“Şükrü Saracoğlu”nda Azərbaycan bayrağı
Emil HÜSEYNLİ
01:39 / 28.10.2009Oktyabrın 14-də Bursada endirilən Azərbaycan bayrağı İstanbulda “Şükrü Saracoğlu” stadionunda qaldırıldı. Unibank və Peşəkar Futbol Liqasının dəstəyi ilə Azərbaycandan gedən bir qisim mətbuat nümayəndələri dünyanın ən önəmli derbilərindən birində – “Fənərbaxça” –”Qalatasaray” oyununda azarkeşlər tərəfindən alqışla qarşılandı. Bu alqışlar Azərbaycan bayrağına idi. Ultra fanatların sırasında yer alan Azərbaycan bayrağı stadionda görünən kimi minlərlə azarkeşlər tərəfindən ayaq üstə, fasiləsiz alqışlandı. Türk azarkeşləri üçrəngli Azərbaycan bayrağını alaraq oyun boyu dalğalandırdılar. 40-50 yaş arasında olan bir türk qadının dedikləri sözlərə isə biganə yanaşmaq olmadı. Həmin qadın “Siz azərisiniz? Sizdən çox üzr istəyirik. Biz türk xalqı Azərbaycanı çox istəyirik. Azərbaycan bayrağının endirilməsi Türkiyə hökumətinin səhvidir. Türk xalqı heç zaman bunu etməzdi” deyərək Azərbaycan bayrağını dalğalandırırdı.Bütün bunlar onu göstərdi ki, “bir millət iki dövlət olan” Azərbaycan və Türkiyə xalqını heç bir qüvvə, siyasi manevrlər sarsıda bilməz. Əslində, o qadının etirazı Türkiyə hökumətinə idi. Azarkeşlərin “kameramana qışqıraraq bu bayrağı çəkin” deməsinin özündə bir qəzəb var idi. Sanki bununla azarkeşlər Türkiyə hökumətinə nəyisə sübut etmək istəyirdilər. “Azərbaycan bayrağına sayğısız yanaşmaq olmaz, qardaş ölkənin bayrağı həmişə qardaş Türkiyədə dalğalanmalıdır” kimi sözlərin eşidilməsi hər şeyə aydınlıq gətirdi. Qardaş qardaşını necə itirmək istəyər ki? Bu, absurd, mümkün olmayan bir məsələdir. Ermənistan hesabına qardaş Azərbaycanı itirmək heç bir türk vətəndaşının ağlına belə gələ bilməz. Bursada endirilən Azərbaycan bayrağı indi Türkiyədə daha dəyərli olub. İstanbulda olduğum zaman, hətta PKK əleyhinə keçirilən yürüş-mitinqdə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalanırdı.Hökumətlər millətlər, dövlətlər demək deyil. Azərbaycan və Türkiyə xalqı bilməlidir ki, mövcud sıxıntılar bu gün üçündür. Azərbaycan və Anadolu türkləri bir-biriləri ilə bağlı duyğu və düşüncələrini qardaşcasına indiyədək necə daşıyıblarsa, bu gün və sabah da daşımalıdırlar. Azərbaycan xalqının Türkiyəyə güvəni dünən vardı, bu gün var və sabah da əksilmədən davam edəcək.Bu yazı ( 495 ) - dəfə oxunmuşdur