12px14px16px18px

İslam mədəniyyətinin Bakı prosesi

01:37 / 28.10.2009

 

      “Bu şəhər həddən artıq əlverişli məkanda yerləşir və ticarət yollarının üstündə olduğundan cəmi müsəlman tacirlərinin ora baş çəkmələri müzayiqdir”. XIV əsrdə ərəb tarixçilərindən birinin yazdığı bu kəlmələr qərinələr boyu İslam aləmində dolaşan həqiqətlərdən olub. Qəznədən Mərakeşə, Multandan Bağdada, Kazandan Pişəvərədək geniş arealdakı müsəlman üləmaları və ziya sahiblərindən tutmuş, tacirlərədək minlərlə insan Bakıya gəlib. Kimi burada qalıb, kimi də şəhərdən keçib yoluna davam edib. Lakin hər gələn özü ilə Bakıya mədəniyyətinin bir parçasını, irs və ənənələrinin ünsürlərini gətirib. Əsrlər keçdikcə Bakı kosmopolitləşmək əvəzinə, yerli mədəniyyətlə gəlmə nüansların üzvi birləşməsini ortaya qoysa da, özünü və özlüyünü qorumağa nail olub.
      Bu ilin fevral ayından bəri Bakı İslam mədəniyyətinin mərkəzi elan olunub. Sayı 1,4 milyarda çatmış müsəlmanların qədim və indiki mədəniyyətinin bir il ərzində qovşağına dönmüş Azərbaycanın paytaxtının missiyası sadəcə, rəsmi elan edilmiş statusla bitmir. Əslində elə rəsmi tədbirlərin özü belə, maraqlıdı.
Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, artıq uyğun veb-saytın, reklam çarxlarının və ölkə barədə beş sənədli film hazırlanıb. Bakının İslam mədəniyyətinin mərkəzi elan olunması həm də sivilizasiyalar və mədəniyyətlərarası dialoqun daha da intensivləşməsinə təkan verib.
      Ən başlıcası isə odur ki, Bakı ilə yanaşı regionlarda da bir sıra tədbirlər keçirilib. Azərbaycanda bir sıra İslam dövlətlərinin mədəniyyət günlərinin, həmçinin İordaniya, Qırğızıstan, İran, Mərakeş və Qətər kimi ölkələrin musiqi festivaları, habelə İslam dünyası ölkələrinin siyasi görüşləri də keçirilib.
Bakının 2009-cu il İslam mədəniyyət mərkəzi elan olunması qərarı 2007-ci ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin beşinci konfransı zamanı qəbul edilmişdi. Həmin qərarın verilməsində isə Heydər Əliyev Fondu və bu qurumun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili       Mehriban xanım Əliyevanın fəaliyyəti danılmazdır.
      Zira 2008-ci ilin 2-3 dekabr tarixlərində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçirilmişdi. Konfransın gedişində Bakı Bəyannaməsi qəbul edilib, iştirakçı dövlətlər, eləcə də tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığını və fəaliyyətlərinin əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub.
      Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın ölkənin mədəni irsinin təbliğatı sahəsində fəalliyyəti dünən və ya srağagün yox, çox əvvəl başlayıb. Məhz bu səbəbdən də o, ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.
      M.Əliyevanın 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Mehriban xanım Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb, sonra da həmin ideyanı reallaşdırıb. O, YUNESKO-nun xoşməramlı səfiri kimi təşkilatın qeyri-maddi mədəni irsin, xüsusilə folklorun, ifaçılıq sənəti və xalq sənətkarlığının qorunması istiqamətindəki fəaliyyətini dəstəkləyir. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Fəqət, həmin fəaliyyətin ən maraqlı və ölkənin İslam dünyasında daha da tanınmasına xidmət edən yönlərindən biri Bakının indiki mərkəz statusunu oynaması barədə qərardır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyəti paytaxtı” elan edilmişdi.
      Bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibəti ilə seçilməlidir. Bundan əlavə, İslam mədəniyyəti paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır.
Bakı bu yüksək və fəxri ada İslam mədəniyyəti və elm sahəsində görkəmli xidmətlərinə, İslam abidələrinin qayğı ilə qorunmasına və islam irsinin zənginləşdirilməsinə görə layiq görülüb. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda səfərdə olarkən demişdi: “Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək üsuludur, çünki Bakı İslam dünyasında ən qədim şəhərlərdən biridir”.
Azərbaycan Qərb və Şərq mədəniyyətini özündə birləşdirən ölkədir, onun zəngin mədəni irsinin öyrənilməsi bütün İslam dünyası üçün mühüm əhəmiyyət kəsb edir.
Sivilizasiyalar arasında İslam sivilizasiyanın həmişə xüsusi yeri olub. İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün deyil.
İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. İslamda qələmə və yazıya and içilir. Bütün bunlar onu göstərir ki, İslamda elmə böyük əhəmiyyət verilib. İslamın mədəni göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. Və bundan sonra da yazılacaq kitablar arasında Bakının indiki statusundan dolayı, ölkə paytaxtında baş tutacaq tədbirlər, görüləcək işlər və atılacaq addımlar şəhərin adını İslam mədəniyyəti tarixində əlahiddə yerə yazasıdır.
      Zira Bakı böyük meqapolis və urbanistik şəhər olmaqla yanaşı, Qərb və Şərq mədəniyyətlərinin üzvi qovuşduğu məkan, Şərq üçün Qərbin, Qərb üçün də Şərqin qapısı rolunu oynayan yerdir.
      Heydər Əliyev Fondunun bu yöndəki fəaliyyəti isə Bakının İslam aləmində tolerant, mədəniyyətlərin tam anlamlı və birgə olduğu şəhər; Qərbdə isə siviliziyaların mədəniyyətlərinə açıq olan İslamın nümunəsi kimi tanınmasında mühüm rol oynayır, həmin rol vaxt keçdikcə daha da güclənəsidir.
Onu da qeyd edək ki, Bakı İslam mədəniyyətinin mərkəzi elan olunduğu gündən bu günə kimi bu istiqamətdə çoxsaylı tədbirlərin keçirilməsində, sənədli filmlərin hazırlanmasında və s. Mədəniyyət Nazirliyinin və cənab nazir Əbülfəz Qarayevin böyük xidmətləri olmuşdur. Təbii ki, Bakının İslam mədəniyyətinin mərkəzi elan olunması yönündə aparılan uğurlu siyasət həm də sivilizasiyalar və mədəniyyətlərarası dialoqun daha da intensivləşməsinə təkan verib.
Beləliklə, çeşidli sahə və müstəvilərdəki işləri ilə tanınan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr heç şübhəsiz ki, İslam mədəniyyətinə Bakının verdiyi töhfələrini daha da artaraq rəngarəngləşməsinə xidmət edir.

Xanoğlan ƏHMƏDOV




Bu yazı ( 496 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar