12px14px16px18px

Zərdüşt Şəfizadənin çiçək dükanında düşüncələr

Cahangir MƏMMƏDLİ
02:32 / 26.02.2011  
Məni qınasalar da, bir sirrimi açmaq istəyirəm: Bədii əsərin, ələlxüsus nəsrin mənim üçün yazıldığını lap ilk sətrindən müəyyən edirəm. Bu ilk sətir həmin əsəri oxumağa çağırırsa, mənim üçündür, çağırmırsa, mən o “əsərdən” artıq bir sətir də oxumuram. Ola bilər çox böyük səhv edirəm, hətta mənim əsəri oxuyub-oxumamağımı müəyyənləşdirən bu üslubda heç informasiya əsrinin də günahı yoxdur. Sadəcə olaraq, mən bədii əsərin nə qədər mükəmməl olub-olmadığını elə o ilk sətirdən duyuram. Zərdüşt Şərifzadəni mən ancaq imzasından və həm də “525-ci qəzet”dəki imzasından tanıyıram. Üzünü görməmişəm və şəxsi tanışlığım yoxdur. Ancaq onun elə yenə həmin qəzetdəki “Sonuncu çiçək dükanı” hekayəsini ilk sətrinin “təhriki” ilə oxudum. Oxudum və mənə elə gəldi ki, Zərdüştün onlarca hekayəsini, povestini, romanını oxumuşam və bir də mənə elə gəldi ki, mən bu Zərdüştlə lap çoxdan tanışam və bu Zərdüşt elə mənim yaşıdımdı. “O müdhiş gecənin sabahı bütün çiçək dükanları bağlandı”... Zərdüştün hekayəsi belə başlayır. Bu ilk cümlə ilk baxışdan o qədər də bədii görünmür. Amma ilk baxşıdan o qədər də bədii görünməyən bu ilk cümlə özündən sonra bütöv bir bədii dünya, hissləri, duyğuları həyacanlandıra biləcək qəribə bir süjet vəd edir. Bədii əsərin ilk cümləsindən gələn təəssürat məni heç vaxt aldatmayıb. Mən hekayəni elə bu ilk cümlənin sakit təhkiyə vəd etdiyi bir ovqatla oxuyub başa çıxdım. Başa çıxdım və ağlıma gələn ilk fikir bu oldu ki, sənət əsəri onu bitirəndən sonra düşündürürsə və həm də bu bitməkliyi ilə səndə təəssüf hissi doğurursa güclüdür. Və bir də bu hekayənin üslubu məni çox razı saldı. Bir zamanlar əsərlərini mənim yaşıdlarımın heyranlıqla oxuduğu Qabriel Qarsia Markes üslubu yadıma düşdü. Mənə elə gəldi ki, “Sonuncu çiçək dükanı”nı Markesin dilinə çevirsən, bu böyük sənətkarın Azərbaycan türkcəsinə çevrilmiş əsəri qədər maraqlı olardı. “Sonuncu çiçək dükanı” məhəlli problemi, məhəlli faciəni bəşəri səviyyəyə qaldırmışdır. Ən böyük yazıçıların insan və müharibə, insan və ədəalətsizlik, insan və faciə mövzusunu bəşəriləşdirdiyi kimi... Zərdüştün hekayəsi Bakıda 20 yanvar faciəsində insanın çiçəyə, çiçəyin insana münasibəti, bir zamanlar “alverçi” kimi yalnız alver barədə düşündüyünü zənn etdiyimiz insanların – gülsatanların ümumxalq faciəsinə gözlənilməz və həm də gözlənilən münasibətini ortaya qoyur. Amma deyəsən mən hekayənin fabulasını bu sətirlərdə çox banal təsvir etdim. Çünki əsərdə faciəyə düçar olmuş şəhərin Bakı olduğunu bu şəhərin o zamankı sakinləri özləri üçün kontekstdən dəqiqləşdirsələr də, Zərdüşt nə bu şəhərin adını çəkir, nə onun sakinlərinin milliyyətindən söhbət açır, nə də bu şəhəri və onun sakinlərini gülləbaran edənlərin kimliyini göstərir. Zərdüştə görə o gecənin faciəsi var, o şəhərin adsız sakinləri var və o faciəni törədənlər var. Bu faciə elə bu şəkildə dünyanın ən “etibarlı” bir şəhərində də ola bilərdi, bu faciə dünyanın ən özündəndeyən xalqının da başına gələrdi və bu faciəni elə o “etibarlı”, özündəndeyən xalqların hər biri törədə bilərdi. Deməli, məsələ ünvanda deyil, məsələ heç kimin, heç yerdə faciədən sığortalanmamasındadır. Ancaq Zərdüştün bu sakit təhkiyəli hekayəsi birbaşa ideologiyadan, birbaşa diqtədən, birbaşa çəkindirmədən uzaqdır. “Sonuncu çiçək dükanı” faciə şəhərinin təsviridir. Bu faciə şəhərinin sakinlərinin dərdi onları birləşdirir və hətta faciənin böyüklüyü, hüznün bəşəriliyi çiçəksatanların da birləşərək o gün öz mağazalarının, istixanalarının bütün qərənfillərini yollara səpməyə, dərdli, hüzünlü insanlara paylamağa sövq etmişdir. Bu çiçək seli, bu çiçək paylanışı dərddən doğub. Çiçək dükanlarının sahibləri çiçək paylamaqları və çiçək dükanlarını birdəfəlik bağlamaqları ilə təsəlli tapmışlar. Onlar – o çiçək dükanlarının tacirləri hamıdan yaxşı bilirlər ki, “çiçəklər insanın həm sevincini, həm kədərini bölüşüblər – insanlar toya da çiçək aparıblar, qəbir üstünə də, ad gününə də, xəstə yanına da – yəni bir az dərin fikirləşsən çiçəklər üçün bir başqa hissiyyat mövcuddur ki, onun tərkibində həm kədər, həm faciə, həm də xoşbəxtlik və ümid var”. O gecənin səhəri bütün güllər meyidlərin səpələndiyi yerlərə dağıdılır, çiçək dükanları bağlanır. Ancaq Zərdüştün gözdən uzaq binanın zirzəmisində yerləşən və ancaq özünün ikiotaqlı mənzilində becərdiyi çiçəkləri satan qoca çiçəksatanın şəhərin bu faciəsini görə-görə, özü də dərd içində boğula-boğula çiçək dükanını bağlamağa gücü çatmır. O özünün zirzəmisində yerləşən dükanını işlədir, ancaq o gecənin faciəsində ölmədiyindən, şəhidlərlə bir sırada olmadığından da xəcalət çəkir. Həm də başqa gəlir yeri olmayan qoca çiçəkçinin fikrincə “ola biməz axı bu şəhər sadəcə çiçəklərdən imtina etsin və ən azından o faciəni ağlamağa çiçək axtarmasın”. Çiçək dükanını açmaq üçün qocanın əlində nə qədər məntiqi əsas olsa da, xalq hüznü içində bunu etmək olmazdı. Həm də olmazdı ona görə ki, qocanın öz etirafınca “rəqiblərinin olmayacağını hiss edərək daha çox pul qazanmaq istəmişdi”. Zərdüşt qocaya haqq qazandırmaq üçün tutarlı detallar işlədir. Amma yazıçının estetik idealı da var axı. Və bu estetik ideal faciə üzərində rahatlıq tapmaq əxlaqını qəbul etmir. Zərdüştün estetik idealı hər yerin şəhid meyidləri ilə dolu olduğu bir faciəli gecədə küçələri dolaşan, “Allahın mələklərini vurmağa çalışanların” gülləsindən yayınmaq üçün cəsədlərin arasında gizlənən qocanın qəflətən hündür binanın dam örtüyündə gözünə görünən “qırmızımtıl kölgə”, naməlum insan obrazında gerçəkləşir. Qocanın gözünə görünən bu “qırmızımtıl kölgə” heç bir güllədən qorxmadan şəhəri seyr edir və hər şeyi görür: kimin kim olduğunu, kimin nə iş gördüyünü duyur. Ən qatı şəhər oğrularının belə o gecə peşələrindən əl çəkməsi anında qoca çiçəksatanın öz dükanı haqqında düşünməsi də bu qırmızımtıl kölgəyə agahdır. O kölgə qəfil göründüyü kimi qəfil də yox olur, amma çiçəksatan onu heç cür unuda bilmir. Çünki o qırmızımtıl kölgə bütün şəhər sakinlərinin proobrazıdır və təsadüfi deyil ki, qocanın bağlamadığı çiçək dükanına girən hər kəs elə o qırmızımtıl kölgəyə oxşayır. Çiçək dükanının sahibi bu dükanı açmağının günahını bəslədiyi çiçəklərin qanadlarını, budaqlarını sındırmaqla yumaq istəyir. Onların gözəlliyini korlayır, dibçəkləri dükanın dalda yerinə yığır və bununla sanki təsəlli tapır. Amma nə illah edirsə, dükan bir az da gözəl görünür. Bu kədərli, hüznlü şəhər sakinləri budağı qırılmış, qanadları sallanmış çiçəkləri daha həvəslə alırlar. Qocanın alveri qalxdıqca qəlbini də bir kədər bürüyür: insanların kədərindən pul qazandığına utanır. Amma təsəllisi bir də ondadır ki, onun çiçəkləri insanları sakitləşdirir, rahatlaşdırır. Bütün bunlar belədir: tərəddüdlər, peşimançılıqlar, yenə də çiçəkləri satmaqda davam etmək. Amma o qırmızımtıl kölgə də unudulmur. Bu kölgə o şəhərin həqiqət vicdanıdır, ədalətsizliyi görən gözüdür. Hekayə azadlıq şəhidlərinə dirilərin münasibətini ifadə edir. Azadlıq pafosundan uzaq – sakit, adi bir çiçəksatanın bu barədə görüşləri çox maraqlıdır. Nəhayət, qırmızımtıl kölgə çiçəksatanın xəcalət hisslərinə son qoyur: bu sakit, bütün dəbdəbəli çiçək dükanlarından fərqli zirzəmi dükanına gəlir və bıçağı qocanın kürəyinə sancıb gedir. Bu ölümün haçansa gerçəkləşəcəyinə əmin olan çiçəksatan öz ölümündən çox razıdır. “Bir sabah çiçək almağa gələn bir çütlüyün məni dükanın içində, yarpaqları, qolları, qönçələri qırıq çiçəklərin arasında ölü tapacaqlarına əmindim... Belə də oldu. Böyük bir biçaq kürəyimdə, böyük kədər dükanımda, böyük bir qan gölünün içində. Ölümün başına yığışaraq zirzəmidəki çiçəklərin qan qarışmış ətrinə heyran olan insanları sarsıdansa, cəsədimi üzüyuxarı çevirərkən gözlərimdəki sevincin böyüklüyü oldu – sanki kimsə mənə böyük bir yaxşılıq edib”. Yazıçının estetik idealının təntnəsi kimi səslənən bu gözlənilən “qətl”in cəsədin üzündə yaratdığı sevinc günahların yuyulma prosesinin baş verdiyinə işarədir. Bu ölüm həm də qocaya ona görə lazımdır ki, “azadlığı ancaq ölənlər bir saniyə də unutmurlar. Yaşayanlarsa azadlığı unutduqları üçün yaşaya bilirlər”. “Sonuncu çiçək dükanı” sakit ruhda, iddiasız bir üslubda qələmə alınıb. Ancaq bu iddiasız üslub bədii sözün əbədi iddiası üzərində – oxucunu düşünməyə, kamilləşməyə çağırmaq iddiası üzərində qurulub. Hekayənin bütün ruhunda sözün bədii nümayişi var. Yenə də öncə söz gəldi prinsipi işə düşür və sözün təsir gücü oxucunu həyatı duymağa, həqiqətin bədii boyalarını hiss etməyə yönəldir.Cahangir MƏMMƏDLİ

 




Bu yazı ( 526 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar