belə danışıb: “Mən düz altı saat (!) Əbülfəz Elçibəyə bu işə baş qoşmamasını təlqin etdim. Ondan xahiş etdim ki, Rövşən Cavadovun hökumət əleyhinə hazırladığı qiyama qoşulmamaları üçün Xalq Cəbhəsi üzvlərinə olan bütün təsir imkanlarından istifadə etsin. Az qaldı göbəyim cırılsın. Axır ki, onu yola gətirə bildim”. Baş prokurorun sabiq birinci müavininin sözlərinə görə, mart çevrilişinə cəhd ərəfəsində Türkiyə MİT-in öz ilkin planlarından imtina edərək Rövşən Cavadov variantından əl çəkmələri barədə istintaq qrupunda digər sübutlar da var idi. Kitabda Türkiyə xüsusi xidmət orqanlarının bu cür “istiqaməti dəyişmələri” barədə maraqlı mülahizələr irəli sürülür. Ədalət naminə qeyd olunmalıdır ki, başda şəxsən Süleyman Dəmirəl olmaqla Türkiyənin ali hakimiyyət orqanları qiyamçıların planlarına dəstək vermədilər. Üstəlik, Türkiyə prezidenti hazırlanan qiyamdan xəbər tutan kimi dərhal öz azərbaycanlı həmkarını bu barədə məlumatlandırdı. Bu, Kopenhagendə onların hər ikisinin iştirak etdiyi hansısa sammitdə baş verdi. Heydər Əliyev Kopenhagendən işgüzar səfərlə Pakistana uçmalıydı. Amma Süleyman Dəmirəl Türkiyə xüsusi xidmət orqanlarından aldığı məlumatla onu tanış edib israrla məsləhət gördü ki, çevrilişin hazırlandığı Bakıya uçsun. Bir qədər sonra hər iki prezident bu məqamla bağlı hər şeyi açıqcasına kütləvi informasiya vasitələrinin nümayəndələrinə danışdılar. Fərman Dəmirqolun Türkiyə MİT-in məxfi görüş mənzillərindən birində aparılan dindirilməsinə gəlincə, o, azərbaycanlı müstəntiqlərin suallarını həvəssizcəsinə cavablandırır, onlar hər kəlməni onun ağzından kəlbətinlə çıxarırdılar. Amma İsa Nəcəfovun kitabında yazıldığına görə, “Fərman Dəmirqol hər dəfə “Türkiyə və Azərbaycanın milli maraqlarını” əsas tutduğunu dilə gətirsə də hökumət əleyhinə qiyamda fəal iştirak etməsini faktiki təsdiqlədi. Milli maraqlar altında Dəmirqolun sırf şəxsi, öz maraqlarını güddüyünü onun ifadəsindəki bu cümlə də təsdiqləyir: “Mən elə bu gün də Azərbaycanın indiki hakimiyyətinə müxalif mövqedəyəm. İnanıram ki, gələcək hakimiyyət məni layiqincə qiymətləndirəcək və mən orada layiqli yerimi tutacağam”. Heyif ki, Süleyman Dəmirələ qarşı getməyərək və Türkiyə ilə münasibətlərin pozulmasını istəməyərək Heydər Əliyev Fərman Dəmirqolu ona təhvil verdi. Gərək o, hələ bir on il dəmir barmaqlıqlar arxasında oturub Cavadov qardaşlarıyla birgə nələr törətdikləri və nə qədər yaxşı cavanı öz güdazlarına verdikləri barədə düşünəydi. Yeri gəlmişkən, Ər Fərman Dəmirqolun Azərbaycana işləməyə heydər Əliyevin şəxsi göstərişi ilə gəldiyini deməklə növbəti yalanını sırıyır. Dəmirqol hələ A.Mütəllibov dönəmində Azərbaycan Dövlət Universitetində çalışıb, Elçibəyin vaxtında isə Tamerlan Qarayev onu parlamentdə müşavir kimi işə götürüb. Fərman Dəmirqol Elçibəy komandasının üzvləri arasında nüfuza və təsir gücünə malik idi. Odur ki, hakimiyyət dəyişikliyini o, kifayət qədər ağır qəbul etdi. Çünki bu, onun iddialı planlarının süqutu demək idi. Nədənsə Türkiyə tərəfi Fərman Dəmirqolun Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməsini qəti istəmirdi. Dəmirəl sözün hərfi mənasında Əliyevə yalvarıb ki, qabaqcadan heç bir şərt qoymadan onu vətəninə buraxsın. Buna qədər isə Dəmirəlin yaxın qohumu – dini məsələlər üzrə müşavir Əbdülqadir Sezgin Dəmirqolu öz mənzilində gizlətmişdi. Fərman Dəmirqol gör bir nə imiş ki, Türkiyə rəhbərliyi onun ardınca Binə hava limanına xüsusi təyyarə də göndərmişdi və təyyarə onu təmtaraqlı şəkildə vətənə gətirmişdi. Yeri gəlmişkən, onu buradan almaq üçün sıravi məmurlar deyil, baş nazirin müavini Əli Naci Tuncer və milli təhlükəsizlik nazirinin (MİT) müavini Yalçın Artan təşrif buyurmuşdu. Görünür, Fərman Dəmirqol 1995-ci ilin mart hadisələrində Türkiyə tərəfinin iştirakının hansı səviyyədə olması da daxil olmaqla, doğrudan da çox şey bilirmiş. Bu mənada, onun etirafları Türkiyə və Azərbaycan arasındakı ikitərəfli münasibətləri alt-üst edə bilərdi. Bir sözlə, mart hadisələrindən sonra Azərbaycana gəlmiş Türkiyə xüsusi xidmət orqanının rəhbəri Sönməz Koksalla görüşündə Heydər Əliyevin Türkiyədə kimlərinsə onun devrilməsinə əl qoymasını və proseslərdə Ərtoğrul Güvənin və başda səfir olmaqla onun komandasının əsas qüvvə olduğunu deməkdə tam əsası var idi. Bu sözlər Süleyman Dəmirəlin diqqətinə çatdırıldı. Yuxarıda gətirdiyim faktlar bir reallıqdır və ondan nə yayınmaq, nə də onu təkzib etmək mümkündür. Bu faktlar sənədlərə və hadisənin iştirakçılarının ifadələrinə əsaslanır. Yeri gəlmişkən, Fərman Dəmirqoldan fərqli olaraq, Kənan Gürel müstəntiqlərlə həvəslə əməkdaşlıq edərək, xeyli maraqlı şeylər danışmışdı. Amma işdi əgər Turqut Ərə və onun nağıllarına inansaq, onda belə çıxır ki, Azərbaycanın yaxın tarixində nə Heydər Əliyevə qarşı terror aktlarına, nə də dövlət çevrilişinə cəhdlər olub. Bəs demə, xalqın diqqətini daxili problemlərdən yayındırmaq üçün bütün bunların hamısını Heydər Əliyev özü düzüb qoşubmuş. Heyif, yenə də sədd heyif ki, Ərin “əzazil tiran” adlandırdığı Heydər Əliyev onun həyatına qəsd etmək istəmiş Həsən Tokunu əfv edərək bu gənc türkə həyat və azadlıq bəxş etdi. Amma indi belə çıxır ki, heç “o uşaq da olmayıb”. Bəli, 1995-ci ilin martında bizim həmvətənlərimizin qanı töküldü. Amma burada günahkar kimdir? 8-ci kilometrdəki bazasına sığınıb israrla prezidentin və bütünlüklə komandasının istefasını tələb edən kim idi? Artıq nazir portfellərini bölüşdürüb gələcək qələbəni bayram edən kim idi? Rövşən Cavadovun hədd tanımayan iddialarını qızışdıran, onu antikonstitusion hərəkətlərə sövq edən kim idi? Allah şahiddir ki, Cavadovun və döyüşçülərinin, həmçinin qanuni hakimiyyəti qiyamçıların müdaxiləsindən qoruyan həmin o əsgər və zabitlərin tökülən qanının məsuliyyəti prezident Əliyevin deyil, Fərman Dəmirqol və Kənan Gürel kimilərin, Altın Karamanoğlu və Əbdülqadir Sezgin kimilərin üzərinə düşür. Yeri gəlmişkən, T.Ər hökumət qüvvələri tərəfindən qiyamın yatırılması zamanı 400 XTPD-çinin məhv edilməsini bildirərkən yenidən həyasızcasına yalan deyir. Guya onların meyitlərini bazadan çıxarıb gizlicə dəfn edərək hətta adlarını belə elan etməyiblər. Və bu barədə onların yalnız yaxınları məlumat ala biliblər. Yenə ağ yalan və dezinformasiya. Həmin o sonuncu gün bazada bir neçə nəfər qalmışdı. Çünki o birilər DİN-in əmrinə tabe olaraq silahlarını yerə qoyub evlərinə dağılışmışdılar. Martın 16-da mən də digər jurnalistlərlə birlikdə XTPD-nin bazasında olmuşdum, “Svoboda” radiosu üçün Rövşən Cavadovdan müsahibə alarkən hər şeyi öz gözlərimlə görmüşdüm. Silahlı qarşıdurma nəticəsində 26 hərbçi və 10 mülki şəxs həlak olmuşdu. Yaralıların və müxtəlif dərəcəli xəsarət alanların sayı isə 111 olmuşdu. Əlbəttə, vətəndaş qarşıdurmasında hətta bir qurban da çoxdur. Odur ki, prezident Heydər Əliyev son dəqiqəyəcən məsləkdaşlarının silahları təhvil vermələri, özünü təslim etməsi barədə düşünüb-daşınması üçün Cavadova daha bir şans verib faciəvi məqamı uzatmağa çalışırdı. Eşitmədilər, heç kimi eşitmədilər, çünki hakimiyyətin şirin xülyaları nəinki gözlərini, hətta qulaqlarını da yummuşdu. 1995-ci ilin mart hadisələriylə bağlı söhbəti yekunlaşdırarkən, istərdim, İ.Nəcəfovun “Gecə yarısında qətl kitabından geniş iqtibas gətirim. Çünki bu, həmin dramatik hadisələrin siyasi dərslərini və fəsadlarını çox dəqiq xarakterizə edir. “Güclü ali hakimiyyət ölkənin vətəndaş müharibəsinə və idarəolunmaz xaosa yuvarlanmaması üçün özünü və öz xalqının təhlükəsizliyini qorumağa cavabdehlik daşıyır. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında respublika rəhbərliyi sübut etdi ki, kifayət qədər buna qadirdir. Yəni, silahlı yollarla hakimiyyəti ələ keçirməklə bağlı istənilən cəhdlərin qarşısını almağa qadirdir. Və bütün dünya prezident Əliyevin öz dövlətini “banan” respublikasına, siyasi ekstremizmin poliqonuna çevrilməsinə imkan verməcəyinin canlı şahidi oldu. Həmin günlər hakimiyyətin gücünü qiyamçılar da, müxtəlif qütblü radikal-anarxistlər də hiss etdilər. Təsadüfi deyil ki, qiyamın ilk günləri onlara gizli və açıq dəstəklərini bildirən bir çox müxalifət liderləri Cavadov qardaşlarından və onların qiyam planlarından kənar dayanmağa üstünlük verdilər. Mart hadisələrindən sonra bir partiya da, hətta ən radikal yönümlülər belə artıq öz tərəfdaşlarının qeyri-konstitusion üsullarla hakimiyyəti devirməklə bağlı açıq çağırışlara cəb etməyə risk etmirdi. Səbəb təkcə onların cinayət məsuliyyətinə cəlb oluna biləcəkləri qorxusu deyildi (əslində, bu faktor da az rol oynamırdı), səbəb həm də bu çağırışların ikrah doğurması idi. Çünki bu, sivil yol deyildi. Cəmiyyətdə siyasi mədəniyyətin səviyyəsinin qalxması da 1995-ci ilin mart hadisələrinin özünəməxsus yekunu idi”. lll


XTPD-nin mart qiyamından sonrakı ilk günləri və ayları xatırlayarkən, T.Ər dişlərini qıcayaraq etiraf edir ki, həmin günlərdə Bakıda olmuş bütün Türkiyə mətbuatının nümayəndələri Heydər Əliyevin (yəni qanuni prezidentin) tərəfini saxlayırdı. O, hikkə və təəccüblə yazır ki, onlardan, səfirlik əməkdaşlarından müsahibə almaq həmin jurnalistlərin birinin də ağlına belə gəlmirdi, onlar yalnız Heydər Əliyevi eşidir və hadisələr barədə yalnız onun mülahizələrini təqdim edirdilər. O, həmçinin, birmənalı olaraq Heydər Əliyevi müdafiə, qiyamçıları isə mühakimə edən rəsmi Ankaranın qətiyyətsizliyini və sükutunun səbəbini də anlaya bilmir. Ər yazır ki, nəticədə Tansu Çillərə qədər Türkiyənin yüksək çinli məmurları, hətta bir dəfə də Azərbaycanda olmayanlar belə qiyamçılara dəstək verməkdə günahlandırıldı. Bax, bu yerdə Turqut Ərdən soruşmaq istəyirsən: bəs, o vaxt siz özünüz niyə susdunuz, niyə özünüz, yaxud “dostlarınız” müsahibə verib bu ittihamları təkzib etmədi? Niyə ölkədən qovulmuş Altan Karamanoğlunun və onun iki müşavirinin öz vətənində bəraət almaq ağlına belə gəlmədi? Onların bu hadisələrdə iştirakı elə açıq-aşkar idi ki, sadəcə gizlətməli nəsə qalmamışdı, eləmi? İndi, üstündən təxminən iki onillik keçəndən sonra siz təzədən belə cəsarətlənmisiniz. Hesab eləyirsiniz ki, üstündən uzun illər keçib, adamlar, xüsusən də cavanlar hər şeyi unudublar, indi maneəsiz şəkildə tarixi həqiqətləri təhrif etmək, faktları saxtalaşdırmaq olar. Nə bilmək olar, bir də gördün, kimsə inandı! Elə deyilmi, cənab Ər? lll Turqut Ər Heydər Əliyev idarəetməsinin mənfi tərəflərini xarakterizə edərkən digər neqativ məsələlər arasında, “qorxu”nu da sıralayır. Bəs, Heydər Əliyev öz kreslosunu itirməyə qorxur, o, Rövşən Cavadovdan qorxur. O, Surət Hüseynovdan ehtiyat edir və s. və i.a. Bu deyilənlər Heydər Əliyevi azca tanıyan adamda yalnız təbəssüm oyada bilər. Hətta ən qatı rəqibləri və bədxahları da Əliyevin qorxu nə olduğunu bilməyən adam olduğunu etiraf edirdilər. Heydər Əliyevi açıq-aşkar kimləsə səhv salan Turqut Ər yazır ki, bəs, 1994-cü ilin oktyabrında H.Əliyev ölkəni tərk etməyi planlaşdırıbmış. Əgər səfir Altan Karamanoğlu, həmçinin, guya Rövşən Cavadova geri durmağı məsləhət görən Kənan Gürel “qətiyyət” göstərməsəydi, Heydər Əliyev çoxdan öz postundan kənarlaşdırılmışdı. Ər yenidən arzularını gerçəklik kimi qələmə verir. Heydər Əliyev “cəbhəçilərin” ilk tələbi səslənən kimi prezident sarayını tərk edən Ayaz Mütəllibovun, gecə gizlicə iqamətgahından qaçıb doğma kəndinə sığınan Elçibəyin tayı deyildi. Çətin vəziyyətlərdə özünü itirmək H.Əliyev xarakterinə zidd idi, əksinə, məhz fors-major şəraiti yaranarkən onun öncüllük keyfiyyəti daha qabarıq görünürdü. Mən onun cəsarətli şəxsiyyət olması ilə bağlı xeyli nümunələr gətirə bilirəm. Ən azı onun Sədərəkdə Ermənistan parlamentinin spikeri ilə bir neçə saat çəkən danışıqlarını yada salaq. Bu danışıqlar erməni snayperlərin nişangahı altında keçirilirdi. H.Əliyevi müşayiət edən şəxslərin təkidlərinə baxmayaraq o, danışıqlar üçün hazırlanmış sığınacaqdan bir an belə istifadə etmədi. Yaxud, onun 1993-cü ilin iyununda jurnalistlərə Gəncəyə yollanmağını yada salaq: tək, heç bir mühafizə – filan olmadan, gərginlik içində olan bütün respublikanı bu baş, o baş eləyərək. O axı, istənilən an hansısa silahlı fanatikin gülləsinə tuş gələ bilərdi. Belə kişilik və cəsurluq nümunələrini mən çox gətirə bilərəm. Turqut Ərin bütün kitabı əsassız və dəlil-sübutsuz sözlərlə aşıb-daşır. Məsələn, Ər yazır ki, Heydər Əliyevin hakimiyyəti dövründə “dövlətin televiziyası və qəzetləri qaçqınların vəziyyəti ilə bağlı heç bir informasiya vermirdi” (?!). Azərbaycandakı fəaliyyətim dövründə mən Qərbin, Amerikanın, Rusiyanın, yaxud İranın hansısa mətbuat orqanının Qarabağ və azərbaycanlı qaçqınlar haqqınla nəsə bir sənəd, ya məlumat dərc etdiyini görmədim”. Tamamilə absurd! Mən və həmkarım Elmira Əhmədova “Azadlıq” radiosu ilə, bizim “Frans-Press”, “Röyter”, “Bi-bi-si” və Qərbin digər informasiya vasitələrində çalışan həmkarlarımız da öz mətbuatlarında heç bir maneəsiz-filansız qaçqınların problemlərini işıqlandırır, sənədləri, müraciətləri və s. yayırdıq. Rusiya mətbuatına yol tapmaq çətin olsa da, hər halda bizim materiallar orada da işıq üzü görürdü. Yaxud, T.Ər yazır ki, bəs, 1997-ci ildə Heydər Əliyevi Türkiyəyə gətirən təyyarədə əsasən dövlət televiziyasını təmsil edən jurnalistlərin hamısı MTN əməkdaşları idi. Ümumiyyətlə, Ər həvəslə əksər siyasətçilərimizi və jurnalistlərimizi Azərbaycan MTN-i ilə əməkdaşlıqda ittiham edir. Özü Türkiyə xidmət orqanlarının əməkdaşı olan bir şəxsin dilindən çıxan qəribə bir ittiham. İkincisi, H.Əliyevi əksər prezidentlərdən fərqləndirən də elə o idi ki, təyyarəsində onunla birlikdə müxtəlif mövqeləri, o cümlədən Azərbaycan teleməkanının bütün özəl kanalları da daxil olmaqla müstəqil və müxalifət mətbuatını təmsil edən nümayəndələr uçurdu. lll ... 1990-cı illərin sonlarında Turqut Ər hələ də Azərbaycanda işləyir. İndi o, bütün vaxtını, demə müxtəlif dövlət strukturlarına, nazirliklərə, idarələrə, biznesə soxulmuş PKK-nın (Kürd Fəhlə Partiyası) tərəfdarlarının “ifşasına” həsr edir. Ərdə xüsusi heyrət doğuran kürd mədəniyyət mərkəzinin və onun sözlərinə görə, “Böyük Kürdüstan” ideyasının reallaşdırılması üzərində açıq-aşkar iş aparan mərkəz rəhbərliyin fəaliyyəti idi. Professor Şamil Əsgərov, xüsusən də keçmiş kommunist-deputat Ramiz Əhmədov da öz “payını” alır. Sən demə, sonuncu dəfələrlə Afinada və Sankt-Peterburqda terrorçu Abdulla Öcalanla görüşübmüş. Ərin hər yerdə gözünə kürd izi görünür. O, heç bir dəlil-sübut olmadan yüksək çinli dövlət məmurlarını və 27 deputatı (bu zaman birinin də adı çəkilmir) PKK-ya rəğbət bəsləməkdə ittiham edir. T.Ər Bakıda qeyri-adi dərəcədə qızğın faliyyət göstərir: Azərbaycan və Türkiyə qəzetlərinə müsahibələr verir, məqalələr yazır, televiziyada görünür, bizim xüsusi xidmət orqanlarımızı tanınmış azərbaycanlılarda kürd izi axtarmağa təhrik edir, onlara “bizim” kürdlərlə, Türkiyə kürdləri arasında olan təhlükəli əlaqələr barədə vaxtında “siqnallar” ötürür. Onun bizim Milli Təhlükəsizlik Nazirliyinə həmin Mərkəzin bağlanmasıyla bağlı müraciətlərinin ardı-arası kəsilmir və nəhayət həmin qurumdan tamamilə əsaslandırılmış cavab alır: “Bilirsiniz, ora kürd mədəniyyəti mərkəzidir. Oradakı insanlar öz xalqının tarixinin, dilinin, adət-ənənələrinin öyrənilməsi və təbliği işiylə məşğul olur, burada qanuna zidd heç nə yoxdur. Orada bizim tərəfimizdən Türkiyənin əleyhinə olan hansısa bir hərəkət müəyyən olunmadı”. Azərbaycan kürdlərinin dövlət orqanlarında təmsil olunmalarını, sərbəst şəkildə bizneslə və sahibkarlıqla məşğul olmalarını heç cür anlaya bilməyən Turqut Ər nədənsə bu təəccübünü öz ölkəsiylə bağlı nümayiş etdirmir. Artıq 100 ildir ki, onun ölkəsinə ərazi iddialları irəli sürən, Türkiyədə guya soyqırıma məruz qalmalarıyla bağlı bütün dünya ölkələrində təbliğat aparan ermənilərin onun ölkəsində özlərini kifayət qədər rahat hiss eləmələri nədənsə T.Əri qayğılandırmır. Ermənilər Türkiyədə siyasətlə də məşğul olurlar, bizneslə də, junalistikayla da, hətta ictimai rəyə də təsir göstərirlər. Bu halda, bizim digər millətlərdən olan vətəndaşlarımız (kürdlər, talışlar, ləzgilər ruslar, ukraynalılar) həm də qeyd edək ki, heç vaxt respublikaya “başağrısı” olmayan, heç vaxt Azərbaycana qarşı ərazi və digər iddialar irəli sürməyən vətəndaşlarımız nədən burada bizneslə məşğul ola bilməsin, yaxud da dövlət idarəetmə strukturlarında işləməsin! Biz çoxmillətli və rəngarəng mədəniyyətlərə malik bir ölkəyik. Burada hər millətin və xalqın nümayəndəsi biznesdə, mədəniyyətdə və siyasətdə özünə layiq yer tutmaq haqqına malikdi. Elə məhz bu özü Turqut Ərin bizdə mövcudluğunu inkar etdiyi əsl demokratiyanın göstəricisidi. Ümumiyyətlə, onun bu kitabı “pantürkizmdən” başqa heç bir ada uyğun gəlməyən fikirlərlə və ifadələrlə doludu. Mühakimələrində, hərəkətlərində, düşüncələrinin təqdimində o, özünü hardasa “böyük qardaş”, super dövlətin nümayəndəsi kimi aparır. Demə, balaca respublikanın nümayəndələri olan, müstəqilliyə yenicə qədəm qoyan bizlər də hər məsələdə onlara qulaq asmağa məcburuq. Odur ki, o, Heydər Əliyev haqqında heç də gizlətmədiyi incikliklə və nifrətlə yazarkən içindəkilərini bütünlüklə üzə çıxarır: bəs, bizlər sizə müstəqilliyə qovuşmağınızda yardımçı olduq, amma sizlər belə qədirbilməzsiniz, neftinizi və qazınızı bizə ucuz qiymətə vermirsiniz, neftdən gələn gəliri bizimlə “qardaş malı” kimi bölüşmürsünüz, hələ üstəlik ağını çıxarıb bizim diplomatları persona – non-qrata elan edib qovursunuz! Bəli, Turqut Ərin özünün də diplomatik karyerasının sonu kifayət qədər kədərli oldu. Axı, 2000-ci ildə onun özünü də 24 saat ərzində kifayət qədər xoş olmayan bir əsasla ölkədən çıxardılar. Məsələ belə olmuşdu. Müxalifət qəzetlərindən birinə müsahibəsində Turqut Ər dilindən bu dəfə daha əcaib bir yalan çıxarmışdı. Guya Binə areportunda, Türkiyəyə uçan təyyarənin göyərtəsinə 5 milyard dollarlıq heroin yüklənib. Bəs, satışdan gələn pulun 2 milyardı PKK-nın İstanbul bölməsinə veriləcək. Yeri gəlmişkən, bu gop Azərbaycan mətbuatına bir sözü də düz olmayan qaçqın Mahir Cavadov tərəfindən sırınmışdı. Elə bu misli-bərabəri görünməyən yalan da Heydər Əliyevin səbr kasasına daşdırdı. O, səfirə telefon açıb T.Ərin öz sözləriylə desək, bildirdi ki, onun mətbuat katibi həddini aşaraq, əslində, müxalifət mətbuatının fəaliyyətinə rəhbərlik edir, onlara yardım göstərir, PKK məsələsində Azərbaycan hakimiyyətini kəskin tənqid edir. Söhbətin sonunda H.Əliyev tələb edir ki, həyasızcasına Azərbaycanın daxili işlərinə qarışan Turqut Ər 24 saat ərzində Bakını tərk etsin. Bu, bizim həssas cızma-qaraçı üçün fəsadlarına güclə dözdüyü ağır zərbə olur. Kitabında, o, yöndəmsizcəsinə özünə bəraət qazandırmaq istəyir. Bəs, belə bir şey deməyib, guya heç şübhəsiz ki, KQB (?) –nin göndərdiyi jurnalist Jalə Mütəllimova özgə fikirləri onun dilindən verməklə T.Əri pis vəziyyətdə qoyub. Amma necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Beləcə, eyni zamanda həm casus, həm də mətbuat katibi yaman yerdə axşamladı. Kitabda bütöv səhifələr Ərin Azərbaycana necə vicdanla və canla-başla xidmət etməsindən, ilk türk diplomatlarının Bakıda “müxtəlif maneələrlə” rastlaşmalarından, onların “elementar həyat şəraitinin belə olmadığı” (guya o, sivill Avropa şəhərində deyil, Afrika cəngəlliyində xidmət edirmiş) bir respublikada işləmək məcburiyyətində qalmadıqlarından, şəxsən Turqut Ərin bizim müstəqilliyimizin möhkəmlənməsi və inkişafı yolunda dinclik bilmədən işləməsindən bəhs edir. Son qənaətində isə yenə şovinistliyi üzə çıxır: “Bu gün azəri türkləri müstəqil, azad, əsasən asılı olmayan Azərbaycanın mövcudluğuna görə, gərək bu dövlətin rifahı naminə çalışan insanlara borclu olsunlar”. Siz bir təsəvvür edin: demə, biz öz müstəqilliyimizə görə, Turqut Ərə minnətdar olmalıyıq. Prezident Heydər Əliyevin və onun komandasının titanik səylərinə, xalqın öz prezidenti ətrafında sıx birliyinə yox, T.Ər kimi araqarışdıranlara və təxribatçılara minnətdar olmalıyıq. Necə də yerində deyilib: “Allah məni dostlarımdan qorusun, düşmənlərimlə özüm də bacararam”. Biri də var: “Allah insanı cəzalandırmaq istəyəndə, əvvəlcə onun ağlını alır!” Ümumiyyətlə, Ərin kitabı cansıxıcı təsir bağışlayır. Bizim ümummilli liderə qarşı nə qədər şər-böhtan olar? Bütöv səhifələr Əliyevin rəqibləriylə edilan mətbəx söhbətlərinə əsaslanmış səfeh qənaətlər və gümanlara həsr olunub, azca da oxucunu inandıra biləcək sənəd-sübut yoxdur. Ötən ilin 27 noyabrında “Azadlıq” qəzetinə verdiyi müsahibəsində T.Ər kitabının dəqiq sübutlara və sənədlərə əsaslandığını bir neçə dəfə qeyd edir. Amma öz səfirlik “dostlarıyla” arasında olan söhbətlərdən gətirdiyi iqtibasları və bir neçə müsahibəni saymasaq, kifayət qədər əhatəli bu kitabda bir dənə də sənəd-sübut təqdim olunmayıb. Yalnız əsassız, heç nəylə təsdiqlənməyən ittihamlar yığnağı. Ötən əsrin 90-cı illərində Zaqafqaziya və Azərbaycanda hökm sürən kifayət qədər mürəkkəb sosial, siyasi və iqtisadi vəziyyət turqutvari təhlilə rəğmən elementar qarşıdurmayla izah olunur: “Bir tərəfdə Elçibəy başda olmaqla Türkiyəni sevən və ona hörmət bəsləyən, qucağını ona açıb milli sərvətlərini son tikəsinəcən verməyə hazır olan “bizim” yaxşı cavanlar, o biri tərəfdə elə fikri-zikri türkiyəli tərəfdaşları aldatmaq olan Heydər Əliyev və onun pis komandası. Həqiqətən də bizdə istənilən, hətta fəaliyyətə yenicə başlayan jurnalist daha peşəkarcasına yazardı. Doğrusu, Türkiyə səfirliyində Turqut Ərlə birlikdə çalışan insanların sözlərinə görə, bu adam hətta rəsmi məktubları yazmaqla belə tamamilə aciz imiş. Hansısa sənədi, yaxud press-relizi hazırlayarkən katibədən xahiş edirmiş ki, yazdıqlarını redaktə etsin. Və qəflətən belə bir metamorfoza – yazıçı Turqut Ər! Bir əlavəm də var: Jurnalistlik fəaliyyətim dövründə mən də bu adamla görüşməli olmuşam. Yadımdadı, o, bizim prezidenti nəfəs belə dərmədən tərifləyirdi, H.Əliyevin siyasi və insani keyfiyyətləri barədə yüksək fikirlər söyləyirdi. Bəs, o, necə də böyük şəxsiyyətdi və onların bəxti gətirib ki, qardaş Azərbaycana məhz belə bir şəxs rəhbərlik edir. Neçə illər sonra Ərdə heyrətamiz metamorfoza baş verdi və onun mərhum prezidentlə bağlı baxışları 180 dərəcə dəyişdi. Maraqlıdı, görən, bu kəskin dönüşə rəvac verən nə oldu və Ər haçan daha səmimi idi? Elə bilirəm, cavab aydındı. O, onda da ikiüzlü idi, indi də. O, onda da bizim ümummilli iderimizi sevmirmiş və səbəb H.Əliyevin əsl rəhbər olmağı imiş. Məsələ burasındadı ki, Heydər Əliyevi tora salmaq, ona öz iradəni diqtə etmək mümkün deyildi. Amma bu gün, bu kitabı yazarkən də o, səmimi deyil. Çünki onu qələm götürüb yazmağa təhrik edən öz iradəsi yox, elə həmin “qəddar” dostlarıdı. Hər səhifədə, xüsusən, oktyabr və mart hadisələrindən bəhs edən səhifələrdə yalnız bir məqsəd güdülür: özünü və öz patronlarını müdafiə edib təmizə çıxarmaq. Fikrimcə, qoca vaxtlarında onların sevdikləri siyasət vurnuxmalarından kənarda məyus bir həyat sürən bu uğursuz mətbuat rəhbərini də məhz onlar xatırlayaraq, ona özlərini yada salmağı məsləhət görüblər və bu çirkin paskvilin nəşrinə görə ona səxavətlə pul ödəyiblər. Yəqin ki, onları bu addımı atmağa sövq edən şöhrətpərəstlik, tarixdə təmiz adla qalmaq istəyi olub. Bununla yanaşı həm də onların Azərbaycan Respublikasında hakimiyyətin dəyişdirilməsiylə bağlı hazırladıqları bəsit və şərəfsiz xüsusi əməliyyatı “pozan” insandan qisas almaq istəyiblər. Persona-non-qrata qismində ölkədən qovulmaq hər şey bir kənara, həm də onların kəşfiyyatçı və diplomat kimi karyeralarının sonu demək idi. Sözardı yerinə ... Yaxın keçmişin tarixini təhlil edərkən anlayırsan ki, Turqut Ərin bu kitabı boş yerə, bəli, heç də boş yerə peyda olmayıb. 1994-1995-ci illərdə alınmayanı yenidən həyata keçirməyə cəhd edən qüvvəllər Türkiyədə və digər ölkələrdə bu gün də mövcuddu. Bu səbəbdən müxtəlif xarici qəzet və jurnallarda bizim respublikaya, onun rəhbərliyinə qarşı ideoloji hücumlar başlanıb. Elə bu günlərdə Türkiyədə Azərbaycanın indiki rəhbərliyinin əleyhinə konfrans keçirilib. Qəribədi, Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan bəri ölkənin KİV-i, siyasətçilərimiz, diplomatlarımız və başqaları Türkiyə əleyhinə qarşı nalayiq sözlər deməyi bir dəfə də özlərinə rəva görməyiblər, ortaya çıxan suallar vaxtlı-vaxtında prezident və onun komandası tərəfindən həllini tapıb. Amma Türkiyədə hələ də Elçibəy dönəmində olduğu kimi, Azərbaycana təsir gücünün bərpasını, onun təbii sərvətləri üzərində nəzarəti arzulayan qüvvələr var. Odur ki, bu xülyalarla özlərinə ürək-dirək verir, radikal gənclər arasında hökumət əleyhinə yönələn istənilən addımı dəstəkləyirlər. Əminəm ki, bütün bu hıqqanmalar elə hıqqınma kimi də qalmağa məhkumdu. Türkiyə və Azərbaycan bu cür sıx siyasi, iqtisadi, mənəvi tellərlə bir-birinə bağlanmış həqiqi qardaş ölkələrdi və onları bir-birindən ayırmaq ananı baladan ayırmaq kimi bir şeydi. Bizim tariximiz kimi hətta düşmənlərimiz də eynidi. Və təəssüf ki, onlar Turqut Ərin əsər adıyla sırıdığı bu ucuz təbliğatının peyda olmasından kifayət qədər məmnun qalırlar. Cənab Ərə isə məsləhət görmək istərdim ki, əgər sakit dayana bilmirsə, öz ölkəsinin daxili işləriylə məşğul olsun, o uzun burnunu başqalarının işlərinə soxmasın. Nə bilmək olar, bir də gördün, o burun qapı arasında qaldı. Həm də, hər halda, bizim ölkədə diffamasiya haqqında Qanunu hələ heç kim ləğv etməyib. Bu qanunla isə adam təhqir və böhtana görə, məsuliyyətə cəlb olunur, hətta cinayət məsuliyyətinə.
Elmira AXUNDOVA Yazıçı-publisist



Bu yazı ( 431 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar