12px14px16px18px

“Rəngli dərdlər”

Nərmin HÜSEYNZADƏ
02:16 / 12.02.2011


Cavidə elegiya


Bu yaxınlarda bir dostumdan “Mənə elegiya yazsan, necə başlayarsan”- soruşmuşdum. Gülüb “Birdən ilk cümlə xoşuna gələr, intihar edərsən. Ona görə də demirəm” –demişdi. “Bu dialoqu yadında saxla, nə vaxtsa yazası olsan, elə burdan başlayarsan” – demişdim...
Bəs mən sənin elegiyanı necə yazım? Nədən başlayım Cavid? Uşaqlığımızdanmı, gülüşündənmi, zarafatlarındanmı. Nədən başlayım yazmağa? Sənin ölüm xəbərini aldığım gün böyüdüyümü anladım. Onu da anladım ki, böyümək təkcə zamanı yox, sevdiklərini də itirmək, ağrıya, acıya, kədərə dözmək deməkmiş. Sən demə gedənlər bağlayırmış qalanlara insanı. Səndən sonra ortaq dostlarımızı – Fuadı, Fidanı, Azəri daha çox düşünməyə, daha çox istəməyə başladım.
Hər şey bir telefon zəngindən başladı. Zəng vuran anam idi. “Sankt-Peterbruqda Smolni Universitetinin yaxınlığında buxar borusu partlayıb” – dedi çətinliklə. Hıçqıra-hıçqıra ağlayırdı. Nə baş verdiyini hələ də anlamamışdım. Ölüm səndən o qədər uzaqdaydı ki, nə yaşadığın yerin, nə də oxuduğun universitetin adını eşitmək də səni xatırlatmadı mənə o an. Bir az sükutdan sonra birtəhər özünü ələ alıb “Cavid yanıb. Çox yanıb... Xəstəxanadadı... Komada” – dedi anam. Necə uzaq idin bizdən, əlimiz çatmadı sənə...
Həkimlər “14 gün dözsə, yaşayacaq” – demişdilər. 12 gün vuruşdun ölümlə. Mübarizə apardın, amma dözə bilmədin. Hər gün xəbərlərdə adını çəkirdilər “Smolni Universitetinin tələbəsi Cavid Soltanlının vəziyyəti ağır olaraq qalır” sözünü düz 11 gün eşitdirdin bizə. 12-ci gün “Ölümlə uzun mübarizədən sonra Cavid Soltanlı həlak oldu” –dedilər haqqında.
Bax, o gün ilk dəfə kədərin başqa üzünü gördüm... Gözümü tavana dikib saatlarla səninlə bağlı xatirələri – uşaqlığımızı xatırladım. Güldüm, ağladım, qəhərdən boğuldum. Sənin ölümün mənə atanı xatırlatdı, Cavid. Şəhid atanı. Rəsmini görmüşdüm. Elə çox bənzəyirdiniz ki. Taleyiniz də bənzədi. Öldüyün gün, atanın doğum günü idi. Cənazənimi hədiyyə etdin ona? Şəhid atanın meyidini 23 gün ala bilməmişdilər düşməndən. Sənin kimi o da uzaqdan gəlmişdi. Onun kimi sənin də meyidin yaralı gəldi. Hər ikinizin ölüm təqviminizdə 9 rəqəmi var. Bu qədər təsadüfmü olar? Eyni tarixdə hamını 19 il əvvələ qaytardın, Cavid. Atanın yolunu gözləyənlərə həmin dərdi bir də yaşatdın. Sən də şəhid oldun! Atandan fərqli olaraq, sən özündən sonra yadigar qoymadan getdin. Bəlkə də belə daha yaxşıdı. Məktəbdə oxuyanda bütün sinif yoldaşlarına zarafatla “Nişanlanıram” demişdin bir dəfə. Hələ dəvətnamə də yazıb paylamışdın. Hətta müəllimlərini də çağırmışdın. Hamının başını nişanına hazırlaşmaqla qatmışdın. Bu bəhanəylə dərsə də getməmişdin bir neçə gün. Bir gün qalmış yalan olduğunu bilmişdilər. Bu zarafatın məktəbini dəyişmək bahasına başa gəlmişdi sənə...
Cənazənlə bərabər otağa girən Smolni Universitetinin tələbələrinin, müəllimlərinin gəlişi bizi daha çox yandırdı, Cavid. Sənə qan verməkçün 12 gün xəstəxanada növbə çəkən, dözməyib səninlə bərabər Azərbaycana gələn dostlarının fəryadını eşidirdinmi? Səni sevən bu qədər adamı bir arada görmüşdünmü?
Bibin, jurnalist Rəhilə Soltanqızının şəhid atana yazdığı kitabın adı “Rəngli dərdlər” idi. Gəl, Tanrının sizə yazdığı qisməti pozmayaq. Elə bu yazının da adı “Rəngli dərdlər” olsun...
Səni həmişə gülən xatırlayacam... Ruhun şad olsun.
Nərmin HÜSEYNZADƏ




Bu yazı ( 524 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar